Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-157/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin inşasına çəkilən xərclərin bölünməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın passivinin bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə inşa edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbinin əsaslandırıldığı hallar İddiaçıtələbinionunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Uzun müddət ərzində münasibətləri yaxşı olsa da, sonradan bu münasibətlər pisləşmiş, hal-hazırda isə nikahları pozulmaq ərəfəsindədir. Cavabdeh nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Nikahda olduqları müddətdə bir sıra əmlaklar əldə etmişlər. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında özlərinə yaşayış evi inşa etmişlər və uzun müddət həmin evdə birlikdə yaşamışlar. Yaşayış evini 2012-ci ildə inşa etmişlər. Həmin binaya xərclənən pullar birgə nikah dövründə əldə edilmiş vəsaitdir, ailə büdcəsindən xərclənmişdir. Təxminən həmin evin inşasına 50000 manata yaxın pul xərclənmişdir. Halhazırda həyat yoldaşı onu evdən çıxarmışdır, o, kirayədə yaşayır. Onlar yuxarıda qeyd edilən yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə əlaqədar və yaşayış evi ilə əlaqədar sənəd əldə etməmişlər. Lakin, həmin yaşayış evi inşa edilmişdir və onlar həmin evdə uzun müddət birlikdə yaşamışlar. Həmin ev onların birgə vəsaiti hesabına inşa edilmişdir. Halhazırda həmin evdə həyat yoldaşı və onun evə yerləşdirdiyi tanımadığı şəxslər yaşayır. İlk iddia tələbinə etiraz İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İlk iddia tələbinə etirazın əsaslandırıldığı hallar İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, o, iddiaçının iddia etdiyi qanunsuz tikilidə yaşamır, həmin tikilidə halhazırda başqa şəxslər yaşayır və həmin tikilinin ona heç bir aidiyyəti yoxdur. Qeyd edilən qanunsuz tikili 2012-ci ildə onların birgə nikahı dövründə inşa edilsə də, bu tikili təkcə onların vəsaiti hesabına deyil, eyni zamanda böyük qızı xx.xx.1986-cı il təvəllüdlü X3 vəsaiti hesabına inşa edilmiş, qızı Brilyant evin təmirini özü tək etdirmişdir. Belə ki, 2012-ci ildə onlar Brilyantın köməkliyi ilə həmin evi inşa edib həmin evə köçmüşlər. Həmin evdə o, qızı, oğlu və iddiaçı ilə birlikdə yaşamış, digər qızı İlahə isə 2010-cu ildən gəlin köçdüyünə görə həmin evdə yaşamamışdır. Onun iddiaçı ilə nikah münasibətləri gərgin olsa da, o, iddiaçı ilə 2022-ci ilin mart ayına qədər həmin evdə yaşamışdır. 2022-ci ilin mart ayında isə iddiaçı ilə nikah münasibətləri faktiki olaraq pozulmuş, iddiaçı evdən çıxıb getmiş, gedərkən evin bütün əşyalarını, yorğan-döşəyi, qab-qacağı, elektrik avadanlıqlarını yığıb aparmışdır. İddiaçı 2022-ci ilin mart ayından başqa ünvanda yaşamış, o, heç bir zaman onu evdən qovmamışdır. İddiaçı evdən gedən ərəfədə onun böyük qızı Brilyan ailə qurmağa hazırlaşmış, Brilyantın evi olmadığına görə o, öz evini ona vermək qərarına gəlmiş, hətta bundan iddiaçının da xəbəri olmuşdur. Həmin ev qanunsuz tikili olsa da, evə dair bütün kommunal xəttlər onun adına olduğuna görə o, həmin kommunal xidmətlərin – qaza, suya və elektrik enerjisinə görə müqavilələrin qızı Təhməzova Brilyantın adına keçməsinə razılıq vermişdir. Bundan sonra, Brilyant ailə qurduğu ərəfədə o, həmin evdən çıxaraq kirayə yaşamağa başlamışdır. Qızı Brilyant isə xx.xx.2023-cü ildə həmin evi X8 adlı şəxsə satmışdır. Ev qanunsuz tikili olduğuna görə addan-ada keçirilən zaman heç bir müqavilə bağlanmamış, nə o, həmin evi qızına bağışlayan zaman, nə də ki, qızı həmin evi başqa şəxsə satan zaman aralarında hər hansı bir müqavilə imzalanmamışdır. Buna baxmayaraq, evə dair olan bütün kommunal xidmətlər barədə müqavilələr qızının adından X4 adına keçmişdir. Məhz xx.xx.2023-cü il tarixdən qızı Brilyant evi X6 təhvil vermiş və həmin tarixdən də X9 beş nəfər ailə üzvü ilə birlikdə həmin evə köçmüşlər. Hal-hazırda da həmin evdə X8, X21, X22, X14 və azyaşlı uşaqlar X19 və X15 yaşayırlar. Həmin şəxslərin onların ailəsinə heç bir aidiyyəti yoxdur. İddiaçının həmin evə köçürülməsi evdə yaşayan həmin şəxslərin mənzil toxunulmazlığı hüququnu pozacaqdır. Göründüyü kimi, iddianın predmeti olan fərdi yaşayış evi qanunsuz tikili olduğundan və hal-hazırda həmin evdə tamamilə başqa şəxslər yaşadığından iddia ona qarşı verilməklə, iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. İlk iddia tələbinin dəyişdirilməsi İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə inşa edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu ünvanında yerləşən və tikintisinə ümumilikdə 80000 manat məbləğində xərc çəkilmiş fərdi yaşayış evinə görə 40000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi İddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın passivinin bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış nisyə alğı-satqı müqavilələri üzrə yaranmış öhdəliklərdə hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, həmin müqavilələr üzrə ödənilmiş 5117 manat məbləğində pul vəsaitinin ½ hissəsinin, yəni 2558.5 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi, həmin müqavilələr üzrə qalan 13634 manat məbləğində borcun yarısının, yəni 6817 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənilməsi öhdəliyinin İddiaçı üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddianın predmeti olan qanunsuz tikili 2012-ci ildə onların birgə nikahı dövründə inşa edilsə də, təkcə onların vəsaiti hesabına deyil, eyni zamanda böyük qızı xx.xx.1986-cı il təvəllüdlü X3 vəsaiti hesabına inşa edilmiş, qızı Brilyant evin təmirini özü tək etdirmişdir. Belə ki, həmin dövrdə onlar özlərinə məxsus olan evi satmış, cəmi 7800 manat məbləğində pulları olmuşdur. O, İİ qrup əlildir və heç bir yerdə işləmir. Cavabdeh də heç bir yerdə işləmirdi. Qızı 2 sot torpağı sənədsiz olaraq 1250 manata almış, onlar həmin torpağın üzərində ev tikməyə başlamışlar. Pulları az olduğuna görə evin özülünü belə beton edə bilməmişlər, sadəcə olaraq mişar daşlarını yığıb bir daş həmin evi tikmişlər. Evin tavanının vurmadan dam örtüyünü şiferlə bağlamış və pəncərələrini vurub, döşəməsini vurmadan həmin evə köçmüşlər. Bütün bu işləri isə gördükdən sonra qalan bütün işləri hissə-hissə qızları Brilyantın köməkliyi ilə başa vurmuşlar. Evin bütün təmirini, evin döşəməsinin, tavanının və boya işlərinin pullarını Brilyant ödəmişdir. Həmin evdə o, ilkin iddia üzrə iddiaçı, qızı Brilyant və oğlu Mülazim ilə birlikdə yaşamışlar. Digər qızı İlahə isə 2010-cu ildən gəlin köçdüyünə görə həmin evdə yaşamamışdır. Onun iddiaçı ilə nikah münasibətləri gərgin olsa da, o, iddiaçı ilə 2022-ci ilin mart ayına qədər həmin evdə yaşamışdır. 2022-ci ilin mart ayında isə iddiaçı ilə nikah münasibətləri faktiki olaraq pozulmuş, iddiaçı evdən çıxıb getmiş, gedərkən evin bütün əşyalarını, yorğan-döşəyi, qab-qacağı, elektrik avadanlıqlarını yığıb aparmışdır. İddiaçı 2022-ci ilin mart ayından başqa ünvanda yaşamış, o, heç bir zaman onu evdən qovmamışdır. İddiaçı evdən gedən ərəfədə onun böyük qızı Brilyan ailə qurmağa hazırlaşmış, Brilyantın evi olmadığına görə o, öz evini ona vermək qərarına gəlmiş, hətta bundan iddiaçının da xəbəri olmuşdur. Həmin ev qanunsuz tikili olsa da, evə dair bütün kommunal xəttlər onun adına olduğuna görə o, həmin kommunal xidmətlərin – qaza, suya və elektrik enerjisinə görə müqavilələrin qızı Təhməzova Brilyantın adına keçməsinə razılıq vermişdir. Bundan sonra, Brilyant ailə qurduğu ərəfədə o, həmin evdən çıxaraq kirayə yaşamağa başlamışdır. Qızı Brilyant isə xx.xx.2023-cü ildə həmin evi 35000 manata X8 adlı şəxsə satmışdır. Ev qanunsuz tikili olduğuna görə addan-ada keçirilən zaman heç bir müqavilə bağlanmamış, nə o, həmin evi qızına bağışlayan zaman, nə də ki, qızı həmin evi başqa şəxsə satan zaman aralarında hər hansı bir müqavilə imzalanmamışdır. Buna baxmayaraq, evə dair olan bütün kommunal xidmətlər barədə müqavilələr qızının adından X4 adına keçmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2022-ci ilin mart ayından, o isə 2023-cü ilin fevral ayından həmin evdən çıxmışlar, həmin evin faydalı xassələrindən onların hər ikisi istifadə etməkdən məhrum olmuşlar. İşin hallarından görünür ki, həmin evdə yaşayan böyük qızları X10 artıq həmin evi satmış, yəni onlar, istər o, istərsə də, ilkin iddia üzrə iddiaçı həmin evin faydalı xassələrindən istifadə etmək hüququndan məhrum olmuşlar. Belə olan halda, ilkin iddia üzrə iddiaçı həmin evin faydalı xassələrindən istifadə etmək hüququndan məhrum olan şəxs kimi ona qarşı iddia qaldırmaqda haqlı deyil, ondan ötrü ki, həmin evin satılmasından o, heç bir vəsait əldə etməmiş, özü də həmin evdən istifadə etmək hüququndan məhrum edilmişdir. Nə qədər ki, ilkin iddia üzrə iddiaçı birgə nikah dövründə əldə edilmiş aktivlərdə öz payının müəyyən edilməsini tələb edir, bu zaman onun birgə nikah dövründə olan öhdəliklərdə də payı müəyyən edilməlidir. Belə ki, birgə nikah dövründə onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 32 233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 792/2019 nömrəli, xx.xx.2021-ci il tarixli, 58 562/2021 nömrəli nisyə alğı-satqı müqavilələrinə əsasən, o, "xxxx" MMC-dən “X37, Döşək softline 1.60 x 200. X38, Fenomen sandalye, Sehpa naxışlı, X43, Yığılma şifoner, Şifoner, X41, Relax 1 koltuk, Yumru puf, Tv Samsung QE55Q67RAUXRU, X42 X44, Kalonka JBL, Portable speaker TG503, Euroluxe MV023-84 VSD və Fakir NW70200 markalı mikrodalğalı sobalar” almış, həmin əmlakları öz evlərində yerləşdirmişlər. Həmin əmlakları onlar nisyə götürmüş, əmlakların dəyərinin bir qismini ödəmiş, əmlaklardan birlikdə 3 il müddətinə istifadə etmiş, qarşılıqlı iddia üzrə cavabdeh evdən gedən zaman, yəni 2022-ci ilin mart ayında həmin əmlakların bir qismini aparmış, bir qismi də qızları Brilyantın evində qalmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh evdən gedəndən sonra, yəni xx.xx.2022-ci ildən 15.08.202-cü ilədək o, həmin nisyə alğı-satqı müqavilələri üzrə "xxxx" MMC-yə 5117 manat məbləğində pul vəsaiti ödəmiş, xx.xx.2024-cü il tarixə onun "xxxx" MMC-yə 13634 manat məbləğində borcu qalmışdır. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 36 730 nömrəli və xx.xx.2019-cu il tarixli, 36792 nömrəli nisyə alğı-satqı müqavilələri üzrə yaranmış öhdəliklərdə hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, onunla X12 arasında bağlanmış müqavilələr üzrə ödənilmiş 5117 manat məbləğində pul vəsaitinin yarısının, yəni 2558.5 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, onunla X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 36 730 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə qalan 13634 manat məbləğində borcun yarısının, yəni 6817 manat məbləğində pul vəsaitinin X5 ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli fərdi yaşayış evindən çıxdığı üçün həmin evdən, eləcə alınmış əşyalardan istifadə edə bilmir. Qarşılıqlı iddia tələbində qeyd edilən əşyalar birgə nikah dövründə əldə edilməklə, mübahisəli evə yerləşdirilmiş, lakin həmin əşyalardan istifadə hüququndan məhrum edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmin əşyaları satmaqla borcunu qarşılaya bilər. Əşyaların satılmasına etiraz etmir. Odur ki, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirdi ki, fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən edilməsi ilə bağlı keçirilmiş qiymətləndirmə nəticəsində tərtib edilən sonuncu rəylə razıdırlar. Həmin rəy məhkəmə üçün qanuni sübut qüvvəsinə malikdir. Lakin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müstəqil şəkildə əldə edilmiş qiymətləndirmə rəyi iş üzrə sübut kimi qəbul edilə bilməz. Çünki, həmin rəydə fərdi yaşayış evinin real bazar qiyməti deyil, çəkilmiş xərclərin dəyəri əks olunmuşdur. Bundan əlavə, həmin mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Qarşı tərəf bu faktı inkar etməsə də, həmin evin tikilməsinə çəkilən xərclərin qızı tərəfindən qarşılandığını bildirir. Lakin, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilmir. Qarşılıqlı iddia tələbi ilə bağlı hissədə nəzərə çatdırır ki, hüquqlarını müdafiə etdiyi şəxs nisyə alğı-atqı müqaviləsi əsasında əldə edilmiş əşyaları görməmiş, həmin əşyalardan heç vaxt istifadə etməmişdir.Odur ki, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli fərdi yaşayış evinin inşa edilməsinə çəkilən xərclərin ümumi dəyəri 25000 manat təşkil edir. Həmin fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən edilməsinin hazırkı mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə əsasən, fərdi yaşayış evinin real bazar dəyərinin deyil, həmin evin inşa edilməsinə çəkilmiş xərclərin yarısı tərəflər arasında bölünməlidir. Odur ki, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, ilkin iddia tələbinin əsassızlığına dair kifayət qədər sübutlar məhkəməyə təqdim edilmiş, şahidlərin ifadələri dinlənilmişdir. Düzdür, həmin mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə inşa edilsə də, evin inşasına çəkilən xərclər yalnız tərəflərin deyil, həmçinin onlarının qızının vəsaiti hesabına qarşılanmışdır. Ev qanunsuz tikili olduğuna görə həmin evin alğı-satqısı notarial qaydada deyil, bir kağız üzərində tərəflərin imzaları ilə rəsmiləşdirilməklə baş tutmuşdur. Hazırda qanunsuz evlərin satışı ilə bağlı formalaşmış praktika bu istiqamətdə olduğu üçün mübahisə predmetini təşkil edən ev də məhz bu qaydada özgəninkiləşdirilmişdir. Digər tərəfdən, evlərin real bazar qiymətinin yarısı deyil, həmin evin ərsəyə gəlməsinə çəkilən xərclərin yarısı bölünməlidir ki, bununla bağlı mötəbər mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilən qiymətləndiricilər isə yalnız həmin evin real bazar dəyərini müəyyən etmişlər ki, bu da qanunun tələbinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı hissədə qeyd edir ki, iddia ərizəsində göstərilən müqavilələr üzrə əldə olunan əşyalar ailənin ehtiyacları üçün əldə edilmiş və mübahisəli fərdi yaşayış evinə yerləşdirilmişdir. Belə olan halda, öhdəliklərdə qarşı tərəfin də payı müəyyən edilməli, ailə münasibətlərinə faktiki xitam verildikdən sonra ödənilən məbləğin öhdəlikdəki paya uyğun hissəsi tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Odur ki, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Şahid ifadəsi Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, hazırkı iş üzrə tərəflər onun valideynləridir. Valideynləri 2022-ci ildən ayrılmışlar və həmin vaxtdan etibarən də ayrı yaşayırlar. 2022-ci ilin yay aylarında, təxminən Novruz Bayramından sonra valideynləri arasına söz-söhbət olmuş, anası evdən könüllü şəkildə getmişdir. Anası evdən getdikdən 1-2 ay sonra evi satmışdır. Çünki, ev əvvəldən ona məxsus olmuşdur. Evi anası getməzdən 1-2 il əvvəl satışa qoymuş və 2022-ci ildə satmışdır. Torpaq sahəsini özü almış, işləyərək həmin evi tikmişdir. Anası bu faktları dana bilməz. Valideynləri əvvəldən özləri məxsus olan bir digər evi satmışlar və aldıqları behi ona vermişlər. Bu beh 7800 manat məbləğində olmuşdur. Yəni, valideynlərinin həmin evin alınması ilə bağlı köməklikləri məhz həmin həcmdə olmuşdur. Mübahisəli ev əvvəlcə 4 otaqdan ibarət formada inşa edilmiş, daha sonra işlədikcə hissə-hissə evin təmirini həyata keçirmişdir. Əşyalarla bağlı isə qeyd edir ki, həmin əşyalar müqavilə əsasında alınmışdır, ödənişləri isə atası həyata keçirmişdir. Bir müddət əşyaların dəyərinin ödənilməsinə özü də köməklik göstərmişdir İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2019-cu il tarixli, 36 730 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” müvafiq sənədləri və tələb olunan tərəflərin razılığı ilə ilkin ödənişi aldıqdan sonra “Alıcı”ya müqavilədə nəzərdə tutulan malı və ona aid bütün aksessuarları və sənədləri verməyi, “Alıcı” isə alğı-satqı üçün lazım olan sənədləri “Satıcı”ya təqdim etməyi və 600 manat ilkin ödəniş edilməklə,16849 manat məbləğində malın dəyərini 36 ay müddətində ödəməyi öz öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, 36 730 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2020 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 468 manat(birinci ay 469 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. "xxxx" MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2019-cu il tarixli, 36 792 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” müvafiq sənədləri və tələb olunan tərəflərin razılığı ilə ilkin ödənişi aldıqdan sonra “Alıcı”ya müqavilədə nəzərdə tutulan malı və ona aid bütün aksessuarları və sənədləri verməyi, “Alıcı” isə alğı-satqı üçün lazım olan sənədləri “Satıcı”ya təqdim etməyi vəilkin ödəniş edilmədən,6993 manat məbləğində malın dəyərini 36 ay müddətində ödəməyi öz öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, 36 792 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2020 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 194 manat(birinci ay 203 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. X10 (Satıcı) və X8 (Alıcı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilənin surətindən müəyyən olunur ki, “Satıcı” Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun Sovxozunda yerləşən, 4 otaqlı fərdi yaşayış evini “Alıcı”ya 35000 manata satmış, evə görə “Alıcı”dan 32000 manat almışdır. xx.xx.2023-cü il tarixli, 7E-901 reyestr nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, X10 (etibar edən) müəyyən hərəkətləri etməyi - faktiki istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu ünvanı ərazisində yerləşən (Azərişıq kodu: **********00058, Azərsu kodu **********141 və Azəriqaz kodu **********00058) adına olan abunə kodlarını kənar şəxsin adına verməyi, torpaq sahəsini və yaşayış evinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 300 m2 torpaq sahəsini satmağı, alğı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə, onu bankda təmsil etməyi, ımlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi X6 80 il müddətinə, yəni xx.xx.2103-cü ilədək etibar etmişdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən olunur ki, X10 adında olan **********00058 nömrəli “Azərişıq” sayğacının kodunun X4 adına keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən olunur ki, X10 adında olan **********141 nömrəli “Azərsu” sayğacının kodunun X4 adına keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən olunur ki, X10 adında olan **********01710 nömrəli “Azəriqaz” sayğacının kodunun X4 adına keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 555654 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 və X10 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 167 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əliquliyev, arvada Əliquliyeva soyadı verilmişdir. Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q- 1142/69 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh və İddiaçı nikahı haqqında Biləsuvar rayon Ağalıkənd icra nümayəndəliyi tərəfindən xx.xx.1986-cı il tarixdə 23 nömrəli akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə Təhməzov, arvada İbrahimova soyadı verilmişdir. X13 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞS/MT- 028/2024/0249AM nömrəli arayışdan müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş əmlak tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2024-cü il tarixdə sms bildirişi, xx.xx.2024-cü il tarixdə poçt bildirişi göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ilk iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən ilk iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə ünvanlanmış 58 nömrəli cavab məktubundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli, 32 233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 792/2019 nömrəli, xx.xx.2021-ci il tarixli, 58 562/2021 nömrəli nisyə alğı-satqı müqavilələrinə əsasən, “X37, Döşək Softline 1.60 x 200, X38, Fenomen Sandalye, Sehpa Naxışlı, X43, Yığılma Şifoner, Şifoner, X41, Rolex 1 Koltuk, Yumru Puf, Tv Samsung QE55Q67RAUXRU, X42 X44, Kalonka JBL Portable Speaker TG503, Euroluxe MV023-84 VSD və Fakir NW70200 markalı mikrodalğalı sobalar” satılmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək vətəndaş Cavabdeh tərəfindən mağazaya ümumilikdə 4717 manat ödəniş olunmuşdur. Bundan əlavə, 200 manat olmaqla, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ümumilikdə 400 manat daha ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixə vətəndaş Cavabdeh adında ödənişi icra olunmamış 13634 manat kredit borcu qalmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosuna xx.xx.2024-cü il tarixdə ünvanlanmış 5-20/2-2-78/2024 nömrəli cavab məktubundan müəyyən olunur ki, X8 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu (Məktəb küçəsi) ünvanında yerləşən fərdi yaşayış evində aşağıda adları göstərilən ailə üzvləri ilə birgə yaşayır: 1) X23, 2) X22, 3) X17, 4) X19, 5) X15 və 6) X24. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) tərəfindən qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 467/E nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında yerləşən fərdi yaşayış evinin, həyətdə inşa olunmuş digər tikililər də nəzərə alınmaqla, hazırkı bazar qiyməti 70000 manat müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon Hövsan Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə ünvanlanmış 01/73 nömrəli cavab məktubundan müəyyən olunur ki, vətəndaş X11 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu y/s ünvanında istifadəsində olan torpaq və əmlak sahəsinin 19031TNQ1004 YVÖK – vergi kodu ilə Hövsan bələdiyyəsində xx.xx.2023-cü ilə kimi qeydiyyatda olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 001-11/OR-10/2025 nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında yerləşən 2.2 sot torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 87.5 m2 olan fərdi yaşayış evinin torpaq sahəsinin bazar dəyəri 38651.8 manat, fərdi yaşayış evinin smeta dəyəri 25686.10 manat təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 4507/2025 nömrəli qətnamədən müəyyən olunur ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən xx.xx.2019-cu il tarixli, 36 730 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 13000 manat məbləğində pul vəsaiti və 129 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib edilmiş CVN/Y 28-028/26 nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında yerləşən fərdi yaşayış evinin, həyətdə inşa olunmuş digər tikililər də nəzərə alınmaqla xx.xx.2026-cı il tarixinə bazar dəyəri 70000 manat təşkil edir. İşin faktiki halları Tərəflər arasında xx.xx.1986-cı il tarixdə rəsmi nikah bağlanmış, həmin nikah münasibətlərinə faktiki olaraq 2022-ci ilin mart ayından xitam verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında yerləşən 2.2 sot torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 87.5 m2 olan fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Mübahisəli fərdi yaşayış evinin real bazar dəyəri iş materiallarına əlavə edilmiş müstəqil qiymətləndirici – mütəxəssis rəyləri ilə 70000 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin birgə nikahı dövründə Cavabdeh və X7 arasında xx.xx.2019-cu il tarixli, 32 233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 792/2019 nömrəli və xx.xx.2021-ci il tarixli, 58 562/2021 nömrəli nisyə alğı-satqı müqavilələri bağlanmışdır. Həmin alğı-satqı müqavilələrinə əsasən, X37, Döşək Softline 1.60 x 200, X38, Fenomen Sandalye, Sehpa Naxışlı, X43, Yığılma Şifoner, Şifoner, X41, Rolex 1 Koltuk, Yumru Puf, Tv Samsung QE55Q67RAUXRU, X42 X44, Kalonka JBL Portable Speaker TG503, Euroluxe MV023-84 VSD və Fakir NW70200 markalı mikrodalğalı sobalarCavabdeh satılmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək vətəndaş Cavabdeh tərəfindən mağazaya ümumilikdə 4717 manat ödəniş olunmuşdur. Bundan əlavə, 200 manat olmaqla, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ümumilikdə 400 manat daha ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixə vətəndaş Cavabdeh adında ödənişi icra olunmamış 13634 manat kredit borcu qalmışdır. Yuxarıda qeyd edilən nisyə alğı-satqı müqavilələri üzrə tərəflərin ailə münasibətlərinə faktiki xitam verildikdən sonra müqavilə tərəfi olan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 5117 manat məbləğində ödəniş icra edilmiş, nisyə alğı-satqı müqavilələri üzrə 13634 manat məbləğində qalıq borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, ilk və qarşılıqlı iddia ərizələri və onlara əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, ilk iddia tələbi birgə nikah dövründə əldə edilmiş əmlakın aktivinin, qarşılıqlı iddia tələbi isə birgə nikah dövründə əldə edilmiş əmlakın passivinin bölünməsi ilə bağlıdır. Belə olan halda, məhkəmə hər iki iddia tələbinə ayrıayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. İlk iddia tələbi – birgə nikah dövründə əldə edilmiş əmlakın aktivinin bölünməsi. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, tərəflər arasında xx.xx.1986-cı il tarixdə rəsmi nikah bağlanmış, bu nikahdan irəli gələn ailə münasibətlərinə faktiki olaraq 2022-ci ilin mart ayından etibarən xitam verilmiş, həmin tarixdən etibarən tərəflərin ailə əlaqələri kəsilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında 2.2 sot torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 87.5 m2 olan fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikilidir, yəni sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, yəni fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmaması faktı özüözlüyündə həmin daşınmaz əmlak üzərində tərəflərin heç bir hüququ olmaması mənasına gəlmir. Həmin fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə, birgə gəlirlər və birgə çəkilmiş zəhmət əsasında inşa edilməsi ər-arvadın ümumi əmlakının qanuni rejimindən irəli gələn hüquqlarının realizəsinə şərait yaradır. Nəzərə alınmalıdır ki, iş üzrə keçirilmiş məhkəmə iclasları gedişində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə əldə edilməsi faktını mübahisələndirməmişdir. Belə olan halda, ilk iddianın obyektini təşkil edən fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə əldə edilməsi işin mübahisəsiz halı kimi qəbul edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi)üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxil əmlaklarda öz növbəsində əmlak aktivinə və passivinə bölünür. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. Baxılan işin hallarından görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə əldə edilməsi barədə mübahisə etməsə də, həmin evin alınmasına çəkilən xərclərin əhəmiyyətli hissəsinin qızı tərəfindən qarşılandığını bildirmiş və həmin əmlakın birgə gəlirlər hesabına əldə edilmədiyini iddia etmişdir. İlk iddia üzrə cavabdeh ilk iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi fakt və halların təsdiqinə dair mötəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız formal mülahizələrə istinad etməklə, sözügedən əmlakı ər-arvadın ümumi əmlakının qanuni rejiminin təsir dairəsindən kənara çıxarmağa cəhd etmişdir. Lakin, bu və ya digər sübutla “dəstəklənməyən” iddia tələbinə etiraz iddianın həlli üçün hər hansı əhəmiyyət kəsb etmir və yalnız formal etiraz olaraq qalmaqda davam edir. Belə ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin əldə edilməsi, eləcə də həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşası üçün işlərin görülməsi və görülməli olan işlərə sərf olunan materialların dəyərinin ödənilməsi üçün hər hansı şəxs(lər) tərəfindən pul vəsaitinin bağışlandığını iddia edən tərəf, yəni ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Doğrudur, pul vəsaitinin bağışlanması barədə müqavilənin qanunvericiliklə mütləq sadə yazılı formada tərtib edilməsi tələb edilməsə də, yazılı forma tələbi edilən bağışlamanın ümumilikdə ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini təsdiq edən sübut etmə şərti kimi çıxış edir. Bu və ya digər əmlakı ər-arvadın ümumi əmlakının qanuni rejimindən kənarda saxlamaq istəyən tərəf – hazırkı işin halları baxımından Cavabdeh həmin əmlakın nikaha daxil olanadək ona məxsus ayrıca əmlak əsasında və yaxud nikah dövründə hədiyyə şəklində, vərəsəlik qaydasında və ya digər əvəzsiz əqdlər üzrə əldə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməli, təqdim edilmiş sübutların məcmu şəklində yoxlanılması və qiymətləndirilməsi nəticəsində müvafiq hüquqi dəyərləndirmə aparılmalıdır. Lakin, qeyd edilən müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən və mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə əldə edilməsi faktı ilk iddia üzrə cavabdeh tərəfindən məhkəmə prosesi gedişində etiraf edildiyindən, həmin fərdi yaşayış evi tərəflərin ümumi birgə əmlakı kimi qəbul edilməlidir. İlk iddia üzrə iddiaçının dəyərinin yarısının xeyrinə tutulmasını xahiş etdiyi daşınmaz əmlak hüquqi təyinatına görə özbaşına tikilidir (tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak). Özbaşına tikinti aparmış şəxs həmin əmlaka dair mülkiyyət hüquq əldə etmədiyindən müvafiq əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak bölgüsünün predmetinə daxil olması imkanı qanunla istisna edilmişdir. Lakin, həmin daşınmaz əmlak ər-arvadın birgə nikahı dövründə sonuncuların birgə əməyi və xərcləri nəticəsində əldə edilən, iqtisadi məna kəsb edən maddi dəyərdir. Belə olan halda, həmin daşınmaz əmlak müstəqil əmlak kimi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak bölgüsünün predmetinə daxil olmasa da, həmin əmlakın əldə edilməsi üçün çəkilmiş xərclər ər-arvadın ümumi birgə əmlakının aktivi qismində həmin bölgünün predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. Bundan əlavə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həm ilk iddia tələbinə etiraz ərizəsində, həm də qarşılıqlı iddia ərizəsində mübahisəli fərdi yaşayış evinin cavabdehlə birgə nikah münasibətlərindən doğulmuş qızına hədiyyə şəklində verildiyini, həmin evə dair kommunal xidmətlərlə bağlı müvafiq təbii inhisar subyektləri arasında bağlanmış müqavilələrin qızının adına keçirilməsinə razılıq verilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, mülki qanunvericilik özbaşına tikiliyə dair sərəncam vermək hüququnu qadağan etsə də, həmin tikiliyə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini istisna etmir. Məhz bu səbəbdən, mübahisəli fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evə dair təbii inhisar subyektləri ilə müqavilələr bağlanması, bu müqavilələr üzrə abonentin dəyişdirilməsi qanunla qadağan edilmir. Bununla yanaşı,daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan, hüquqi statusuna görə özbaşına tikili hesab edilən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ qanunla qadağan edildiyi üçün həmin əmlakın ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qızının adına özgəninkiləşdirilməsi hüquqi cəhətdən qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən,daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması faktının öz təsdiqini tapması, həmin daşınmaz əmlak barədə sərəncam hüququnun həyata keçirilməsini də qeyrimümkün edir. Əgər belə müqavilələr artıq bağlanmışdırsa, qanunla imperativ olaraq müəyyən edilmiş forma tələbinə riayət edilmədiyi üçün əhəmiyyətsiz müqavilə hesab edilir və hər hansı hüquq və öhdəliklərə səbəb olmur. Hər bir halda, qarşılıqlı iddia üzrə iddiaçının ilk iddia tələbinin təmin edilməməsi üçün gətirdiyi dəlillər hər hansı əhəmiyyətə malik olmamaqla, sözügedən mübahisəli əmlakı ərarvadın ümumi birgə əmlakının qanuni rejimindən kənara çıxarmaq üçün kifayət hesab edilmir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə əldə edilməsi və ümumi birgə əmlakı kimi qəbul edilməsi öz təsdiqini tapsa da, həmin fərdi yaşayış evinin real bazar dəyəri ilə bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə edilməmişdir. Bir baxımdan, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh işin məhkəmədə baxılmağa hazırlanması gedişində ilk iddia tələbinə ümumilikdə etiraz etsə də, sonradan fərdi yaşayış evinin real bazar dəyəri barədə mübahisə etmiş, hətta həmin fərdi yaşayış evinin real bazar dəyərinin və fərdi yaşayış evinin faktiki inşa edilməsinə sərf edilmiş materialların və görülmüş işlərin dəyərinin müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici – mütəxəssislə sifariş əsasında müqavilə bağlamış və qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi nəticəsində tərtib edilmiş yazılı müəxəssis rəyini məhkəməyə təqdim etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının müvafiq etirafedici hərəkətləri və konkret rəftarı artıq həmin əmlakı ümumi birgə əmlak kimi qəbul etdiyini deməyə əsas verir. Mübahisəli fərdi yaşayış evinin real bazar dəyəri barədə mübahisə olduğunu nəzərə alan məhkəmə şəxsi təşəbbüsü əsasında iki dəfə ardıcıl qiymətləndirmə sifariş etmiş və müvafiq qiymətləndirmə aktları (yazılı mütəxəssis rəyləri) məhkəməyə təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 467/E nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında yerləşən fərdi yaşayış evinin, həyətdə inşa olunmuş digər tikililər də nəzərə alınmaqla, hazırkı bazar qiyməti 70000 manat müəyyən edilmişdir."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib edilmiş CVN/Y 28-028/26 nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında yerləşən fərdi yaşayış evinin, həyətdə inşa olunmuş digər tikililər də nəzərə alınmaqla xx.xx.2026-cı il tarixinə bazar dəyəri 70000 manat təşkil edir. Göründüyü kimi, hər iki qiymətləndirmə aktında fərdi yaşayış evinin real bazar dəyəri 70000 manat məbləğində müəyyən edilmişdir. Həmin qiymətləndirmə aktları (yazılı mütəxəssis rəyləri) əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsləri – qiymətləndirici təşkilatlar tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktlardafərdi yaşayış evinin fərdi xüsusiyyətləri (otaqların sayı, yerləşmə vəziyyəti, ümumi sahəsi və s.), qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, aktlar əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilən fərdi yaşayış evinin aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Digər tərəfdən, nə ilk iddia üzrə iddiaçı, nə də qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən yazılı mütəxəssis rəylərində qeyd edilən məlumatların həqiqəti əks etdirməməsinə dair etiraz mövqeyi məhkəməyə təqdim olunmuşdur. Yalnız ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən digər qiymətləndirici təşkilatla bağlanmış müqavilə əsasında tərtib edilən yazılı mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş və həmin mütəxəssis rəyində mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin real bazar dəyəri, həmçinin fərdi yaşayış evinin inşası üçün görülən işlərin və işlərin görülməsi üçün sərf olunan materialların dəyəri əks olunmuşdur. Halbuki, daşınmaz əmlakın qiymətləndirilməsi ayrı-ayrılıqda deyil, komplekt şəkildə (fərdi yaşayış evinin inşasına istifadə edilən materialların maddiləşmiş kütləsi və həmin evin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla) həyata keçirilməli və qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi nəticəsində qanuni və əsaslı mütəxəssis rəyi tərtib edilməlidir. Həmin rəyin tədqiqindən həmçinin müəyyən olunur ki, fərdi yaşayış evinin inşası üçün görülən işlər və işlərin görülməsi üçün sərf olunan materiallar barədə məlumatlar sifarişçinin, yəni qarşılıqlı iddia üzrə iddiaçının şifahi izahatı əsasında müəyyən edilmişdir. Belə olan halda, fərdi yaşayış evinin real bazar dəyəri hər iki mütəxəssis rəyi ilə statik formada müəyyən edilən məbləğdə, yəni 70000 manat məbləğində qəbul edilməli və həmin fərdi yaşayış evinin əldə edilməsinə sərf olunan məbləğin ½ hissəsi (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir) ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçının xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia tələbi – birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın passivinin bölünməsi. Nəzərə alınmalıdır ki, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmişvə pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyəthüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. Öhdəliyin ümumiliyi dedikdə, birgə nikah dövründə ər-arvaddan biri tərəfindən yalnız ailə ehtiyaclarının qarşılanması üçün götürülmüş öhdəliklər başa düşülür ki, həmin öhdəliklərin icrası zamanı ər(arvad) ümumi əmlakı ilə birgə məsuliyyət daşıyır. Göründüyü kimi, əmlak dedikdə yalnız hüquqi və fiziki şəxslərə məxsus iqtisadi dəyərə malik olan aktivlər, yəni hüquqlar deyil, eləcə də maddi dəyərə malik olan passivlər, yəni öhdəliklər də başa düşülür. Qeyd edilən yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı ilə bağlı müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. Mülki Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulan bu prinsiplə hər bir şəxsin (subyektin) digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və öhdəliklərin tərəfi (subyekti) olduğu vurğulanır. Bunun məntiqi nəticəsi olaraq Mülki Məcəllənin 1151.1-ci maddəsində vəfat edən fiziki şəxsdən qalan əmlakı ifadə edən miras əmlak müddəası da məhz bu mənada istifadə olunmuşdur. Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Tərəflərin birgə nikahı dövründə Cavabdeh və X7 arasında xx.xx.2019-cu il tarixli, 32 233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 792/2019 nömrəli və xx.xx.2021-ci il tarixli, 58 562/2021 nömrəli nisyə alğı-satqı müqavilələri bağlanmışdır. Həmin alğı-satqı müqavilələrinə əsasən, X37, Döşək Softline 1.60 x 200, X38, Fenomen Sandalye, Sehpa Naxışlı, X43, Yığılma Şifoner, Şifoner, X41, Rolex 1 Koltuk, Yumru Puf, Tv Samsung QE55Q67RAUXRU, X42 X44, Kalonka JBL Portable Speaker TG503, Euroluxe MV023-84 VSD və Fakir NW70200 markalı mikrodalğalı sobalar Cavabdeh satılmışdır. xx.xx.2022-ci il tarixdən (tərəflərin ailə münasibətlərinə faktiki xitam verildiyi vaxt) xx.xx.2024-cü il tarixinədək vətəndaş Cavabdeh tərəfindən mağazaya ümumilikdə 4717 manat ödəniş olunmuşdur. Bundan əlavə, 200 manat olmaqla, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ümumilikdə 400 manat daha ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixə vətəndaş Cavabdeh adında ödənişi icra olunmamış 13634 manat kredit borcu qalmışdır. Qeyd edilən nisyə alğı-satqı müqavilələri üzrə yaranmış borcun ər-arvadın ümumi borcu kimi qəbul edilməsi üçün bir neçə şərtin eyni anda mövcudluğu tələb olunur. Bu şərtlər sırasına müvafiq nisyə alğı-satqı müqavilələrinin tərəflərin birgə nikahı dövründə əldə edilmiş olması və həmin müqavilələr üzrə əldə edilmiş konkret predmetlərin ailənin ehtiyaclarının ödənilməsinə yönədilməsi aid edilir. Sübuetmənin mərhələləri baxımından müvafiq nisyə alğı-satqı müqavilələrinin tərəflərin birgə nikahı dövründə bağlanmış olması və müqavilələrin məhz ailənin ehtiyaclarının qarşılanması məqsədilə bağlanması ardıcıl olaraq sübuta yetirildikdə iddianın təmin edilməsi üçün qanuni şərait yaranmış olacaqdır. Göründüyü kimi, hər dörd alğı-satqı müqaviləsi tərəflərin birgə nikahı dövründə, hətta tərəflərin birgə nikahda olsalar da, ailə münasibətlərinə faktiki xitam vermədikləri və birgə yaşadıqları dövrdə bağlanmışdır. Yuxarıda qeyd edilən nisyə alğı-satqı müqavilələri üzrə tərəflərin ailə münasibətlərinə faktiki xitam verildikdən sonra müqavilə tərəfi olan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 5117 manat məbləğində ödəniş icra edilmiş, nisyə alğı-satqı müqavilələri üzrə 13634 manat məbləğində qalıq borc qalmışdır. İlk iddia üzrə iddiaçı əvvəlcə həmin nisyə alğı-satqı müqavilələri əsasında əldə edilmiş daşınar əşyalardan məlumatlı olmadığını, həmin əşyalardan ümumiyyətlə istifadə etmədiyini bildirsə də, xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə baxış iclasında daşınar əşyaların əldə edilmə faktını etiraf etmişdir (xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasının video-audio yazısının 07:15 – 07:20-ci dəqiqələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən,tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Bundan əlavə, ilk iddia üzrə iddiaçının qeyd edilən faktın etirafının məhz prosessual hüquq və vəzifələrinin izahından sonra, yəni qarşılıqlı iddia tələbində qeyd edilən əşyaların alınması ilə bağlı nisyə alğı-satqı müqavilələrindən irəli gələn öhdəliklərin ümumi əmlakdakı paya uyğun hissəsinin ondan tutulması, həmçinin faktiki qalıq öhdəlikdə payının təsbit edilməsi kimi göstərişlərin hazırkı məhkəmə prosesində müəyyən edilməsinin sonradan həmin əşyaların birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsinə və həmin əşyaların gələcəkdə digər məhkəmə icraatı qaydasında bölgüsünü tələb etmək hüququnun yaranmasına işarə etdiyini izah etdikdən sonra edilməsi işin hallarının gizlədilməsi məqsədi daşımadığına, tərəflərin hüquq və vəzifələrinə tam uyğun olduğuna dəlalət edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 6.39-cu bəndinə əsasən, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin, kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Bu hissədə nəzərə alınmalıdır ki, ailə qanunvericiliyi yalnız ərin və ya arvadın iştirak etdiyi bu və ya digər öhdəlik hüquq münasibətləri üzrə nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi qaydada pozulduqdan sonra kreditor qarşısında icra edilmiş öhdəliyin ümumi öhdəlikdəki paya uyğun olan hissəsinin ərdən və ya arvaddan tutulması imkanını təsbit edir. Həmçinin, bu zaman öhdəliyin qismən və ya tamamilə icra edilməsi mübahisənin qanuni və əsaslı həlli üçün hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Sözügedən imperativ göstəriş, ümumi öhdəliyin ər-arvaddan biri tərəfindən mümkün icrası (tam və ya qismən) halında, digər tərəfin (öhdəliyin iştirakçısı olmayan ər və ya arvad) məsuliyyətdən yayınmasının qarşısını almaqla, nikah münasibətlərinə faktiki və ya rəsmi qaydada xitam verilsə də, ailə birliyindən irəli gələn öhdəliklərin birgə icrasınının mümkünlüyünü şərtləndirir. Qarşılıqlı iddia tələbinin faktiki əsası kimi istinad edilən nisyə alğı-satqı müqavilələri üzrə əldə edilən daşınar əşyaların ər-arvadın birgə nikahı dövründə ailənin ehtiyaclarının təmin edilməsi məqsədilə alınması öz təsdiqini tapdığından, həmin nisyə alğı-satqı müqavilələrindən irəli gələn öhdəliklər ər-arvadın ümumi öhdəlikləri kimi qəbul edilməli və həmin öhdəliklərin doğurduğu hüquqi nəticələr hər iki tərəfə bərabər həcmdə, yəni ½ hissədə aid edilməlidir. Belə olan halda, xx.xx.2019-cu il tarixli, 32 233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 792/2019 nömrəli və xx.xx.2021-ci il tarixli, 58 562/2021 nömrəli nisyə alğı-satqı müqavilələri üzrə tərəflərin faktiki nikah münasibətlərinə xitam verildikdən sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ayrıca əmlakı hesabına icra edilmiş ümumilikdə 5117 manat məbləğində pul vəsaitinin ½ hissəsi, yəni 2558.5 manat məbləğində pul vəsaiti ilk iddia üzrə iddiaçıdan tutularaq qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin, həmin nisyə alğısatqı müqavilələr üzrə ödənilməmiş qalıq borcun 13634 manat təşkil etməsi nəzərə alındığı təqdirdə, həmin məbləğin ½ hissəsi üzərində ilk iddia üzrə iddiaçının payı təsbit edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır. İlk iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 40 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya, ödənilməmiş 155 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş bir digər mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Qarşılıqlı iddia tələbi tam təmin edildiyindən, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qiymətləndirmə aktından görünür ki, birinci qiymətləndirici təşkilat tərəfindən həyata keçirilən qiymətləndirmə fəaliyyətinin xidmət haqqı tam şəkildə ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda, ödənilmiş xidmət haqqının iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 310.62 manat hissəsi ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş qiymətləndirmə aktından görünür ki, ikinci qiymətləndirici təşkilat tərəfindən həyata keçirilən qiymətləndirmə fəaliyyətinin xidmət haqqı 300 manat məbləğində müəyyən edilmiş və ödənilməmişdir. Belə olan halda, ödənilməmiş 300 manat məbləğində xidmət haqqı da ilk iddia üzrə cavabdehdən tutularaq qiymətləndirmə fəaliyyətini həyata keçirən hüquqi şəxsin xeyrinə ödənilməlidir Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında yerləşən fərdi yaşayış evinin əldə edilməsinə çəkilən ümumilikdə 70000 manat məbləğində xərclərin ½ hissəsi, yəni 35000 manat məbləğində pul vəsaiti, ödənilmiş 40 manat məbləğində dövlət rüsumu və yazılı mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilmiş xidmət haqqının iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 310.62 manat məbləği tutularaq İddiaçı xeyrinə ödənilməli, yazılı mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilməmiş 300 manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı 2558.5 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh xeyrinə ödənilməli, Cavabdeh və X7 arasında bağlanan nisyə alğı-satqı müqavilələri üzrə qalıq 13634 manat məbləğində öhdəlikdə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu 1 ünvanında yerləşən fərdi yaşayış evinin əldə edilməsinə çəkilən ümumilikdə 70000 manat məbləğində xərclərin ½ hissəsi, yəni 35000 (otuz beş min) manat məbləğində pul vəsaiti, ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu və yazılı mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilmiş xidmət haqqının iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 310.62 (üç yüz on manat altmış iki qəpik) manat məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Yazılı mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilməmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə (VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov fillialı, Bank VÖENİ: **********,M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: İBAZAZ2X) ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı 2558.5 (iki min beş yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh xeyrinə ödənilsin. Cavabdeh və X7 arasında bağlanan nisyə alğı-satqı müqavilələri üzrə qalıq 13634 (on üç min altı yüz otuz dörd) manat məbləğində öhdəlikdə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-157/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-157/2025
10.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver