Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-148/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi (vəkili) X5, Üçüncü şəxs X2 nümayəndəsi (vəkili) X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə, X14 və X3 qarşı “zəbt olunmuş torpaq sahəsinin və inşa edilmiş özbaşına tikilinin sökülərək boşaldılması və iddiaçının istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə, X14 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Quşçuluq ərazisində yerləşən torpaqda inşa edilən özbaşına tikilinin sökülərək boşaldılması, torpağın əvvəlki vəziyyətə gətirilməsi və onun (iddiaçının) istifadə və sahiblik hüququnun bərpası ilə əlaqədar iddiaçının istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2008-ci ildə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 376A №-li sərəncamına əsasən Abşeron rayonu, Quşçuluq ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsi) müvafiq tarixə qədər istifadəsiz qalmış 3.2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi iddiaçının istifadəsinə verildikdən sonra o, torpaq sahəsinə təyinatı üzrə təsərrüfatla məşğul olmaq üçün tez-tez getmişdir. Lakin iddiaçının səhhətində yaranan problemlərə görə o, istifadəsinə ayrılmış torpaq sahəsinə bir müddət gedə bilməmişdir. İddiaçı bir müddət sonra istifadəsində olan torpaq sahəsinə getdiyi zaman tanımadığı şəxslər tərəfindən qanunvericilik tələblərinin pozulması yolu ilə torpaq sahəsinin zəbt edilərək istifadə edildiyini və özbaşına tikililərin inşa edildiyini görmüşdür. Yaranmış vəziyyətlə əlaqədar həmin şəxslərə müvafiq torpaq sahəsinin onun istifadəsində olmasına dair təsdiqedici sənədləri təqdim edərək boşaldılmasını tələb etmişdir. İddiaçı cavabdehlərə Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnun qanunsuz olaraq pozaraq torpaq sahəsini zəbt etdiklərini, sərbəst mülkiyyət hüquqlarını pozaraq özbaşınalıq və cinayət edərək qanunsuz tikililər inşa etmələri barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlər də, sübut edir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Lakin cavabdehlər iddiaçının istifadəsinə verilmiş torpaq sahəsini qanunsuz zəbt ediblər. Hazırda iddiaçı istifadəsinə verilmiş Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsində əkin biçin və təsərrüfat işləri apara bilmir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 nümayəndəsi(vəkili) X10 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı Suraxanı rayonu Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaqda istifadə və sahiblik hüququnun bərpa olunmasını tələb etməsinə baxmayaraq, onun bu cür tələbi irəli sürmək hüququ mövcud deyil. Belə ki, iddiaçı tərəfindən bağlanması iddia edilən torpaq icarə müqaviləsindən göründüyü kimi müqavilənin 6-cı bəndinin üçüncü hissəsinə əsasən müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alındığı andan etibarlı sayılır, yəni müqavilə dövlət qeydiyyatına alınmayana kimi onun hüquqi qüvvəsi yoxdur. Lakin hazırkı tarixə kimi sözü gedən müqavilə dövlət qeydiyyatına alınmamışdır ki, bu da həmin müqavilənin hüquqi qüvvəsinin olmadığını təsdiq edir.Eyni zamanda qanunvericilik daşınmaz əmlak üzərində hüquqların yaranması üçün bu hüquqların dövlət qeydiyyatına alınmalı olmasını tələb edir. Bununla yanaşı, iddiaçının iddia etdiyi torpağın ərazi sərhədləri də sual doğurur. Belə ki, torpağa dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun sərhədlərini də müəyyən olunmuş hesab etmək olmaz. Buna görə də mübahisələndirilən torpaq sahəsinin ərazi sərhədləri yalnız Daşınmaz əmlakın dövlət reyestrində müəyyən edildikdən sonra həmin torpaq sahəsinin hüdudları dəqiqləşdirilə bilər. İddiaçının iddia ərizəsində göstərdiyi kimi sahibsiz torpağı istifadəyə götürməsinə gəlincə, Hövsan kənd sakinləri həmin ərazidə uzun illər babalarından qalmış torpaq sahələrində öz ailələrini maddi cəhətdən təmin etmək üçün kənd təsərrüfatı ilə məşğul olurlar. Həmin ərazidə kənd sakinlərinin babalarının adına olan Dövlət Tarix Arxivindən olan sənədlər mövcuddur ki, orada torpaq sahələrinin kim tərəfindən istifadə olması qeyd olunmuşdur. Bu da öz növbəsində iddiaçının iddia etdiyi kimi həmin ərazinin sahibsiz olması və özünün orada kənd təsərrüfatı ilə məşğul olmasını təkzib edir. Buna görə də iddia tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən üçüncü şəxs X21 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsində onun yaxın qohumları neçə illərdir ki, əkin işləri ilə məşğul olublar. Həmin torpaq sahəsində nar bağları olmuşdur. Lakin sonradan həmin nar kollarının çox hissəsi məhv edilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 izahatında göstərdi ki, Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Dövlət Ehtiyat Fonduna aiddir. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. Həmin 3,2 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron Quşçuluq sovxozunun ərazisində yerləşir. Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 376A №-li sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən 3.2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçı icarəyə verilmişdir. Lakin cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinti işləri aparmışlar. Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən Abşeron RİH tərəfindən torpaq sahəsinə aid icarə müqaviləsi yalnız iddiaçı üçün tanınır. Həmin torpaq sahəsi icarə müqaviləsi ilə icarəyə verilirsə, torpaq sahəsinə nəzarəti icarədar həyata keçirə bilər. İcarədar kənd təsərrüfatı təyinatı ilə icarəyə götürülmüş torpağı yalnız metal tor vasitəsi ilə sərhədləyə bilər, lakin orada tikinti işlərinin aparılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X2 nümayəndəsi(vəkili) X15 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən X3 verilmiş arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında X2 qohumlarının adları qeyd olunmuşdur. Onların həmin sahədə üzüm bağları mövcud olmuşdur. Həmin torpaq sahəsi isə iddiaçının mülkiyyətində deyildir. Hazırda həmin sahədə tikililər mövcuddur və həmin tikililər isə çoxdan tikilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1 nümayəndəsinin (vəkilinin), üçüncü şəxslər X11 və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsinin və üçüncü şəxs X2 nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008ci il tarixli 376A №-li sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonunun Dövlət X18 saxlanılmış torpaqlardan Abşeron Quşçuluq K T M İ müəssisəsi ərazisində kənd təsərrüfatı məqsədilə 3,20 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli rəyin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı kənd təsərrüfatı məqsədi ilə icarə qaydasında 3.20 hektar torpaq sahəsi ayrılması haqqında müraciətinə baxılmışdır. İstənilən torpağa komissiya vasitəsilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş Dövlət X20 aid olmaqla Abşeron Quşçuluq K T M İ müəssisəsinin ərazisində yerləşməklə, yararsız uqodiyası kimi uçota alınmışdır. Həmin ərazidən İddiaçı 99 (doxsan doqquz) il müddətinə 3,20 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlə etiraz etmir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrini geri alınması Dövlət ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və baxılması qaydaları” ilə müəyyən edilmiş qaydada sənədləşmə aparılsın hüququn tam şəkildə rəsmiləşdirilməsi nəzərə alınsın. Fiziki şəxsə tapşırılsın ki, torpaq sahəsi üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin edilsin. İş materiallarına əlavə edilmiş Aktın təsdiq edilmiş surətindən görünür ki, Əliyev X8 rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək icarə qaydasında 3,20 hektar torpaq sahəsi istədiyini kənd təsərrüfatı məqsədi arzusunda olduğunu bildirmişdir. İstənilən torpağa komissiya vasitəsilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş Dövlət X20 aid olmaqla Abşeron Quşçuluq K T M İ müəssisəsinin ərazisində yerləşməklə, yararsız uqodiyası kimi uçota alınmışdır. İstənilən torpaq sahəsinin 1:10000 miqyaslarında yerquruluşu planı hazırlanmış və sərhədləri göstərilmişdir. Yuxarıdakıları nəzərə alaraq İddiaçı 99 (doxsan doqquz) il müddətinə, kənd təsərrüfatı məqsədilə torpaq sahəsi ayrılmasına komissiya aşağıdakı şərtlərlə etiraz etmir: Torpaqdan istifadə edilməmişdən əvvəl torpaq icarəsi haqqında Azərbaycan Respublikasının xx xxxxxx 1998-ci il tarixli, 587-İQ №-li Qanununa müvafiq olaraq ilkin torpaqayırma sənədləri tərtib etdirilsin. Fiziki şəxsə tapşırılsın ki, torpaq sahəsi üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin edilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Hövsan qəsəbəsində 32000 kv.m torpaq sahəsi Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 376a nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 176a nömrəli icarə müqaviləsi əsasında tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın kserosurətindən görünür ki, X1 rayonu Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsini zəbt etmədiyindən X11 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respubikasının Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında Məmmədov Qafar - 22 yaş. Onun qardaşları Əhmədov Qafar - 17 yaş; Səməd Qafar oğlu - 13 yaş; Allahyar Qafar oğlu – 7 yaş, Ağayar Qafar oğlu – 4 yaş. Onların Hövsan kəndində sahəsi 96 kv sajina bərabər olan üzüm sahələri olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respubikasının Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında X16 - 30 yaş, Onun oğlanları X12 -13 yaş; Əflatun -7 yaş; Rəbil Əli – 6 yaş, Sadıx bir yaş yarım . Onların Hövsan kəndində sahəsi 120 kv.sajina bərabər olan üzüm sahələri olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsinin koordinatları ilə mübahisələndirilən, iddiaçının iddia etdiyi eyni zamanda cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsi üst-üstə düşür və sxemdə göstərilmişdir. Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında verilmiş kadastr nömrəsi 0**********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsindən faktiki olaraq istifadə etmir. Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan planölçüdə göstərilmiş torpaq sahəsində tikililər mövcuddur və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində tikililərin sahələri və eyni zamanda faktiki yerləşmə vəziyyəti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Aparılmış tikinti kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatının zədələnməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsinin koordinatları ilə mübahisələndirilən, iddiaçının iddia etdiyi eyni zamanda cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsi üst-üstə düşür və mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı, hal-hazırda kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan planölçüdə göstərilmiş torpaq sahəsindən faktiki olaraq istifadə etmir. Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində tikililər mövcuddur və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Sözügedən tikiliyə dair mülki iş materiallarında hər hansı bir sənəd olmadığından həmin tikilinin tikinti normalarına və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində tikililərin sahələri və eyni zamanda faktiki yerləşmə vəziyyəti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mühədisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, aparılmış tikinti kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatının zədələnməsinə səbəb ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi ünvanında yerləşən nar bağlarının yerləşdiyi əraziyə keçirilən baxış zamanı 80 ədəd nar kolunun və 7 ədəd tut ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1.-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Bu Məcəllənin 706.2.-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər:“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi;bələdiyyələrin X18, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Bu Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Dövlət Ehtiyat Fonduna aiddir. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. Həmin 3,2 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron Quşçuluq sovxozunun ərazisində yerləşir. Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 376A №-li sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən 3.2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Lakin cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinti işləri aparmışlar. Cavabdehlərin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehlərin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İş üzrə araşdırma zamanı mübahisəli torpaq sahəsində lazımı layihə-smeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edilmişdir. Belə ki, məhz cavabdehlər tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Quşçuluq ərazisi (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) verilmiş kadastr nömrəsi 0**********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı məhkəmədə əldə edilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir. Məhkəmə həmin ekspert rəylərini mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, cavabdehlər tərəfindən həmin özbaşına tikinti işlərinin aparılması iddiaçının bir başa maraqlarına toxunur. Belə olan halda məhkəmə məhz özbaşına qanunsuz tikililəri aparan şəxslər kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olduğundan, hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Quşçuluq ərazisi (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) verilmiş kadastr nömrəsi 0**********0607 olan planölçüdə göstərilmiş torpaq sahəsində inşa edilən tikili - özbaşına tikili sayılaraq sökülməlidir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı istifadəsinə qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 136.40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə, X14 və X3 qarşı “zəbt olunmuş torpaq sahəsinin və inşa edilmiş özbaşına tikilinin sökülərək boşaldılması” tələbinə dair” iddiası əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 217.2-cü maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində inşa edilən və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş sxemdə göstərilmiş (döngə nöqtələrinin nömrəsi 1-2 olan 255.4 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 2-3 olan 141.6 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 3-4 olan 137.9 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 4-5 olan 52.0 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 5-6 olan 56.8 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 6-1 olan 159.2 metr məsafədə yerləşən və həmin torpaq sahəsinin daxilində yerləşən) tikililər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülsün. Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha (kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş) torpaq sahəsi İddiaçı istifadəsinə verilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri-ümumilikdə 136.40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-148/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-148/2020
09.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver