Məhkəmə qərarları › İş №2(010)-1572/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1572/2022

20.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1572/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Qarşılıqlı iddia üzrə cavabdeh X3 etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X7 qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 104 saylı mənzilin cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri - həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh3, oğlu Cavabdeh4 tərəfindən boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 210 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ünvan 1, mənzil 104 ünvanında yerləşən mənzildə aparılmış təmir-tikinti işləri zamanı xərclənən 17,542.00 (on yeddi min beş yüz qırx iki) manat pulun, məhkəməyə ödənilmiş 144.00 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun cavabdehlər X10 və İddiaçı tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 noyabr 2021-ci il tarixdə satıcı X3 xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 104 ünvanında yerləşən iki otaqlı mənzili 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş AN-İ №1002050 nömrəli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Bundan sonra alğı-satqı sənədlərinə əsasən həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 22 noyabr 2020-ci il tarixdə onun adına qeydiyyata alınmış və ********** nömrəli Çıxarış verilmişdir. Sözügedən mənzili alğı-satqı edən zaman mənzilin boş olubolmamasını Əsəd Nəsibovdan soruşmuş və sonuncu ona narahat olmamasını, evdə onun keçmiş qonşusunun oğlunun ailəsi ilə birlikdə yaşamasını, sonunculara mənzilin satıldığı barədə məlumat verdiyini, onların mənzili tezliklə boşaldacaqlarını bildirmişdir. Bir müddət keçdikdən sonra Əsəd Nəsibovla birlikdə, mənzildə yaşayan Cavabdeh1 və onun ailə üzvləri olan digər cavabdehlərə mənzilin onun tərəfindən alındığını bildirmiş və mənzilin boşaldılması üçün onlara vaxt vermişdir. Lakin ötən dövr ərzində cavabdehlər mənzili boşaltmamış və ataları tərəfindən onlara ev alındıqdan sonra mənzili boşaldacaqlarını bildirmişlər. Sonuncuların hərəkətlərinin qanunsuz olduğunu dəfələrlə bildirsə də, buna məhəl qoymamışdır. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onun konstitusion hüquqları pozulur, mənzilinə köçüb yaşaya bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçıların iddia tələbindən də göründüyü kimi sonuncuların iddia tələbi mənzilin təmirinə çəkilmiş xərclə bağlıdır və həmin xərcin mənzilin alğı-satqısına qədər çəkildiyi bildirilmişdir. Buna görə də həmin tələb ona qarşı qaldırıla bilməz. Eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh X10 ilkin iddia üzrə iddiaçı deyil, ona görə də bu işdə cavabdeh ola bilməz. Bu səbəbdən də onların bu iddiası ilkin iddia tələbi ilə eyni icraatda baxıla bilməz. Bununla yanaşı X10 bildirmişdir ki, cavabdehlər mənzildə hər hansı təmir işləri aparmamış, aparmalı olduqları halda ona məlumat verərdilər. Qarşılıqlı iddia ərizəsinin məzmunundan da göründüyü kimi cavabdehlər mənzili 2013-cü ilədək, yəni 9 il bundan əvvəl təmir etdiklərini və təmirdən sonra mənzildə yaşadıqlarını bildirmişlər. Cavabdehlərin iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən də göründüyü kimi sözügedən mənzilin heç vaxt onlara aid olmadıqlarını bilmişlər və mənzilin adlarına rəsmiləşdirilməsi ilə bağlı hər hansı təşəbbüsləri də olmamışdır. Buradan da belə nəticəyə gəlinir ki, onlar özlərinə məxsus olmayan mənzildə təqdim edilmiş təmir-tikinti işləri üzrə məlumat cədvəlində göstərilən işləri aparmamışlar. Qeyd olunan hallara əsasən, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi(vəkili) Vəkil1 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixdə birgə nikaha daxil olaraq Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 104 saylı mənzilə köçmüşlər. Göstərilən mənzil Cavabdeh1 valideynləri tərəfindən onlara verilmiş və hazırki iş üzrə cavabdeh X10 ilə razılıq əldə olunduğu və mənzilin dəyərinin ödənilməsi şərtilə alındığı bildirilmişdir. Bundan sonra mənzilin sahibi olduqlarını düşünərək mənzildə tam təmir işləri həyata keçirmiş və göstərilən mənzildə 2013-cü ildən etibarən yaşamağa başlamışlar. Bu müddət ərzində bütün kommunal ödənişlər (işıq, su, qaz, telefon və s.) onlar tərəfindən ödənilmiş, lakin qəbzlərdə mülkiyyətçi kimi X3 adı göstərilmişdir. İddiaçılarla cavabdeh X10 arasında mənzilin mülkiyyət hüquqlarının ötürülməsi ilə bağlı danışıqlarda isə, hər dəfə X10 heç bir problemin olmadığını, mənzilin sənəd üzərində ona aid olsa da, faktiki olaraq onlara aid olduğu bildirilmiş və sənədləşmə işini də tez bir zamanda həyata keçirəcəyinə söz vermişdir. Lakin, sonradan onların ünvanına Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə məhkəmə bildirişi gəlmiş və məlum olmuşdur ki, İddiaçı onlara qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırki iş üzrə digər cavabdeh X10 ilə İddiaçı arasında bağlanmış 20.11.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, mənzil sonuncuya satılmış və onun adına Dövlət Reyestrindən Çıxarış verilmişdir. Cavabdeh X10 iddiaçılara uzun müddət mənzilin onlara aid olmasını bildirmiş və 9 il ərzində mənzilə dair heç bir iddia irəli sürməmişdir. Daha sonra isə heç bir xəbərdarlıq etmədən faktiki olaraq onların öz uşaqları ilə birlikdə yaşadığı mənzili İddiaçı satmışdır. Onlar həmin mənzildə yaşadığı müddətdə evi faktiki olaraq öz şəxsi mülkləri hesab etdikləri üçün qeyd olunan mənzildə bir neçə dəfə təmir işləri aparmışlar. Məhkəmə mübahisəsi ortaya çıxdıqdan sonra iddiaçılar tərəfindən evə çəkilmiş təmir xərclərinin dəyərləndirilməsi ilə bağlı təmirtikinti işləri həyata keçirən "xxxx" MMC-nin mütəxəssisləri dəvət olunmuş və təqdim olunmuş rəyə əsasən ünvan 1, mənzil 104 ünvanında yerləşən mənzildə aparılan təmirtikinti işlərinin ümumi həcmi 17,542.00 (on yeddi min beş yüz qırx iki) manat məbləğində qiymətləndirilmişdir. ünvan 1, 104 saylı mənzilində aparılmış təmir işləri zamanı onlar tərəfindən xərclənmiş 17,542.00 (on yeddi min beş yüz qırx iki) manat məbləğində pul X10 və İddiaçı məhkəmə qaydasında tutularaq qaytarılmalıdır. Onlar mənzilin alındığını zənn edərək ora köçərkən, mənzil tam təmirsiz olmaqla istifadəyə yararsız vəziyyətdə olmuş, həmin mənzili təmir etdirməklə orada uzun müddət yaşamışlar. Eyni qayda üzrə, əsassız varlanmış şəxsə qarşı göstərilən tələb o zaman verilə bilər ki, əsassız varlanma obyekti onun sərəncamında olsun. Baxılan işdə isə təmir xərclərinin sərf olunduğu mənzil cavabdehlər X10 ilə İddiaçı arasında bağlanmış 20.11.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 22.11.2021-ci ildə İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdehlər arasında alğı-satqı müqaviləsi bağlanarkən onlar tərəfindən görülmüş yaxşılaşdırma işləri cavabdehlər X6 və İddiaçı qalmışdır. Ona görə də yaxşılaşdırma işlərinin dəyərinin, yəni 17,542.00 manat manat pulun ödənilməsi vəzifəsi cavabdehlərin üzərinə düşür. Qeyd olunanlara əsasən, ünvan 1, mənzil 104 ünvanında yerləşən mənzildə aparılmış təmir-tikinti işləri zamanı xərclənən 17,542.00 manat pulun, məhkəməyə ödənilmiş 144.00 manat məbləğində dövlət rüsumunun cavabdehlər X10 və İddiaçı tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi(vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsində qeyd olunan halları təsdiq edərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X3 etibarnamə əsasında nümayəndəsi X11 qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 1985-2008-ci illər ərzində sözügüdən mənzildə, ünvan 1, mənzil 104 ünvanında yaşayıblar. Həmin mənzil atası X3 xüsusi mülkiyyətində olmuşdur. Onlar 2008-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə köçmüşlər. 2008-2011-ci illər ərzində mənzildə başqa şəxslər yaşamış, bundan sonra oraya onun iş yoldaşı köçmüşdür. Mübahisəli mənzil boş qalmasın deyə atası Əsəd Nəsibov onu yaxın qonşusu Cavabdeh4 Əlizaman oğlunun müvəqqəti olaraq istifadəsinə vermişdir. Sonuncu isə həmin mənzilə oğlu, hazırki iş üzrə iddiaçı Cavabdeh1 köçürmüşdür. Cavabdeh1 2013-cü ildən həmin mənzildə yaşayır, bu müddət ərzində onlardan kirayə haqqı alınmayıb. Sonuncular mənzilə köçən zamanadək mənzil təmirli olmuş və onun iş yoldaşı tərəfindən müəyyən təmir işləri görülmüşdür. Cavabdeh1 öz vəsaiti hesabına orada heç bir təmir işi görməyibdir. Qeyd edilənləri nəzərə alaraq qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı, onun nümayəndəsi (vəkilinin), cavabdehlərin nümayəndəsi (vəkilinin) və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Cavabdeh4 Əlizaman oğlu ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun oğludur, digər cavabdeh Vəli Nəsibov isə əvvəllər yaxın qonşusu olmuşdur. X9 aralarında yaxın münasibət olduğuna görə sonuncu 2008-ci ildə mübahisəli mənzildən köçərkən mənzilə nəzarəti ona tapşırmışdır. O isə 2013-cü ildə oğlu Cavabdeh1 oraya köçürmüşdür. Evdə hər bir şərait olmasına baxmayaraq, Cavabdeh1 tərəfindən 2013-cü ildə evin divar kağızları və döşəməsi, 2014- 2015-ci illərdə qapıları və pəncərələri yenilənib. Evin döşəməsinin laminatla yenilənməsinə 1100 manat, qapı və pəncərənin dəyişdirilməsinə 1200 manat, ümumilikdə təxminən 4000 manat pul xərclənib. Oğlu Cavabdeh1 sözügedən evdə yaşadığı müddətdə kirayə haqqı ödəməyib, bunun əvəzində isə bəzi yeniləmə işləri görüb. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun oğludur, Vəli Nəsibov isə əvvəllər yaxın qonşusu olub. X9 aralarında yaxın münasibət olduğuna görə sonuncu 2008-ci ildə mübahisəli mənzildən köçərkən mənzili onların istifadəsinə vermişdir. Onlar 2013-cü ildə oğlu Cavabdeh1 oraya köçürmüşdür. Evdə hər bir şərait olmasına baxmayaraq, həyat yoldaşı Cavabdeh4 vəsaiti hesabına evin divar kağızları və döşəməsi, qapıları və pəncərələri yenilənib, lakin təmir üçün mülkiyyətçinin razılığı alınmayıb. Evin təmiri üçün təxminən 4000 manata qədər vəsait xərclənmişdir. Oğlu Cavabdeh1 sözügedən evdə yaşadığı müddətdə kirayə haqqı ödəməyib. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, mənzil 104 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, 20 noyabr 2021-ci il tarixli alğısatqı müqaviləsinin məzmunundan görünür ki, X10 ilə İddiaçı arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 104 saylı mənzilə dair alğısatqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan “AMİ X2 Layihə Birliyi” MMC tərəfindən verilmiş təmir tikinti işləri üzrə məlumat cədvəlinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 104 saylı mənzilin təmirinə ümumilikdə 17.542 manat pul xərclənmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, 2013-2021-ci il tarixləri ərzində Suraxanı rayon MKTB, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" MMC, ”Azəristiliktəchizat” ASC, ”BakıElektrikŞəbəkə” ASC, və Qaraçuxur Bələdiyyəsi hesabına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 104 saylı mənzilin müvafiq kommunal borcları ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Məhkəmə ilk iddiaya münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Beləliklə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə məhkəmə tərəfindən müəyyən olunub ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 104 saylı mənzil X3 xüsusi mülkiyyətində olmuşdur. Sonuncu 2008-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə köçmüşdür. Mübahisəli mənzil boş qalmasın deyə Ə.Nəsibov onu yaxın qonşusu Cavabdeh4 Əlizaman oğlunun müvəqqəti olaraq istifadəsinə vermişdir. Sonuncu isə həmin mənzilə oğlu, Cavabdeh1 köçürmüşdür. 20.11.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X10 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 104 saylı mənzili İddiaçı xüsusi mülkiyyətinə vermişdir. Cavabdeh1 ailə üzvləri ilə birgə 2013-cü ildən hazırki tarixədək həmin mənzildə yaşayır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək ilk iddiaya münasibətdə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 104 saylı mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqları mövcud olmadığından, mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına üçüncü şəxslərin müdaxiləsini aradan qaldırmaq üçün iddia tələbi qismən təmin olunmalı, Cavabdeh1 və onun ailə üzvləri - həyat yoldaşı Cavabdeh2, onların yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 104 saylı mənzilindən çıxarılmalı, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 210 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində ilk iddia tələbi təmin edilməməlidir. Belə ki, sözügedən ödənişin olunmasına dair hər hansı sübut iş materiallarından aşkar olunmur. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı qarşılıqlı iddia tələbi üzrə sübutetmə yükü, yəni, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 104 saylı mənzildə təmir-tikinti işlərinin qarşılıqlı iddiaçılar tərəfindən aparılması, təmir-tikinti işlərinə xərclənən vəsaitinin məhz onların hesabına ödənilməsi barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə qarşılıqlı iddiaçıların üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) mənzilin təmir xərcinin məhz qarşılıqlı iddiaçılar tərəfindən çəkilməsi barədə hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3, Cavabdeh4 ünvan 1, 104 saylı mənzilindən çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və X7 qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar