Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-17/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs X3) “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı (üçüncü şəxs X3) “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı Bank "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixinə olan 252922 manat əsas borc, 40186.48 manat faiz borcu, 2845.48 manat dəbbə borcu, ümumilikdə 295953.96 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqının, Əmlak Məsələləri Dövlət Komitəsinə bildirişin qeydə alınması üçün ödənilmiş ümumilikdə 40 manat xidmət haqqı və dövlət rüsumunun Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2020-ci il tarixli, RPZG-00013-01/20A saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0.0592 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və həmin fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, 20% olmaqla, 252922 manat məbləğində kredit verilmişdir və Cavabdeh isə həmin kreditdən xx.xx.2020-ci il tarixli, RPZ-00003-01/20A saylı kredit müqaviləsinin bağlanması məqsədi ilə istifadə etməyi, onu 6 ay güzəşt müddəti daxil olmaqla, xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçı ilə RPZG-00013-01/20A saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ ilə özünə məxsus olan 0.0592 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evini Bank "xxxx" ASC-nin Sənaye filialı və Cavabdeh arasında Bakı şəhərində bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00003-01/20A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin Sənaye filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZG-00003-01/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASCdə ipoteka qoymuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 252922 manat, faizlərin məbləği 40186.48 manat, dəbbə borcu 2845.48 manat təşkil edir. Beləliklə, cavabdehin xx.xx.2021-ci il tarixə ümumi borcu 295953.96 manat təşkil edir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh və üçüncü şəxs X3 məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddia tələbini qəbul etmədiyini, ekspert rəyi ilə razı olmadıqlarını bildirmiş, xahişlərinin qətnamə qəbul edilərkən nəzərə alınmasını xahiş etmişlər.
İş materialları.
5. Bank "xxxx" ASC (Borcverən) və Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Borcverən” 252922 manat məbləğində krediti illik 20% olmaqla, 48 ay müddətinə “Borcalan”ın mülkiyyətinə verir, “Borcalan” isə həmin kreditdən məqsədi ilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla, xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür.
6. xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin xx.xx.2020 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 8421.61 manat (ilk 6 ay güzəşt müddəti tətbiq edilməklə, sonuncu ay 8421.84 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
7. Bank "xxxx" ASC (İpoteka saxlayan) və Cavabdeh (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZG-00013-01/20A nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə görə “İpoteka qoyan” xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A nömrəli kredit müqaviləsi üzrə “İpoteka qoyan”ın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixində 375 nömrəli reyestr kitabında, 35089 nömrəli vərəqində, **********45-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, 10739931 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0592 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evini “İpoteka saxlayan”a ipoteka qoyur.
8. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı Bank "xxxx" ASC-nin Sənaye fillialının kassasından 252.922 manat məbləğində pul vəsaiti Cavabdeh verilmişdir.
9. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh xx.xx.2021-ci il tarixə iddiaçı banka 252.922 manat əsas borc, 40186.48 manat faiz borcu və 2845.48 manat dəbbə borcu olmaqla, ümumilikdə 295953.96 manat məbləğində borcu vardır.
10. Bank "xxxx" ASC-nin Sənaye fillialı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, SNYF- 2021/561 nömrəli məktubdan görünür ki, Bank "xxxx" ASC-nin Sənaye fillialı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 nömrəli yataqxana ünvanında qeydiyyatda olan “Borcalan” və “İpoteka qoyan” Cavabdeh müqavilə üzrə borc öhdəliklərinin lazımınca icra edilməməsinə görə əsas borc, hesablanmış faizlərin və cərimə məbləğinin ödənilməsi tələbi ilə ödənişin ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixində, SNYF-2021/354 saylı bildiriş göndərildiyi qeyd edilmiş və bu bildirişin rəsmi şəkildə qeydiyyata alınması xahiş olunmuşdur.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bank "xxxx" ASC-nin ********** saylı, xx.xx.2021-ci il tarixli elektron müraciətinə əsasən, ünvan 4 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
12. Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyata alınmış heç kəs yoxdur.
13. X2 xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, birgə nikah dövründə əldə edilmiş əri – Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 6-cı döngə ünvanında yerləşən 12B fərdi yaşayış evinin və 0.0592 ha torpaq sahəsinin Bank "xxxx" ASC-yə (həmin Bankın “Sənaye” fillialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini öz imzası ilə təsdiq etmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 0.0592 ha olan torpaq sahəsi və ümumi sahəsi 453.2 m2 olan ünvan 4 ünvanında yerləşən mənzil Bank "xxxx" ASC-nin Sənaye filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 0.0592 ha olan torpaq sahəsi və ümumi sahəsi 453.2 m2 olan ünvan 4 ünvanında yerləşən mənzil Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.
16. “Səadət” Sarayı (Bakı Nikah Evi) tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 271460 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X4 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2230 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir.
17. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bank "xxxx" ASC tərəfindən borcalan və ipoteka qoyan Cavabdeh xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A saylı kredit müqaviləsi üzrə banka yaranmış borcun məbləği barədə məlumat verilmiş və həmin borc məbləğinin 2 gün müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.
18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə 42 nömrəli hesabatdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 6-cı döngədə yerləşən 12B saylı fərdi yaşayış evinin müqayisəli satışlar metodundan istifadə edilməklə xx.xx.2022-ci il tarixə dəyəri – bazar dəyəri – 580.800 manat; likvid dəyəri – 520.000 manat təşkil edir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/361 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh iddiaçı Bank "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixə olan borcu əsas borc üzrə 252922 manat, faiz borcu üzrə 37235.74 manat müəyyən edilmişdir. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2837 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s.) xx.xx.2020-ci il tarixli, RPZ-00013-01/20A saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixinə banka əsas borc üzrə 252.922 manat və faiz borcu üzrə 40186.50 manat məbləğində borcunun olması müəyyən edilir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6139-0/6270 nömrəli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan 0.0592 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 720000 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (720.000 – 10%) 648.000 manat məbləğində müəyyən edilir.
İşin faktiki halları.
22. Bank "xxxx" ASC (Borcverən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank tərəfindən Borcalana 48 ay müddətinə, illik 20% olmaqla, 252922 manat məbləğində kredit verilmiş, Borcalan həmin krediti müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
23. Bank "xxxx" ASC (İpoteka saxlayan) və Cavabdeh (İpoteka qoyan) arasında xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, tərəflər arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə ipoteka qoyana məxsus 0.0592 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 4 ünvanında yerləşən mənzil İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
Tətbiq edilən hüquq.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 282. Sonrakı girov. 282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. 282.2. Sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı.
Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2023-cü il tarixli, 02/2023 nömrəli qərardadı.
1. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.
2. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
29. Kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə ödənilməmiş borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.
30. Lakin tələb edilən borcun məbləği ilə məhkəmə qismən razılaşmır. Belə ki, iddiaçı Bank cavabdehdən 252922 manat məbləğində əsas borc və 40186.48 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı Bank tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli bildirişlə müraciət edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün onun Bank qarşısında 25292.22 manat məbləğində faiz borcu yaranmışdır və iki gün müddətində müqavilə üzrə ödənilməmiş əsas borc, faiz borcu və cərimə məbləğinin ödənilməsi tələb edilir.
31. Məhkəmə hesab edir ki, iddiaçı Bankın cavabdeh Borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam olaraq icrasını tələb etdiyi və borclunun bunu təmin etmədiyi andan artıq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Ona görə ki, iddiaçı Bank bununla kredit müqaviləsindən birtərəfli qaydada imtina etmiş sayılır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 26) istinad edilmiş qərarında qeyd edilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
33. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
34. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh Borcalandan icra edilməmiş öhdəliyin tam olaraq icra edilməsini tələb etdiyi və Borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir.
35. Konstitusiya Məhkəməsi Plenumun yuxarıda istinad edilmiş qərarında, həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qərarda o da qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
36. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı Bank Cavabdeh yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, Borcalanın müqavilə ləğv edildiyi ana olan faiz borcu 25292.22 manat məbləğində olsa da, iddiaçı Bank, müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 40186.48 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab edir ki, iddiaçı Bankın belə bir hüququ olmamış, onun cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən – 25292.22 manat həcmində təmin edilməlidir.
37. Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. (§ 26)
38. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bankın kredit müqaviləsindən imtina etdiyi xx.xx.2021-ci il tarixə qədər olan gecikdirilmiş annuitet ödənişlər (əsas və faiz borcu), yəni 252922 manat əsas borc və 25292.22 manat məbləğində faiz borcu tutularaq iddiaçı Banka ödənilməlidir.
39. Tələb edilən 2845.48 manat məbləğində cəriməyə münasibətdə məhkəmə qeyd edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа uyğun deyil və tənаsübsüz surətdə yüksək məbləğdir.
40. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Bu səbəbdən məhkəmə hesаb edir ki, cаvаbdehin öz öhdəliyini lаzımıncа yerinə yetirməməsində ifаdə оlunаn ümumi mаrаqlа onun mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 1000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun hesab oluna bilər.
41. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini də tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz.
42. Belə ki, iddiaçı Bank müqavilənin ləğvini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda) tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 26) istinad edilmiş qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Bu əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
43. İş materiallarından görünür ki, iddiaçı Bank bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2021-ci il tarixli bildirişlə cavabdehə müraciət etmiş, gecikdirilmiş borcun ödənilməyəcəyi təqdirdə müqavilənin ləğv ediləcəyi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Müqavilə, bu bildirişin göndərilməsindən sonra da lazımınca icra edilmədiyindən iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, bununla da tərəflər arasında bağlanmış kredit müqaviləsi artıq birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz.
44. Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozduğundan və mülkiyyətində olan 0.0592 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi bu müqavilə üzrə öhdəliklərin təminatı kimi iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən iddiaçı Bankın kredit müqaviləsi üzrə tələbi ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır.
45. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka predmetinin qiyməti ilə bağlı məsələ tərəflər arasında mübahisəli olduğundan, həmçinin ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi zəruri olduğundan məhkəmə tərəfindən həm qiymətləndirici mütəxəssisin rəyi alınmış, həm də məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydə ipoteka predmetinin bazar qiyməti 580800 manat, likvid qiyməti isə 520000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində həmin əmlakın bazar qiyməti 720000 manat, likvid qiyməti 648000 manat məbləğində müəyyən edilmişdir.
46. Göründüyü kimi, mütəxəssis rəyi və ekspert rəyində müəyyən edilmiş məbləğlər arasında əhəmiyyətli fərq mövcuddur. Bununla belə, məhkəmə, daşınmaz əmlak qiymətlərinin iləbəil artdığını və ekspert rəyinin mütəxəssis rəyindən bir ildən çox müddət sonrakı qiymətləri əks etdirdiyini nəzərə alaraq, əmlakın ilkin satış qiymətinin məhz ekspert rəyində müəyyən edilmiş likvid qiymətə uyğun olaraq 648000 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlir.
47. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 648000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına Bank "xxxx" ASC-yə olan borc həcmində ödəniş edilməlidir.
48. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı Bank iddia tələbində “ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması”nı ayrıca tələb kimi göstərsə də, məhkəmə bu tələbi iddia tələbi kimi qiymətləndirmir. Ona görə ki, artıq yuxarıda cavabdehin iddiaçı Banka olan borcunun ümumi qaydada ondan tutulması nəticəsinə gəlinmişdir. İpoteka predmeti olan əmlakın hərracdan hansı qiymətə satılacağı, bu satışdan əldə olunan vəsaitin borcun məbləğindən az, yaxud çox olacağı qətnamənin icrası ilə bağlı məsələlərdir. İstənilən halda məhkəmə, müvafiq borcun cavabdehdən tutulması nəticəsinə gəldiyindən bu qətnamə qanuni qüvvəsini alacağı təqdirdə qətnamə tam icra olunmalıdır. Bu səbəbdən ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulmasının qətnamədə xüsusi qeyd edilməsinə ehtiyac yoxdur.
49. Tələbin fərdi yaşayış evinin boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının yuxarıda (§ 27) istinad edilmiş qərardadında ortaya qoyulmuş mövqeyə uyğun olaraq, iş üzrə icraata həmin hissədə xitam verilməsinə dair qərardad qəbul edilmişdir.
Məhkəmə xərcləri.
50. Məhkəmə icraatı gedişində iki dəfə məhkəmə-mühasibatlıq, bir dəfə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli mühasibatlıq ekspertizasının xərci 145 manat, xx.xx.2022-ci il tarixli ikinci mühasibatlıq ekspertizasının xərci 100 manat, xx.xx.2024-cü il tarixli əmtəəşünaslıq ekspertizasının xərci isə 50 manat məbləğində qiymətləndirilmişdir.
51. Məhkəmə, iddianın təmin edilmiş hissəsini nəzərə alaraq hesab edir ki, müvafiq ekspertiza xərcləri Cavabdeh tutularaq rəyi verən orqanın hesabına ödənilməlidir.
52. İddiaçı Bank bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat (həmin vaxt qüvvədə olan qanuna uyğun) məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün isə 10 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsini nəzərə alaraq hesab edir ki, həmin xərclər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
53. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 252922 manat əsas borc, 25292.22 manat faiz borcu və 1000 manat cərimə olmaqla, cəmi 279214.22 manat məbləğində borc, 70 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma Cavabdeh mülkiyyətində olan, 0.0592 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 648000 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu həcmində ödəniş edilməli, iddia qalan hissədə təmin edilməməli, cəmi 295 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
54. Yuxarıdakı qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 252922 manat əsas borc, 25292.22 manat faiz borcu və 1000 manat cərimə olmaqla, cəmi 279214.22 manat (iki yüz yetmiş doqquz min iki yüz on dörd manat iyirmi iki qəpik) məbləğində borc, 70 (yetmiş) manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan, 0.0592 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 648000 (altı yüz qırx səkkiz min) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu həcmində ödəniş edilsin. İddia qalan hissədə təmin edilməsin. Cəmi 295 (iki yüz doxsan beş) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva