Məhkəmə qərarları › İş №2(010)-1860/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1860/2025

15.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1860/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçılar İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin və Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsirova (Səfərova) Türkanə Rüstəm qızının ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Nəsirova (Səfərova) Türkanə Rüstəm qızının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 116 (ünvan 2 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbi.

3. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və iki azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X31 və xx.xx.2016-cı il təvəllüdlü X27 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 116 (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüqüqunun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 2004-cü ildə alqı-satğı müqaviləsinə əsasən almış və evi öz adına özəlləşdirmişdir. Hal-hazırda İddiaçı xüsusi mülkiyyətindədir. X12 ilə cavabdeh Nəsirova (Səfərova) Türkanə Rüstəm qızı xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin ildə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evə köçüb yaşamışlar. Cavabdeh iddiaçıya qarşı nalayiq ifadələr və söyüşlər işlətmiş, onu təhqir etmişdir. Bütün bunlara görə aralarında mütəmadi olaraq mübahisələr və kəskin münaqişələr baş vermiş və belə bir vəziyyətdə eyni evdə yaşamaqları artıq mümkün olmadığından 2013-cü ilin noyabr ayında iddiaçı özünə məxsus mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Həmin vaxtdan etibarən iddiaçı öz mülkiyyətlərində olan və qeydiyyatda olduğu evdən istifadə etmək hüququndan məhrum olmuşdur. Cavabdehin sözügedən evdə yaşaması onun mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan istifadə etmək imkanını məhdudlaşdırır. İddiaçının X12 ilə cavabdeh bir müddət mehriban yaşasalar da, aralarında yaranmış ailə münaqişələri nəticəsində nikahları Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehə dəfələrlə mənzildən çıxması ilə bağlı müraciət olunmasına baxmayaraq, o, hal-hazırda iddiaçıya məxsus mənzildə yaşayır və oradan çıxmaq niyyətində olmadığını bildirir. İddiaçı isə ailəsi ilə birlikdə həmin evə köçüb yaşamaq istəyir, lakin cavabdeh həmin evdən çıxmaq istəmir. İddiaçının keçmiş gəlini Cavabdeh (Səfərova) ilə artıq qohumluq münasibətləri kəsilmişdir. Onun iddiaçının mənzilindən çıxmaması iddiaçı üçün əlavə kommunal xərclərə yol açır. Həmçinin öz evində yaşamasına maneələr yaradır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə də, hesab edir ki, Nəsirova (Səfərova) Türkanə Rüstəm qızı onun ailə üzvü olmadığından onun məhkəmə tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.

Qarşılıqlı İddia tələbinin əsaslandırıldığı hallar.

5. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi məhkəmənin icratına qəbul edilmişdir. Keçmiş qaynanası İddiaçı iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi vermək qərarına gəlmişdir. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşlıqlı iddia verməyə haqlıdır. O iddia ərizəsini xx.xx.2025-ci ildə poçt vasitəsilə almışdır. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra cavabdeh) İddiaçı X12 onu yaşadığı AR Cəlilabad rayonu Günəşli kəndindən ata evindən qaçırmışdır. Onunla xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və cavabdehin razılığı ilə elə həmin ildə ünvan 1 ünvanında yerləşən kiçik bir həyətdəki evə qeydiyyata düşüb hal-hazıra kimi iki azyaşlı qızları ilə birlikdə yaşayır. X28 ilə birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X31 və xx.xx.2016-cı il təvəllüdlü X27 doğulmuşdur. Belə ki, həyətdə yerləşən evin sanitar qovşağı və hamamı çöldə yerləşir. Ev təmirsiz və şəraitsizdir. Elə bu vəziyyətdə də yaşayırlar. Qeydiyyatda olduğu və yaşadığı evin bütün kommunal xərclərini 2014-cü ildən hal-hazıra kimi o ödəyir. X7 heç vaxt evdən xəbəri olmayıb. Cavabdeh öz nəvələrinə heç vaxt baxmayıb. Onun ata və anası Cəlilabad rayonundan ona və azşaylı qızlarına ərzaq gətiriblər. İndi də belədir. Uşaqları və o xəstə olanda ona və azyaşlı uşaqlarına atası və anası baxmışdır. Cavabdeh İddiaçı yaşadıqları yeri satmaq niyyətindədir. İki azyaşlı qızları cavabdehin oğlu X23 doğma övladlarıdır. Səfərov Azər 2016-cı ildən Rusiya Federasiyasına işləmək üçün gedən zaman, orada doğma qardaşı ona şərait yaradıb. Sonra Rusiya Federasiyasının Miqrasiya Xidməti tərəfindən 2024-cü ildə ölkədən deportasiya olunub. O, Azərbaycan Respublikasına qayıtdıqdan sonra yenə də öz doğma azyaşlı qızlarına baxmamış və anası Azəri məcbur etmişdir ki, boşansınlar. Səbəbi isə evi satmaq üçün onu və azyaşlı qızlarını şəraitsiz evdən çıxarmaqdır. Nikahın pozulması barədə ərizəni Səfərov Azər verib. Belə çıxır ki, onun azyaşlı iki qızı ilə qeydiyyatda olduğu və yaşadığı şəraitsiz evdən qovulurlar. Məhkəmədə nikaha xitam verilən zaman iki azyaşlı qızlarının anada qalması müəyyənləşib. Ana hara getsə, azyaşlı qızlar da onunla getməlidir. O heç vaxt keçmiş qaynanasını təhqir etməmiş və yaşadığı və qeydiyyatda olduğu evdən qovmamışdır. Yaşadığı və qeydiyyatda olduğu ünvanda onun cehizlərindən savayı cavabdehin heç bir əşyası yoxdur. Cavabdehin başqa ünvanda ayrıca və şəraitli mənzili vardır. Bundan əlavə, cavabdehin əri Səfərov Binəlinin (keçmiş qaynatası) də ayrıca mənzili var. Hal-hazırda iki azyaşlı qızının saxlamaq üçün güclə iş tapmışdır. Uşaqlar hal-hazlrda məktəbdə təhsil alırlar və bir təhər çətinliklərlə yaşamağa çalışırlar. Hesab edir ki, iki azyaşlı qızları ilə birlikdə yaşadıqları və qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən evin bir hissəsində yaşamalıdırlar. Bu səbəblə, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

6. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X28 və X13 rəsmi olaraq 2013-cu ildə nikaha daxil olmuşlar. Cavabdeh X1 evə 2013-cü ildə köçmüşdür. X13 həmin evə passport qeydiyyatına alınmışdır. Lakin, həmin evə yeni ünvan verilmiş və çıxarış dəyişmişdir. Dəyişən çıxarış da isə cavabdehin orada qeydiyyatı yoxdur və o, köhnə ünvanda qeydiyyatda qalmışdır. İddiaçı həyat yoldaşı ilə birlikdə evə köcürülmə tələbi ilə məhkəməyə müraciət edərək, iddia qaldırmışdır. Məhkəmə qətnaməsi ilə mülkiyyətçinin evə köçürülmə tələbi təmin edilmişdir. Lakin cavabdeh tərəf problem yaratdığından iddiaçı öz mülkiyyətində olan mənzilə köçüb yaşaya bilməmişdir. X28 və X13 ilə arasında olan nikah 2024-cü ildə pozulmuşdur. Tərəflər arasında hər hansı qohumluq münasibəti qalmamışdır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh izahat verərək bildirmişdir ki, onun İddiaçı ilə hər hansı bir problemi olmamışdır. 2018-ci ildə İddiaçı oğlu, həyətlərində olan ağacı kəsdiyi üçün onlar arasında bir dəfə münaqişə yaranmışdır. Onun heç kimlə münaqişəsi olmamışdır. Evin mülkiyyətçisi, İddiaçı həmin evi 2004-cü ildə almışdır və ev üç otaqdan ibarətdir. X28 ilə ailə həyatı qurmuş və həmin ildə iddiaçıya məxsus evə köçüb yaşamışdır. İddiaçı orada 11 ildir ki, yaşamır. Mübahisə ilə bağlı onunla iddiaçı arasında hər hansı razılıq əldə edilməmişdir. X28 ilə aralarında mövcud olan nikah keçən il pozulmuşdur. Hal-hazırda onun yaşamağa başqa yeri olmadığından qarşılıqlı iddianın təmin olunması və ilkin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 1 otaq X8 və 1 otaq İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir.

9. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X28 və X13 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahının ləğv edilməsi haqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 594 № ilə qeyd edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 4166/2024 nömrəli qətnaməsindən görünür ki, X28 və X13 arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 802 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2013-cü il təvəllüdlü X31 və xx.xx.2016-cı il təvəllüdlü X19 anaları X4 yanında qalmaları müəyyən edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X31 və xx.xx.2016-cı il təvəllüdlü X19 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 210 (iki yüz on) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul –məbləğində aliment X14 tutularaq X9 ödənilməsi, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamə alimentin ödənilməsinə dair hissədə dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat məbləği X3 tutularaq X24 ödənilməsi, artıq ödənilmiş 10 (on) manat-məbləği dövlət büdcəsindən X24 qaytarılması, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci X20indan tutularaq X24 ödənilməsi, ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu X20indan tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən göndərilmiş məktubdan görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisində xx.xx.2004-cü il tarixdə 4Ə-267 və 4Ə-268 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işi olmuşdur. xx.xx.2004-cü il tarixdə 4Ə/Ə-267,268 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əlavə olunmuş: X25 ilə (alıcı) X21 arasında bağlanmış xx.xx.2004-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 30/743 nömrəli arayışa əsasən ümumi sahəsi 381,9 kv.m o cümlədən yaşaış sah. 261,9 kv.m köməkçi sah. 119,4 kv.m. olan, 2627,60 kv.m. torpaq sahəsində yerləşən və Bakı şəhəri Əmircan qəs. A.Rzayev küç. Ev 116-da yerləşən 14 otaqlı şəxsi yaşayış evinin vət. X22 məxsus olan “K” tikinti hissəsində yerləşən yaşayış sahəsi 14,8 kv.m. olan bir otağı alıcının mülkiyyətinə verir. Satıcı evi 22.050.000 manata, Alıcıya satmışdır. X25 ilə (alıcı) İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 30/743 nömrəli arayışa əsasən ümumi sahəsi 381,9 kv.m o cümlədən yaşayış sah. 261,9 kv.m köməkçi sah. 119,4 kv.m. olan, 2627,60 kv.m. torpaq sahəsində yerləşən və Bakı şəhəri Əmircan qəs. A.Rzayev küç. ev 116-da yerləşən 14 otaqlı şəxsi yaşayış evinin vət. X22 məxsus olan “K” tikinti hissəsində yerləşən yaşayış sahəsi 15,2 kv.m. olan bir otağı alıcının mülkiyyətinə verir. Satıcı evi 35.280.000 manata, Alıcıya satmışdır.

13. Bakı şəhəri Suraxanı Rayonu Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 3746/2017 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilmiş, İddiaçı qzı və X15 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 116 saylı fərdi yaşayış evinə köçürülməsi, X18 və X4 İddiaçı və X5 qarşı “əmlak paylarının müəyyən edilməsi tələbinə” dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9552/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehlər X28 və X4 nümayəndəsi X6 apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsiin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir.

15. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 569 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 116 ünvanında qeydiyyatdadır.

16. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X31 xx.xx.2013-cü il tarixdə doğulmuşdur.

17. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X27 xx.xx.2016-cı il tarixdə doğulmuşdur.

İşin faktiki halları.

18. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2004-cü ildə alqı-satğı müqaviləsinə əsasən almışdır. Hal-hazırda sözügedən ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh X28 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən evə köçüb yaşamışdır. Daha sonra İddiaçı və X2 Azər Binəli oğlu və X9 qarşı “evə köçürülmə” tələbi ilə Bakı şəhəri Suraxanı Rayonu Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(010)-3746/2017 nömrəli qətnaməsi iddia tələbləri təmin edilmişdir. X28 və X13 arasında olan nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur.

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Qərarı.

Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

25. İşin hallarından göründüyü kimi, birinci iddia tələbi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması, ikinci iddia tələbi isə iddiaçının mübahisəli mənzildən istifadə hüququnun tanınması ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, hər iki mübahisənin mahiyyəti üzrə həll edilə bilməsi üçün ilk növbədə birinci iddia üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olubolmaması məsələsinə münasibət bildirilməlidir. Çünki yalnız həmin istifadə hüququ müəyyən edildiyi təqdirdə bu hüququn itirilməsindən (birinci iddia), yaxud tanınması və bu əsasla mənzilə istifadə hüququnun tanınmasından (ikinci iddia) söhbət gedə bilər.

26. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Cavabdeh X28 ilə xx.xx.2013cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan iki övladları xx.xx.2013-cü il təvəllüdlü X31 və xx.xx.2016-cı il təvəllüdlü X27 doğulmuşdur.

27. Hazırkı mübahisəli Bakı şəhəri Əmircan qəs. A.Rzayev küç. ev 116-da yerləşən 1 otaqlı mənzil xx.xx.2004-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.

28. Cavabdeh qaynanası İddiaçı məxsus olan fərdi yaşayış evinə 2013-cü ildə gəlin köçmüş və hal-hazıradək orada yaşayır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-4166/2024 nömrəli qətnaməsinə əsasən X28 və X13 arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 802 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və azyaşlı uşaqların anasının himayəsində qalması qət olunmuşdur.

29. Cavabdehin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində ifadə edilən “digər qohumlar” kateqoriyasına daxil olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin maddədə nəzərdə tutulmuş “digər qohumlar”ın dairəsi ilə bağlı şərh vermiş və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etdiyini müəyyən etmişdir.

30. İşin hallarından görünür ki, cavabdeh mülkiyyətçinin oğlunun arvadı olmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququna malik şəxs hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulduğu mənada iddiaçının ailə üzvü kimi evdən istifadə hüququ yaranmamışdır.

31. Hər bir halda məhkəmə qeyd edir ki, cavabdehin evdən istifadə hüququ iddiaçı ilə aralarındakı ailə münasibətlərindən yox, mülki münasibətlərdən də (məsələn, tərəflər arasında müqavilə bağlanması) yarana bilərdi. Lakin işin hallarından görünür ki, tərəflər arasında cavabdehə evdən istifadə hüququ verən hər hansı mülki hüquqi münasibətlər mövcud olmamışdır.

32. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin evə dair nə ailə, nə də mülki münasibətlərdən irəli gələn heç bir istifadə hüququ yaranmamış və mövcud deyildir. Belə olan halda cavabdehin evdən istifadə hüququnun tanınması barədə iddia tələbi əsassız, iddiaçının buna etirazının dəlilləri isə əsaslıdır. Belə ki, iddiaçı həmin evin mülkiyyətçisi olmaqla yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqlarına malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı və cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.

33. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmamışdır. Belə ki, artıq məhkəmə ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildən çıxarılmalı olduğu nəticəsinə gəldiyindən, onun mənzilə istifadə hüququnun tanınması halı da istisna edilir. 35.Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia cavabdehin mənzildən çıxarılma hissəsində təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır.

Məhkəmə xərcləri.

36. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən hər biri 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, ilkin iddia qismən təmin olunmalı, cavabdeh Nəsirova (Səfərova) Türkanə Rüstəm qızı ünvan 1 (ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı və ilkin iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu Nəsirova (Səfərova) Türkanə Rüstəm qızından İddiaçı xeyrinə tutulmalıdır.

38. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamalı və iş üzrə ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu Cavabdeh aid olunmalıdır. 39.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin olunsun. Cavabdeh Nəsirova (Səfərova) Türkanə Rüstəm qızı ünvan 1 (ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İlkin iddia tələbi üzrə ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu Nəsirova (Səfərova) Türkanə Rüstəm qızından İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. İş üzrə ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar