Məhkəmə qərarları › İş №2(010)-1482/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1482/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1482/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, Cavabdehlər Cavabdeh2 oğlunun və Cavabdeh1 və onların etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yetkinlik yaşına çatmayan övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları 06.09.2013-cü il təvəllüdlü X30 və 07.09.2015-ci il təvəllüdlü X25 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı Cavabdeh2 ilə 20 noyabr 2012-ci ildə Suraxanı rayon qeydiyyat şöbəsində rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahdan iki övladı 06.09.2013-cü il təvəllüdlü X30 və 07.09.2015-ci il təvəllüdlü X25 doğulmuşdur. Tərəflər ailə həyatı qurduqdan sonra İddiaçı Cavabdeh2 atasının istifadəsində olan ünvan 2 ünvanına gəlin köçmüşdür. 2015-ci ildə iddiaçının atasının maddi dəstəyi ilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, (BülBülə qəsəbəsi) Samir Əliyev küçəsində yerləşən, təxmini 4 ha (sot) torpaq sahəsi, içərisində 4 (dörd) otaqdan ibarət yarımtikili nömrəsiz evi almışlar. Qeyd edilən yarımtikili evi aldıqdan sonra, iddiaçının atasının təmir-tikinti işlərini bildiyi üçün təmir işlərini də atası və dayıları görmüşdür, 2016-cı ildə təmir işləri bitdikdən sonra Cavabdeh2 və İddiaçı azyaşlı övladları X30 və X25 ilə birlikdə sözü gedən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, (Bül-bülə qəsəbəsi) Samir Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə köçüb yaşamışlar. Birgə nikah dövründə aldıqları fərdi yaşayış evinə köçdükdən sonra iddiaçının Cavabdeh2 ilə ilk vaxtlar münasibətləri normal olsa da, sonradan aralarında tez-tez mübahisələr baş vermiş, aralarındakı münasibət dözülməz həddə çatdığına görə ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkün olmuş və bu səbəbdən də nikahın pozulması qərarına gəlmişlər. Abşeron Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(012)-373/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş Həsən və Hüseyn iddiaçının yəni, ananın himayəsində saxlanılması qət edilmişdir. Nikahları pozulduqdan sonra iddiaçı övladları ilə birlikdə birgə nikah dövründə əldə etdikləri sözü gedən fərdi yaşayış evində yaşamaq istədiyini bildirsə də, cavabdehlər buna razı olmamışlar. Cavabdehlər tərəfindən iddiaçının və övladlarının hüquqlarının pozulmasının qarşısının alınması üçün “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” məhkəməyə müraciət etmək qararına gəlmişdir. Belə ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Samir Əliyev küçəsi 179/D saylı evin sənədi anası Cavabdeh1 adınadır. Nikaha daxil olduqdan sonra onlar onun valideynlərinin razılığı əsasında Samir Əliyev küçəsi 194/2 saylı evdə 2019-cu ilə qədər iddiaçı ilə birlikdə yaşamışdır. Samir Əliyev küçəsi 179/D saylı ev isə onlar evlənməmişdən qabaq alınmış və həmin evdə onun valideynləri yaşamışdır. Həmin evin alınmasında və onun təmir tikintisində nə iddiaçı, nə də onun qohumları iştirak etməmişdir. 2019-cu ildən isə iddiaçı ilə birlikdə müvəqqəti ev alana qədər Samir Əliyev küçəsi 179/D saylı evdə yaşamışlar. Həmin evdə iddiaçı tərəfindən əxlaqsız hərəkətlərə yol verildiyindən aralarındakı münasibətlər pozulmuş və nikahları ləğv edilmişdir. Bundan sonra iddiaçı evi tərk edərək özünə başqa yaşayış yeri seçmişdir. İddiaçının həmin evdən istifadə hüququ yaranmamışdır, belə ki, həmin evi nikahdan öncə 12.09.2012-ci ildə almışlar. Birgə nikah dövründə onlar hər hansı bir əmlak əldə etməmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, keçmiş gəlini İddiaçı Cavabdeh2 ilə nikaha daxil olaraq Samir Əliyev küçəsi 194/2 saylı evə gəlin köçmüş və orada yaşamışdır. Samir Əliyev küçəsi 179/D saylı evi 2012-ci ildə 39000 dollara almışlar. Həmin ev hazır tikili vəziyyətdə olmuş və 2013-cü ildən həmin evə köçərək orada həyat yoldaşı ilə birlikdə yaşamışdır. Onun həyat yoldaşı şəkər xəstəsi, özü isə onkoloji xəstə olduğundan həmin evdə başqa şəxslər yaşamamışdır. Sonradan keçmiş gəlini İddiaçı bir il ərzində hazırkı mübahisəli mənzilə köçərək orada yaşamış, lakin əxlaqsızlıq etdiyindən evdən çıxıb getmişdir. Hazırkı ev ona məxsus olduğundan iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin etibarnamə üzrə nümayəndəsi (vəkili) X21 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı cavabdehə qarşı “ailə və uşaqların mənzillə təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2021-ci ildə də Suraxanı Rayon Məhkəməsinə müraciət edərək mənzilə köçürülməsi, mənzilə istifadə hüququnun yaranması və təhlükəsiz yaşamalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə hər iki evin hüquqmüəyyənedici sənədləri birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(010)- 3679/2021 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Apellyasiya Məhkəməsində işə baxılan zaman X26 və o, (X11) müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində prosesə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.12.2021-ci il tarixli, 2(103)-10904/2021 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədə də göstərilmişdir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Əliyev küçəsi 179D saylı ev X1. Evin iddiaçı tərəfdən tikilməsi ilə bağlı isə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Sözügedən qətnamədən kassasiya şikayəti verilməmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Göründüyü kimi iddiaçı qətnamədən kassasiya şikayəti verməyərək məhkəmə qətnaməsində göstərilən arqumentlərlə razılaşmışdır. Odur ki, iddiaçının yetkinlik yaşına çatmayan övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid X22 ifadə verərək bildirmişdir ki, İddiaçı onun bacısı qızıdır. O, Cavabdeh2 oğlu ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan onlar cavabdehə məxsus ünvan 2 ünvanına gəlin köçmüşdür. Onların birgə nikahdan iki övladları doğulmuşdur. İki üç il keçdikdən sonra onlar ünvan 1 fərdi yaşayış evini aldılar. Həmin ev tam tikili vəziyyətdə olmuşdur. Lakin iki gün ərzində həmin evdə suvaq işlərini görmüşlər. Evin suvaq işlərini öz vəsaiti hesabına vurmuşdur. İş üzrə şahid X8 ifadə verərək bildirmişdir ki, İddiaçı onun bacısı qızıdır. Vüsalə ailəsi ilə birlikdə sözügedən mübahisəli fərdi yaşayış evinə köçməmişdən əvvəl o, iki gün ərzində həmin evin tavanını və suvaq işlərini görmüşdür. İş üzrə şahid X26 ifadə verərək bildirmişdir ki, cavabdehlərdən Cavabdeh2 onun oğlu,Cavabdeh1 isə onun həyat yoldaşıdır. Həmin mübahisəli Samir Əliyev küçəsi, 179D saylı fərdi yaşayış evi 2012-ci ildə alınmış və tam hazır vəziyyətdə olmuşdur. Mehman onun sinif yoldaşıdır və həmin evdə yalnız alçipanı dəyişiblər. Samir Əliyev küçəsi, ev 194/2 ünvanında yerləşən evi isə 1996-cı ildə almışlar və 2005-ci ildə həmin evə köçərək orada yaşamışlar. Həmin evlər bir-birinə yaxın məsafədə yerləşir. İki oğlunun azyaşlı övladları arasında problem yarandığından keçmiş gəlini Vüsalə ailəsi ilə birlikdə 2019-cu il tarixdən mübahisəli evə köçmüş və yaşamışdır. Mübahisəli evin tikinti işlərini və təmir işlərini o, özü etdirmişdir. İş üzrə şahid X27 ifadə verərək bildirmişdir ki, Rasim Həsənov onun qohumudur. Həmin mübahisəli fərdi yaşayış evinin alınması üçün Şakir 39000 ABŞ dolları onun yanında ödəyərək evi almışdır. Həmin fərdi yaşayış evi 2012-ci il tarixdə alınmış və hələdə o evin sənədləri yoxdur. O, Bakıda yaşayır və Şakir ilə qonşudur. İş üzrə şahid X16 ifadə verərək bildirmişdir ki, o, cavabdehlərlə qohumdur. Həmin mübahisəli torpaq 1997-ci il tarixdən onun olmuş və 1998-ci il tarixdə fərdi yaşayış evini tikmişdir. Fərdi yaşayış evi Rasimin olmuş, lakin orada tikinti işlərini o aparmışdır. 2012-ci il tarixdə Şakir həmin mübahisəli evi özünə almışdır və öz ailəsi ilə birlikdə orada yaşayırdı. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X25 07.09.2015-ci ildə doğulmuş, valideynləri Cavabdeh2, X9r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X30 06.09.2013cü ildə doğulmuş, valideynləri Cavabdeh2, İddiaçıdır. iş materiallarına əlavə edilmiş Bakı şəhəri Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh1 2019-cu ildən şəxsi ərizəsinə əsasən Bülbülə Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 12.09.2019-cu il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, X28, X27, X5, X16 və X3 Rasim Rafiq oğluna məxsus olan 1998-ci ildə tikilmiş Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində şəxsi vəsaiti hesabına tikilmiş 115 m2 olan yaşayış evini X18 təhvil verilməsi barədə akt imzalamışlar. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 2(010)-3679/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 Cavabdeh2 qarşı Cavabdeh2 birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X19 və 07.09.2015-ci il təvəllüdlü X12 və himayəsində uşaqları saxlayan ananın Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi,S.Əliyev küçəsi, ev 194/2 (ünvan 4 ünvanda yerləşən mənzilə köçürülməsi və X7 mənzildən istifadə hüququnun yaranması, təhlükəsiz yaşamasına dair iddiası təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.12.2021-ci il tarixli, 2(103)-10904/2021 saylı qətnaməsinin surəindən müəyyən olunur ki, iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş Suraxanı rayon Məhkəməsinin 2(010)-3679/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın təmin olunmaması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin maddənin 4-cü bəndinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcələsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30.11.2018-ci il tarixli qərarından müəyyən olunur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mülki işin materiallarından, tərəflərin izahatından mübahisəsiz qaydada görünür ki, mübahisəli ev xüsusi mülkiyyətdə deyil, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə 2012-ci ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan iki uşaqları doğulmuşdur. İddiaçı gəlin köçərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 194/2 saylı evə gəlin köçmüş və həmin evdə yaşamışdır. Hazırkı mübahisəli ev qanunsuz tikintidir və 2012-ci ildə cavabdehlər tərəfindən qeyri-rəsmi qaydada alınmışdır. İddiaçı 2019-cu ildə həmin mübahisəli evə köçmüş və bir il ərzində həmin evdə yaşamışdır. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin yaşayış evinə hər hansı hüququ mövcud olmadığından İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yetkinlik yaşına çatmayan övladları ilə birlikdə Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi Samir Əliyev küçəsi 179D saylı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yetkinlik yaşına çatmayan övladları ilə birlikdə Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi Samir Əliyev küçəsi 179D saylı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar