Məhkəmə qərarları › İş №2(010)-1485/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1485/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1485/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı podrat müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması və kirayə haqqının tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 04.03.2019-cu il tarixdə bağlanmış “Podrat” müqaviləsinin ləğv edilməsi, cavabdehə ödənilmiş 27,800 manat məbləğində pulun və 04.03.2019-cu il tarixdən bu günədək kirayədə qaldığı üçün ödədiyi 8,500 manat kirayə haqqı olmaqla, cəmi 36,300 manat pulun cavabdehdən tutularaq ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Abşeron rayonu, Quşçuluq Savxozu ərazisində yerləşən 004,5 ha torpaq sahəsi üzərində 1 mərtəbədən ibarət 5 otaqlı ev tikdirmək qərarına gəlmiş və bununla bağlı "Podratçı” Cavabdeh ilə 04.03.2019-cu il tarixində "Podrat" müqaviləsi bağlamışdır. Həmin podrat müqaviləsinə əsasən Cavabdeh 5 ay müddətinə həmin evi tikib və təmir edərək ona verməsinə söz vermişdir. O, (iddiaçı) bunun qarşılığında 83.000 manat pulun cavabdehə ödənilməsi barədə razılığa gəlmişlər. Bu məqsədlə ilkin olaraq 16.000 manat ödəmiş, aralarındakı razılığa əsasən qalan hissəsini hər ay ödəməli olmuşdur. Hər ay cavabdehə ödəniş edərək cəmi 11.800 manat məbləğində pul ödəmişdir. Cavabdeh həmin evi 5 ay müddətinə tikib ona təhvil verməli idi, lakin o, 2 aydan sonra evə baxmağa gedərkən orada heç bir iş görülmədiyinin şahidi olmuş və bunun səbəbini soruşduqda Cavabdeh ona bildirmişdir ki, "pandemiya" vaxtı olduğu üçün işləməyə fəhlə tapmamış, lakin birazda səbirli olmasını və 5-6 aya ev tikib ona təhvil verəcəyinə söz vermişdir. Bundan sonra dəfələrlə o, pulu ödəməyə gedərkən orada heç bir iş görülmədiyinin şahidi olmuş, bunun səbəbini soruşduqda cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Nəticədə onun evi olmadığı üçün kirayədə qalmağa məcbur olmuşdur. Artıq 2019-cu ildən bu günədək o, 250 manata kirayədə qaldığı üçün qərara gəlmiş ki, aralarında bağlanmış "Podrat" müqaviləsi ləğv olunmalı və verdiyi pullar geri qaytarılmalıdır. Belə ki, iddianın təmin olunaraq 04.03.2019cu il tarixindən bu günədək kirayə haqqı kimi ödədiyi pullar, yəni 8500 manat məbləğində olan pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə aralarında 04.03.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndində göstərildiyi kimi podratçı Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,04,5.ha torpaq sahəsində ümumi sahəsi müqaviləyə əlavə olunan lahiyəyə əsasən fərdi yaşayış evinin təmirli tikintisini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci bəndində göstərilir ki, tikintinin təhvil vermə müddəti 5 ay təyin olunmuşdur. İddiaçı 04.03.2019-cu il tarixli müqavilə üzrə podratçı Cavabdeh Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,04,5.ha torpaq sahəsində 1 mərtəbədən ibarət 5 otaqlı ev tikib təmir edərək tamamlayıcı işlərini görmək tapşırığı müqabilində 10.04.2019-cu il tarixdə 3000 manat nağd və hər ay 600 manat ödəyərək, cəmi 17800 manat məbləğində ödəniş etsə də, podratçı tikinti və təmir işlərini tamamlamamışdır. Həmin ödənişlər 04.03.2019-cu il tarixli ödəniş cədvəlində podratçı Cavabdeh imzası ilə təsdiqlənmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,04,5.ha torpaq sahəsində 1 mərtəbədən ibarət 5 otaqlı evi tikib təmir edərək tamalayıcı işlərini 5 ay müddətinə bitirməli idi. Lakin cavabdeh öz öhdəliyini yerinə yetirməməklə iddiaçının maddi ziyana düşəcəyinə gətirib çıxarmış, iddiaçının mənzilinin təmiri hələ də yarımçıq qalmasıdır. Cavabdeh öz öhdəliyini vaxtında yerinə yetirsə idi, iddiaçı 2019-cu il tarixdən öz mənzilinə köçüb yaşayardı. İddiaçının başqa mənzili olmadığından kirayə mənzil tutmaq məcburiyyətində qalmışdır. İddiaçının mənzili hazır olmadığından o, kirayə götürmüş və bu günədək hər ay 8,500 manat məbləğində kirayə haqqı ödəyir. Bu iddiaçının maddi vəziyyətinə ciddi şəkildə ziyan vurur. İddiaçı cavabdehin təqsiri ucbatından 8,500 manat məbləğində kirayə haqqı ödəmişdir. Tərəflər arasındakı 04.03.2019-cu il tarixli podrat müqaviləsinin 2.2.3-ci bəndinə görə podratçı sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etməlidir. Lakin cavabdehlər Cavabdeh sifarişçinin tapşırıqları tamamlamamış və iddiaçını aldatmışdır. Ona görə də hesab edir ki, podrat müqaviləsinin ləğv edilməsi, görülməyən təmir-tamamlayıcı işlərə görə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 27,800 manat pulun və 04.03.2019-cu il tarixindən bu günə kimi ödədiyi 8,500 manat kirayə haqqının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalı xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sifarişçi İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanmış 04.03.2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, podratçı Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,04,5.ha torpaq sahəsində fərdi yaşayış evinin təmirli tikintisinə görə evin təmir tamamlayıcı işlərini görməyi 5 ay müddətində öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sifarişçi icraçıya 04.09.2019-cu il tarixdə 10000 manat məbləğində ilkin ödəniş etmiş, qalan ödəmələr sifarişçi tərəfindən 04.03.2019-cu il tarixdən başlayaraq 48 ay müddətində hər ay 600 manat olmaqla podratçıya ödənilməlidir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 10000 manat, 10.04.2019-cu il tarixdə 3000 manat, 10.04.2019-cu il tarixdə 600 manat, 10.05.2019-cu il tarixdə 600 manat, 10.06.2019-cu il tarixdə 3600 manat, 10.07.2019-cu il tarixdə 600 manat, 10.08.2019-cu il tarixdə 600 manat, 10.09.2019-cu il tarixdə 600 manat, 10.10.2019-cu il tarixdə 600 manat, 10.11.2019-cu il tarixdə 600 manat, 10.12.2019-cu il tarixdə 600 manat, 10.01.2020-ci il tarixdə 600 manat, 10.02.2020-ci il tarixdə 600 manat, 10.03.2020-ci il tarixdə 600 manat, 10.04.2020-ci il tarixdə 600 manat, 10.05.2020-ci il tarixdə 600 manat, 10.06.2020-ci il tarixdə 600 manat, 10.07.2020-ci il tarixdə 600 manat, 10.08.2020-ci il tarixdə 600 manat, 10.09.2020-ci il tarixdə 1000 manat, 10.10.2020-ci il tarixdə 600 manat olmaqla, cəmi 27800 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış bildiriş məktubdan görünür ki, İddiaçı Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi bağlanılmış və müqavilə üzrə öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən podratçı Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,04,5.ha torpaq sahəsində fərdi yaşayış evinin təmirli tikintisinə görə evin təmir tamamlayıcı işlərini görməyi 5 ay müddətində öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sifarişçi icraçıya 04.09.2019-cu il tarixdə 10000 manat məbləğində ilkin ödəniş etmiş, qalan ödəmələr sifarişçi tərəfindən 04.03.2019-cu il tarixdən başlayaraq 48 ay müddətində hər ay 600 manat olmaqla podratçıya ödənilməlidir. Ümumilikdə iddiaçı tərəfindən cavabdehə cəmi 27800 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi ilə bağlı hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsində evin sifarişçinin sifariş etdiyi layihəyə uyğun tikiləcəyi göstərilsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, belə bir layihə hazırlanmamış, sifarişçiyə təqdim edilməmiş, ümumiyyətlə podratçı və sifarişçi arasında evin layihəsi ilə bağlı hər hansı razılığa gəlinməmişdir. Eləcə də məhkəmə iclasında məhkəməyə hər hansı layihə təqdim edilməmişdir. Belə olan halda podratçı müqavilə üzrə öhdəliklərini pozmuş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, podrat müqaviləsi üzrə tikiləcək evin layihəsi, evin məhz hansı koordinatlarda, hansı ölçülərdə tikiləcəyi sifarişçi ilə razılaşdırılmayıbsa gələcəkdə sifarişçinin tikiləcək evin yerləşəcəyi ərazinin konkret ünvanının koordinatları ilə bağlı istənilən etirazına görə məsuliyyəti bu cür layihəni hazırlayaraq sifarişçi ilə razılaşdırmağa borclu olan podratçı daşımalıdır. Göründüyü kimi Cavabdeh İddiaçı ilə aralarında bağlanılmış podrat müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda iddiaçı həmin müqavilənin ləğvini tələb etməkdə haqlı olmuşdur. Bundan başqa Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən müəyyən olunur ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və heç bir tikinti işləri aparılmamışdır. Bu səbəbdən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan cavabdeh olduğundan iddiaçı bu müqaviləyə əsasən ödəmiş olduğu bütün pulu cavabdehdən tələb etməyə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən tərəflər arasında bağlanmış podrat müqaviləsi ləğv olunmalı və həmin müqavilə üzrə ödənilmiş cəmi 27800 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı kirayədə yaşadığından həmin müddət üzrə ödənilmiş kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, bununla bağlı olaraq sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.03.2019-cu il tarixli podrat müqaviləsi ləğv edilsin. Cavabdeh podrat müqaviləsi üzrə ödənilmiş 27800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar