Məhkəmə qərarları › İş №2(010)-165/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-165/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-165/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 22 dekabr 2009-cu il tarixli 157-09/İ saylı kredit müqaviləsinin ləğvi, cavabdehdən 32211,37 manat əsas borcun, 2476,16 manat faiz borcunun, 4952,32 manat dəbbə pulunun, bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 39711,27 manat tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, A-B massivi, 50v nömrəli evin, 17 saylı mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdehin və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına ASC-yə 39711,27 manat məbləğin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 22 dekabr 2009-cu il tarixində 157-09/İ saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, A-B massivi, 50v nömrəli evin, 17 saylı mənzilinin alınması məqsədi ilə 300 ay müddətinə, illik 8 faiz olmaqla 40000 manat məbləğində kredit verilmişdir. 157-09/İ saylı kredit müqaviləsinin təminatı kimi 24 dekabr 2009-cu il tarixində 157-09/İ saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 50v nömrəli evin, 17 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Lakin 157-09/İ saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. Belə ki, M/03-5664 saylı, 26 iyul 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh 26 iyul 2021-ci il tarixinə İddiaçı ASC-yə cəmi borcu 39639,85 manat (əsas borcu 32211,37 manat, faiz borcu 2476,16 manat, dəbbə pulu 4952,32 manat) təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsini və yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor (İddiaçı ASC) və Borcalan (Cavabdeh) arasında bağlanmış 22 dekabr 2009cu il tarixli, 157-09/İ saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Kreditor Borcalana 300 ay müddətinə, illik 8%-lə 40000 manat məbləğində kredit verməyi, Borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Kreditor – İpoteka saxlayan (İddiaçı ASC), Alıcı-İpoteka qoyan (Cavabdeh) və Satıcı (X1) arasında bağlanmış 24.12.2009-cu il tarixli, 157-09/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Satıcının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 50v ünvanında yerləşən 17 saylı mənzil Alıcı-İpoteka qoyanın mülkiyyətinə verilmişdir. Mənzilin satış qiyməti 50000 manatdır, mənzilin dəyərinin 10000 manatı Alıcı-İpoteka qoyan tərəfindən, 40000 manatı isə Kreditor-İpteka saxlayan tərəfindən 22.12.2009-cu il tarixli, 157-09/İ saylı kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 22.12.2009-cu il tarixli, 157-09/İ nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kreditin məbləği: 40000 manat; Kreditin qaytarılma tarixi: Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı-İpoteka qoyana faktiki təqdim edildiyi tarixdən 25 il müddətinə, 22.12.2034-cü il tarixinədək. Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi: 8%. Kredit üzrə əsas və faiz borclar hər növbəti ayın 5-dək aylıq 308.73 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 22.12.2009-cu il tarixli, 157-09/İ nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq ödənilə bilər. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 07.06.2021-ci il və 30.06.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərdən görünür ki, borc vaxtında ödənilmədiyinə görə ipoteka predmetinə tutma yönəldilməyə başlanılması ilə bağlı borcluya məlumat verilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 07.06.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bank tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə borcluya məlumat verilərək, borc ödənməyəcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərlıq edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 22 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 14 fevral 2022-ci il tarixinə ASC-yə cəmi borcu 29920.99 manat (əsas borcu üzrə 29663.74 manat, faiz borcu üzrə 171.50 manat, dəbbə pulu 4952,32 manat) təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 19.10.2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzilin 19 oktyabr 2021-ci il tarixə olan bazar dəyəri 98000 (doxsan səkkiz min) manat, likvid dəyəri isə 83500 (səksən üç min beş yüz) manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Kreditor – İpoteka saxlayan (İddiaçı ASC), Alıcı-İpoteka qoyan (Cavabdeh) və Satıcı (X1) arasında bağlanmış 24.12.2009-cu il tarixli, 157-09/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, Satıcının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 50v ünvanında yerləşən 17 saylı mənzil Alıcı-İpoteka qoyanın mülkiyyətinə verilmişdir. Mənzilin satış qiyməti 50000 manat olmaqla, bu məbləğin 10000 manatının Alıcı-İpoteka qoyan tərəfindən, 40000 manatının isə Kreditor-İpteka saxlayan tərəfindən 22.12.2009-cu il tarixli, 157-09/İ saylı kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. Alıcı-İpoteka qoyan satılan mənzili onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 22.12.2009-cu il tarixli, 157-09/İ nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor- İpoteka saxlayana ipoteka qoymuşdur. Beləliklə, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 22.12.2009-cu il tarixli kredit müqaviləsi üzrə Bank tərəfindən Borcalana verilmiş kreditin məbləği 40000 manat; müddəti 25 il, 22.12.2034-cü il tarixinədək, illik faiz dərəcəsi 8% olmaqla müəyyən edilmişdir. Kredit üzrə əsas və faiz borcların aylıq 308.73 manat məbləğində bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. Lakin Borcalan Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinə əməl etməyərək, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuş, aylıq ödənişləri lazımınca ödəməmişdir. Bundan sonra iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyi lazımınca icra etməmiş (məsələn, 2020-ci ildə cəmi iki dəfə ödəniş etmiş), nəticədə iddiaçı Banka borcu yaranmışdır ki, iddiaçı da haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tələb edilən borcun məbləği ilə razılaşmır. Belə ki, iddia tələbində iddiaçıdan 32211.37 manat əsas, 2476.16 manat faiz borcu tələb edildiyi göstərilsə də iddiaçı Bank tərəfindən təqdim edilmiş müqavilə üzrə edilmiş bütün ödənişləri, bu ödənişlərin nə qədərin əsas, nə qədərinin faiz borcundan çıxıldığını və nəhayət 14.02.2022-ci il tarixə nə qədər borc qaldığını göstərən arayışdan görünür ki, hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən sonra müqavilə üzrə bir sıra ödənişlər edilmiş və nəticədə müqavilə üzrə 14.02.2022-ci il tarixinə borc əsas borc üzrə 29663.74 manat, faiz borcu üzrə 171.50 manat məbləğində təşkil etmişdir. Buna baxmayaraq, iddiaçı Bank əsas və faiz borcunun məbləğinə münasibətdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə iddianın bu hissədə qismən – müqavilə üzrə borcalanın (cavabdehin) cari borcunu göstərən arayışa uyğun olaraq, əsas borc üzrə 29663.74 manat, faiz borcu üzrə 171.50 manat olmaqla, təmin edilməsi nəticəsinə gəlir. Tələb edilən dəbbə pulu ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulunun məbləği (4952.32 manat) borcun ödənilməsi ilə bağlı öhdəliyin icrasının təmini baxımından tənasübsüz surətdə yüksək məbləğdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilən normaların tələblərini nəzərə alaraq cərimə məbləğinin 1400 manat məbləğində (dəbbə pulu ilə bağlı formalaşmış məhkəmə praktikasına uyğun olaraq, əsas borcun 5%-i həcmində) müəyyən ediməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 22.12.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməyən Cavabdeh 29663.74 manat əsas borc, 171.50 manat faiz borcu, 1400 manat cərimə olmaqla, cəmi 31235.24 manat (otuz bir min iki yüz otuz beş manat iyirmi dörd qəpik) məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Həmçinin, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, tərəflər arasında ipoteka müqaviləsi 2009-cu ildə bağlanmışdır və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3-cü maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbi ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə alınmış qiymətləndirici-mütəxəsis rəyində ipoteka predmeti olan mənzilin həm bazar, həm də likvid qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti əmlakın likvid qiymətinə uyğun olaraq 83500 (səksən üç min beş yüz) manat məbləğində müəyyən edilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə tutulacaq borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, əksinə artıq vəsait qalarsa, həmin məbləğ cavabdehə qaytarılmalıdır. İpoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehin mənzildən çıxarılaraq mənzilin boşaldılması hissəsində məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı işdən görünür ki, mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur və bu səbəbdən iddiaçı Bank mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı Bank yalnız cavabdehin yox, onunla birlikdə yaşayanların da əmlakdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə isə hesab edir ki, iddia bu hissədə yalnız iş üzrə cavabdehə münasibətdə təmin edilə bilər. İlk növbədə, ona görə ki, iddia tələbində yalnız “cavabdehlə birlikdə bu mənzildə yaşayan” qeyri-müəyyən şəxslərin çıxarılması tələb edilmişdir. Halbuki, ümumiyyətlə, iş materiallarından bu mənzildə cavabdehdən başqa yaşayanların olub-olmadığı məlum olmur. İddiaçı nəzərə almalıdır ki, əgər mənzildə yaşayan başqa şəxslərin də mənzil satıldıqdan sonra mənzildən çıxarılmasını tələb edirsə, ilk növbədə həmin şəxslərin konkret adını qeyd etməli və onları da iddia ərizəsində cavabdeh kimi göstərməlidir. Belə ki, iddia tələbində bu şəxslərin də mənzildən çıxarılmasının tələb edilməsi həmin şəxslərə qarşı da tələbin yönəldilməsi deməkdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Odur ki, bu hissədə iddia yalnız Cavabdeh münasibətdə təmin edilə bilər. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh iddiaçı Bankın xeyrinə tutulmalıdır. Bundan başqa, iş üzrə verilmiş mütəxəssis rəyi üçün 400 manat xidmət haqqı İddiaçı ASC tərəfindən ödənildiyindən (mütəxəssis rəyində bu barədə qeyd edilmişdir) həmin pul da məhkəmə xərci kimi cavabdehdən iddianın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22.12.2009-cu il tarixli kredit müqaviləsi üzrə 29663.74 manat əsas borc, 171.50 manat faiz borcu, 1400 manat cərimə olmaqla, cəmi 31235.24 manat (otuz bir min iki yüz otuz beş manat iyirmi dörd qəpik) məbləğində pul, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 83500 (səksən üç min beş yüz) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə yuxarıda qeyd edilmiş borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalı, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh tərəfindən mənzil boşaldılaraq, mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 22.12.2009-cu il tarixli kredit müqaviləsi üzrə 29663.74 manat əsas borc, 171.50 manat faiz borcu, 1400 manat cərimə olmaqla, cəmi 31235.24 manat (otuz bir min iki yüz otuz beş manat iyirmi dörd qəpik) məbləğində pul, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 83500 (səksən üç min beş yüz) manat məbləğində müəyyən edilməklə mənzil həmin qiymətlə açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə mövcud borc həcmində ödəniş edilsin. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılsın. Tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh tərəfindən mənzil boşaldılaraq, mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətininə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar