Məhkəmə qərarları › İş №2(010)-1499/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1499/2021

18.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1499/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas kаtibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk, qarşılıqlı iddiaçılar Cavabdeh1 və X2 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və X2 mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil iki otaqdan ibarət olmaqla, ümumi sahəsi 25.84 m2-dən ibarətdir. Cavabdeh1 onun qardaşı ilə ailə həyatı qurduqdan sonra birgə yaşamağa evləri olmamışdır. Buna görə də ona məxsus həmin mənzildə müvəqqəti olaraq yaşamalarına anasının istəyi ilə razılıq verilmişdir. Dayısı xəstə olduğu üçün cavabdeh onlara möhlət verilməsini istəmişdir. Bu səbəbdən də onlara möhlət verilmişdir. Dayısı 1999-cu ildə vəfat etmişdir. Cavabdehlər hal-hazıradək ona məxsus mənzildən çıxmamışdır. Onların qanunsuz hərəkətləri nəticəsində mənzil üzərində olan hüquqları pozulur. Cavabdehlər ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar və həmin fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. Sözügedən mənzil cavabdehlər tərəfindən kirayəyə verilmişdir. Anası hələ sağ olarkən dəfələrlə cavabdehlərlə danışmış və izah etmişdir ki, mənzildən çıxmalıdırlar. (Anası 2019-cu ildə vəfat etmişdir). Bundan başqa, o, cavabdehlərdən mülkiyyət hüququ əsasında ona məxsus olan həmin mənzildən çıxmalarını dəfələrlə tələb etsə də nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən, hesab edir ki, cavabdehlər mülkiyyət hüququ əsasında ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin, 121 saylı mənzilindən çıxarılmalı və həmin mənzil cavabdehlərin hesabına boşaldılmalıdır. Daha sonra, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X6 ilk iddia üzrə İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155 və 156-cı maddələrinə əsasən, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia ərizəsi məhkəmənin ilk baxış iclasından sonra verilmiş olsa da həmin məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər iştirak etməmiş, işə mahiyyəti üzrə baxılmağa başlanılmamışdır. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia ərizəsini vaxtında verilmiş kimi qəbul edərək ərizəni icraata qəbul etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 04.07.1984-cü ildən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilində yaşamış, X10 ilə rəsmi nikaha daxil olaraq Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilə gəlin köçmüşdür. Oraya cehiz əşyalarını və şəxsi əşyalarını yerləşdirmiş, bu günə qədər - otuz beş ildən çox həmin mənzildə yaşamış, həmin mənzildə yaşayan zaman onun X10 ilə nikahından üç övladı – X6, X8 və X7 doğulmuşdur. Qızları qeyd edilən ərazidə - Əmircan qəsəbəsi, 4 saylı evin yaxınlığında yerləşən 114 nömrəli orta məktəbə gedərək həmin məktəbi bitirmişlər. O, (Cavabdeh1) həmin mənzilə gəlin köçən vaxtdan, qızı X6 isə doğulduğu 1986-cı ildən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzili dövlət mülkiyyətində olmuş, sonradan mənzil Cavabdeh1 qayınanası və X2 nənəsi olmuş X4 adına 1995-ci ildə özəlləşdirilmişdir. Bütün bu illər ərzində onlar Cavabdeh1 və X6 qeyd edilən mənzildə yaşamış, mənzilin ilk fiziki şəxs olan mülkiyyətçisi X9 ilə birgə təsərrüfat aparmışlar. Həmin mənzildən başqa yaşayış yerləri yoxdur. Qeydiyyatda olduqları mənzil isə onların yaşayış yerləri deyil və hazırda yaşayışa yararlı da deyil. Cavabdeh1 1984-cü ildə gəlin köçən zaman, X6 1986-cı ildə doğulan zaman mənzilin kirayəçiləri tərəfindən mübahisəli mənzilə istifadə hüquqlarının tanınması üçün tədbirlərin görülməməsi nəticəsində onların qanunla qorunan hüquqlarına və mənafelərinə xələl gətirilmişdir. İlk olaraq, Cavabdeh1 həmin mənzilə 1984-cü ildə rəsmi nikaha daxil olmaqla gəlin köçdüyünə və X6 da həmin mənzildə körpə vaxtından (1986-cı ildən) bu günə qədər yaşadığına görə mülki mübahisə 2009-cu ilin oktyabr ayına qədər qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddələri qaydasında həll olunmalıdır. Cavabdehlərin mübahisəli mənzildə yaşamağa başladıqları dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsində yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri ehtiva olunurdu ki, həmin maddənin tələblərinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilk iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəməyə qarşılıqlı iddiaya etirazla bağlı ərizə təqdim edərək bildirmişdir ki, ilk növbədə, qarşılıqlı iddia vaxtında verilmədiyi üçün icraata qəbul edilməməlidir. Eyni zamanda, qarşılıqlı iddia əsassızdır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin, 12 saylı mənzili mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və həmin mənzilin ümumi sahəsi 25.84 m2 təşkil edir. Həmin mənzildə Cavabdeh1 və digər cavabdehin müvəqqəti olaraq yaşamalarına razılıq verilmişdir. İddiaçının mülkiyyətçi olaraq həmin mənzildən ailə üzvləri ilə birlikdə istifadə etməsi, həmin mənzildə rahat şəkildə yaşaması mümkün olduğu halda, ümumi sahəsi 25.84 m2 olan həmin mənzildə cavabdehlərlə yaşaması qeyri-mümkündür. İddiaçı cavabdehlərin mülkiyyət hüququ əsasında ona məxsus olan həmin mənzildə müvəqqəti olaraq yaşamalarına qohumluq münasibətlərini nəzərə alaraq köməklik məqsədilə razılıq vermişdir. Cavabdehlərin bu vaxtadək həmin mənzildən istifadə hüququnun tanınmasına dair iddia qaldırmaması da bir daha sübut edir ki, onlar həmin mənzildə müvəqqəti olaraq yaşamalı idilər. Bundan başqa, cavabdehlər məhkəmə iclasında çıxış edərkən bir daha məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evi vərəsəlik hüququ əsasında Cavabdeh1 məxsusdur və cavabdehlər hazırda həmin mənzildə qeydiyyatdadır. Lakin mənzildə ümumi formada təmir işi aparılmalıdır. İddiaçı cavabdehlərlə qohumluq münasibətlərini nəzərə alaraq, mülkiyyət hüququ əsasında ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilindən çıxacaqları, eyni zamanda vərəsəlik hüququ əsasında cavabdehlərə məxsus olan ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində təmir işləri aparılması üçün onlara ümumilikdə 4000 manat məbləğində maddi yardım edə bilər. Hər bir halda hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etdi ki, mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olan qayınanası yeddi ildən çox yataq xəstəsi olmuş, ona qayınanasının öz qızı olan ilk iddiaçı yox, gəlini kimi özü baxmışdır. Qayınanası sonradan qızına bağışladığı evi qızından alıb ona bağışlamaq istəsə də buna imkanı olmamış, bağışlamanı ləğv edə bilməmişdir. Ölənə qədər qayınanasına həmin evdə özü baxmışdır. Onun və qızının bu evdən istifadə hüququ var. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 digər qarşılıqlı iddiaçı Cavabdeh1 izahatı ilə eyni məzmunda izahat verərək məhkəmədən ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 249758 nömrəli qeydiyyat vəsiqəsinin nortariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4 saylı evin 25.84 m2 yaşayış sahəsindən ibarət iki otaqlı 12 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 470 saylı reyestr kitabında 68136 səhifə, 30/20462 qeydə alma nömrəsi ilə 05.11.2005-ci il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İİİ-JQ 398094 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 və Cavabdeh1 arasında 04.07.1984-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04.07.1984-cü il tarixdə 323 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı RİHB-nin Əmircan qəsəbə nümayəndəliyi tərəfindən 27.09.1999-cu il tarixdə verilmiş AZ 032883 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 22.09.1999-cu ildə, 39 yaşında ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.09.1999-cu il tarixdə 139 nömrə ilə qeyd edilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 139 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19.04.2021-ci il tarixli, 09 nömrəli məlumat məktubundan görünür ki, Cavabdeh1 hal-hazırda ünvan 2 ünvanında yaşayır. MKİS-də olan məlumata görə Cavabdeh1 təxminən 1982-ci ildən həmin ünvanda yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq müəyyən etdi ki, Rəhimova X1 Səlimə Şamil qızının qardaşı X10 ilə 04.07.1984-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.1986-cı ildə iş üzrə digər tərəf X6 doğulmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1984-cü ildə ilk iddiaçının qardaşı olan X10 ilə rəsmi nikaha daxil olduqdan sonra ünvan 2 ünvanında yerləşən mənzilə köçmüş, burada əri X10, qayınanası X9 və daha sonra, nikahdan doğulmuş üç uşağı ilə birlikdə yaşamışdır. Həmin vaxt mənzil xüsusi mülkiyyətdə olmamışdır. Yalnız 1995-ci ildə mənzil X4 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh1 əri X10 22.09.1999-cu il tarixdə vəfat etmişdir. Bundan sonra da qarşılıqlı iddiaçılar əvvəlki qaydada mənzilin mülkiyyətiçisi olan qaynana (nənə) X9 ilə birlikdə mənzildə yaşamağa davam etmişlər. Lakin sonradan mənzil üzərində mülkiyyət hüququ X4 qızı olan İddiaçı keçmiş, mənzil 05.11.2005-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Lakin həmin tarixdən sonra da bu mənzildə mənzilin yeni mülkiyyətçisi olan İddiaçı yox, Cavabdeh1 və X6 yaşamağa davam etmişdir. Hazırda isə Cavabdeh1 və X2 həmin mənzildə yaşamasının mənzil üzərində mülkiyyət hüququnu pozduğunu hesab edən İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və X2 Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və X6 isə ilk iddia üzrə İddiaçı qarşı qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə, məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın təmin edilməsini tam istisna etdiyindən əvvəlcə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə ki, ilk iddia üzrə cavabdehlərin mübahisəli mənzildən çıxarılması üçün ilk növbədə bu şəxslərin həmin mənzildən istifadə hüquqlarının olub-olmaması məsələsi həll edilməlidir ki, qarşılıqlı iddia tələbinin əsasını da elə həmin istifadə hüququnun müəyyən edilməsi təşkil edir. Belə ki, qarşılıqlı iddia tələbindən görünür ki, qarşılıqlı iddiaçılar Cavabdeh1 və X6 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınmasını tələb edirlər. Məhkəmə hesab edir ki, qarşılıq iddia üzrə hər iki iddiaçının həmin mənzildən istifadə hüququ həqiqətən mövcuddur. Çünki, həmin mənzil ilk İddiaçı mülkiyyətinə keçməzdən əvvəl onun anası X4 xüsusi mülkiyyətində, ondan əvvəl, yəni Cavabdeh1 1984-cü ildə mənzilə köçürüldüyü vaxt isə dövlət mülkiyyətində olmuş, X9 həmin mənzilin icarədarı olmuşdur. İşin bu hallarını tərəflərin heç biri mübahisələndirməmişdir. Beləliklə, tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlər hələ 2000-ci ildən əvvəl yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. (“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı). Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olan Mənzil Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Bu Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yuxarıda qeyd edilən normalar hazırkı işə tətbiq edildikdə görünür ki, Cavabdeh1 1984-cü ildə mübahisəli mənzilə köçdüyü vaxtdan mənzilin icarədarı olan X9 ilə ümumi təsərrüfat aparmışdır. Mənzil 1995-ci ildə X4 xüsusi mülkiyyətinə keçdikdən sonra da onlar ümumi təsərrüfat aparmağa davam etmişlər. Eləcə də X6 1986-cı il tarixində doğulmuş və həmin vaxtdan mənzildən istifadə hüququ olan atası və anası ilə birlikdə mənzilin əvvəlcə icarədarı, sonra mülkiyyətçisi olan nənəsinin yanında qalmışdır. Göründüyü kimi, Cavabdeh1 və X2 tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olan Mənzil Məcəlləsinin mənasına görə mübahisəli mənzildən istifadə hüquqlarının olduğu aşkardır. Odur ki, bu istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddia tələbi tam əsaslıdır. İlk iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, artıq yuxarıda qeyd edilənlərə əsasən, ilk iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun müəyyən edilməsi onların mənzildən çıxarılmaları ilə bağlı ilk iddia tələbinin rədd edilməsini labüd etdiyindən ilk iddia tələbi təmin edilməməlidir. Lakin hər bir halda məhkəmə ilk iddia tələbində, eləcə də qarşılıqlı iddia tələbinə verilmiş etirazda ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X2 yaşamağa başqa evi olması, onların başqa evdə qeydiyyatda olması, buna baxmayaraq, mübahisəli mənzildə yaşamağa davam etmələri ilə bağlı qeyd edilənlərə münasibətdə bildirir ki, qarşılıqlı iddiaçılar həqiqətən başqa evdə yaşayış yeri üzrə qeydiyyatda olsalar da məhkəməyə həmin evin fotoşəkilləri təqdim edilmiş, fotoşəkillərdəki evin məhz qarşılıqlı iddiaçıların qeydiyyatda olduğu ev olması ilk iddiaçı tərəfindən mübahisələndirilməmiş və müəyyən edilmişdir ki, bu “ev” ümumiyyətlə yaşayış sahəsi hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsində göstərilir ki, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Hazırkı “ev” isə bu tələblərin heç birinə cavab vermir. Bu “ev” əslində yarımtikilidir və ümumiyyətlə, buradan kiminsə yaşayış sahəsi kimi istifadə etməsi qeyri-mümkündür. Bu səbəbdən məhkəmə ilk iddia ərizəsində bu “ev”in kirayəyə verilməsi ilə bağlı qeyd edilənləri inandırıcı hesab etmir. Elə ilk iddiaçı da sonradan məhkəməyə təqdim etdiyi qarşılıqlı iddiaya etirazında “evin ümumi formada təmir”ə ehtiyacı olduğunu qəbul etmiş, hətta bu təmir üçün qarşılıqlı iddiaçılara 4000 manat məbləğində pul da təklif etmişdir. Bununla bağlı xüsusi qeyd edilməlidir ki, ilk iddiaçı tərəfindən təklif edilmiş həmin məbləğ ilk iddia üzrə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün təklif edilən kompensasiya deyil. Belə ki, ilk iddiaçı cavabdehlərin mənzildən istifadə hüquqlarını tanımır və bu səbəbdən onların mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə yox, mənzildən çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etmişdir. O, bu məbləği cavabdehlərə kompensasiya kimi yox, qohum olmaqlarını nəzərə alıb öz “ev”lərini təmir etmələri üçün təklif etmişdir. Bu səbəbdən məhkəmə həmin məbləği istifadə hüququna xitam verilməsi üçün təklif edilmiş kompensasiya kimi qiymətləndirmir və kompensasiya məsələsinə münasibət bildirmir. İlk iddia üzrə cavabdehlərin nə səbəbə hazırkı vaxta qədər yaşayışa yararsız bu evdə qeydiyyatda qalmağa davam etməsinə gəldikdə isə qeyd edilməlidir ki, məhkəmə iclasında izahat verən ilk iddia üzrə Cavabdeh1 bununla bağlı əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, qızı ilə birlikdə otuz beş ildən çoxdur ki faktiki yaşadığı mənzilə qeydiyyata alınmaq istəsə də mənzilin mülkiyyətçisi olan İddiaçı buna imkan verməmişdir. Elə qarşılıqlı iddia ərizəsi ilə də bu məqsədlə - mənzilə qeydiyyata alına bilmək üçün məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X2 mübahisəli mənzildə deyil, başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olması ilk iddiaçının hesab etdiyi kimi qarşılıqlı iddiaçıların yaşayış üçün başqa evinin olmasının göstərici deyil, əksinə, ilk İddiaçı mülkiyyətində olan mənzildə otuz ildən çoxdur ki faktiki yaşayan və mənzildən istifadə hüquqları olan şəxslərin həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmalarına icazə verməməsinin göstəricisidir. Məhkəmə həm iddia ərizəsində, həm də qarşılıqlı iddia ərizəsinə etirazda təkidlə qarşılıqlı iddiaçılara mübahisəli mənzildə yaşamaq üçün müvəqqəti icazə verildiyini qeyd edən ilk iddiaçının diqqətinə çatdırır ki, mənzilin mülkiyyətçisinin (icarədarının) razılığı ilə hər hansı şəxs bir mənzildə otuz ildən çox yaşamış, mənzilin mülkiyyətçisi ilə birgə təsərrüfat aparmışdırsa, burada müvəqqəti icazədən söhbət gedə bilməz, bu qədər uzun müddət hansısa “müvəqqəti”liklə izah edilə bilməz. İlk iddiaçıya aydın olmalıdır ki, bu mənzil həmin şəxslərin daimi yaşayış yeridir və onların mənzildən istifadə hüquqları tanınmalıdır. Qarşılıqlı iddia ərizəsinin vaxtında verilmədiyinə görə icraata qəbul edilməsinin düzgün olmaması ilə bağlı qeyd edilənlərə isə artıq məhkəmə tərəfindən münasibət bildirilmiş, qarşılıqlı iddianın nə səbəbdən, hansı əsasla icraata qəbul edildiyi göstərilmişdir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddianın, eləcə də qarşılıqlı iddiaya edilmiş etirazın bütün dəlilləri əsassızdır. Odur ki, ilk iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddiaçılar Cavabdeh1 və X2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları tanınmalıdır. Son olaraq məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilmədiyindən ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk iddia təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və X2 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” qarşılıqlı iddia tələbinə dair iddia təmin edilsin. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və X2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları tanınsın. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçılar Cavabdeh1 və X3 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar