Məhkəmə qərarları › İş №2(010)-1539/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1539/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1539/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və digərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X3, X5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov pospekti ev 30, 30 saylı mənzilnə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş, lakin bildirişlər cavabdehlər həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildirişlər qeydiyyatda olduğu yer üzrə mənzil kommunal-istismar sahəsinə göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığına görə bildirişi təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospekti, ev 30, 30 saylı mənzilini xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (X2 adından etibarnaməyə əsasən) X1 almışdır. Həmin mənzili aldıqdan sonra mənzili xüsusi mülkiyyət kimi dövlət reyestrində öz adına qeydiyyata aldırıb bu barədə Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər X8 almış və hal-hazırda onun xüsusi mülkiyətindədir. O, həmin mənzili aldığı zaman satıcı, yəni X4 ilə bağladığı alqısatqı müqaviləsinin 12-ci bəndinə əsasən, satıcı satdığı mənzildən alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunduğu müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin mənzili aldığı dövrdən 8 il müddət keçməsinə baxmayaraq, evin keçmiş sakinləri Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları mənzildən qeydiyyatdan çıxmamış, həmin mənzildə yaşamamasına baxmayaraq, onların rəsmi qeydiyyatları mənim mənzilində qalmışdır. Hal-hazırda isə Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X3, X5 faktiki yaşadığı ünvanı dəqiq bilmir və onların harada yaşaması və harada olması barədə heç bir məlumatı yoxdur. Göründüyü kimi alqı-satqı müqaviləsinin tələbləri cavabdeh X4 tərəfindən pozulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospekti ev 30, 30 saylı mənzilini mənə satdıqdan və mənzildən köçüb getdikdən sonra cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Hal-hazırda isə cavabdehlərin onun evində qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur, bəzi məsələlərdə o, cavabdehlərin icazəsi olmadan mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarında olan X2 adından etibarnaməyə əsasən çıxış edən X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ona məxsus ünvan 1 ünvanını İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1746 nömrəli reyestr kitabının 160478 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* №-li arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X7 və X9 ünvan 1 ünvanında qeydiyyatdadır. 11 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 154 №-li arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2012-ci il tarixindən ünvan 1 ünvanında yaşamırlar və harada yaşamaları onlara məlum deyil. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş Bakı şəhəri 15 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə 4Ə-618 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, ünvan 1 ünvanının əvvəlki sahibi X6 olmuşdur. Məktuba əlavə edilmiş 11 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 2012-ci il sentyabr tarixli 1115 №-li məktubundan görünür ki, sahibi X6 olan ünvan 1 ünvanında pasport qeydiyyatında sakin yoxdur. Göründüyü kimi, cavabdehlər həmin dövrdə mənzildə daimi yaşayış yeri üzrə qeydiyyatda olmamışlar. Azərbaycan Respublikasının x xxxxxxx 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İş materiallarından göründüyü kimi, cavabdehlərin yuxarıda qeyd edilən Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan birinci dərəcəli ailə üzvlərinin (iddiaçının arvadı (əri), habelə onun uşaqları və valideynləri) siyahısına daxil deyillər. Eyni zamanda, iddiaçının izahatından göründüyü kimi, cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyıb və onlar orada yaşamayıblar. Cavabdehlərə münasibətdə, onların mübahisəli mənzildən istifadə hüququnun mövcud olub-olmaması ilə bağlı məsələnin həllinə Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci ildən qüvvədə olan Mülki Məcəlləsinin 228ci maddəsi tətbiq edilməlidir. Qeyd etmək vacibdir ki, qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit edilmiş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktın qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı) 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2005-ci il tarixli Qanun ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. (xx xxxxxx 2005-ci il tarixdən qüvvəyə minib) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddənin mənasına görə, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideyni və uşaqlarının onun bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlər iddiaçının 228.5-ci maddəsinin birinci cümləsində öz əksini tapan ailə üzvlərinin dairəsinə daxil deyildir. Ümumiyyətlə cavabdehlərin həmin maddənin üçüncü cümləsinə öz əksini tapan digər ailə üzvləri kateqoriyasına da daxil olmasına dair hər hansı sübutun mövcudluğu aşkar edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd edib ki, digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı tələb olunur və bu razılıq dedikdə, istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı müqavilə nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı işdə məhkəməyə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün əsas ola biləcək notarial qaydada təsdiq edilən hər hansı müqavilə və digər sübutlar təqdim edilməyib. Buna görə də, məhkəmə belə bir qənaətə gəlir ki, onların mübahisəli mənzildən istifadə hüququ yaranmayıb. Belə olan halda, iddiaçının cavabdehlərə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası təmin edilə bilməz. Çünki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları ümumiyyətlə yaranmayıb və mövcud deyil. Bununla yanaşı, iddiaçının iradəsinə zidd olaraq, cavabdehlərin mübahisəli mənzildə daimi yaşayış yeri üzrə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir ki, bu da yuxarıda qeyd edilən AR Konstitusiyası və digər beynəlxalq normaların tələbinə ziddir. Ona görə də, hazırkı qətnamə cavabdehlərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsas olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə cavabadehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X7 və X5 ünvan 1 ünvanından daimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar