Məhkəmə qərarları › İş №2(103)-3650/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3650/2025

03.11.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3650/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “müqavilənin ləğv edilməsi və mənzilə köçürülmə” ) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1342/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1 İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, iki otaqlı, ümumi sahəsi 116.7 kv.m olan 11 saylı mənzilinin alğı-satqısına dair cavabdehlə bağlanmış 18 mart 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, iki otaqlı, ümumi sahəsi 116.7 kv.m olan 11 saylı mənzilindən cavabdehin çıxarılaraq mənzilin ona təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Nəsimi Rayon H.B.Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında yerləşən ərazidə yaşayış binası inşa etmişdir. Cavabdehlə çoxmənzilli yaşayış binasının direktoru X7 arasında bağlanmış 18 mart 2019-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 6 və 8 saylı binaların arasında inşa etdirdiyi çoxmənzilli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, iki otaqlı, ümumi sahəsi 116.7 kv.m olan 11 saylı 105000 manata razılaşaraq cavabdehə satmışdır. Müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyərinin 30%-i müqavilə bağlandığı gün cavabdeh tərəfindən ödənilməli idi. Qalan hissə bərabər hissələrlə olmaqla, ümumi dəyərinin 10 %-i məbləğində hər ayın 20-30 arasında ödəməyə cavabdeh müqavilə ilə öhdəlik götürmüşdür. Müqavilənin 5-ci bəndinin tələbinə əsasən cavabdeh hər ay ödəməli olduğu vəsaiti 30 gündən artıq müddətə ödəmədiyi təqdirdə satıcı Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Cavabdeh mənzilə görə müqavilə üzrə 105000 manat məbləğində pul vəsaiti ödəməyə borclu olsa da, cəmi 66500 manat pul vəsaiti ödəmişdir. Dəfələrlə cavabdehə şifahi və rəsmi qaydada xəbərdarlıq olunmağına baxmayaraq cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdə cavadehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərərək müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirməsini tələb etmişdir. Lakin, cavabdeh xəbərdarlığa məhəl qoymayaraq müqavilə üzrə ödəməli olduğu 38500 manat pul vəsaitini ödəməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə yenidən rəsmi qaydada xəbərdarlıq məktubu göndədərək müqavilə üzrə öhdəliyini yerinə yetirməsini tələb etmiş və bildirmişdir ki, əks təqdirdə onunla bağlanmış 18 mart 2019-cu il tarixli Müqaviləni həmin müqavilənin 5-ci bəndinə uyğun olaraq birtərəfli qaydada ləğv edəcəkdir. Cavabdeh yenədə öhdəliyini yerinə yetirmədiyi üçün onunla bağlanmış 18 mart 2019-cu il tarixli müqaviləni həmin müqavilənin 5-ci bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etmiş və bu barədə cavabdehə rəsmi məktub göndərmişdir. Cavabdeh bu günədək nə öhdəliyini yerinə yetirməmiş, nə də ki, mənzili təhvil verməmişdir. Məlumat üçün bildirmişdir ki, cavabdehdən hər dəfə pulu ödəməsini tələb etdikdə Daxili İşlər Nazirliyinin əməkdaşı olduğunu bildirərək ona hədə-qorxu gəlir. Hesab etmişdir ki, cavabdeh tərəfindən pozulmuş hüquqlarını başqa yolla bərpa edə bilməyəcəkdir. Bu səbəbdən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1342/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 421.2, 423.2, 442; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106-cı maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən isə öhdəlik icra edilməmişdir. Müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki: - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən, İddiaçı Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binaların arasında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir; - İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş etibarnamə ilə o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi bu etibarnamə ilə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 167 N°-li, "05" sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binaların arasında yerləşən torpaq sahəsində inşa etdiyi yaşayış binasındakı mənzillərin satışını (alqı-satqı müqaviləsi bağlayaraq imzalamaqla), satışdan əldə olunmuş pul vəsaitlərin alınmasını, bununla bağlı müvafiq arayışların (Maliyyə Arayışı) verilməsini, binanın i,darə olunması ilə bağlı bütün səlahiyyətləri, o cümlədən bağlanmış müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinin tələb olunması, müqavilə şərtiərtini pozan sakinlərlə bağlanmış müqavilələrin birtərəfli qaydada ləğv olunması kimi səlahiyyətləri binanın direktoru kimi X3 həvalə edir; - xx.xx.2019-cu il tarixli müqavilə ilə binanın direktoru Babayev F.R ilə alıcı CavabdehB arasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 6 və 8 saylı binaların arasında yerləşən tikilməkdə olan binada 11 saylı mənzilin alıcıya verməsi, alıcının isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş məzil haqqının vaxtında ödəməyə öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndində görə alıcı ilk ödəməsini gecikdirərsə, direktor Babayev E.R-in ixtiyarı vardır ki, müqaviləyə əsasən öhdəliklərin pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında Babayev F.Rin ixtiyarı vardır ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı Babayev F.R tərəfindən yalnız həmin mənzilin başqa bir şəxsə verildikdən sonra alıcıya qaytarılır; - Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 8000 manat ödəniş etmişdir; - maliyyə arayışları ilə, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 10000 manat, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 7000 manat, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 4500 manat, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 2000 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarının arasında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 116.7 kv.m olan 2 otaqlı 11 saylı mənzil üçün 10000 manat ödəniş etdiyi müəyyən edilmişdir; - iddiaçı tərəfindən cavabdehə 3 gün ərzində mənzilin boşaldılaraq təhvil verilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv olunacağı, bununla bağlı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir; - X8 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokolda göstərilmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 66500 manat pul vəsaitinin Cavabdeh satılmış mənzilin başqa şəxsə satıldıqdan sonra alınmış pul vəsaitindən onun özünə qaytarılması qeyd edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1342/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2; Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 76, 80, 88, 134, 135.2, 185.5, 217.1, 217.2, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh məhkəmə işi üzrə tərəf olsa da, keçirilmiş məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmamış, həmçinin yekun məhkəmə qətnaməsini rəsmi qaydada almamışdır. İkincisi, iddiaçının iddia ərizəsində cavabdeh tərəfindən mənzilin dəyəri kimi ödənildiyi qeyd edilən məbləğdən əlavə olaraq cavabdeh tərəfindən iddiaçıya 15000 manat da nağd qaydada ödənilmişdir. Bu hal məhkəmə iclasında şahid ifadəsi ilə təsdiq ediləcəkdir.Tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndində nəzərdə tutulmuş “cavabdeh tərəfindən ödənilmiş pul məbləği iddiaçı tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra cavabdehə qaytarılır’ şərti isə mülki qanunvericiliyin prinsiplərinə tamamilə ziddir. Məhkəmə qətnaməsində isə bu şərtlə bağlı hər hansı münasibət bildirilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar : 5.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir.

6. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, müqavilə üzrə ümumi borc məbləği 2025-ci ilin 08 oktyabr tarixinə qədər müəyyən edilmişdir. Ümumi borc 105000 AZN təşkil edir. Təqdim edilmiş maliyyə arayışlarına əsasən qalıq borc məbləği 105000 AZN - 66500 AZN = 38500 AZN-dir. Apellyasiya məhkəməsinin qərardadında qeyd olunmuşdur ki, iddiaçının iddia ərizəsinə əsasən, cavabdeh tərəfindən mənzilin dəyəri kimi ödənildiyi göstərilən məbləğdən əlavə, cavabdeh iddiaçıya 15000 AZN məbləğində nağd ödəniş etmişdir. Həmçinin qərardadda qeyd olunur ki, cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının etiraf etdiyi məbləğdən əlavə cavabdehin 15000 AZN məbləğində ödəniş etdiyini, lakin bu ödənişin iddiaçı tərəfindən nəzərə alınmadığını bildirmişdir.Lakin qiymətləndirmə zamanı cavabdeh tərəfindən iddia edilən 15000 AZN məbləğində nağd ödənişi təsdiqləyəcək hər hansı bir maliyyə arayışı bizdə təqdim edilməmişdir. Qiymətləndirmə yalnız təqdim edilmiş sənədlərə əsasən həyata keçirilmişdir və digər, sənədləşdirilməmiş iddialar (məsələn, nağd ödənişlər) qiymətləndirməyə daxil edilə bilməz. Qiymətləndirmə zamanı borcun gecikdirilmə səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır. Cavabdeh bildirib ki, vəkili qiymətləndirmə prosesi ərzində Auditorla əlaqə saxlayacaq; lakin vəkil bu müddət ərzində əlaqə yaratmamışdır. Nəticə etibarilə, qiymətləndirmə yalnız təqdim edilmiş maliyyə arayışları və digər rəsmi sənədlər əsasında aparılmışdır.

7. Cavabdehin ümayəndəsi Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı izahat təqdim etmiş, izahatda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh sms vasitəsilə bildirilmişdir ki, “Bildiririk ki, Cavabdeh 2019-cu ildə ünvan 1 ünvanındakı yaşayiş binasındaki mənzilə müqavilə bağlanılıb. Müqaviləyə əsasən mənzilin ümümi dəyəri (116,7 m2 x 900) 105 000 manat təşkil etmişdir. Mənzilin ödənilən məbləği 66 500 manat yerdə qalan məbləği isə 38 500 manatdır. Dəfələrlə rəsmi və qeyri-rəsmi Xəbərdarlıq olunub. Nəticədə aramızda olan müqavilə pozulub. Mənzilin ümumi dəyərinin 63,4%-i ödənilib. Yerdə qalan, mənzilin borc məbləği 36,6% faiz təşkil edir. Bu gün həmin ərazidə mənzilin bir kvadrat metrinin dəyəri 2000 manat təşkil edir. Biz isə Humanist olaraq minimum qiyməti 1 500 manatdan hesablayaraq yerdə qalan mənzilin məbləğinin 36,6%-ni 64 000 manat ödəniş olunarsa, aramızda barışıq baş tuta bilər.”Məhkəmənin nəzərinə çatdırır ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə iddia verilənədək cavabdehə göndərilmiş bildiriş məktubunda cavabdeh tərəfindən ödənilmiş 66500 manat pul vəsaitinin mənzilin iddiaçıya təhvil verildiyi zaman cavabdehə qaytarılacağı bildirilsə də, iddia ərizəsində cavabdeh tərəfindən ödənilmiş pul məbləğinin qaytarılması nəzərdə tutulmamışdır.Lakin hazırda, iddiaçının cavabdehə sms vasitəsilə göndərilmiş bildirişində mənzilin ödənilməmiş qalan məbləği ötən illər ərzində mənzilin qiymət artımı əsas götürülməklə 38 500 deyil, 64 000 manat kimi hesablanmışdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya mənzilin dəyəri kimi nağd qaydada 15000 manat vəsaitin ödənilməsi faktını da nəzərə almamışdır. Halbuki, bu hal iddiaçının əsassız varlanmasına xidmət edir. Belə çıxır ki, mənzil iddiaçıya təhvil verilməli, iddiaçı tərəfindən hazırkı bazar dəyəri ilə başqa şəxsə satılmalı və cavabdehin əvvəlki illər üzrə ödədiyi pul məbləği cavabdehə qaytarılmalı və yaxud da mənzilin ödənilməmiş qalan məbləği qiymət artımı nəzərə alınmaqla artıq məbləğdə iddiaçıya ödənilməlidir?

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə etdiyini, cavabdeh tərəfindən əlavə olaraq 15000 manat ödəniş edilməsinə baxmayaraq bu ödənişin iddiaçı tərəfindən nəzərə alınmadığını, digər nümayəndə tərəfindən təqdim edilmiş izahatın nəzərə alınaraq apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.

Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır . Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

11. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 12.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətində, eləcə də nümayəndəsinin məhkəmə kollegiyasına verdiyi izahatında iddiaçıya ödənilmiş 66500 manat məbləğdən əlavə 15000 manat ödəniş edildiyini, lakin iddiaçı tərəfindən bunun gizlədildiyi bildirilmişdir. Məhkəmə kollegiyası bu ziddiyətə aydınlıq gətirmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, mütəxəssis rəyi ilə cavabdehin dəlili öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin digər dəlili olan “Tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndində nəzərdə tutulmuş “cavabdeh tərəfindən ödənilmiş pul məbləği iddiaçı tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra cavabdehə qaytarılır” şərti isə mülki qanunvericiliyin prinsiplərinə tamamilə zidd olması” məsələsinə münasibətdə isə qeyd edilməlidir ki, ilk növbədə iş materialları ilə müəyyən edilir ki, həmin şərt müqavilənin 6-cı yox, 5-ci bəndində nəzərdə tutulmuşdur. Digər tərəfdən müqavilə bağlanarkən cavabdeh tərəf müqavilənin şərtləri ilə tam razı olmuş, həmin bəndi mübahisələndirməmiş və müqaviləni imzalamışdır. Belə ki, binanın direktoru Babayev F.R ilə alıcı CavabdehB arasında xx.xx.2019-cu il tarixli müqaviləyə görə isə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 6 və 8 saylı binaların arasında yerləşən tikilməkdə olan binada 11 saylı mənzilin alıcıya verməsi, alıcının isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş məzil haqqının vaxtında ödəməyə öhdəsinə götürmüş, müqavilənin 5-ci bəndində göstərilmişdir ki, alıcı ilk ödəməsini gecikdirərsə, direktor Babayev E.R-in ixtiyarı vardır ki, müqaviləyə əsasən öhdəliklərin pay üzvünü azad etsin, ilk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında Babayev F.R- in ixtiyarı vardır ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin, bu halda ödənilmiş pulun miqdarı Babayev F.R tərəfindən yalnız həmin mənzilin başqa bir şəxsə verildikdən sonra alıcıya qaytarılır.Bu səbəbdən də kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. 13.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, iş üzrə ekspertiza xərci tərəflərə aid edilməlidir. Belə ki, ekspertiza cavabdehin apellyasiya şikayəti əsasında aparılsa da, bu (ödəniş və borcla bağlı) sübutların təkzibedilməzliyin təmin edilməsi (mütəxəssis rəyi və s. təqdim edilməsi) iddiaçının prosessual vəzifəsinə aid olmuşdur.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1342/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 2360 ( iki min üç yüz altmış) manat məbləğində pul vəsaiti tərəflərdən tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının hesabına ödənilsin. (X5 Bankı Nəsimi filialı SWİFTBİK İBAZAZ2X, Hesab # AZ08İBAZ400S**********555207 M/H # AZ03NABZ01350t **********2944 Kod 805614 VÖEN **********) Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar