Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1471/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 iclas katibliyi, İddiaçı və İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında yetkinlik yaşına çatmayan övladı X6 məxsus payın onun tərəfindən özgəninkiləşdirilməsinə icazə verilməsindən imtina edilməsinin qanunsuz, əsasız və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Həyat yoldaşım X9 05.09.2018-ci ildə vəfat etmişdir və onun vəfatından sonra birgə nikah müddətində əldə etdiyimiz və xüsusi mülkiyyət kimi həyat yoldaşımın adına qeydə alınmış Bakı şəhəri, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 20 saylı evin, 26 saylı mənzili vərəsəlik hüququ qaydasında 2/3 hissədə mənim, 1/3 hissədə 16.07.2013-cü ildə anadan olmuş övladımız X4 adına xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində 31.08.2020-ci ildə qeydə alınmışdır. Bildirirəm ki, həmin bina uzun illər əvvəl inşa edilmiş beton binadır, bu səbəbdən yaşadığımız mənzil soyuq və rütubətli olur. Bunun nəticəsində mənim səhhətimdə ciddi problemlər yaranmağa başlamışdır, eyni zamanda azyaşlı qızım Vəfa da tez-tez xəstələnir və həkimlər beton olmayan, az rütubətli, bol işıqlı olan mənzildə yaşamağımızı tövsiyə edirlər. Göstərilən səbəbdən mən beton binada olan mənzili sataraq qeyd etdiyim tələblərə uyğun gələn mənzil almaq qərarına gəlmişəm. Eyni zamanda, qızım Vəfanın daha yaxşı təhsil alması üçün alacağım mənzilin qabaqcıl təhsil müəssisələrinə yaxın olmasını da nəzərə almışam. Bildirirəm ki, göstərilən tələblərə uyğun gələn mənzilin alınması üçün əlavə olaraq müəyyən məbləğ pul da düzəltmişəm. Bundan sonra ev alqı-satqısı ilə məşğul olan “makler” vasitəsilə Bakıxanov qəsəbəsində qeyd etdiyim tələblərə uyğun gələn satılan mənzil və bundan bir müddət sonra Hövsan qəsəbəsində olan mənzilə alıcı tapılmışdır. Mən Bakıxanov qəsəbəsində (hazırda Sabunçu rayonuna aid edilmişdir) satılan mənzili alacağıma dair beh müqaviləsi bağlamışam və Hövsan qəsəbəsində olan mənzili sata bilməyim üçün qızım Vəfanın adına olan payın özgəninkiləşdirilməsinə icazə verilməsinə dair inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişəm, lakin cavabdeh təşkilat tərəfindən qızım Vəfanın adına olan payın özgəninkiləşdirilməsinə icazə verilməsindən 07.06.2021-ci il tarixli məktubla imtina edilmişdir. Həmin imtina məktubunda imtinanın əsası kimi 16.07.2013-cü ildə anadan olmuş övladım X4 adına olan payın özgəninkiləşdirilməsinin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir. Cavabdehin imtinası aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassızdır: Əvvəla, cavabdeh təşkilat tərəfindən atası vəfat etmiş qızımın necə yaşaması, bizim normal yaşamaq üçün maddi (qidalanma, qış vaxtı istilik sistemindən istifadə etmək və s.) imkanımızın olubolmaması, qızımın təhsili ilə bir dəfə də maraqlanılmamışdır. Göründüyü kimi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin qızımı məndən artıq istəməsi, onun hüququ və mənafeyini məndən artıq müdafiə etməsi mümkünsüzdür. Bundan əlavə, beton binanın satılaraq qeyd etdiyim tələblərə uyğun gələn mənzilin alınması qızımın və mənim sağlamlığımız və qızımın normal təhsil alması baxımından zəruridir. Eyni zamanda, mən yeni alınan mənzilin nəinki 1/3 hissəsini, hətta daha artıq payın və ya bütün payın qızımın adına rəsmiləşdirilməsinə razıyam. Bundan əlavə, alınan mənzil yeni binada inşa edilmişdir, satılan beton mənzildən bahalıdır, genişdir, işıqlıdır və bütün şərtlərinə görə əlverişlidir. Beləliklə, cavabdehin imtinası qanunsuz və əsassızdır”. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 16.07.2013-cü il təvəllüdlü qızı X10 ilə hazırda yaşadıqları mənzil Hövsan qəsəbəsində yerləşir. Mənzil dənizə yaxın olduğundan çox rütubətlidir və davamlı nəm çəkir. Artıq bu rütubətə görə qızı Vəfada “revmatizma” xəstəliyi əmələ gəlmişdir və müalicə alır. Bu xəstəliyə görə onun oynaqlarında, ayaqlarında tez-tez ağrılar olur. Bundan başqa qızı “pnevmaniya”ya görə də müalicə alır. Uşağın bu xəstəliklərinə görə həkimlər onun səhhəti üçün rütubətli mənzildə yaşamamasını tövsiyə edirlər. O da bu məqsədlə Bakıxanov qəsəbəsində tam təmirli, üç otaqlı mənzil tapmışdır və həmin mənzili alıb qızı ilə birlikdə oraya köçmək istəyir. Artıq mənzili almaq üçün 500 manat beh də ödəmişdir. Hansı ki, almaq istədiyi bu mənzilin sahəsi hazırda yaşadıqları Hövsan qəsəbəsində yerləşən mənzilin sahəsindən çoxdur. Yəni onun Hövsanda yerləşən mənzili satması məhz qızının mənafeyinə xidmət edir. Bu səbəbdən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin mənzilin satışı üçün qızının payının özgəninkiləşdirilməsinə icazə verməməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, iddiaçı və qızının hazırda yaşadığı mənzil Hövsan qəsəbəsində yerləşir. Hansı ki, Hövsan qəsəbəsi dənizə yaxın olduğundan rütubətli olduğu məlumdur. Digər tərəfdən, mənzil beton binada olduğundan davamlı nəm çəkir. Uşağın bronxlarında problem olduğu, eyni zamanda “revmatizma”sı olduğu isə iş materiallarından görünür. Belə bir vəziyyətdə uşağın bu rütubətli mənzildə yaşaması onun səhhətinə mənfi təsir göstərir. İddiaçı da bu məqsədlə qızı ilə birlikdə daha geniş, işıqlı, müasir binada yerləşən və ən əsası rütubətli olmayan mənzil alaraq oraya köçmək niyyətindədir. O, belə bir mənzil tapmış və mənzili almaq üçün beh də ödəmişdir. Lakin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tamamilə əsassız olaraq uşağın mənzil üzərində payının özgəninkiləşdirilməsinə icazə vermədiyindən iddiaçı bu mənzili satıb yeni mənzil ala bilmir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti bu mövqeyini uşağın mənafeyi ilə izah etsə də əslində mənzilin satılmasına icazə verməməklə uşağın mənafeyini pozmuş olur. Həmçinin, ərinin vəfatından sonra azyaşlı övladına tək baxan ananın maddi-mənəvi vəziyyəti, uşağa baxa bilib-bilməməsi kimi məsələrlə bir dəfə olsun maraqlanmayan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin mənzilin satışı məsələsi gündəmə gəldikdə birdən-birə “uşağın mənafeyini düşünməsi” başa düşülən deyil. Çünki iddiaçı tərəfindən də əsaslandırıldığı kimi Hövsan qəsəbəsində yerləşən mənzilin satılaraq yeni mənzil alınması yalnız uşağın səhhətinə, onun mənafeyinə xidmət edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X15 iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil üzərində iddiaçının azyaşlı övladı X6 məxsus 1/3 hissədə payın özgəninkiləşdirilməsinə icazə verməmişdir. Bu zaman Komissiya tərəfindən uşağın diqqətəlayiq mənafeyi rəhbər tutulmuşdur. Hesab edir ki, uşağın payının özgəninkiləşdirilməsi onun mənafeyinə uyğun deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Uşağın fikri. Məhkəmə iclasında təhsil aldığı Bakı şəhəri 280 nömrəli tam orta məktəbin nümayəndəsi X7 iştirakı ilə fikri dinlənilən 16.07.2013-cü il təvəllüdlü X10 bildirdi ki, o, Bakı şəhəri 280 nömrəli tam orta məktəbin üçüncü sinfində oxuyur və anası ilə birlikdə Hövsan qəsəbəsində yaşayır. Hazırda yaşadıqları mənzilin nəmişliyi var və şəhər mərkəzindən çox uzaqdır. Anasının almaq istədiyi mənzil isə həm daha geniş, həm də mərkəzə yaxındır. Bu səbəbdən yeni mənzilə köçmək istəyir. İş materialları. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 07.06.2021-ci il tarixli məktubundan görünür ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yetkinlik yaşına çatmayan X6 məxsus payın özgəninkiləşdirilməsi RİH yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən məqsədəuyğun hesab edilməmişdir. X2 (İddiaçı əvəzinə) ilə X11 (X3 əvəzinə) arasında bağlanmış 15.04.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş beh müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, ev 5-də yerləşən 43 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 28, M5, m 11) almaq üçün 500 manat məbləğində depozit vasitəsilə beh vermişdir. Bakı İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2-1(112)-8279/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “əmlakın özgəninkiləşdirilməsinə icazə verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2022-ci il tarixli, 2- 1(103)-635/2022 saylı qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin 15.10.2021ci il tarixli, 2-1(112)-8279/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi X4 xüsusi mülkiyyətindədir. 2 saylı Bakı “ASAN xidmət” X14 tərəfindən verilmiş 29.07.2013-cü il tarixli, AZ-İİİ seriyalı, 144637 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 (atası X9, anası İddiaçı) 16.07.2013-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 29.07.2013-cü il tarixdə 720 nömrə ilə qeyd edilmişdir. “Stimul Hospital” tərəfindən verilmiş 26.12.2019-cu il tarixli çıxarışda qeyd edilmişdir ki: “2013-cü il təvəllüdlü Vəfa Xəlilzadədənin döş qəfəsinin divarı, əzələ və yumşaq toxumaları norma daxilindədir. Hər iki sinus açıqdır. Diafraqma konturu düzgündür. Hər iki ağciyər kökü güclənib peribronxial qalıqlaşmalar qeyd olunur. Mediastinum kölgəliyi mərkəzdə yerləşmiş, normal genişlikdədir. Ürək və aorta rentgenoloji normaldır. Ağciyər parenxima dəyərləndirilməsində sağ ağciyər kökətrafı sahədən aşağı paya doğru iltihabi kölgəlik qeyd edilir (pnevmoniya lehinə düşünülür)”. İşin faktiki halları. İddiaçı 16.07.2013-cü il təvəllüdlü X4 anasıdır. Uşağın atası X9 05.09.2018-ci il tarixdə ölmüşdür. Bundan sonra iddiaçının mərhum ərindən miras qalmış Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil mərhumun vərəsələri olan yetkinlik yaşına çatmış oğlu X2, arvadı İddiaçı və yetkinlik yaşına çatmamış qızı X10 arasında hər birinə bərabər pay olmaqla bölünmüşdür. Daha sonra bu mənzil üzərində İddiaçıovanın 2/3 hissədə, onun qızı yetkinlik yaşına çatmayan X4 isə 1/3 hissədə payları müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə görünür ki, mərhumun yetkinlik yaşına çatmış oğlu öz payından iddiaçının xeyrinə imtina etmişdir. Daha sonra ərindən miras qalmış bu mənzili satmaq istəyən İddiaçı yetkinlik yaşına çatmayan qızının mənzil üzərindəki 1/3 hissədə payının özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin İcra Hakimiyyətinin X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası uşağın payının özgəninkiləşdirilməsini məqsədəuyğun hesab etməmiş, bu əsasla özgəninkiləşdirməyə razılıq verməmişdir. Bundan sonra İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “əmlakın özgəninkiləşdirilməsinə icazə verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, yetkinlik yaşına çatmayan qızının bu mənzil üzərində olan payının özgəninkiləşdirilməsinə icazə verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2022-ci il tarixli qərardadı ilə bu qərardad dəyişdirilmədən saxlanılmışdır. İşə baxan hər iki məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti inzibati orqan olsa da cavabdeh orqanın uşağa məxsus payın özgəninkiləşdirilməsinə icazə verilməməsi ilə bağlı hərəkəti onun inzibati hüquq sahəsindəki fəaliyyəti ilə bağlı olmadığından işə inzibati məhkəmədə baxıla bilməz. Daha sonra İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə müraciət edərək, İcra Hakimiyyətinin uşağın mənzil üzərindəki payının özgəninkiləşdirilməsinə razılıq verilməsindən imtinasının qanunsuz hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı uşağın mənzil üzərindəki payının özgəninkiləşdirilməsini uşağın mənafeyi ilə izah etmişdir. Belə ki, o, iddia etmişdir ki, qızı 16.07.2013-cü il təvəllüdlü qızı X4 “pnevmasiya”sı və “revmatizma”sı var. Bu səbəbdən rütubətli mənzildə yaşamaq onun səhhətinə ziyan vurur. Hansı ki, yaşadıqları Hövsan qəsəbəsində yerləşən mənzil dənizə yaxın olmaqla olduqca rütubətlidir və bu qızının səhhətinə mənfi təsir göstərir. Bu səbəbdən də iddiaçı bu mənzili satmaq istəyir. Lakin bunun üçün yetkinlik yaşına çatmayan qızının mənzil üzərindəki payının özgəninkiləşdirilməsinə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin razılığı lazımdır. Buna baxmayaraq, İcra Hakimiyyəti uşağın mənafeyini əsas gətirərək, payın özgəninkiləşdirməsinə icazə vermir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin bu imtinasının uşağın mənafeyinə uyğun olmadığını hesab edən iddiaçı imtinanın qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə fikri dinlənilən 16.07.2013-cü il təvəllüdlü qızı X10 da öz növbəsində Hövsan qəsəbəsində anası ilə qaldığı mənzildən çıxıb anasının yeni almaq istədiyi, mərkəzə daha yaxın olan mənzilə köçmək istədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının sözügedən mənzil üzərində uşağa məxsus payın özgəninkiləşdirilməsini uşağın mənafeyinə uyğun hesab etmədiyini bildirsə də bunun səbəbini, bu özgəninkiləşdirmənin hansı səbəbdən uşağın hansı mənafeyinə uyğun hesab edilmədiyini əsaslandıra bilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 51. Uşağın müdafiə hüququ. 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir. Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 55. Uşağın əmlak hüquqları. 55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. 55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. 55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. 55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir. Maddə 141. Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri. 141.5. Qəyyumun (himayəçinin) mülki hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan X1 (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan X1 məhdud fəaliyyət qabiliyyəti vardır. Maddə 29. 14 yaşınadək olan X1 fəaliyyət qabiliyyəti. 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış X1 əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. 29.2. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır: 29.2.1. xırda məişət əqdləri; 29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; 29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər. 29.3. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Maddə 33. Qəyyumluq və himayəçilik. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. 33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Maddə 36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi. 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Uşaq mənafelərinin üstünlüyü. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 12.
1. İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir.
2. Bu məqsədlə uşağa ona toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 192. İşdə iştirak edən şəxslərin izahatları. 192.3. Uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilərlər. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr...
Məhkəmənin mövqeyi.
İşin faktiki hallarından göründüyü kimi, mübahisə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil üzərində iddiaçının qızı 16.07.2013-cü il təvəllüdlü X6 məxsus 1/3 hissədə payın özgəninkiləşdirilməsinə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilməməsi ilə bağlıdır. Yuxarıda qeyd edilmiş həm ailə, həm də mülki qanunvericiliyin normalarından görünür ki, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan valideyn uşağın əmlakının özgəninkiləşdirilməsinə dair əqdləri bağlaya bilməz. Lakin nəzərə alınmalıdır ki, bu icazənin həm verilməsi, həm də verilməsindən imtina edilməsi zamanı qəyyumluq və himayəçilik orqanının yeganə və mütləq motivi uşağın üstün maraqlarını qorumaq, onun diqqətəlayiq mənafelərinin pozulmasının qarşısını almaq olmalıdır. Bu baxımdan hazırkı iş üzrə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayan uşağın mənzil üzərində payının özgəninkiləşdirilməsinə razılıq vermirsə, bunu uşağın üstün maraqları baxımından əsaslandırmalı, bu özgəninkiləşdirmə baş verərsə uşağın hansı mənafeyinin pozulmasının gözlənildiyini, bir sözlə, bu razılığın verilməməsi ilə uşağın hansı maraqlarının qorunduğunu açıq şəkildə göstərməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının uşağın mənzil üzərindəki payının özgəninkiləşdirilməsinə razılıq verilməsindən imtina edilməsinə dair məktubunda bu özgəninkiləşdirmənin Komissiya tərəfindən məqsədəuyğun hesab edilmədiyi qeyd edilsə də bunun səbəbi, bu özgəninkiləşdirmənin uşağın hansı mənafeyini pozması barədə heç bir xüsusi qeyd edilməmişdir. Xüsusən nəzərə alınmalıdır ki, uşağın anası bu özgəninkiləşdirməni rütubətli mənzildə yaşamağın uşağın səhhətinə mənfi təsir göstərməsi ilə izah edir. Bu baxımdan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti uşağın mənzildəki payının özgəninkiləşdirilməsinə razılıq verməzkən ən azından bu halı araşdıraraq, mənzilin özgəninkiləşdirilməsinə razılıq verilməsinin uşağın səhhəti baxımından əhəmiyyət daşıyıbdaşımamasına qiymət verməli idi. Lakin cavabdeh tərəfindən bu hala da qiymət verilməmiş, ümumi şəkildə özgəninkiləşdirmənin Komissiya tərəfindən məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. Lakin məhkəmə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin əksinə, uşağın mənzildəki payının özgəninkiləşdirilməsinin uşağın mənafeyinə uyğun olduğunu və onun üstün maraqlarına xidmət etdiyini hesab edir. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, iş materiallarında uşağın ağciyərində xəstəlik olduğu nəticəsinə gəlməyə imkan verən ilkin sənədlər mövcuddur. Uşağın payçısı olduğu və hazırda anası ilə birlikdə yaşadıqları mənzil isə Hövsan qəsəbəsində yerləşir. Hövsan qəsəbəsi dənizə yaxın olduğundan uşağın yaşadığı bu mənzildə rütubət olması və bu rütubətin ağciyər xəstəsi olan uşağa mənfi təsir göstərməsi ağlabatan və inandırıcıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırkı iddia ilə məhkəməyə müraciət edən uşağın doğma anası, onun tək valideynidir. O, mərhum ərinin vəfatından sonra uşağına tək ana kimi baxır və uşaq onun yanında qalır. Hazırkı tarixədək valideynlik hüququndan məhrum edilməmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən onun uşağın hansısa mənafeyini pozması ilə bağlı heç bir fakt müəyyən edilməmiş, bununla bağlı heç bir tədbir görülməmişdir (Ən azından məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir). Yəni, hazırkı vəziyyətdə İddiaçıova öz uşağının mənafelərini qorumalı olan birinci dərəcəli şəxsdir. Bu baxımdan onun uşağın mənafeyini qorumaq üçün etdiyi (etmək istədiyi) bütün hərəkətlərin həqiqətən uşağın üstün maraqlarına xidmət etdiyi qəbul edilməlidir. Bunun davamı olaraq, əgər iddiaçı uşağı ilə birlikdə hazırda yaşadıqları rütubətli mənzildə yaşamağa davam etmələrinin ağciyər xəstəsi olan uşağının səhhətinə mənfi təsir göstərdiyini iddia edirsə, əksi sübut edilməyənə qədər bu özgəninkiləşdirmənin uşağın mənafeyinə uyğun olduğu qəbul edilməlidir. Üstəlik, nəzərə alınmalıdır ki, iddiaçının qeyd etdiklərini həqiqətə uyğun hesab etmək üçün iş materiallarında kifayət qədər ilkin sübutlar mövcuddur. Belə ki, iddiaçının həqiqətən Sabunçu rayonunda yeni mənzil almaq üçün real hüquqi hərəkətlər etdiyi iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş beh müqaviləsi ilə təsdiq edilir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 16.07.2013-cü il təvəllüdlü X4 mənzil üzərindəki payının özgəninkiləşdirilməsi uşağın anası İddiaçı qeyd etdiyi kimi uşağın mənafeyinə uyğundur. Belə ki, bu özgəninkiləşdirmə uşağın hazırda yaşadığı mənzildən daha geniş, onun səhhətinə mənfi təsir göstərən rütubətin olmadığı və onun öz arzusuna uyğun “mərkəzə daha yaxın” yeni bir mənzilin alınması məqsədi daşıyır. Bu baxımdan bu özgəninkiləşdirməyə razılıq verilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, heç bir əsas olmamasına baxmayaraq, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin bu razılığın verilməsindən imtina etməsi qanunsuz olmuşdur.
Məhkəmə xərcləri.
İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddialar üçün müəyyən edilmiş dövlət rüsumunun dərəcəsinə uyğun olmuşdur. Hazırkı halda məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəldiyindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanunla gözlənilən olsa da cavabdeh orqan dövlət rüsumunun ödənilməsindən azad olduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil üzərində 16.07.2013-cü il təvəllüdlü X6 məxsus 1/3 hissədə payın İddiaçı tərəfindən özgəninkiləşdirilməsindən cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən imtina edilməsi qanunsuz hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа təmin edilsin. Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil üzərində 16.07.2013-cü il təvəllüdlü X6 məxsus 1/3 hissədə payın İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilməsindən imtina edilməsi qanunsuz hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva