Məhkəmə qərarları › İş №2(3-6)-88/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-88/2026

24.02.2026 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-88/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh X4; iddiaçı Khadish Mohammadın cavabdeh İddiaçı MTKya qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı (cavabdeh) İddiaçı MTK-nın nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh (iddiaçı) X3 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh X2rşı “müqavilənin ləğvi və sair” tələbinə dair iddiası; icraatı birləşmiş iş üzrə iddiaçı Khadish Mohammadın cavabdeh İddiaçı MTK-ya qarşı “sənədlərin verilməsi” tələblərinə dair iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4948/2025 saylı, 27 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli, 193 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən İddiaçı MTK Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində, 3 otaqlı 125,5 kvm-dən ibarət 79 №-li mənzili tikib Khadish Mohammada təhvil verməyi, sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.

2. 1 iyul 2021-ci il tarixdə Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdehə verilməsi nəzərdə tutulan mənzilin 1 kv.m qiyməti 1.298,80 manat, ümumi dəyəri isə 163.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə imzalanarkən “sifarişçi” ilkin ödəniş kimi ümumi dəyərin 50.000 manatını ödəməyi, qalan 113.000 manat məbləğini isə 12 ay ərzində hər ayın 1-də 4.703,33 manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 1 iyul 2022-ci il tarixədək müəyyən edilmişdir.

3. Məhkəməyə müraciət edilən zaman Khadish Mohammadın tərəf olduğu müqavilə üzrə MTK qarşısında 58.000 manat borcunun olması işin mübahisələndirilməyən halıdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (cavabdeh) İddiaçı MTK cavabdeh (iddiaçı) X2rşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 1 iyul 2021-ci il tarixli, 193 saylı müqavilənin ləğv olunmuş hesab edilməsi, cavabdeh X5, azyaşlı Khadish Dorsa (xx.xx.2009-cu il təvəllüdlü) və qeyrilərinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində, 3 otaqlı, 125,5 kvm-dən ibarət 79 №-li mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 05 may 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi varisi olan İddiaçı isə 01 iyul 2024cü il tarixdə dövlət qeydiyyatından keçməklə ona **********020400 saylı çıxarış verilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 01 iyul 2021-ci il tarixli, 193 saylı müqavilənin 1-ci bəndinə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15ci mərtəbəsində, 3 otaqlı, 125,5 kvm-dən ibarət 79 №-li mənzili tikib cavabdehə təhvil verilməsini və cavabdeh öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m qiyməti 1298,80 manat həcmindədir. Mənzilin ümumi sahəsi 125,5 kvm-dir. Mənzilin ümumi dəyəri 163000 manatdır. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalanarkən cavabdeh müqavilənin ümumi dəyərinin 50000 manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən tikinti işləri yerinə yetirildikcə cavabdeh mənzilin ödənilməyən 113000 manat məbləğini 12 ay ərzində hər ayın 01-də 4708,33 manat ödəməlidir. (Müqaviləyə 2 nömrəli əlavədə göstərilən qaydada). Müqavilənin 6.2.4-cü bəndinə əsasən mənzil tikintisi ilə əlaqədar cavabdeh tərəfindən müqavilənin 3-cü və 4-cü bəndlərinin nəzərdə tutulmuş şərtləri cavabdeh tərəfindən yerinə yetirilmədikdə iddiaçının birtərəfli qaydada xəbərdarlıq etmədən müqaviləyə xitam vermək hüququ var. Cavabdeh müqavilə bağlanandan sonra ilkin 50000 manat məbləğində vəsaiti 06 iyul 2021-ci tarixdə ödəmiş və müqavilə şərtlərini davamlı olaraq pozmuşdur. Belə ki, 12 ay ərzində hər ayın biri 4708,33 manat ödəmək əvəzinə 1500 manat ödəmişdir və müqavilə üzrə 12 ay ərzində 163000 manat əvəzinə 86500 manat ödəniş etmişdir, bu müddət ərzində cavabdeh iddiaçıdan icazə alıb mənzili təmir etmiş, arvadı və iki azyaşlı uşağı ilə məskunlaşmışdır. Bundan sonra cavabdeh 78000 manat qalıq borcundan 9 ay ərzində hissə-hissə cəmi 28500 manat ödəniş etmişdir, 2023-cü ilin aprel ayından sonra (58000 manat) ödəniş etmədiyinə və sistematik müqavilə şərtlərini pozduğuna görə 25 may 2023-cü il tarixli 06 saylı, 10 may 2024-cü il tarixli 10 saylı, 06 mart 2025-ci il tarixli 02 saylı məktubla (pretenziya) müqavilənin 6.1.1-ci bəndinə əsaslanaraq, birtərəfli qaydada müqavilənin qüvvədən düşdüyü bəyan edilmişdir və 7 gün ərzində mənzilin boşaldılması tələb olunmuşdur. Lakin cavabdeh mənzili boşaltmaqdan boyun qaçırır.

6. Həmçnin iddiaçı (cavabdeh) X5 cavabdeh (iddiaçı) İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı MTK-ya 58.000 manat ödənilməklə, İddiaçı MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunması üçün maliyyə arayışlarının və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli, 193 saylı müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 125,5 km2 olan, 79 nömrəli mənzili ona təhvil verilməsini, o isə mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalanarkən “Sifarişçi” müqavilənin ümumi dəyərinin 50000 manatını ödəyir, həmin müqavilənin 4.2-ci bəndinə əsasən isə müqavilə üzrə qalan 113000 manat məbləğinin 12 ay ərzində hər ayın 1-də 4708,33 manat məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə bağlanmamışdan öncə mənzilin alınması şərtləri şifahi olaraq İddiaçı MMC-nin (bundan sonra MMC) təsisçisi və direktoru – Akif Sadıqovla razılaşdırılmış və sonradan müqavilə bağlanmışdır. MMC-nin direktoru ilə əldə olunmuş razılığa əsasən, tərəfindən ilkin olaraq 50000 manat pul ödənilmişdir və ilkin ödənişdən 1 həftə sonra o mənzildə təmir işlərinə başlamışdır. MMC-nin direktorunun 6 ay ərzində binanın istismara qəbul aktını alıb və onun da həmin mənzilə 6 ay sonra çıxarış alıb problemlərini həll etmək şərti ilə aylıq ödənişləri həyata keçirmişdir. O və cavabdeh İddiaçı MMC bu şərtlərlə razılaşıb mənzilin alqı-satqısına razılaşsa da, müqavilə bağlanarkən MMC-nin direktoru bildirmişdir ki, mənzilin alqı-satqısına dair bağlanılan müqavilə şablon formadı, ödəniş şərtləri formal xarakter daşıyır və şifahi danışıqlara uyğun ödənişlər aparılacaq. Nəticədə o bu səbəbdən razılaşaraq, cavabdehlə müqavilə bağlayıb 50000 manat ödəniş etmişdir. Lakin MMC verdiyi vədə əməl etməmişdir və onun aldığı mənzili müqavilə bağlanandan 1 həftə yox, 6 ay sonra təmir üçün təqdim etmişdir. Bu səbəbdən onun planları pozulmuş və uzun müddət kirayədə yaşamaq və kirayə ödənişləri etmək məcburiyyətində qalmışdır, bu da onun maliyyə imkanlarını çətinləşdirmişdir. Bununla bağlı o, MMC-nin direktoru Akif Sadıqovla müəyyən danışıqlar aparmışdır. Sonuncu dəfə cavabdeh ona bildirib ki, ödənişləri etmək üçün əlavə olaraq 1 il vaxt veriləcək, tezliklə bina istismara qəbul olunacaq və o mənzilə çıxarış alaraq bankdan kredit götürüb ödənişlərini rahat bağlayacaq. Bununla bağlı MMC-nin direktoru müqavilənin üzərində müvafiq qeydlər aparıb imza atmışdır. O deyilənlərə inanaraq, aylıq ödənişləri davam etdirərək 110.000 manat ödəniş etmişdir, lakin MMC-nin direktoru verdiyi vədə əməl etməyərək, binanın istismara qəbul aktını dövlət orqanlarından almamış və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. O yenidən MMC-nin direktoru ilə danışıqlar aparmış və razılaşmışdır. Razılaşmaya görə, MMC inşa etdiyi binanın istismara qəbul aktını alıb mənzilləri özəlləşdirməyə buraxandan sonra tərəfindən 58000 manat qalıq məbləğ MMC-yə ödəniləcək. Lakin onun yaşadığı mənzilə daxil olmuş 06 mart 2025ci il tarixli 02 №-li məktubla cavabdeh İddiaçı MTK yaranmış borcla bağlı mənzilin boşaldılmasını tələb etmişdir. O, həmin məktuba cavab olaraq rəsmi qaydada İddiaçı MTK-ya müraciət edərək, İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının istismara qəbul aktının alınması və mənzillərə Çıxarışın verilməsi barədə məlumatın verilməsini xahiş etmiş və bildirmişdir ki, mənzillərə Çıxarışın verilməsi barədə məlumat verilən kimi qalıq borc onun tərəfindən şirkətə ödəniləcək. Lakin İddiaçı MMC-nin sahibi Akif Sadıqov ona hədə-qorxu gələrək, yaşadığı mənzilə tanımadığı adamları göndərərək, mənzilin boşaldılmasını tələb etmiş və həmin mənzilin satışa çıxaracağını bildirmişdir. Bu səbəbdən o məhkəməyə müraciət edərək, daşınmaz əmlaka dair hüquqlarının təmin edilməsi üçün cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə həmin sənədlərin özünə verilməsini tələb etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2565/2025 saylı 25 iyun 2025ci il tarixli qərardadına əsasən iddiaçı X3 cavabdeh İddiaçı MTK-ya “sənədlərin verilməsi” tələbinə dair 2(005)-2565/2025 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı MTK-nın cavabdeh Khadish Mohammada qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə e-2(011)-4948/2025 saylı mülki işə birləşdirilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4948/2025 saylı 27 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək İddiaçı MTK ilə X5 arasında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 125,5 kvm-dən ibarət 79 №-li mənzilə dair bağlanmış 01 iyul 2021-ci il tarixli 193 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin ləğv olunması; X3 ailə üzvləri ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 125,5 kvm-dən ibarət 79 №-li mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılmaları; icraatı birləşmiş iş üzrə iddiaçı X3 cavabdeh İddiaçı MTK-ya qarşı “sənədlərin verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, 1 iyul 2021-ci il tarixli 193 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin şərtləri İddiaçı MTK tərəfindən tam icra edildiyi halda, Khadish Mohammad tərəfindən müqavilə üzrə öhdəlik pozulduğu sübut edildiyindən, yəni mübahisəli mənzilin dəyəri Khadish Mohammad müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilmədiyindən, həmin müqavilədə mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındıqdan sonra ödənişin tam icra edilməsi şərti nəzərdə tutulmadığından, tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 125,5 kvm-dən ibarət 79 №-li mənzilə dair bağlanmış 01 iyul 2021-ci il tarixli 193 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə ləğv edilməli, X5 ailə üzvləri ilə mübahisəli mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılmalıdır.

11. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbini araşdıraraq hesab etmişdir ki, Khadish Mohammad tərəfindən müqavilə üzrə müəyyən edilmiş məbləğ tam şəkildə ödənilmədiyi iş materialları ilə təsdiq edildiyindən və hazırkı qətnamə ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyindən, iddiaçı X3 cavabdeh İddiaçı MTK-ya qarşı “sənədlərin verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.1, 390.2, 390.5, 405.2, 425.1, 427.1, 427.2, 442 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh (iddiaçı) X5 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4948/2025 saylı 27 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini; tərəfindən verilmiş iddianın təmin edilməsi, cavabdeh İddiaçı MTK-ya 58.000 (əlli səkkiz min) manat ödənilməklə, İddiaçı MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin müvafiq ərazi idarasinə təqdim olunması üçün maliyyə arayışlarının və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun ona verilməsi, eyni zamanda İddiaçı ona qarşı “müqavilənin ləğv olunmuş hesab edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edir ki, MMC müqavilənin 6.1.1-ci bəndinə əsaslanaraq, birtərəfli qaydada müqavilənin qüvvədən düşdüyünü bəyan edir və 9.2-ci bəndinə əsasən mənzil təkrar satışa çıxarır və mənzil satıldıqdan sonra pul geri qaytarılacaqdır. Həmçinin qətnamədə o da qeyd edilir ki, məhkəmə baxışı zamanı tərəfindən qalıq borcun ödəniməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndində deyilir ki, sifarişçi aldığı mənzilin dəyərini ödəyə bilmədiyi halda, sifarişçi mənzili almaqdan imtina etdiyi halda, mənzil satışa cıxarıla bilər. Bununla bağlı qeyd etmişdir ki, onlar mənzilin dəyərini ödəməkdən imtina etməmişlər, axırıncı 15 oktyabr 2025-ci il tarixli məhkəmə baxışı iclası zamanı məhkəmə tərəfindən ona təklif olunmuşdur “qalan borcu ödməyə razısız məhkəmə iclası gedişatı zamanı ödəyin”, bildirmişlər ki, “məhkəmə iclasını təxirə salın, növbəti məhkəmə iclasına qalan məbləği tam şəkildə gətirib iclas zamanı ödəyə bilərik”, tikinti şirkəti isə ödəməni qəbul etməkdən imtina etmiş, bildirmişdir ki, borcun iki qatını ödəyin, mənzilin bazar qiymətləri qalxmışdır. Məhkəmənin nəzərinə onu da çatdırmışdır ki, ilkin olaraq mübahisəli mənzilə dair onun cavabdeh İddiaçınə qarşı mübahisəli mənzilə dair sənədlərin verilməsi barədə Nərimanov rayon Məhkəməsində xx.xx.2025-ci il tarixdə iddia qaldırdıqdan təxminən bir ay sonra İddiaçı Xətai rayon Məhkəməsində ona qarşı 01 iyul 2021-ci il tarixli, 193 saylı müqavilənin ləğv olunmuş hesab edilməsi və mənzildən çıxarılmaya dair iddia qaldırmışdır. Məhkəmə onu da qeyd edir ki, təmirə icazə verilməsini xahiş edir, mənzilin pulunu tam ödəyə bilməsə, mənzili geri qaytarası olsa, təmirə xərclədiyi pulu şirkətdən tələb etməyəcəyinə söz vermişdir. Bununla bağlı qeyd etmişdir ki, sifarişçi İran Respublikası vətəndaşıdır və farsdır, yazılan əl yazı isə azərbaycan dilində yazılmışdır. Sifarişçi isə qeyd edir ki, şirkət tərəfindən həmin yazı şablon formada onun qabağına qoyulmuş və bildirilmişdir ki, “sənədləşdirmə üçün bu ərizə sizin tərəfinizdən yazılamalıdır”. Onlar arasındada qarşılıqlı etimad olduğundan, iddiaçı əlyazmanı sorğu sual etmədən olduğu formada köçürmüşdür. Bildirir ki, İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 193 saylı müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 125,5 km olan, 79 nömrəli mənzili ona təhvil verilməsini, o isə mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalanarkən “Sifarişçi” müqavilənin ümumi dəyərinin 50.000 manatını ödəyir, həmin müqavilənin 4.2-ci bəndinə əsasən isə müqavilə üzrə qalan 113.000 manat məbləğinin 12 ay ərzində hər ayın 1-də 4708.33 manat məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd etmişdir ki, yuxarıda qeyd olunan müqavilə bağlanmamışdan öncə mənzilin alınması şərtləri şifahi olaraq İddiaçı MMC-nin (bundan sonra MMC) təsisçisi və direktoru – Akif Sadıqovla razılaşdırılmış və sonradan müqavilə bağlanmışdır. MMC-nin direktoru ilə əldə olunmuş razılığa əsasən, tərəfindən ilkin olaraq 50 000 manat pul ödənilir və ilkin ödənişdən 1 həftə sonra mənzildə təmir işlərinə başlanır və aylıq ödənişlər həyata keçirilir bu şərtlə ki, MMC-nin direktoru 6 ay ərzində binanın istismara qəbul aktını alacaq və o mənzilə 6 ay sonra Çıxarış alıb problemlərini həll edəcəkdir. Onlar bu şərtlərlə razılaşıb mənzilin alqı-satqısına razılaşsalar da, müqavilə bağlanarkən MMC-nin direktoru bildirmişdir ki, mənzilin alqı-satqısına dair bağlanılan müqavilə şablon formadı, ödəniş şərtləri formal xarakter daşıyır və şifahi danışıqlara uyğun ödənişlər aparılacaq. Bu səbəbdən onlar müqavilə bağlayıb 50 000 manat ödəniş etdilər. Lakin, MMC artıq verdiyi vədə əməl etməmiş və aldıqları mənzili müqavilə bağlanandan 1 həftə sonra yox, 6 ay sonra təmir üçün təqdim etmişdir. Artıq buna görə onların planları pozulmuş, MMC-yə görə uzun müddət kirayədə qalmaq və kirayə ödənişləri etmək məcburiyyətində olmuşlar ki, buda onların maliyyə imkanlarını çətinləşdirmişdir. Bununla bağlı MMC-nin direktoru Akif Sadıqovla müəyyən danışıqları olub və sonuncu onlara bildirib ki, ödənişləri etmək üçün əlavə olaraq 1(bir) il vaxt verəcək, tezliklə bina istismara qəbul olunacaq və onlar mənzilə Çıxarış alıb bankdan kredit götürüb ödənişləri rahat bağlayacaqlar. Bununla bağlı MMC-nin direktoru müqavilənin üzərində müvafiq qeydlər aparıb imza atmışdır. Onlar deyilənlərə inanaraq aylıq ödənişləri davam edərək 110 000 manat ödəniş etdilər, lakin MMC-nin direktoru verdiyi vədə əməl etməyərək binanın istismara qəbul aktını dövlət orqanlarından almamış və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Onlar yenə də MMC-nin direktoru ilə danışıqlar apardılar və aralarında olan son razılaşma belə oldu ki, MMC inşa etdiyi binanın istismara qəbul aktını alıb mənzilləri özəlləşdirməyə buraxandan sonra onlar tərəfindən 58000 qalıq məbləğ MMC-yə ödəniləcək. Lakin, yaşadıqları mənzilə daxil olmuş xx.xx.2025-ci il tarixli, 02 №-li məktubla İddiaçı MTK yaranmış borcla bağlı mənzilin boşaldılmasını onlardan tələb etmişdir. Həmin məktuba cavab olaraq rəsmi qaydada İddiaçı MTK-ya müraciət edib İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının istismara qəbul aktının alınması və mənzillərə Çıxarışın verilməsi barədə məlumatın verilməsini xahiş etmişlər və bildirmişlər ki, mənzillərə Çıxarışın verilməsi barədə məlumat onlara verilən kimi qalıq borc onların tərəfindən şirkətə ödəniləcək. Lakin, İddiaçı MMC-nin sahibi Akif Sadıqov onlara hədə-qorxu gələrək, mənzildən çıxmalarını tələb etmiş, yaşadıqları mənzilə tanımadığı adamları göndərərək mənzilin boşaldılmasını tələb etmiş və həmin mənzilin satışa çıxaracağını bildirmişdir. Qeyd etmişdir ki, onların tələbi ödənilməmiş borcu cavabdehə ödənilməklə, həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan sənədlərin cavabdehdən alınması olunmuşdur. Məhkəmə əsassız yerə qətnaməsində bir neçə dəfə qeyd etmişdir ki, həmin pulu onlar məhkəmə baxışı zamanı belə ödəməmişlər. Məhkəmə icraatı zamanı onlardan pulun ödənilməsi soruşulmuş və tərəfindən təklif qəbul olunmasına baxmayaraq, cavabdeh bunu qəbul etməmiş, birtərəfli qaydada müqaviləyə xitam verdiyini bildirmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh (iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, onun - Mohammad Khadishi tərəfindən verilmiş iddianın təmin edilməsi; Kaspian Park” Mənzil-Tikinti Kooperativinin iddiasının rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (iddiaçı) X3 nümayəndəsivəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı MTK-nın nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 23.6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 25.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 26.144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 27.178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 28.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 31.405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 32.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 33.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 34.421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 35.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 36.423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 37.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 38.432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 39.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 40.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 41.560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 42.567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 43.752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 44.753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

45.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 47.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. İş materiallarından göründüyü kimi hazırda mübahisə predmeti olan podrat müqaviləsinə əsasən satıcı-podratçı (İddiaçı MTK-bundan sonra iddiaçı) müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmağı, istismarına icazə almağı və mənzili təhvil verməyi, mənzili əldə etmək istəyən şəxs-sifarişçi (Khadish Mohammadbundan sonra cavabdeh) isə razılaşdırılmış məbləği hissə-hissə və müəyyən edilmiş müddətlərdə satıcı-podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsi bağlandığı andan etibarən tərəflər arasında həmin müqavilədən irəli gələn hüquq və öhdəlikləri yaranmışdır.

50. 1 iyul 2021-ci il tarixdə Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdehə verilməsi nəzərdə tutulan mənzilin 1 kv.m qiyməti 1.298,80 manat, ümumi dəyəri isə 163.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə imzalanarkən “sifarişçi” ilkin ödəniş kimi ümumi dəyərin 50.000 manatını ödəməyi, qalan 113.000 manat məbləğini isə 12 ay ərzində hər ayın 1-də 4.703,33 manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 1 iyul 2022-ci il tarixədək müəyyən edilmişdir.

51. Cavabdeh Khadish Mohammad müqavilə bağlandıqdan sonra əldə olunmuş razılaşmaya əsasən ilkin ödəniş kimi 50.000 manat məbləğində vəsaiti ödəsə də, 6 iyul 2021-ci il tarixdə ödəniş qrafikinə uyğun olaraq 12 ay ərzində hər ay 4.708,33 manat ödəmək əvəzinə, ödənişləri qeyri-müntəzəm şəkildə həyata keçirmiş və müqavilə üzrə nəzərdə tutulmuş 163.000 manat əvəzinə ümumilikdə 86.500 manat ödəmişdir. Sonradan qalan 78.000 manat borcdan 9 ay ərzində hissə-hissə cəmi 28.500 manat ödəmiş, lakin 2023-cü ilin aprel ayından etibarən mövcud olan 58.000 manat borcunu ödəməmişdir. Bu səbəbdən və müqavilə şərtlərinin sistematik pozulması nəzərə alınaraq, iddiaçı tərəfindən müqavilənin qüvvədən düşdüyü bəyan edilmişdir.

52. Belə ki, iddiaçı cavabdehə 25 may 2023-cü il, 10 may 2024-cü il və 6 mart 2025-ci il tarixlərində 1 iyul 2021-ci il tarixli, 193 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə xitam verilməsi barədə bildirişlər göndərərək müqavilənin birtərəfli qaydada qüvvədən düşdüyünü bildirmiş və 7 gün ərzində mənzilin boşaldılmasını tələb etmişdir.

53. Məhkəməyə müraciət edilən zaman Khadish Mohammadın tərəf olduğu müqavilə üzrə MTK qarşısında 58.000 manat borcunun olması işin mübahisələndirilməyən halıdır. İddiaçının iddia ərizəsində göstərdiyi halların mübahisə predmeti olan müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi üçün əsas olub-olmaması məhkəmə tərəfindən araşdırılıb qiymətləndirilməli olan hüquqi məsələdir.

54. Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığından, onun vaxtından əvvəl ləğv edilməsi əsaslarının müəyyən edilməsi də mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu baxımdan, Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda”, həmçinin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə müqaviləyə birtərəfli qaydada xitam verilməsi imkanının mövcudluğu nəzərdə tutulmuşdur. Eyni zamanda, Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilə azadlığı prinsipi çərçivəsində tərəflər müqavilə münasibətlərini qarşılıqlı razılaşma əsasında dəyişdirə və ya ona xitam verə bilərlər. Müqavilənin birtərəfli qaydada ləğv edilməsinin ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələri ilə tənzimlənir.

55. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

56. Belə ki, Mülki Məcəllənin müvafiq maddələrində tərəflərin üzərinə götürdükləri öhdəliklərdən irəli gələn hüquq və vəzifələrin vicdanlılığın tələb etdiyi tərzdə həyata keçirilməsi və icra ediməsi vəzifəsi müəyyən edilmişdir. Həmin maddələrdə vicdanlılığın mülki-hüquqi anlamı verilmiş, yəni tərəflərin öhdəlik üzrə şərtləşdirilmiş vaxtda və yerdə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə tələblər və şərtlər olmadıqda isə işgüzar adətlərə və adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etmək vəzifəsi qeyd edilmişdir. Bu tələblərdən kənara çıxmaq yolverilməzdir, əks halda həmin hərəkət (hərəkətsizlik) Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur.

57. Sifarişçinin daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etməsi üçün müqavilədə nəzərdə tutulmuş ödənişləri müəyyən edilmiş müddətlərdə həyata keçirməməsi, yəni üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsi nəticəsində müqavilə şərtlərinin faktiki olaraq pozulduğu müəyyən edilir. Bu hal iddiaçıya 1 iyul 2021-ci il tarixli, 193 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə birtərəfli qaydada xitam vermək hüququnun yaranmasına əsas vermişdir. Belə ki, bu pozuntu xarakter etibarilə əhəmiyyətli olmaqla müqavilənin məqsədinə çatmanı qeyri-mümkün etmiş və iddiaçı üçün müqavilə münasibətlərinin davam etdirilməsini əsassız etmişdir.

58. Cavabdeh müqavilə şərtlərinə zidd şəkildə davrandığını ödənişlərin müqavilədə nəzərdə tutulmuş qaydada deyil, müqavilə bağlanmamışdan öncə İddiaçı MMC-nin təsisçisi və direktoru – Akif Sadıqovla şifahi qaydada əldə olunmuş razılaşmaya əsasən keçirilməli olduğunu, mənzilin ona gec təhvil verildiyi üçün zərərə uğradığını, həmçinin qalıq borcun ödənilməsini çıxarışın verilməsini şərtləndirən sənədlərin MTK tərəfindən ona təhvil verilmədiyi ilə əlaqələndirsə də, tərəflər arasında 1 iyul 2021-ci il tarixli, 193 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin başqa qaydada icra edilməsinə şərait yaradan razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

59. Yuxarıda qeyd edilən hallara əsasən, kollegiya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4948/2025 saylı, 27 oktyabr 2025-ci il tarixli qətnaməsinin “müqavilənin ləğv olunmuş hesab edilməsi və s.” hissəsində əsaslı olduğu qənaətinə gəlir.

60. Məhkəmə kollegiyası həmçinin iddiaçı (cavabdeh) X3 cavabdeh (iddiaçı) İddiaçı MTK-yə qarşı “sənədlərin təhvil verilməsi və s.” tələbinə dair hissədə qətnamənin qanuniliyinə və əsaslılığına ayrıca münasibət bildirməyi zəruri hesab etmir. Bu mövqe mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırılır.

61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

62. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4948/2025 saylı 27 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar