Məhkəmə qərarları › İş №2(010)-1718/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1718/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1718/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X6 Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun qeyri rəsmi nikahından 24.04.2006-cı ildə anadan olmuş Darya adlı qızının doğum faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Darya Semyonovnanın 24.04.2006-cı il tarixdə ev şəraitində Ərizəçi doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin 24.04.2006-cı il tarixdə faktiki münasibətdən ev şəraitində qız övladı doğulmuşdur. Haəmin vaxt uşağın adına heç bir sənəd alınmamışdır. Uşağının adı Daryadır və 14 yaşı var. Dayra ev şəraitində doğulduğundan ona bu günə qədər doğum haqqında şəhadətnamə alınmamışdır. Məqsədi uşağına lazımi sənədlərin alınmasıdır. Maraqlı şəxsnə bu barədə müraciət etsə də, doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəni müdafiə edərək qızı Daryanın heç bir sənədinin olmadığını, bu halın gələcəkdə qızı üçün problemlər yaratmamasından ötrü hazırkı ərizə ilə müraciət etdiyini bildirdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 16 nömrəli Uşaq Poliklinikasının həkimi X4 izahatında bildirmişdir ki, doğuşdan sonra Darya Semyonovna adlı uşaq onun nəzarəti altında olmuşdur, anasının rəsmi nikahı olmadığı üçün doğum qeydə alınmayıb. Uşağın peyvənd olunmasına 1 yaşına kimi o nəzarət etmişdir. Darya doğulmamışdan Ərizəçi tanıyır. X1r və 2006-cı ildə doğulmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 izahatında bildirmişdir ki, uzun illərdir ki, ərizəçi ilə qonşudur. Darya həqiqətən də Ərizəçi qızıdır. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Maraqlı şəxs 11.09.2020-ci il tarixli 563-05/76 saylı məktubundan görünür ki, Ərizəçi Anatoliyevnaya 24.04.2006-cı il tarixdə doğulan uşağının doğumunun dövlət qeydiyyatına alınmaması ilə bağlı müraciətinə cavab olaraq doğumun dövlət qeydiyyatına alınması qaydaları və proseduru izah edilmişdir. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 16 nömrəli Uşaq Poliklinikasının həkimi X3 qeydiyyat dəftərindən görünür ki, Semyonova Darya 24.04.2006-cı ildə evdə doğulmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı işdə tərəflərin izahatlarından və işin hallarından məlum olur ki, Darya Semyonovna barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ümumiyyətlə aparılmamışdır. Ona görə də, məhkəmə hazırkı iş üzrə hüquqi nəticəyə gələrkən Mülki- Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə yox, 307.2.11-ci maddəsinə istinad edir. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.1-ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onların birinin yaşadığı yerdə Qeydiyyat şöbələri tərəfindən aparılmalıdır. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nikah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Darya Semyonovnanın 24.04.2006-cı il tarixdə ev şəraitində Ərizəçi doğulması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Darya Semyonovnanın 24.04.2006-cı il tarixdə ev şəraitində Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar