Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1687/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi
1. İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 və Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən, ünvan 2 onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzilə 2022-ci ildə çıxarış alsa da, xx.xx.1984-cü ildən həmin evdə yaşamış, qeyd edilən mənzil mərhum həyat yoldaşına işlədiyi müəssisə tərəfindən işlədiyi dövr ərzində istifadəyə verilmişdir. Sonradan məhkəməyə müraciət edərək məhkəmə qərarı ilə mənzilə çıxarış almışlar. Cavabdehlər Cavabdeh1 onun qızı, Cavabdeh2 isə onun oğludur. Cavabdehlər xeyli vaxtdır ki, həmin ünvanda yaşamırlar, qeydiyyatları formal xarakter daşıyır. Buna görə də məhkəmədə iddia qaldıraraq onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş və Suraxanı Rayon Məhkəməsi iddianı təmin etmişdir. Hal-hazırda bu iddianı qaldırmağının səbəbi onları vərəsəlik hüququndan məhrum etməkdir. Belə ki, Cavabdeh2 və Cavabdeh1 həmişə problemli övladlar olmuş, başını aşağı salmışlar. Cavabdeh2 heç bir zaman ona ana kimi hörmət etməmiş, hər zaman pis davranmış, hətta mübahisə zamanı onun qollarını tutmuş, yoldaşı isə kasanı dəfələrlə onun başına çırpmışdır. Həmin zədələr hələ də başında qalmaqdadır. Cavabdeh1 heç bir zaman ailədə yaşayış qaydalarına əməl etməmiş, gec saatlara qədər evə gəlməmiş, hara gəlib hara getdiyini söyləməmişdir. Buna görə də həmişə onun ucbatından evdə dava düşmüşdür. Bundan sonra isə bir nəfər oğlana qoşularaq qaçmış, onları qohum-qonşu üzünə baxa bilməyəcək hala salmışdır. Yoldaşı da hər iki övladının davranışlarından stressə düşmüş, uzun müddət stressdən sonra xərçəng tutmuş və vəfat etmişdir. İndi isə həmin anları o, təkrarən yaşayır. Belə ki, ona məxsus olan mənzil məhkəmə qərarı ilə sənədləşdirilsə də, hal-hazırda da oğlu həmin çıxarışın ləğv edilməsi üçün çalışır. Halbuki, qanun qayda ilə məhkəməyə müraciət edib sənəd almışlar. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında X5 iddia tələbini müdafiə edərək bildirdi ki, övladları ona zülm etmişlər. Hazırda isə oğlu ona məxsus mənzilə dair verilmiş qeydiyyat sənədinin ləğv edilməsi üçün inzibati məhkəmədə iddia qaldırmış, məqsədi isə onu evdən çölə atmaqdır. Ataları da bunların əlindən rəhmətə getmişdir. Cavabdehlərin heç biri valideyn qədri bilən övlad deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, ataları xərçəng xəstəsi olmuş və məhz bu xəstəlik səbəbindən rəhmətə getmişdir. Onun anasını evdən küçəyə atmaq kimi bir fikri olmayıb, ola da bilməz. Anası onu və ailəsini yaşadığı mənzilə pasport qeydiyyatından çıxarmaq istəyir. İddiaçının onun və oğlunun mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş, o da həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Belə ki, əgər mənzildən qeydiyyatdan çıxarılarlarsa, bu onlara problemlər yaradacaq. Çünki onun hazırda yaşadığı ev qanunsuz tikilidir. Mənzilə dair mülkiyyət sənədinin qanuniliyini inzibati məhkəmədə bu səbəbdən mübahisələndirir. Anasının məqsədi onları vərəsə kimi miras paydan mərhum etməkdir. Halbuki, mənzili artıq bacısı Gülnarəyə vəsiyyət edib. Onların həmin mənzilə dair heç bir əmlak iddiaları yoxdur. Sadəcə olaraq mənzildə qeydiyyatda qalmaq istəyirlər. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməyərək, anasının onun barəsində qeyd etdiklərinin yalan olduğunu, anasını çox sevdiyini, ona qarşı heç vaxt nalayiq hərəkətlər etmədiyini bildirdi. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.
İş materialları.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.50 kv.m olan mənzil üzərində tam mülkiyyət hüququ (xüsusi mülkiyyət) X4 məxsusdur.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3443/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 iddiaçı X4 məxsus ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir.
İşin faktiki halları.
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X2 övladlarıdır.
9. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı X2 mülkiyyətindədir.
10. Hazırda iddiaçı övladları olan cavabdehlərin onunla pis rəftar etdiyini iddia edərək, onların ləyaqətsiz vərəsə hesab edilməsini xahiş edir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... Maddə 1137. Ləyaqətsiz vərəsə Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1193. Mirasda məcburi pay anlayışı. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2011- ci il tarixli Qərarı.
“Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
14. İşin faktiki hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının doğma övladlarıdır. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı X2 mülkiyyətindədir və iddiaçı mənzilini qızı Nümayəndə vəsiyyət etmişdir.
15. İddiaçıa bundan əvvəl də məhkəməyə cavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3443/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 iddiaçı X4 məxsus ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. Bundan sonra cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında apellyasiya şikayəti vermiş, hazırda mülki iş Apellyasiya Məhkəməsinin icraatındadır.
16. İşin hallarından iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədinin cavabdehləri mülkiyyətində olan və digər övladına vəsiyyət etdiyi mənzilə məcburi pay hüququndan mərhum etmək olduğu aşkar görünür.
17. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respulikası Mülki Məcəlləsinin prinsiplərindən biri mülki hüquqların məhkəmə müdafiəsidir. Hər bir şəxs öz hüquqlarının, o cümlədən əmlak hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.
18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
20. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
22. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər.
23. Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir.
24. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.
26. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
27. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarından (§13) belə başa düşmək olur ki, hər nə qədər mülkiyyət hüququ toxunulmaz olsa da, mülkiyyət hüququnun qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırılması mümkündür və belə hallardan biri də mülkiyyətçinin öz əmlakı üzərinə sərancam vermək hüququndan istifadə edərək, əmlakını vəsiyyət etməklə onun üzərində sərancam verərkən, vəsiyyət olunan əmlakdan, mülkiyyətçinin iradəsindən asılı olmayaraq, vərəsələrə məcbur pay almaq hüququnun tanınması ilə məhdudlaşdırmasıdır. Lakin qanunvericilik mirasdan məcburi pay almaq hüququnu da mütləq və toxunulmaz huquq kimi tanımamış, qanunda nəzərdə tutulan hallarda həmin hüquqdan məhrum edilmənin mümkün olmasını nəzərdə tutmuşdur.
28. Belə ki, vərəsələrin qeyd olunan miras əmlakdan məcburi pay hüququndan mərhum edilməsi onların - miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi nəticəsində ləyaqətsiz vərəsə elan olunması yolu ilə yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
29. Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir
30. Bütün bu qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, iddiaçıvəsiyyət edən X2 cavabdehlər - övladları Cavabdeh1 və Cavabdeh2 qarşı onların ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır.
31. Odur ki, iddia təmin edilə bilməz.
Məhkəmə xərcləri.
32. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia rədd edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid ediməlidir.
Məhkəmənin gəldiyi nəticə.
33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid ediməlidir.
34. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva