Məhkəmə qərarları › İş №2(010)-1517/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1517/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1517/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra İddiaçı QSC BOKT) Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ümumilikdə 905.43 ABŞ dolları məbləğində dəymiş zərər və əldən çıxmış faydanın, həmçinin 35.39 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1678 saylı, 13 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Belə ki, "xxxx" ASC “Sənaye” fillialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 0958 nömrəli kredit müqaviləsinə əsasən, bank Cavabdeh 36 ay müddətinə 11.600 ABŞ dolları kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 19% illik faiz borcu hesablanmalı və hər ay cədvələ uyğun olaraq banka ödənilməli idi. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh və bank arasında xx.xx.2013-cü il tarixdə 0958 nömrəli ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan **-DA-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” markalı minik avtomobili (buraxılış ili 2008, Ban – KNAGE**********66, rəngi – gümüşü metal) ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımı qaydada ödəməmişdir. İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, 30 aprel 2013-cü il tarixli, 0958 saylı kredit müqaviləsi üzrə Cavabdeh 11.012 ABŞ dolları məbləğində əsas borc, 5568.45 ABŞ dolları faiz borcu (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və 181.70 və 50 manat məbləğində ödənilmiş dövlət rüsumlarının İddiaçı QSC-nin xeyrinə tutulması, cavabdehdən tutulmalı olan cəmi 16580.45 ABŞ dollarının "xxxx" ASC qarşısında ipoteka yüklü edilmiş Cavabdeh məxsus edilmiş “Kia Optima” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması və satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi qət edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün kredit müqaviləsinin bitmə xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixədək Cavabdeh dəymiş zərər və əldən çıxmış fayda 905.43 ABŞ dolları təşkil edir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. "xxxx" ASC-nin Sənaye fillialı (Borc verən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 0958 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Borc verən” nəqliyyat vasitəsinin alınması məqsədilə “Borcalan”a 11.600 ABŞ dolları məbləğində kredit verməyi, “Borcalan” isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri “Borc verən”ə qaytarmağı öhdəsinə götürür.

6. xx.xx.2013-cü il tarixli, 0958 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə ödənişlərin xx.xx.2013 – xx.xx.2016-cı il tarixləri arasında hər ay 425.21 ABŞ dolları məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-592/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 11.012 ABŞ dolları məbləğində əsas borc, 5568.45 ABŞ dolları məbləğində faiz borcu (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və 181.70 və 50 manat məbləğində ödənilmiş dövlət rüsumlarının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehdən tutulmalı olan cəmi 16580.45 ABŞ dolları pul vəsaitinin "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus edilmiş “Kia Optima” markalı, **- DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq iddaçıya olan borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması və satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi qət edilmişdir.

8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 0958 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini pozması nəticəsində əldən çıxmış fayda xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə 905.43 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/3061 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 30 aprel 2013-cü il tarixli, 0958 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 30 aprel 2013-cü il tarixli, 0958 saylı kredit müqaviləsi üzrə 30 aprel 2024-cü il tarixə İddiaçı QSC BOKT-a olan borcu aşağıdakı kimidir: əsas borc üzrə - 11017.07 ABŞ dolları, faiz borcu üzrə - 5570.35 ABŞ dolları, 5% ilə hesablanmış faiz borcu üzrə - 4406.83 ABŞ dolları. Qeyd edilir ki, 30 aprel 2013-cü il tarixli, 0958 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən (xx.xx.2016 – xx.xx.2024-cü il) gecikdirilmiş vaxt üçün illik 5%-ə hesablanmış faiz borcu 4406.83 ABŞ dolları təşkil edir.

İşin faktiki halları.

10. İddiaçı QSC BOKT və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 0958 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 11.600 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11012 ABŞ dolları əsas, 5568.45 ABŞ dolları faiz borcunun Cavabdeh tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi, tutmanın girov predmeti olan cavabdehə məxsus nəqliyyat vasitəsinə yönəldilməsi qət edilmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarı.

Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

16. İşin hallarından görünür ki, Cavabdeh "xxxx" ASC-dən 11600 ABŞ dolları məbləğində kredit götürmüş, lakin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən İddiaçı QSC BOKT-un ("xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC BOKT-a keçmişdir) məhkəməyə müraciəti əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmiş, ödənilməmiş 11012 ABŞ dolları əsas, 5568.45 ABŞ dolları faiz borcunun Cavabdeh tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi qət edilmişdir.

17. Hazırda İddiaçı QSC BOKT iddia edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh məxsus sənədlərin İddiaçı QSC BOKT-a təhvil verildiyi xx.xx.2017-ci il tarixədək müddət üçün cavabdehdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxta görə illik 5%-lə pul tutulmalıdır.

18. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə 36 aylıq kredit müqaviləsi bağlamış, lakin müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə ödənilməmiş borcun ondan tutulması qət edilmişdir. Yəni həmin qətnamə çıxarılanadək Cavabdeh öhdəliyin icrasını təmin etmədiyi işin mübahisəsiz halıdır. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsindən və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından görünür ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, göstərilən maddənin mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan variantına görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

19. Hazırkı işdən görünür ki, İddiaçı QSC BOKT yalnız xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı gecikdirməyə görə faiz tələb etmişdir. Belə olan halda məhkəmə iddia tələbindən kənara çıxmayaraq, müvafiq hesablamanı məhz həmin dövr üzrə aparmalıdır. İş materiallarında olan ekspert rəyindən görünür ki, xx.xx.2016-cı il tarixinə ödənilməmiş əsas borcun məbləği 11017.07 ABŞ dolları təşkil edir. Belə olan halda xx.xx.2016xx.xx.2017-ci il tarixləri arasındakı dövr üçün (1 il 7 ay 13 gün) illik 5%-lə hesablanmış zərərin məbləği 892.07 ABŞ dolları (1 il 7 ay 13 günə müvafiq olaraq 550.85+321.33+19.89) təşkil etməlidir. Odur ki, məhkəmə iddianın qismən əsaslı olduğu nəticəsinə gəlir.

20. Məhkəmə, son olaraq, onu da qeyd edir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarı).

Məhkəmə xərcləri.

21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olaraq 35.4 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi – 35.16 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza xərci (100 manat) cavabdehdən tutularaq ekspertizanı keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 892.07 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə və 35.16 manat məbləğində dövlət rüsumu tutularaq iddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı keçirən orqanın hesabına ödənilməlidir.

24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 892.07 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə və 35.16 manat məbləğində dövlət rüsumu tutularaq iddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar