Məhkəmə qərarları › İş №2(010)-17/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-17/2023

27.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-17/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı “X7 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı “X7 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 39 T 415954.72 m B 4473875.87 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC Suraxanı filialının AZ69A1İB**********0012467119 №-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “X7 Kompani S.A.” şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X7 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X7 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X7 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X7 Kompanı S.A. ” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, əməliyyat şirkətinin balansında olan 39 T 415954.72 m B 4473875.87 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təstiq edən sənəd təqdim etməmişdir. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi qəbul etməyərək bildirdi ki, iddiaçının iddiası qanunsuz və əsassızdır. Belə ki, o, həmin ünvanda fərdi ev tikmək üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir və Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cü il tarixli sərəncamı ilə ona fərdi yaşayış evi tikmək üçün Suraxanı qəsəbəsi, 4 mədən 290 saylı evin qarşısındakı yaşadığı 289 saylı evin sahəsinə bitişik olan səhədə 600 kvm torpaq sahəsi ayrılmışdır. Yəni tikdiyi ev özbaşına tikili deyil. Onun rəsmi sənədləri var və həmin sənədləri məhkəməyə təqdim etmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: “X7 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində «X7 Kompani S.A” şirkəti fəaliyyət göstərir. “X7 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları E.Heydərov, H.D.Hacıyev və D.V.Orucov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin nəzarətçiləri tərəfindən X7 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan ünvan 2 ünvanına baxış keçirilərkən Cavabdeh tərəfindən 100 kvadrat metr ölçüdə olan sahədə tikinti işləri aşkarlanmışdır. Qanunsuz tikintinin qarşısı qismən alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən “X7 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “X7 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş ünvan 4 ünvanında yerləşən dövlət mülkiyyətinə aid olan torpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən zəbt edilərək özbaşına tikinti işinin aparılmasının qarşısının aparılmasına köməklik göstərilməsi barədə 27 aprel 2020-ci il tarixli 311/AS nömrəli müraciətə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyində baxılmış, həmçinin Cavabdeh tərəfindən torpaq sahəsində özbaşına tikinti işinin aparılmasının qarşısının alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncamın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Suraxanı qəsəbəsi, 4-cü Mədən, 290 nömrəli evin qarşısındakı yaşadığı 289 nömrəli evin sahəsinə bitişik olan sahədə 600 km torpaq sahəsi fərdi ev tikintisi üçün ünvan 5 ünvanında yaşayan Cavabdeh mülkiyyətinə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı H.Abutalıbov tərəfindən təsdiq edilmiş cizginin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncam əsasında Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 290 nömrəli evin qarşısındakı sahədə istifadə olunan 600 kv.m. torpaq sahəsi vətəndaş Cavabdeh üçün nəzərdə tutulmuşdur. Torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” qərarında da öz əksini tapmışdır. Həmin qərara görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında “Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Qərarda qeyd olunur ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci səhifəsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarında hesab etmişdir ki, məhkəmə hazırkı işdə müşahidə edir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. (müqayisə edin Bagdonavicius and Others, cited above, § 102). Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. (ziddinə Kaminskas v. Lithuania, no. 44817/18, § 64, 4 August 2020). Əlavə olaraq, hazırkı iş kimi işlərdə mütənasiblik dövlət orqanlarının torpaq sahəsini nə kimi istifadə edəcəkləri ilə ayrılmaz bağlıdır. Hazırkı işdə nə Azneft məhkəmədə qaldırdığı iddiada, nə də Hökümət arqumentlərində torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili lazım olduğunu iddia etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh tərəfindən həmin ərazidə qanunsuz tikintinin aparıldığını qeyd edir. Cavabdeh tərəfindən təqdim edilmiş sərəncamdan görünür ki, qeyd olunan ərazidə ona fərdi yaşayış evinin tikintisinin aparılması üçün qanuni şəkildə icazə verilmişdir. Mübahisənin mahiyyəti cavabdehə məxsus fərdi yaşayış evinin bütünlüklə sökülməsindən və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasından ibarətdir. Sadalanan normaların tələblərindən göründüyü kimi, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Avropa İnsan hüquqları məhkəməsinin hüquqi mövqeyi baxımından, gözlənilən mülkiyyət hüququna müdaxilə “İnsan hüquqları və əsas azadlıqları haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. İstinad olunan normaya görə, hər bir fiziki və ya hüquqi şəxs onun mülkiyyətinə hörmət hüququna malikdir. Heç kəs ictimai maraqlardan və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlələrdən kənar əmlakından məhrum edilə bilməz. Konvensiyanın bu müddəası mahiyyətcə mülkiyyət hüququnun təminat altına alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, iddiaçı cavabdehə verilmiş torpaq sahəsi ilə bağlı Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş sərəncamı məhkəmə qaydasında mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, gözlənilən mülkiyyət (əmlak) və istifadə hüququnun toxunulmamazlığı üzrə onun mübahisələndirilməməsi hazırki iddianın ərz edilən əsaslarla müzakirəsini yolverilməz edir və bu iddianın müzakirəsi mümkünlüyü dövlət tərəfindən tanınan hüququnun ləğvi (və ya müvafiq kompensasiya verilməklə hüquqa xitam verilməsi) halında mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı «X7 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı – Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 39 T 415954.72 m B 4473875.87 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyinin istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar