Məhkəmə qərarları › İş №2(010)-1745/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1745/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1745/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi. İddia tələbinin dəlliləri Onunla Cavabdeh1 arasında olan nikah 2020-ci il tarixində pozulmuşdur. Birgə nikahda olduqları dövrdə, yəni 2019-cu il tarixdə öz gəliri hesabına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişdir. Sözügedən fərdi yaşayış evi 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarətdir. O, həmin evdə pasport qeydiyyatındadır. Hazırda həmin evdə cavabdehlər yaşayırlar. Lakin o, qeyd edilən evə cavabdehlər tərəfindən yaradılmış maneələr səbəbindən nə köçə bilir, nə də yaşaya bilir. O, bir neçə müddətdir ki, kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır, halbuki sözügedən evi şəxsi vəsaiti hesabına əldə etmişdir, lakin bunu sübut edə bilmir. Cavabdehlər isə əlbir olaraq onun həmin evə köçüb yaşamasına hər vəchlə maneçilik törədirlər. Bu səbəbdən evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin onu həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və onun hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Ona görə də, onun qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Tərəflərin izahatları İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi qanunsuz tikilidir. Qeyd edilən fərdi yaşayış evi iddiaçı tərəfindən yox, Cavabdeh2 tərəfindən 52000 ABŞ dollarına alınmışdır. Hətta həmin məbləğin 15000 manatını onun qaynatasıgil vermişdir. İddiaçı 2013-cü ilədək Rusiya Federasiyasında yaşamışdır və 2013-cü ildə ölkəyə qayıtmışdır. Onun mübahisəli fərdi yaşayış evinin alınmasında heç bir maddi yardımı olmamışdır. İddiaçının həmin evə qeydiyyatı formal xarakter daşımışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Osmanov, qadına Osmanova soyadı verilmişdir. Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Borusu tərəfindən xx.xx.2016cı il (Lisenziya 089566 nömrəli İN/L-1479/2016) tarixdə verilmiş Memarlıq və Planlaşdırma Bölməsinin surətindən müəyyən edilir ki, ünvan 2 ünvanının hüququ subyekti İddiaçıdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1858/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7288/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1858/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “X1 haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər X1a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini İddiaçı mübahisəli evə köçürülməsi üçün əsasların mövcud olub-olmaması təşkil edir. İşin faktiki halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Məhkəmə müəyyən edir ki, tərəflər 2013-cü ildən 2020-ci il tarixədək ünvan 1 ünvanında yerləşən və özbaşına tikili olan fərdi yaşayış evində yaşamışlar. Hazırda iddiaçı mübahisəli evdə yaşamır və həmin evə köçürülməsini tələb edir. İddiaçı tələbini mübahisəli mənzilin onun vəsaiti əsasında alınması ilə əsaslandırır. Cavabdeh2 iddiaçının oğludur və iddia tələbini qəbul etməyərək, mübahisəli mənzilin 2013-cü il tarixdə qaynatasıgilin maddi yardımı ilə onun vəsaiti əsasında alındığını bildirir. İddiaçı və Cavabdeh1 arasında olan çəkilmiş xərcin tələb edilməsi ilə bağlı preyudisial qüvvəyə malik olan məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddia fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərc barədə olsa da bu barədə mötəbər sübutlar təqdim edilməmiş, əmlakın dəyəri barədə aidiyyəti olmayan sübutlar təqdim edilmişdir. İddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mənzilə (özbaşına tikiliyə) köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı dəyərləndirmə apararkən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı yaşadığı evin onun maddi vəsaiti hesabına əldə edildiyini irəli sürsə də, hazırkı işdə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnamələri nəzərə alınmalıdır. Məhkəmə xatırladır ki, həmin qətnamələrlə iddiaçının fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin tutulması tələbinə dair iddiası rədd edilmiş və qətnamə ilə müəyyən olunmuşdur ki, iddia fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərc barədə olsa da bu barədə mötəbər sübutlar təqdim edilməmiş, əmlakın dəyəri barədə aidiyyəti olmayan sübutlar təqdim edilmişdir. Göründüyü kimi iddiaçı məhkəmə iclasında köçürülməsini tələb etdiyi qanunsuz tikili olan fərdi yaşayış evinin onun tərəfindən əldə edilməsini, eyni zamanda həmin evin təmirinə hər hansı xərcin çəkdiyini məhkəmə iclasında sübut edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmənin gəldiyi nəticə Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar