Məhkəmə qərarları › İş №2(010)-160/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-160/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-160/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank "BTB” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Məmmədova Sevı̇ nc Rı̇ zvan qızı və Cavabdeh6 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması və cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.02.2020-ci il tarixli, RP-00237-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 24.06.2021 -ci il tarixinə olan 60994.28 manat əsas borc, 13049.07 manat faiz borcu, 6967.3 manat dəbbə borcu, ümumilikdə 81010.65 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh X1 ilə bağlanan 28.02.2020-ci il tarixli, RPG-00237-14/20A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 0.035 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 tutulması, mənzilin boşaldılmasına və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 “istifadə hüququna xitam verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında 28.02.2020-ci il tarixli RP-00237-14/20A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 60994.28 (altmış min doqquz yüz doxsan dörd iyirmi səkkiz) manat məbləğində krediti illik 23 (iyirmi üç) faizlə 36 (otuz altı) ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermişdir. Kreditin təminatı qismində Cavabdeh1 20.11.2017-ci il tarixli DENG-00025-14/17A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan 0.035 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evini Bakı şəhərində bağlanmış 20.11.2017-ci il tarixli DEN- 00025-14/17A saylı kredit müqaviləsi üzrə borcalanm öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.11.2017-ci il tarixli DENG-00025-14/17A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. 28.02.2020-ci ildə Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında RPG-00237-14/20A saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. 28 fevral 2020-ci il tarixdə Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında RP-00237-14/20A saylı 21.12.2020-ci il tarixli kredit müqaviləsinə və RPG-00237-14/20A saylı 28.02.2020-ci il tarixli ipoteka müqaviləsinə 1 saylı əlavə saziş bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 24.06.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 60994.28 manat, faizlərin məbləği 13049.07 manat, dəbbə borcu 6967.3 manat təşkil edir. Beləliklə cavabdehin 24.06.2021-ci il tarixinə ümumi borcu 81010.65 manat təşkil edir. İddiaçı "xxxx" BTB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbi ilə qismən razı olduğunu bildirərək iş üzrə verilmiş qiymətləndirmə rəyi ilə razı olmadığını və yenidən ekspertiza keçirilməli olduğunu bildirdi. Etirazını onunla əsaslandırdı ki, həmin ərazidə analoji əmlakların dəyəri ilə hazırkı rəylə təyin edilən qiymət kəskin fərqlənir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Məmmədova Sevı̇ nc Rı̇ zvan qızı və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 28.02.2020-ci il tarixli RP-00237-14/20A nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank "BTB” ASC tərəfindən Cavabdeh1 illik 23 faizlə 36 ay müddətə 60994.28 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.12.2020-ci il tarixdə bağlanmış 28.02.2020-ci il tarixli RP- 00237-14/20A nömrəli Kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən, borcalana kreditin ödənilməsində 28 dekabr 2020-ci il tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyən edilmiş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 9 ay müddətinə - 28 noyabr 2023-cü il tarixinədək uzadılmışdır. İş materiallarında olan AR DƏDRX-nin 26.01.2008-ci il tarixli, qeydiyyat nömrəsi ********** çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 ədəd 2 mərtəbəli, 5 otaqlı, 76.4 kv.m yaşayış və qeyri yaşayış, 113.7 kv.m köməkçi hissədən ibarət 16/2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ uzrə Cavabdeh1 məxsusdur. İş materiallarında olan 28.02.2020 il tarixli, RPG-00237-14/20A saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26-01-2008-ci il tarixində, 47 nömrəli reyestr kitabında, 4218 nömrəli vərəqində, **********51-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, tam mülkiyyət hüququ ilə ipoteka qoyan Cavabdeh1 məxsus olan 0.035 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evi ipoteka saxlayan Bank BTB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 25.06.2021-ci il tarixli RİED 2021/3694 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 28.02.2020-ci il tarixli RP-00237-14/20A nömrəli kredit müqaviləsi üzrə 60994.28 manat əsas borc, 13049.07 manat faiz borcu, 6967.3 manat cərimə borcu olmaqla cəmi 81010.65 manat kredit borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 18.04.2022-ci il tarixli, PL/G-103/2022 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanlı fərdi yaşayış evinin hazırki bazar dəyəri 210.000 manat (iki yüz on min manat), likvid dəyəri isə 180.000 (yüz səksən min manat) təşkil edir. İş materiallarında olan 18 noyabr 2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qeydiyyatda olduqları Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.035 ha torpaq sahəsinin "xxxx" BTB ASC-yə ipotekaya qoyulmasına, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda həmin ferdi yaşayış evini qeyd-şərtsiz tərk edəcəklərinə razı olduqlarını bildirmişlər. İş materiallarında olan 26.02.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.035 ha torpaq sahəsinin "xxxx" BTB ASC-yə ipotekaya qoyulmasına, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda həmin ferdi yaşayış evini qeyd-şərtsiz tərk edəcəklərinə razı olduqlarını bildirmiş, qeyd olunan əmlakın ipotekası ilə təmin edilmiş əsas öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti gələcəkdə dəyişdiyi hallarda da bank qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərinin icrasının təmin olunması üçün həmin torpağın ipotekasına razılığını ifadə etmişlər. Məhkəmə iş üzrə qiymətləndirmə rəyini mötəbər sübut kimi qəbul edir. Cavabdehin rəyə etirazı ilə bağlı məhkəmə qeyd edir ki, rəydə ipoteka predmetinə qoyulmuş likvid dəyər ilə həmin ərazidə analoji əmlak qiymətləri arasında kəskin fərqin olması halı hər hansı sübutla müəyyən edilmir, bundan başqa cavabdeh tərəf etirazında formal mülahizələrə əsaslanır. Əlavə olaraq, cavabdeh tərəfin ipoteka predmetinin satış qiyməti ilə bağlı ipoteka saxlayanla razılığa gəlməyə, belə razılıq olmadığı təqdirdə isə satış qiyməti ilə bağlı dəlillərini əsaslandırmağa kifayət qədər zamanı olmuşdur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, BANK "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu kreditin təminatı şəklində qeyd olunan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmır, eyni zamanda qiymətləndirmənin nəticəsini də qəbul etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borca münasibətdə tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi 28.02.2020-ci il tarixli, RP-00237- 14/20A kredit müqaviləsi üzrə cərimə borcuna münasibətdə qismən əsaslıdır. Belə ki, iddia tələbində cavabdehin banka olan cərimə borcu 6967.3 manat olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, həmin borc məbləği azaldılaraq 1000 (min) manat məbləğində müəyyən olunmalıdır. AR MM-nin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi hissəsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Məhkəmə ipoteka predmetinin likvid dəyərinin 180.000 (yüz səksən min) manat qiymətləndirilməsi barədə hesabata əsaslanaraq hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanlı fərdi yaşayış evinin likvid dəyəri 180.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Ona görə də, məhkəmə hesab edir ki ,ipoteka predmeti olan daşınmaz əmlak müəyyən edilmiş likvid dəyərlə açıq hərracda satışa çıxarılmalı, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdehə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması hissəsində də əsaslıdır. Belə ki iş materiallarında olan notarial qaydada təsdiq olunmuş əqdlərdən görünür ki, tərəflər qeyd olunan bu məsələ barədə razılığa gəlmişlər. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi hissəsində əsassızdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan mülki qanunvericilik normalarından göründüyü kimi, ipoteka təminat vasitəsi olmaqla, kreditorun maddi mənafeyinin təmin edilməsi məqsədi daşıyır. Bu səbəbdən də iddiaçı tərəfindən cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsinin tələb edilməsi özü-özlüyündə iddiaçının (kreditorun) həmin fərdi yaşayış evi ilə bağlı mülkiyyət maraqlarının olması anlamına gəlir. Halbuki, iddiaçı (Kreditor) üçün ipoteka predmetinin hərraca çıxarılmasında məqsəd cavabdehə (borcluya) verdiyi borc məbləğinin faizləri ilə birlikdə qaytarılmasından ibarət olmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərin qeyd olunan fərdi yaşayış evinə istifadə hüquqlarının xitam verilməsi hissəsində əsassızdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 manat və iş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 500 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Bank "BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.02.2020-ci il tarixli, RP-00237-14/20 A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 iddiaçı BANK "BTB” ASC-nin xeyrinə 60994.28 manat əsas borc, 13049.07 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla ümumilikdə 75.043.35 manat məbləğində pul tutulsun. Tutma Cavabdeh1 məxsus ipoteka predmeti olan 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 16/2 saylı fərdi yaşayış evi açıq hərracda satılsın və kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin. İpoteka predmeti olan ünvan 1 saylı fərdi yaşayış evinin satışından əldə edilən vəsait kredit borcunu ödəməzsə kredit müqaviləsi üzrə qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulsun. İpoteka predmeti olan ünvan 1 saylı fərdi yaşayış evin likvid dəyəri 180.000 (yüz səksən min) manat müəyyən edilsin. Daşınmaz əmlakın açıq hərracda satılmasından əldə olunmuş vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan ünvan 1 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətində həmin fərdi yaşayış evi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Məmmədova Sevı̇ nc Rı̇ zvan qızı və Cavabdeh6 tərəfindən boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin . İş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 500 manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar