Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1793/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı “zəbt olunmuş inzibati ərazinin boşaldılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdeh X3 qarşı “zəbt olunmuş inzibati ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X2 qanunsuz olaraq zəbt etdiyi Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Qəza Nəqliyyat Xidmətinin inzibati binasını boşaldaraq MKTB-yə təhvil verilməsi və ödənilmiş 100 manat məhkəmə rüsumunun tutularaq MKTB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 234 saylı ünvanda (keçmiş Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi) yerləşən Qəza Nəqliyyat Xidmətinin inzibati binası Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Qubadlı rayonunun işğalından sonra cavabdeh X6 ailə üzvləri ilə birlikdə bir müddət Qəza Nəqliyyat Xidmətinin inzibati binasında məskunlaşsalar da, sonradan Suraxanı rayonu, Zahid Əliyev küçəsində fərdi yaşayış evi tikərək sözügedən mənzildə yaşamağa başlamışlar. Cavabdeh Qəza Nəqliyyat Xidmətinin müvəqqəti məskunlaşdığı otaqlarına sonradan (özü fərdi yaşayış evinə köçərkən) qanunsuz olaraq qardaşını ailə üzvləri ilə birlikdə yerləşdirmişdir. Hal-hazırda hər iki ailənin faktiki yaşadığı fərdi yaşayış sahəsi olmasına baxmayaraq, cavabdeh süni maneələr yaradaraq inzibati ərazini təhvil verməkdən imtina edir. Qəza Nəqliyyat Xİdməti Birliyinin əsas aparıcı sahəsi olduğundan inzibati binanın işçilər üçün əlverişli vəziyyətə gətirilməsi zərurəti yaranmışdır. Əsl olmayan tərəfin əvəz edilməsi İddiaçının nümayəndəsi ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X2 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh 1995-ci ildən sözügedən binada məskunlaşmışdır. Bir neçə ildir ki, cavabdeh ailəsi ilə birlikdə yaxınlıqda ev tikmiş və faktiki olaraq həmin evə köçmüşdür. Lakin hazırda mübahisə predmeti olan binanı boşaldaraq onlara təhvil vermir. Belə ki, cavabdeh həmin binanı boşaltmaqdan imtina edir və təhvil verilməməsi üçün qəsdən həmin binanın qapılarını qıfıllayır. Onlar həmin binanı yenidən əsaslı təmir etmək və təyinatı üzrə istifadə etmək istəyirlər, lakin cavabdehin həmin binanı boşaltmaması buna mane olur. Cavabdehin izahatında qeyd etdiyi qurğunu isə həmin ünvana “Azərişıq” quraşdırmışdır və həmin qurğunun götürülməsi onların səlahiyyət dairəsinə aid deyil. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 1995-ci ildən həmin binaya köçərək orda ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Bacısı Sürəyya da otaqları zəbt etmişdir, onun zəbt etdiyi otaqları götürsünlər. Sürəyya bir otağı təhvil verib, üç otağın isə açarı ondadır. Açarı ondan alsınlar və işçiləri ora köçürsünlər. Onun öz həyətində iddiaçının transformatoru vardır və yağış yağan kimi həmin qurğu elektrik keçirməyə başlayır. Belə olan halda, o da evində yaşamayaraq yenidən oraya köçüb, orada yaşamağa başlamalı olacaq. Əgər gəlib həmin qurğunu onun həyətindən götürsələr, o da açarları onlara təhvil verməyə razıdır. Ona həmin qurğunun həyətindən götürələcəyi vədi verilsə də, bu vədə əməl edilməmiş və nəticədə də o, bu vədə inanaraq təmirsiz, tələm-tələsik oradan köçmüşdür. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı Rayon Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 707 nömrəli arayışdan müəyyən olunur ki, Qubadlı rayonundan məcburi köçkün Ağayev X8 rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən MKTB-nin inzibati binasında 1995-ci ildən ailəsi ilə (X7 – həyat yoldaşı, X10 – qızı, X9 – oğlu) birlikdə müvəqqəti məskunlaşmışdır, lakin hal-hazırda həmin ünvanda yaşamırlar. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlaklarının siyahısından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən Qəza Nəqliyyat Xidmətinin inzibati binası və Qəza Nəqliyyat Xidmətinin ümumi torpaq sahəsi Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yerində müayinə Məhkəmə tərkibi (Hakim Rzayeva Fəridə İslam qızı, məhkəmə iclas katibi X4) tərəfindən 26 aprel 2024-cü il tarixdə ünvan 3 ünvanda (keçmiş Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi) yerləşən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Qəza Nəqliyyat Xidmətinin inzibati binasına yerli baxış keçirilməsi zamanı inzibati binaya giriş qapısından içəri daxil olduqda sağ tərəfdə cavabdehlərin məskunlaşdığı otaqlara daxil olmaq üçün qapının olduğu, həmin qapı bağlı olduğundan cavabdehin arvadı tərəfindən açarla daxil olduqdan sonra içəridə 4 otağın olduğu və həmin otaqların qəzalı vəziyyətdə olduğu müəyyən olunur. Hər bir otaqda cavabdehə və onun ailəsinə məxsus ev əşyalarının olduğu müəyyən olunur. Otaqlar cavabdeh və ailə üzvləri tərəfindən yaşayış məqsədi ilə istifadə olunmur. Bildirilir ki, cavabdeh ailəsi ilə birlikdə inzibati binanın yaxınlığında yerləşən yeni tikilmiş evə köçərək orada yaşayır. Bundan sonra inzibati binanın yaxınlığında yerləşən və cavabdehin hazırda köçüb yaşadığı evə yaxınlaşaraq daxil olmadan çöl tərəfdən baxılır. Evin çöl tərəfindən baxılarkən müəyyən olunur ki, evin həyətində yüksək gərginlik keçən elektrik dirəyi yerləşir. Evin darvazasının yanında transformatr yerləşən tikilinin qapısı yerləşir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Hazırki iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tətbiq edilməsi üçün üç şərtin mövcud olması tələb olunur: 1) iddiaçı tələb edilən əşyanın mülkiyyətçisi olmalıdır 2) tələb edilən əşya cavabdehin sahibliyində olmalıdır 3) cavabdehin tələb edilən əşya üzərində sahibliyi qanunsuz olmalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə həmin maddənin tətbiqi üçün nəzərdə tututlmuş bütün dispozitiv şərtlər mövcuddur. Belə ki, boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb olunan bina dövlət mülkiyyətində olmaqla iddiaçı Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olması işin mübahisəsiz halıdır. Hazırda cavabdeh həmin inzibati binada yerləşən otaqlara sahiblik edir. Belə ki, yerində müayinə zamanı müəyyən edildi ki, cavabdeh ailə üzvləri ilə birlikdə başqa evdə yaşayır, lakin inzibati binada yerləşən otaqlardan isə əşyalarını çıxarmamışdır. Həmin otaqlardan əşyalarının saxlanma yeri məqsədi ilə istifadə edir. Bu hal isə iddiaçının balansında olan otaqların təmir edilərək yararlı vəziyyətə salınmasına və oradan təyinatına uyğun istifadə edilməsinə mane olur ki, bu da iddiaçının hüquqlarının və qanunda qorunan mənafelərinin pozulması ilə nəticələnir. Cavabdehin mübahisə predmeti olan otaqlardan istifadəsi hər hansı qanuni və ya müqavilə əsasına söykənmir. Belə ki, onun həmin bina üzərində hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, mübahisə predmeti olan binadan istifadə edilməsi üçün cavabdehlə hər hansı müqavilə mövcud deyildir. Cavabdeh mübahisəli binada başqa otaqların olmasını, işçilərin həmin otaqlara köçürülməli olmasını bildirsə də, bu hal iddiaçının tələbinin rədd olunması üçün əsas deyildir. Belə ki, mübahisə predmeti olan inzibati binaya aid əmlak hüququnun sahibi kimi iddiaçı həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh məcburi köçkün olduğundan ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Qəza Nəqliyyat Xidmətinin inzibati binası Cavabdeh tərəfindən boşaldılaraq Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Qəza Nəqliyyat Xidmətinin inzibati binası Cavabdeh tərəfindən boşaldılaraq Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1793/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1793/2024
30.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver