Məhkəmə qərarları › İş №2(010)-1501/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1501/2023

03.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1501/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyəti hüququ ilə ona məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin, 127 nömrəli mənzilindən çıxarılması və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin, 127 nömrəli mənzilin ona (İddiaçı) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin, 127 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsusdur. Həmin mübahisəli mənzil ona anasından miras qalmışdır. Bu barədə xx.xx.2019-cu il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Hal-hazırda o, ona məxsus olan mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, çünki həmin mənzildə 1992-ci il tarixində Laçın rayonundan məcburi köçkün olan cavabdehlər məskunlaşmışlar. Bu hal mənzil anasının mülkiyyətində olduğu zamandan baş vermişdir. Bu barədə dəfələrlə cavabdehlərə müraciət etsə də, cavabdehlər mənzili ona təhvil verməmişdir. O hal-hazırda kirayədə yaşayır və onun başqa yaşayış yeri yoxdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin, 127 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş 103 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Laçın rayonundan məcburi köçkündürlər və onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin, 127 nömrəli mənzilində məskunlaşmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu İcra tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 1.5 və 2.1 bəndlərinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahəsində müvəqqəti qaydada yerləşdirilənədək müraciətinizin həlli imkanları xaricindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin, 127 nömrəli mənzili xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Həmin mənzil Laçın rayonundan məcburi köçkün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunmuşdur. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdehlər mənzili tərk etməmişlər və hazırda da tərk etmək istəmirlər. Məhkəmə hesab edir ki, hər bir halda iddiaçının iddiası əsaslıdır və təmin edilməlidir. Belə ki, hazırkı halda məhkəmə hesab edir ki, iş üzrə məcburi köçkün olan cavabdehlərin mənzillə və digər yaşayış yeri ilə təmin etmək vəzifəsi iddiaçının yox, məhz müvafiq dövlət orqanının vəzifəsidir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı özündən asılı olmayan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən məhrum olunduğundan və məcburi köçkünlərin mübahisəli mənzilə dair hüquqları yaranmadığından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin, 127 nömrəli mənzilindən çıxarılmalı və həmin mənzil İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin, 127 nömrəli mənzilindən çıxarılsınlar və həmin mənzil İddiaçı təhvil verilsin. Qətnamənin surəti məlumat üçün Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar