Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1495/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları.
1. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə fərdi yaşayış evi almaq üçün makler vasitəsilə Cavabdeh1 ilə tanış olmuşdur. Cavabdeh tərəfindən bildirilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində, faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan, 3 otaqlı fərdi yaşayış evini satır. Cavabdeh1 ilə fərdi yaşayış evinə baxış keçirilmiş və mətbəx mebeli də daxil olmaqla fərdi yaşayış evinin 24300 manata alqı-satqısına razılıq əldə edilmişdir. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmadığından alqı-satqı prosesi vasitəçi Hüseyn Malikovun işlədiyi ofisdə həyata keçirilmiş, alqı-satqı prosesi, razılıq və pulun verilməsi videoya yazılmışdır. İddiaçı tərəfindən Cavabdeh1 24300 manat pul tam şəkildə verilmiş, alqı-satqı xx.xx.2022-ci il tarixli “evlərin alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirilmişdir. Eyni zamnda Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli, **********997 saylı ərizə ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Abşeron rayon X1” ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı satmış, həmin torpaq sahəsinə və tikiliyə dair heç bir addım və tələbi olmayacaq. Eyni zamanda ərizə ilə hər hansı bir mübahisə yaranarsa şəxsən özünün cavabdehlik daşıyacağını etiraf etmişdir. Cavabdeh iddiaçıdan 1 ay möhlət istəmiş və onun tərəfindən Elşənə vaxt verilmişdir. Qeyd edilən müddət bitdikdən sonra evə köçmüşdür. Lakin evə köçdükdən bir neçə gün sonra mənzildə olmadıqlarından istifadə edən Cavabdeh1 həyat yoldaşı hasardan həyətə keçərək evə daxil olmuş və evdən çıxmamışdır. Nəticəsidir ki, bu gün o, min bir əziyyətlə, manat-manat topladığı və əlində olmuş yeganə pul vəsaitini verib aldığı evə girib orada yaşaya bilmir. Baxmayaraq ki, ona məxsus olan bütün əşyalar həmin evdədir. İndi isə getməyə başqa yeri yoxdur. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də, cavabdehin bu cür qanunsuz hərəkətlərinə son qoyulmalı və o, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan, 3 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. O, yeganə yaşayış yerindən məhrum edilmişdir və məhrumedilmə qanunsuzdur. Ona məxsus olan bütün əşyalar da mübahisəli mənzildədir.
İddiaçının tələbi.
2. İddiaçının Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 ha torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında göstərdi ki, o, evi alanda orada Elşən və qardaşı ilə birlikdə beş nəfər olmuşdur. Evi aldıqdan sonra qaz, işıq xidmətləri onun adına qeydiyyatı aparılmış və o, həmin evdə təxmini 1-2 ay müddət aralığında yaşamışdır. Sonradan Aynurə və atası onun evdə olmadığı vaxt pəncərəni çıxararaq evə daxil olub yaşamağa başlamış və onu evə buraxmamışlar. Əşyaları hal-hazırda həmin evdə qalıb və yaşamaq üçün başqa evi yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, mübahisəli ev onundur, belə ki, o, həmin evi 2016-cı il tarixdə almışdır. Evdəki əşyalar da onundur, özü almışdır. 12 iyun 2022-ci il tarixdə evi İddiaçı 24300 manat qiymətə satmışdır. Ev satılan zaman o, arvadı Cavabdeh2 da məlumat vermişdir. Hətta o, iddiaçıya evə köçməyə, əşyaları daşımağa kömək etmişdir. O, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək izahatında göstərdi ki, mübahisəli ev atasınındır, belə ki, həmin evi atası 2017-ci il tarixdə yarıtikili vəziyyətdə Sofiya adlı şəxsdən almış və sonradan tikintini davam etdirmişdir. 2018-ci il tarixdən 2022-ci il iyun ayına kimi o, ailəsi ilə (Aynur, əri Elşən və uşaqları) birlikdə atasının icazəsi ilə həmin evə köçüb yaşamağa başlamışdır. Ailə münasibətlərində heç bir problem olmamışdır. 2022-ci ilin iyun ayında uşaqları ilə birlikdə tətil üçün rayona getmiş və sentyabr ayında qayıdanda evin başqasına satıldığını öyrənmişdir. Belə ki, o, darvazanın həyət tərəfdən bağlı olduğu görmüş, hasardan aşaraq içəri girəndə evdə kirayəçilərin yaşadığını görmüşdür və onlara evin atasının olduğunu izah etdikdən sonra onlar əşyalarını götürüb evdən çıxmışlar. Sonradan iddiaçı həmin evə gələrək evi Elşəndən aldığını demiş və bu barədə sənədləri də göstərmişdir. Lakin o, evdən çıxmaqdan imtina etmişdir. Ev satılan zaman ona heç bir məlumat verilməmişdir. Evdəki əşyalar da onundur və Elşən hətta əşyaları da satmışdır. O, həmin evin satılmasına bir dəfə razı olmuş və Elşənə etibarnamə vermiş, evə makler də gəlmişdir. Lakin sonradan fikrindən dönmüş və evin satılmasına razı olmadığını Elşənə bildirmişdir. Hal-hazırda həmin evdə o özü və qardaşı yaşayır. O, göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi.
4. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
9. xx.xx.2022-ci il tarixli Cavabdeh1 tərəfindən səlahiyyətli orqanlara ünvanlanan, notarial qaydada təsdiq edilən ərizədən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Abşeron rayon X1” ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı satmışdır. Həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddiası və tələbi olmayacaq.
10. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “evlərin alqısatqı müqaviləsi”ndən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini 24300 manat məbləğə İddiaçı satmışdır.
11. "xxxx" ASC-nin bildirişindən müəyyən olunur ki, ünvan 4 ünvanı üzrə İddiaçı işıqdan istifadəyə görə 10,72 manat məbləğində ödəniş etmişdir.
12. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktundan görünür ki, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 6093 saylı fərdi yaşayış evi Suraxanı rayonunun inzibati ərazisinə aiddir.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.
Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi.
19. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır.
20. Belə ki, tərəflərin izahatlarından və məhkəmə baxışı zamanı müəyyən edilən işin digər hallarından aydın olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 ha torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin, həmçinin nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən yaşayış evinə köçürülməsini tələb etmək hüququna malik deyildir. Belə ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının mübahisəli evə hər hansı bir hüququ əmələ gəlməmişdir. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evinə köçürülmə tələbi barədə iddia tələbi təmin edilməməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.