Məhkəmə qərarları › İş №2(010)-1465/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1465/2023

16.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1465/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və “X6” MMC-nə qarşı “əmək müqaviləsi və elektron bildirişinə xitam verilməsi” tələbi dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsi və elektron bildirişinə xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun xəbəri olmadan Cavabdeh2 MMC-nə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Halbuki, həmin firmanın mövcudluğundan belə xəbəri yoxdur. Bu barədə məlumat aldıqdan sonra o, məcbur qalıb Əmək Müfəttişliyinə müraciət etmiş, ona bildirilmişdir ki, həmin firmanın qanuni təmsilçisi Cavabdeh1dur. Həmin şəxslə görüşəndə, sonuncu heç bir şirkətin təmsilçisi olmadığını, hətta bu məsələ ilə bağlı müvafiq orqanlara müraciət etdiyini bildirmişdir. Həmin şəxsin asan imzası olmadığı üçün, onun mövcud sistem vasitəsilə əmək müqaviləsinin elektron bildirişinə xitam verə bilməmişdir. Əmək müfəttişliyinə də müraciət edilmişdir, sonunsu imtina məktubu verilərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hazırda cavabdehlə əmək müqaviləsinə xitam verilməsini təmin edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək bildirdi ki, qeyd etdiyi kimi cavabdehin asan imzası olmadığı üçün onun mövcud sistem vasitəsilə əmək müqavilə bildirişinə xitam verilməsini təmin edə bilmir, yaranmış hazırki vəziyyət onun əmək hüquqlarının pozulmasına səbəb olur, belə ki başqa yerdə işə düzəlməyinə çətinlik yaranır. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət olunmuş, lakin Cavabdeh1 ilkin mediasıya prosesində iştirak edərkən bildirdi ki, vergi sistemində onun adının qanuni təmsilçisi kimi qeyd olmasına baxmayaraq, onda cavabdeh “X6” MMC-nin sənədləri və ya elektron (asan) imzası yoxdur və bu məsələ ilə bağlı müvafiq orqanlara müraciət etdiyini bildirmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “vətəndaşın iş yeri haqqında” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən “X6” MMCdə "fəhlə” vəzifəsi üzrə 400 manat əmək haqqı ilə işə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin vətəndaş İddiaçı ünvanladığı 3-17-5/2-674/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan Bakı 13 saylı Mediasiya təşkilatının mediatoru X2 tərəfindən verilmiş MŞB/13/2023-00096 saylı xx.xx.2023-cü il tarixli “İMS-dan sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışından görünür ki, Cavabdeh1 (həmçinin, digər cavabdeh “X6” MMC-nin qanuni təmsilçisi) ilkin mediasiya sessiayasında iştirak etmiş, lakin tam mediasiya sessiyasına razılıq verməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, «X6” MMC-yə 400 manat əmək haqqı ilə “fəhlə” vəzifəsində işə qəbul olunmuşdur. İddiaçının tərəf olduğu əmək müqaviləsi üzrə Cavabdeh1 həmin müqavilədən məlumatı olmamışdır. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 3-cü və 4-cü bənlərinə əsasən, heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən, əmək müqaviləsi (kontraktı) [...] – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə, işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə görə, [...] əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 9-cu maddəsinin "o” bəndinə görə, elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Bu Məcəllənin 12 maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək [...] işəgötürənin vəzifəsidir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinə uyğun olaraq, əmək müqaviləsi yazılı formada bağlanır. [...] Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, [...] əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda, Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar, 6 iyun 2014-cü ildə Nazirlər Kabinetinin 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (m.199.2). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ilə “X6” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və iddiaçının "X1” sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 357-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X6” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin və qüvvədə olan əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edilsin. İddiaçı "X1” sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinə həvalə edilsin. Cavabdehlər “X6” MMC-dən və Cavabdeh1 100 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar