Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-164/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabbeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbinin direktoru X1 iştirakı ilə, İddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızının cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızı cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbin (direktor Həqiqət Şükürova) onunla bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “ b ” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilməsi barədə 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmrin ləğv edilməsi və onun Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin ingilis dili müəlliməsi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31.08.2000-ci il tarixdən Kəlbəcər rayonu 23 saylı tam orta məktəbdə müddətsiz müqavilə əsasında ingilis dili müəliliməsi işləmişdir. Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin (direktor Həqiqət Şükürova) 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilmişdir. Əmrdən çıxarış ona göndərilməmiş və bu barədə ona hər hansı bir formada xəbər verilməmişdir. Nümayəndə və vəkilin sorğusuna əsasən onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərdən çıxarışlar 18 iyun 2021-ci il tarixli məktubla 24 iyun 2021-ci il tarixdə məktəbin binasında onun nümayəndəsinə təqdim edilmişdir. Təqdim olunmuş əmrdən çıxarışlardan ona məlum olmuşdur ki, onunla olan müddətsiz müqaviləyə onun xəbəri olmadan 2017-ci il tarixdən xitam verilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. 15 sentyabr 2017-ci il tarixli 3 saylı əmrdən çıxarışda qeyd edilmişdir ki, Təhsil Şöbəsinin tapşırığına əsasən X5 ilə müddətli müqavilə bağlanmalı və 13 saat dərslə təmin edilməlidir. 14 iyun 2018-ci il tarixli 17 saylı əmrdən çıxarışda göstərilir ki, məktəbin ingilis dili müəllimi X5 ilə bağlanmış müddətli müqavilənin vaxtı bitdiyi üçün əmək müqaviləsinə xitam verilməlidir. 15 sentyabr 2018-ci il tarixli 23 saylı əmrdən çıxarışda göstərilir ki, məktəbdə ingilis dili dərslərinə ehtiyac olduğu üçün Təhsil Şöbəsinin tapşırığına əsasən X5 ilə yenidən müqavilə bağlanmışdır. 14 iyun 2019-cu il tarixli 11 saylı əmrdən çıxarışda göstərilir ki, məktəbin ingilis dili müəllimi X5 ikinci iş yeri olduğu üçün onunla bağlanmış müqaviləyə xitam verilməlidir. 16 sentyabr 2019-cu il tarixli 25 saylı əmrdən çıxarışda göstərilir ki, Rayon Təhsil Şöbəsinin tapşırığına əsasən X5 müddətli (iyunun 14) müqavilə ilə 17 saat dərslə təmin olunmalıdır. 16 iyun 2020-ci il tarixli 43 saylı əmrdən çıxarışda göstərilir ki, məktəbdə işləyən X5 müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən Əmək Məcəlləsinin 68 “b” bəndinə və 73-cü maddəsinə əsasən cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı 31.08.2000-ci il tarixdən Kəlbəcər rayonu 23 saylı tam orta məktəbdə müddətsiz müqavilə əsasında ingilis dili müəlliməsi işləmişdir. Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin (direktor Həqiqət Şükürova) 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilmişdir. Bununla əlaqədar olaraq Kəlbəcər rayon təhsil Şöbəsinə sorğu verilmiş və əmək müqaviləsi bildirişindən müəyyən olunmuşdur ki, Verdiyeva (Sədirova) İnci İdris qızı ilə əmək müqaviləsi 01.09.2000-ci il tarixdən müddətsiz bağlanmışdır. Həmin müəssisədə uzun müddət müddətsiz müqavilə əsasında işlədikdən sonra 15.09.2014-cü il tarixdə həmin müqavilə yenilənmiş və müddətli bağlanmışdır. Həmin müqavilədən iddiaçının məlumatı olmamışdır. Bundan sonrakı müqavilələr iddiaçı ilə müddətli bağlanmış və iddiaçının hüquqları pozulmuşdur. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbinin direktoru X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı uzun müddətdir ki, Kəlbəcər rayonu 23 saylı tam orta məktəbdə müddətsiz müqavilə əsasında ingilis dili müəlliməsi işləmişdir. Lakin 2014-cü ildən tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış və hər il həmin əmək müqaviləsi yenilənmişdir. Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbin (direktor Həqiqət Şükürova) 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmri ilə iddiaçı ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b ” bəndinə və 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün xitam verilmişdir. Hal-hazırda dərs saatı olmadığından iddiaçı ilə yeni əmək müqaviləsinin bağlanması qeyri-mümkündür. Bundan başqa iddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızı müddətsiz əmək müqaviləsi əsasında 104 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Verdiyeva (Sədirova) İnci İdris qızı ilə Kəlbəcər Rayon Təhsil Şöbəsi arasında 01.09.2000-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Verdiyeva (Sədirova) İnci İdris qızı ilə Kəlbəcər Rayon Təhsil Şöbəsi arasında 15.09.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 15 sentyabr 2017-ci il tarixli, 3 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, Təhsil şöbəsinin tapşırığına əsasən X5 müddətli müqavilə bağlanmış və 13 saat dərslə təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 14 iyun 2018-ci il tarixli 17 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, X5 ilə bağlanmış müddətli müqavilənin vaxtı bitdiyi üçün müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 15 sentyabr 2018-ci il tarixli 23 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, ingilis dili dərslərinə ehtiyac olduğu üçün Təhsil Şöbəsinin tapşırığına əsasən X5 ilə yenidən müqavilə bağlanılmışdır. İş materiallarına əlavə olunmuş 14 iyun 2019-cu il tarixli 11 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, məktəbin ingilis dili müəllimi X5 ikinci iş yeri olduğu üçün onunla bağlanmış müqaviləyə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 16 sentyabr 2019-cu il tarixli 25 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, Rayon Təhsil Şöbəsinin tapşırığına əsasən X5 müddətli (iyunun 14) müqavilə ilə 17 saat dərslə təmin olunmuşdur. İş materiallarına əlavə olunmuş 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, müddətin bitməsi ilə bağlı olaraq X5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 104 saylı orta məktəb tərəfindən verilmiş 02.03.2022ci il tarixli 493 saylı məlumatdan müəyyən olunur ki, Verdiyeva (Sədirova) İnci İdris qızı həqiqətən 01.09.2000-ci il tarixdən Bakı şəhəri N. Rəfiyev adına 104№li orta məktəbə ingilis dili müəllimi qəbul edilmiş və hal-hazıra kimi ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin b) əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən əmək müqaviləsinə xitam verilir. Bu Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Verdiyeva (Sədirova) İnci İdris qızı 01.09.2000-ci il tarixdən Kəlbəcər rayonu 23 saylı tam orta məktəbdə müddətsiz müqavilə bağlanmaqla işə qəbul edilmişdir. 15.09.2014-cü il tarixdə Verdiyeva (Sədirova) İnci İdris qızı ilə Kəlbəcər Rayon Təhsil Şöbəsi arasında müddətli əmək müqaviləsi bağlanmışdır. 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi ilə bağlı Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin əmrinin əsassız olduğundan ləğv edilməli olduğunu iddia edir. Məhkəmə hesab edir ki, iddiaçı işəgötürənlə əmək müqaviləsi bağlanarkən müddətli əmək müqaviləsinin bağlandığını bilirdi, belə ki, hər il əmək müqaviləsi yenilənmiş, əmək müqaviləsinə əsasən iş saatının müddəti və əmək haqqının miqdarı ilə razılaşmış və həmin müqavilənin bağlanılması tərəflərin iradə ifadəsinə bağlı olmuşdur. Təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, Verdiyeva (Sədirova) İnci İdris qızı işdən azad olunarkən əmək qanunvericiliyin tələbləri pozulmadığından iddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızının cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbə qarşı onunla bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilməsi barədə 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmrin ləğv edilməsi və onun Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin ingilis dili müəlliməsi vəzifəsinə bərpa edilməsi barədə iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikasının Qanununa görə, işə bərpa tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızının cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbə qarşı onunla bağladığı əmək müqaviləsinə xitam verilməsi barədə 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmrin ləğv edilməsi və onun Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin ingilis dili müəlliməsi vəzifəsinə bərpa edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-164/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-164/2022
30.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver