Məhkəmə qərarları › İş №2(010)-1850/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1850/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1850/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 2 saylı evin, 7 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəci, 2 saylı evin, 7 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB Y/S, ev 2, 7 saylı mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində alınmış payları müəyyən edilərək hər birinin 1/2 hissəsinə mülkiyyət hüquqları tanınmış və bu barədə onlara RX seriyalı, ******* saylı Çıxarış verilmişdir. Cavabdeh mənzildə qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq orada yaşamamış, yaşamır və yaşayış sahəsindən istifadə əldə etməmiş və etmir. Cavabdeh mənzildə qeydiyyatda olduğuna görə onun payına düşən mənzil və kommunal xidmət haqlarını da iddiaçılar ödəməli olur. Həmçinin cavabdehin mənzildə qeydiyyatda olması müəyyən fəsadlar törədir. Belə ki, iddiaçılar həmin mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da onların mülkiyyət hüquqları pozulubdur. Cavabdehin harada yaşamasından xəbərləri yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli qərardadı ilə 2(010)-1850/2021 nömrəli iş üzrə 26.04.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh ərizəsi təmin olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1850/2021 nömrəli iş üzrə qəbul etdiyi 26.04.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatları İddiaçı1 iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 izahatında bildirdi ki, cavabdeh onun uzaq qohumudur. Sözügedən yaşayış sahəsi vərəsəlik qaydasında onların mülkiyyətinə keçənədək cavabdeh həmin yaşayış sahəsinə qeydiyyata düşmüşdür. 80-ci illərdən həmin yaşayış sahəsində pasport qeydiyyatındadır. İddiaçı X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iclasa gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: RX seriyalı ******* saylı 24.11.1998-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəci, 2 saylı evin, 7 saylı mənzili İddiaçı1 adına ½ hissədə və X1 adına 1/2 hissədə daşınmaz əmlakın dövlət reyestrində 1007 nömrəli reyestr kitabının 90478 nömrəli vərəqində qeydiyyata alınmışdır. 01.10.2020-ci il tarixli qonşuların iştirakı ilə yazılmış və 163 №-li MTK tərəfindən təsdiq edilmiş Aktdan görünür ki, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 2 saylı evin, 7 saylı mənzilində hal-hazırda X2 yaşayır. Göstərilən ünvanda Cavabdeh heç vaxt yaşamayıb və hal-hazırda da bu ünvanda yaşamır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmənin mövqeyi İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəci, 2 saylı evin, 7 saylı mənzilin ½ payda xüsusi mülkiyyətçiləridir. Cavabdeh həmin mənzildə pasport qeydiyyatında olsa da, faktiki olaraq həmin mənzildə heç vaxt yaşamamış, qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıların mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncuların öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehin iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəci, 2 saylı evin, 7 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 2 saylı evin, 7 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehin qeyd edilən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi onun həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar