Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1755/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 23 saylı mənzildə qanunsuz olaraq yaşayan Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin mənzildən məcburi çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı X3 daha əvvəl Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli, 2(010)-5/2022 saylı qərardadı ilə həmin iş üzrə icraat mübahisə ilə bağlı Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə edilmiş müraciət üzrə yekun qərar qəbul edilənədək dayandırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmənin icraatında hazırda dayandırılmış vəziyyətdə olan həmin işdə iddia tələbi üzrə tərəflər, iddianın predmeti və əsası hazırkı iddia ərizəsi ilə eynilik təşkil edir. Belə ki, həmin iddia üzrə iddiaçı X3 və Cavabdeh2 hazırkı iş üzrə də iddiaçı və cavabdehdir. Eyni zamanda, həmin iş üzrə iddia tələbi “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma”dır. Hazırkı iş üzrə də iddia tələbi də həmin “mənzildən çıxarılma” tələbidir. Hazırkı iddia ərizəsinin digər iddia ərizəsindən yeganə fərqi əlavə olaraq, digər cavabdehin atası Cavabdeh1 da cavabdeh kimi ərizədə qeyd edilməsidir. İddiaçı X3 həmin cavabdehin də eyni əsasla (öz mülkiyyətində olan mənzildə qanunsuz olaraq yaşaması) mənzildən çıxarılmasını tələb edir. Nəzərə alınmalıdır ki, əgər iddiaçı X1 İslam Səyiş oğlunun da cavabdeh kimi işə cəlb edilməsini zəruri hesab edirsə, o, artıq məhkəmənin icraatında dayandırılmış vəziyyətdə olan müvafiq iş üzrə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 cavabdeh kimi işə cəlb edilməsini xahiş edə bilər. Bunun üçün iddiaçının əvvəlki iddia tələbi ilə eyni predmet barəsində və eyni əsaslar üzrə yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə heç bir zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: ...153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə edilmiş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-i 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1755/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1755/2022
14.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver