Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1487/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən olunması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən olunması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 18, 26 saylı mənzilinə istifadə hüququnun tanınması, mənzildən istifadə qaydalarının müəyyən olunması, həmin mənzilə onu və azyaşlı oğlu - 2014-cü il təvəllüdlü X1 ilə birlikdə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, digər Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı xx.xx.1984-cü ildə ünvan 1 ünvanında anadan olmuş və 2013-cıi ilə kimi həmin ünvanda yaşamışdır. 2013-cü ildə ailə qurduqdan sonra kirayədə yaşamışdır. Əri ilə münasibətləri pozulduğundan evin kirayə haqqını ödəməkdə çətinlik çəkir. Başqa yaşayış evi olmadığına görə anadan olduğu və qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 18 saylı evinin 26 saylı mənzilinin bir otağına köçmək və orada yaşamaq qərarına gəlmişdir. Lakin qardaşı Cavabdeh1 ailəsi ilə onun arasında müəyyən narazılıqlar var. Mübahisəli mənzilin icarədarı atası Cavabdeh2 olduğundan və artıq bu məsələ ilə bağlı onun da müəyyən narazılığı vardır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı mübahisə edilən mənzilə qardaşı ilə bərabər hüquqlara malikdir. Belə ki, onlar ailə üzvü kimi mübahisəli mənzildə yaşamışlar və ikisi də 1984-cü ildən həmin ünvanda qeydiyyatdadır. Həmçinin, iddiaçının başqa yaşayış yeri yoxdur və iddiaçının oğlu X1 2014-cü ildə anadan olmuş və həmin vaxtdan mübahisə edilən ünvanda qeydiyyatdadır. Ev İcra Hakimiyyətinə məxsusdur və icarə əsasında Cavabdeh2 verilmişdir. Evi özəlləşdirməyə imkanları olmadığından hələ də çıxarış alınmamışdır. Qeyd etmək lazımdır ki, cavabdehlər Əfsanənin orada yaşamasına etiraz etmirlər və əvvəlki məhkəmə prosesində bu faktı qardaşı təsdiq etmişdir. Buna görə də qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək yazılı ərizə təqdim etmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASAN 2 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı ünvan 1 ünvanında qediyyatdadır. ASAN 2 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı 11375353 №-li şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X1 ünvan 1 ünvanında qediyyatdadır. 104 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 192 №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Ev İcra Hakimiyyətinə məxsusdur. Mənzilin icarədarı Cavabdeh2dur. İddiaçı (1984-cü ildən), Cavabdeh2 (1984-cü ildən), Cavabdeh1 (1984-cü ildən), X2 (2007-ci ildən), X3 (2010-cu ildən) və X1 (2014-cü ildən) həmin mənzildə qeydiyyatda olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarı ilə qərar alınıb ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göstərilənlərdən göründüyü kimi Mülki Məcəllənin 228-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Bu isə vətəndaşlar üçün Konstitusiyada təsbit olunmuş mülkiyyət və mənzil hüquqlarına riayət olunmasına və onların müdafiəsinə zəmin yaradır. Mülki Məcəllənin bu normasından göründüyü kimi, həmin normadakı mənzil anlayışı xüsusi mülkiyyətdə olan mənzili nəzərdə tutur. Dövlət mənzil fonduna aid münasibətlər Mülki Məcəllənin 228.2-ci maddəsi ilə tənzimlənmir və bu münasibətlərə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İş materiallarından göründüyü kimi, mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və onun kirayədarı iddiaçının atasıdır. Dövlət mənzil fondunun idarəedicisinin isə, iddiaçının mübahisəli mənzilə köçməsinə və orada yaşamasına etiraz etməsi ilə bağlı hər hansı sübut təqdim edilməyib. İddiaçının uşaqlıqdan həmin mənzildə yaşaması iş materailları ilə və Cavabdeh1 izahatı ilə təsdiq edilir. Qeyd edilənlər iddiaçının həmin mənzildən istifadə hüququ yaranmış olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı uzun müddət mübahisəli mənzildən istifadə etməsə də, bu faktın sonuncunun həmin mənzildən istifadə hüququnun itirilməsi üçün əsas olmasına istinad edərək, iddiaçının həmin mənzildən istifadə hüququnun itirilmiş hesab olunması üçün cavabdehlər tərəfindən qarşılıqlı və ya ayrıca iddia ilə məhkəməyə müraciət olunmamışdır. Məhkəmə cavabdehlərdən birinin iddianı etiraf etməsini iddianın təmin edilməsi üçün əsas hesab etmir. Həmin ərizədə qeyd edilənlər iddiaçının iddiasının əsasını təşkil edən halların qismən etiraf edilməsi kimi qiymətləndirilsə də, üçüncü şəxslərin, o cümlədən digər cavabdehin maraqlarına toxunduğundan, məhkəmə bu cür etirafı qəbul etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3.-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı işdə iki cavabdeh olduğundan, onlardan birinin iddianı etiraf etməsi avtomatik olaraq iddianın bütövlükdə təmin edilməsi üçün əsas ola bilməz. Xüsusilə hazırkı işdə, digər cavabdeh mübahisəli mənzilin icarədarıdır və iddiaçının istifadə hüququnun tanınmasına əsas etiraz edə biləcək şəxs odur. Mübahisəli mənzildən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı iddia tələbinə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı mənzilin məhz hansı hissəsinin onun davamlı istifadəsində olması habelə, mənzilin otaqlarından istifadə ilə bağlı tərəflər arasında hər hansı mübahisənin olması ilə bağlı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 18, 26 saylı mənzilinə istifadə hüququ tanınsın və o, azyaşlı oğlu – xx.xx.2014-cü il təvəllüdlü X1 ilə birlikdə həmin məznilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1487/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1487/2021
19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver