Məhkəmə qərarları › İş №2(010)-1486/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1486/2022

15.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1486/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və cavabdehin üzərinə qadağanın qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və cavabdehin üzərinə qadağanın qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, onun faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh yaşadığı evin yerləşdiyi həyət arasında hasarın tikilməsi və tikiləcək hasardan evinə yeni girişin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi evdən və həyətyanı sahədən sərbəst sürətdə istifadə qaydasının müəyyən edilməsi, yaşadığı evdən və həyətyanı sahədən istifadə etməyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ümumi istifadədə olan həyətyanı sahədə qeyri qanuni və evdə yaşayanların razılığı olmadan saxlanılan heyvanların və quşların saxlanılmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi ev xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməsə də, lakin evin ilkin sahibi həyat yoldaşının mərhum anası X1 iki ailə arasında bölgü keçirmiş , hətta bu barədə Vəsiyyətnamə yazaraq evin bir hissəsində onun ailəsinin, digər hissəsində isə X4 ailəsi arasında bölüşdürülmüşdür. Həyat yoldaşının vəfatından sonra cavabdeh yaşadığı evdə özbaşnalıq etmiş, onun və övladının sərbəst sürətdə evdə yaşamaqlarına süni maneələr yaradır. Qeyd edir ki, mübahisəli ev iki hissədən ibarətdir və evin hər iki hissəsinin giriş çıxışı ayrı olsa da, lakin həyətyanı sahəsinin bir darvazası vardır və cavabdeh müxtəlif bəhanələr gətirərək həyətə giriş darvazasının qapısını bağlayaraq, onun və övladının evə girişinə maneə yaradır. Halbuki, evin 0,10 ha. Torpaq sahəsindən ibarət olan həyətyanı hissəsi mərhum qayınanası tərəfindən onların arasında bölüşdürülməsi göstərilsə də, lakin cavabdeh həyətyanı sahənin bölüşdürlməsinə və ona düşən hissədə qapı açılaraq sərbəst istifadə etməsinə maneələr yaradır. Ona görə də hesab edir ki, birgə yaşadıqları evdən və həyətyanı sahədən sərbəst sürətdə istifadə edə bilməyi üçün “həyatyanı torpaq sahəsindən istifadə qaydası müəyyən edilməli və yaşadığı evdən və həyətyanı sahədən istifadə etmələrinə yaradılan maneələrin ardan qaldırılması və ümumi istifadədə olan həyətyanı sahədə qeyri qanuni və evdə yaşayanların razılığı olmadan saxlanılan heyvanların və quşların saxlanılmasına qadağa qoyulmalıdır”. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək cavabdehin həyətin giriş-çıxış qapısını istədiyi vaxt bağlamaqla onları həyətə buraxmadığını, evin zirzəmisinə ancaq öz əşyalarını yığdığını, onlara zirzəmidən istifadə etmələrini mümkünsüz etdiyini, eləcə də həyətdə saxladığı itlərə görə onun və ailə üzvlərinin sərbəst şəkildə həyətə çıxa bilmədiklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq, işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işin hallarını və sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -06 noyabr 1998-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 tərəfindən bütün əmlakı, o cümlədən Bakı şəhəri, Hövsan qəsəbəsi, Baxça küçəsindəki 25 saylı evin birinci mərtəbəsi oğlu – Cavabdeh, ikinci mərtəbəsi isə oğlu X7 vəsiyyət edilmişdir. - AZ-İ 794595 saylı “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh uzun müddətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və həyətyani sahədə yaşayırlar. Cavabdeh iddiaçının mərhum həyat yoldaşının qardaşıdır. Tərəflərin izahatlarından müəyyən edilmişdir ki, onların münasibətləri mübahisəlidir. Mübahisəli evin və həyətyani sahənin hüquqmüəyyənedici sənədi yoxdur. Bununla belə, mübahisəli əmlakla bağlı 1998-ci ildə X2 tərəfindən notarial vəsiyətnamə tərtib edilmiş və evin alt qatının Cavabdeh, üst qatının isə iddiaçının mərhum həyat yoldaşı X7 vəsiyyət edildiyi bildirilmişdir. Qeyd edilən vəsiyyətnamənin mövcudluğunu hər iki tərəf qəbul edir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlakın hüquqmüəyyənedici sənədləri olmadığına görə qeyd edilən vəsiyyətnamənin məhkəmə üçün hüquqi əsası yoxdur. Bununla belə, həmin vəsiyyətnamənin mövcudluğu və tərəflərin izahatları belə nəticəyə gəlməyə əsas verir ki, mübahisəli evlə bağlı tərəflər arasında ixtilaf mövcuddur. Cavabdeh tərəf əmlakı bütünlükdə özününki hesab edir, iddiaçı isə hesab edir ki, əmlakın yarısı onun mərhum ərinə məxsus olduğuna görə onların da hazırda həmin əmlakda yaşamaq hüquqları vardır. İddia tələbinə hüquqi qiymət verərkən məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmamağı araşdırılmalıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə bildirir ki, mübahisəli əmlak cavabdehin olduğu kimi, iddiaçının da yaşayış yeridir. Deməli, iddiaçının hazırkı tələbi irəli sürməkdə subyektiv hüququ mövcuddur. İddia tələbinin fərdi evdən və həyətyanı sahədən sərbəst sürətdə istifadə qaydasının müəyyən edilməsi, yaşadığı evdən və həyətyanı sahədən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının izahatlarından, cavabdeh tərəfin də əvvəlki məhkəmə iclasında bildirdiklərindən müəyyən edilir ki, tərəflər arasında mübahisə həyətə əsas giriş-çıxış qapısının cavabdeh tərəfindən iddiaçı ilə razılaşdırlmadan bağlanması, eyni zamanda evin zirzəmisindən cavabdehin birtərəfli qaydada istifadə etməsidir. İddiaçının da yuxarıda qeyd edilən tələbi irəli sürməklə məhkəmədən istədiyi bu maneələrin aradan qaldırılmasıdır. İşin araşdırılması zamandı müəyyən edilmişdir ki, qeyd edilən maneələr həqiqətən mövcuddur. Belə ki, cavabdeh iddiaya etiraz edərək, öz hərəkətlərini isə qanuni hesab edərək bildirmişdir ki, iddiaçıya başqa yerdə torpaq verilib, gedib orada da yaşasın. Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsindəki 25 saylı evin və həyətyanı sahənin əsas giriş-çıxış qapısından və evin ümumi istifadəsi üçün nəzərdə tutulmuş zirzəminin iddiaçı tərəfindən istifadə olunmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması şəklində əsaslıdır. Çünki, həm əsas giriş-çıxış qapısı, həm də evin zirzəmisi ümumi istifadə üçün nəzərdə tutulmuşdur və bunlardan istifadəyə maneə yaradılması digər şəxsin əmlakdan istifadəsini yetəri dərəcədə məhdudlaşdırır. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsi digər prinsiplərlə yanaşı mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərini də müəyyən etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehə ümumi istifadədə olan həyətyanı sahədə qeyri qanuni və evdə yaşayanların razılığı olmadan saxlanılan heyvanların və quşların saxlanılmasının qadağa qoyulması hissəsində qismən əsaslıdır. Belə ki, Konstitusiyanın 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. AR Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, Konstitusiya və ona əsaslanan mülki qanunvericilik hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Hər hansı hüquqa qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu hüquqi yanaşmanı hazırkı mübahisəyə tətbiq edərək məhkəmə hesab edir ki, cavabdehin özünə məxsus ərazidə itləri açıq şəkildə saxlaması həmin ərazidə yaşayan digər şəxslərin (iddiaçının və ailə üzvlərinin) təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır. Çünki, itlərin iddiaçıya və ya onun ailə üzvlərinə hücum edib, xəsarət yetirməsi təhlükəsi mövcuddur. Həm də, belə bir halın baş vermə ehtimalı özü özlüyündə digər şəxsləri daim gərgin vəziyyyətdə saxlayır ki, bu da qəbuledilməzdir. Digər tərəfdən, cavabdeh hüququndan sui istifadə etmiş, bu hüquqla bağlı vəzifələrini həyata keçirməmişdir. Belə ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli qərarının 1.2-ci maddəsinə əsasən ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Bu hüquqi yanaşmanı hazırkı mübahisəyə tətbiq edərək məhkəmə hesab edir ki, cavabdehin ev itlərini açıq şəkildə saxlaması həmin evdə yaşayan digər şəxslərin (iddiaçının və onun övladının) təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır. Məhkəmə cavabdehə heyvan saxlamağın qadağan edilməsi hissəsini əsassız hesab edir. Çünki, qanunvericilik hər kəsə ev heyvanı saxlamaq hüququnu müəyyən etmişdir və bu hüququn məhdudlaşdırılması yalnız digər şəxslərin daha üstün hüquqlarının qorunması çərçivəsində mümkündür. Bu çərçivəni aşan qadağanın qoyulması isə vətəndaşın hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə yaşadıqları ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyani sahəyə əsas giriş-çıxış qapısından istifadə edilməsində, yaşayış evinin ümumi istifadə üçün nəzərdə tutulmuş zirzəmisindən istifadə edilməsində cavabdeh X3 İddiaçı yaratdığı maneələr aradan qaldırılsın. Həmin ünvanda Cavabdeh ev itlərinin açıq şəkildə saxlanılması qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar