Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-178/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1, Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “azyaşlı övladı ilə birlikdə fərdi yaşayış evinə köçürülmə və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.
1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia ərizəsinə əlavə verərək onun xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri və həmin evə dair aparılmış tikinti və yenidən qurma işləri üçün atasından alaraq verdiyi 3000 manat pulun, həyat yoldaşı Cavabdeh1 tərəfindən Rusiya Federasiyasından ona göndərilən və hissə-hissə Cavabdeh2 verilən 3000 manat pulun ½ hissəsini təşkil edən 1500 manat pulun və evə kombi alınması ilə bağlı Cavabdeh2 verdiyi 1000 manat pulun, cəmi 5500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki övladları olmuşdur. Ailə qurduqları ilk gündən, həyat yoldaşına və onun qardaşlarına məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamışlar. Nikah bağladıqları vaxtdan aralarında narazılıqlar olsa da, övladlarının xatirinə və valideynlərinin tövsiyyəsi ilə ailəsinin qorunub saxlanılmasına çalışmışdır. Bundan əlavə olaraq o, 2012-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış və övladları orada doğulmuşdur. Ona məxsus olan bütün məişət əşyaları həmin fərdi yaşayış evindədir. Həmin həmin fərdi yaşayış evindən istifadə etmək, öz övladları ilə birlikdə yaşamaq hüququna malikdir. Onun bütün əmlakı həmin evdə yerləşir və onun və uşaqlarının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Onun və uşaqlarının təhlükəsiz və rahat yaşaması üçün hesab edir ki, mənzildən istifadə hüququ tanınmalı və həmin evə köçürülməlidir. Lakin cavabdeh və onun yaxın qohumları tərəfindən hüquqları kobud şəkildə pozularaq, öz yaşayış yerindən istifadəsinə maneçilik törədilir. Buna görə də həmin həmin fərdi yaşayış evinə məhkəmənin qərarı əsasında məcburi köçürülməsi və orada yaşama hüququnun tanınması zərurəti yaranmışdır. 2023 - cü ilin dekabr ayında o, ortancıl qaynı, qaynanası və həyat yoldaşı tərəfindən zorla evdən qovulmuş və bundan sonra qonşudan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmuş və polis əməkdaşları gəldikdən sonra evə daxil olmuşdur. Lakin ona təzyiq göstərildiyindən o, məcbur qalaraq evi tərk edib anasıgilə getmək məcburiyyətində qalmışdır. O, 2012-ci ildə ailə quran zaman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 5 otaqdan ibarət olmuş, ona və həyat yoldaşına 1 otaq verilmiş və orada yaşamağa başlamışlar. Sonra ev qardaşlar arasında bölünmüş, dəhliz və 2 otaq onların istifadəsində verilmiş və onun bütün cehiz əşyaları ora yerləşdirilmişdir. Fərdi yaşayış evinin 3 otağı qaynı Cavabdeh2 tərəfindən istifadə edilmiş, qalan 2 otaq isə onların istifadəsində olmuşdur. Onların çıxış yolları və qapıları ayrıdır, evin giriş darvazası isə birdir. Ev 6 sot torpaqda tikilmişdir, evin sanitar qovşağının sahəsi böuük olduğundan 2 yerə bölünmüş, evin mətbəxi onlara verilmiş, qaynı isə sonradan özlərinə ayrıca mətbəx tikdirmişdir. Hal-hazırda onun və uşaqlarının yaşağıdı evin qapısı qaynı tərəfindən bağlanmış və oraya girmələrinə maneçilik törədirilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə rəsmi qaydada nikaha girmişlər və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evində yaşamağa başlamışlar. Həmin fərdi yaşayış evi 5 otaqdan ibarət olmuş, ona və həyat yoldaşına 1 otaq verilmiş və orada yaşamağa başlamışlar. Sonradan həmin ev qardaşlar arasında bölünmüş, dəhliz və 2 otaq onların istifadəsində verilmiş və onun bütün cehiz əşyaları ora yerləşdirilmişdir. Fərdi yaşayış evinin 3 otağı isə qaynı Cavabdeh2 tərəfindən istifadə edilməyə başlamış, qalan otaqlar isə onlara qalmışdır. Ev 6 sot torpaqda tikilmişdir, evin sanitar qovşağının sahəsi böyük olduğundan 2 yerə bölünmüş, evin mətbəxi onlara verilmiş, qaynı isə sonradan özlərinə ayrıca mətbəx tikmişlər. Evdə tikinti işləri aparılarkən o atasından 3000 manat alaraq qaynı Cavabdeh2 vermişdir. Bundan əlavə onun həyat yoldaşı Cavabdeh1 tərəfindən ona Rusiya Federasiyasında işlədiyi müddət ərzində pul vəsaiti göndərilmiş və o pul vəsaitini hissə-hissə olaraq qaynı Cavabdeh2 vermişdir. O, artıq iki ilə yaxındır ki, işləyir və 1000 manat pul vəsaitini toplayaraq kombi alınması məqsədilə qaynı Cavabdeh2 vermişdir. Qeyd olunanlara əsasən onun azyaşlı övladları ilə həmin fərdi yaşayış evinə köçürülməsi və 5500 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o iddiaçı ilə 2012-ci ildə faktiki olaraq evlənmiş və 2013-cü ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından iki övladları doğulmuşdur. Onlar həmin evə köçdükdən sonra orda yenidənqurma işləri aparmışlar, lakin həmin yenidənqurma işlərini o qardaşı ilə bərabər etmişdir. Orada aparılan yenidən qurma işlərinə Təranə hər hansı pul vəsaiti xərcləməmişdir. Bundan əlavə o Rusiya Federasiyasında işləyərkən qazandığı pul vəsaitini Təranəyə göndərməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. Cavabdeh2 iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, mübahisələndirilən ev Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarladırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya FM № 029713 saylı 2004 cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətində olmuşdur. Sonradan köhnə qeydiyyat vəsiqəsi yenisi ilə əvəz edilmiş, həmin evə və torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə çıxarış verilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının hüququnun tanınmasını və məcburi köçürülməsini istədiyi ev şəxsi mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı onun qardaşı ilə 2013-cü ildə rəsmi nikaha daxil olaraq həmin mənzilə gəlin köçmüş və onların başqa yaşayış yerləri olmadığından o iki otağı onların istifadəsinə vermiş və fərdi yaşayış evində yenidənqurma işləri apararaq yenidən özü üçün mətbəx tikdirmişdir. İddiaçı həmin fərdi yaşayış evində aparılan yenidənqurma işlərinə hər hansı vəsait xərcləməmiş, orada aparılan yenidənqurma işlərinə ancaq özü tərəfindən vəsait xərclənmişdir. Bundan başqa İddiaçı Cavabdeh1 qarşı “nikahın pozulması” tələbinə dair iddia ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, uşaqlar ananının yanında saxlanılmış və alimentin tutulması qət edilmişdir. Yəni mübahisə üzrə tərəflər arasında olan ailə münasibətlərinə xitam verilmiş, iddiaçı və uşaqları formal olaraq mübahisələndirilən evdə pasport qeydiyyatında qalmışlar. İddiaçının və uşaqlarının göstərilən evdə formal olaraq qeydiyyatda qaldığından və bu yaşayış sahəsinə heç bir hüquqları olmadığından evdən qeydiyyatdan çıxarılmaları barədə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş və məhkəmənin qətnaməsinə əsasən iddiaçının həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması qərara alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Şahid ifadəsi
İş üzrə şahid X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı onun bacısıdır. Onun bacısı İddiaçı Cavabdeh1 Kamıl oğlu ilə ailə qurduqdan sonra üç gəlin hazırkı mübahisəli evdə yaşamışlar. Sonradan onların qardaşı Elşad özünə ev tikdirərək oradan köçmüş, həmin mübahisəli ev iki qardaş Elxan və Ədalət arasında bölünmüşdür. 2016-cı ilin yanvar ayında Təranə öz atasıgilə gəlmiş və evdə tikinti işlərinin aparıldığını bildirmişdir. Bu zaman atası ona bildirmişdir ki, evin yenidən qurulmasında onlara maddi yardım göstərəcəkdir. Buna görə də onun atası 3000 manat Təranəyə pul vermişdir. Həmin fərdi yaşayış evində yenidən qurma işləri görülmüş, dəhliz və mətbəx tikilmişdir. Həmin pul vəsaitinin isə Təranə tərəfindən Ədalətə verilməsini görməmişdir.
İş materialları.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-972/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək Cavabdeh1 Kamıl oğlu ilə İddiaçı Əlı qızı arasında 15 fevral 2013- cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 164 nömrə ilə qeydə alınmış nikah pozulması, qarşılıqlı iddia təmin edilməsi, Cavabdeh1 Kamıl oğlu ilə İddiaçı Əlı qızının birgə nikahlarından doğulmuş 29 mart 2013cü il təvəllüdlü X2 və 29 may 2014-cü il təvəllüdlü X4 boşanmadan sonra anaları İddiaçı Əlı qızının yanında qalması, Cavabdeh1 Kamıl oğlundan 29 mart 2013-cü il təvəllüdlü X2 və 29 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Əlı qızına ödənilməsi, alimentin tutulması müddəti 29 yanvar 2024-cü il tarixdən müəyyən edilməsi, qətnamənin aliment hissəsində dərhal icra olunması, ödənilmiş dövlət rüsumları iddiaçı-Cavabdeh1 Kamıl oğlunun özünə aid edilməsi qət edilmişdir.
11. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr kitabının xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən 029713 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 04№-li Reyestr kitabında 500-ci səhifədə 30№ 500 saylı qeydəalmada xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.
İşin faktiki halları.
13. İddiaçı ilə Cavabdeh1 2012-cı ildə faktiki nikah münasibətlərinə girmişlər və nikahları xx.xx.2013-cü ildə rəsmiləşdirilmişdir. Tərəflər faktiki nikah münasibətlərinə daxil olduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evində yaşamağa başlamışlar. Həmin fərdi yaşayış evi 5 otaqdan ibarət olmuş, iddiaçıya və həyat yoldaşına 1 otaq verilmiş və orada yaşamağa başlamışlar. Sonradan həmin ev qardaşlar arasında bölünmüş, dəhliz və 2 otaq iddiaçının istifadəsinə verilmiş və onun bütün cehiz əşyaları ora yerləşdirilmişdir. Fərdi yaşayış evinin 3 otağı isə qaynı Cavabdeh2 tərəfindən istifadə edilmişdir. Sanitar qovşağın sahəsi böyük olduğundan 2 yerə bölünmüş, evin mətbəxi onlara verilmiş, qaynı isə sonradan özlərinə ayrıca mətbəx tikdirmişdir. Hazırda mübahisəli əmlak xx.xx.2004-cü il tarixdən Cavabdeh2 mülkiyyətindədir. İddiaçı həmin ünvanda müəyyən müddət yaşasa da, bir müddət sonra həmin evdən çıxmaq məcburiyyətində qalmışdır.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Qərarı.
Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, İddiaçı və Cavabdeh1 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan iki övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur.
21. Hazırkı mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evi isə iddiaçının qaynı Cavabdeh2 adına tərəflərin nikaha daxil olmadan əvvəl, yəni xx.xx.2004-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
22. İddiaçı qaynı Cavabdeh2 xx.xx.2004-cü il tarixdən məxsus olan fərdi yaşayış evinə 2012-cü ildə köçmüş və 2023-cü ilə kimi orada yaşamışdır. Həmin fərdi yaşayış evində müəyyən dəyişikliklər edilmiş və iddiaçı öz ailə üzvləri ilə həmin evdə yaşamışdır.
23. İddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində ifadə edilən “digər qohumlar” kateqoriyasına daxil olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin maddədə nəzərdə tutulmuş “digər qohumlar”ın dairəsi ilə bağlı şərh vermiş və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etdiyini müəyyən etmişdir.
24. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətçinin qardaşının arvadı olmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququna malik şəxs hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1ci maddəsində nəzərdə tutulduğu mənada cavabdehin ailə üzvü kimi evdən istifadə hüququ yaranmamışdır.
25. Hər bir halda məhkəmə qeyd edir ki, iddiaçının evdən istifadə hüququ cavabdehlə aralarındakı ailə münasibətlərindən yox, mülki münasibətlərdən də (məsələn, tərəflər arasında müqavilə bağlanması) yarana bilərdi. Lakin işin hallarından görünür ki, tərəflər arasında iddiaçıya evdən istifadə hüququ verən hər hansı mülki hüquqi münasibət olmamışdır.
26. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin evə dair nə ailə, nə də mülki münasibətlərdən irəli gələn heç bir istifadə hüququ yaranmamış və mövcud deyildir. Belə olan halda iddiaçının evə köçürülməsinə dair iddia tələbi əsassız, cavabdehin buna etirazının dəlilləri isə əsaslıdır. Belə ki, cavabdeh həmin evin mülkiyyətçisi olmaqla yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqlarına malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
27. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
28. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf cavabdehə 5500 manat pul vəsaitinin verilməsini iddia etsə də, bununla bağlı olaraq hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir.
Məhkəmə xərcləri.
29. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “azyaşlı övladı ilə birlikdə fərdi yaşayış evinə köçürülmə və pul” tələbinə dair iddiası təmin olunmamalıdır.
31. İddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “azyaşlı övladı ilə birlikdə fərdi yaşayış evinə köçürülmə və pul” tələbinə dair iddiası təmin olunmasın. İddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova