Məhkəmə qərarları › İş №2(010)-1878/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1878/2023

17.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1878/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə rəsmi qaydada nikaha girməklə ünvan 2 ünvanında yaşamağa başlamışıq. Bildirirəm ki, mənim cehiz əşyalarım da həmin evə yerləşdirilmişdir. Bizim həmin nikahdan iki övladımız var. Biz həmin vaxtdan həmin evdə yaşamışıq. Sonradan biz birgə təsərrüfat fəaliyyətimiz nəticəsində əldə etdiyimiz vəsait hesabına həmin bir otaqlı mənzilin otaq saylarını artırmaqla özümüzə yeni bir ev tikmişik. Lakin mən artıq bir müddətdir ki, uşaqlarımla bərabər həmin evdən çıxmaq məcburiyyətində qalmışam. Valideynlərimə məxsus evdə yaşayıram. Həmin evdə mənim iki uşağım, iki qardaşım və xəstə anam yaşayır. Ərimlə artıq boşanmaq ərəfəsindəyik. Bu səbəbdən də mən yaşamaq üçün həmin evə köçmək istəyirəm. Eyni zamanda biz həmin evi birlikdə inşa etdiyimiz üçün evin tikintisi üçün sərf olunmuş məbləğin yarısının mənim xeyrimə tutulmasını qanuni hesab edirəm. Bildirirəm ki, məndə olan məlumata görə evin heç bir sənədi yoxdur. Mən həmin mənzilə el adəti ilə toy etməklə, cehiz əşyalarımı yerləşdirməklə, rəsmi nikaha daxil olub ailə qurmaqla ailə üzvü kimi gəlin köçmüşəm. 2003-cü ildən boşanma qərarına gələnə qədər həmin mənzildə davamlı olaraq uşaqlarımla birlikdə orada yaşamışam. Bizim həmin mənzildən başqa yaşayış yerimiz yoxdur. Mən həmin mənzildə yaşayan zaman bizim ailə büdcəmizin hesabına həmin mənzil tikilmiş, təmir edilmiş, yaşayış üçün yaxşı vəziyyətə gətirilmiş, mənim həmin mənzildə əziyyətim çox olmuşdur. Bizim yaşamaq üçün başqa yaşayış yerimiz yoxdur”. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə sözügedən ünvana köçməyi tələb edir. Tərəflərin birgə nikahından doğulmuş uşaqlardan biri yetkinlik yaşına çatdığından iddiaçı yalnız yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə köçürülməyi tələb etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini, iddiaya heç bir etirazı olmadığını bildirdi.

İş materialları.

6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-T seriyalı, 018583 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 599 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 870339 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 2861 nömrə ilə qeyd edilmişdir.

8. "xxxx" MMC tərəfindən verilmiş “fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” hesabat cədvəlindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən tikinti xx.xx.2011-ci il tarixdə inventarlaşdırılmışdır. Tikintinin inventar dəyəri 28800 manat məbləğində qiymətləndirilmişdir. Tikintinin sahibinin Cavabdeh olduğu qeyd edilmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 690/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsində xx.xx.2003-cü il tarixdə 599 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 cavabdeh İddiaçı yanında qalmasının müəyyən edilməsi, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından iki uşaq doğulmuş, uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan uşaq – xx.xx.2006-cı il təvəllüdlü X3 anası İddiaçı yanında qalır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, həmçinin birgə nikahdan doğulmuş uşağın ana İddiaçı yanında qalması müəyyən edilmişdir.

12. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və heç kimin mülkiyyətində deyil. Lakin tikintinin inventarlaşdırılmasına dair 2011-ci il tarixli hesabat cədvəlində tikintinin sahibi kimi Cavabdeh adı qeyd edilmişdir.

13. Hazırda İddiaçı yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evə köçürülməyi tələb etmişdir. Cavabdeh isə məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini bildirmişdir. Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi.

15. İşin hallarından görünür ki, Cavabdeh tərəfindən məhkəməyə iddianın etiraf edilməsi barədə yazılı ərizə təqdim edilmiş, cavabdeh iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir.

16. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi təsdiq edilməlidir. Belə ki, bu etiraf qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.

17. Bundan başqa, cavabdehə iddianı etiraf etməsininin məhkəmə tərəfindən təsdiq ediləcəyi halda bunun iddianın təmin edilməsi ilə nəticələnəcəyi izah edilmiş, cavabdehin buna heç bir etirazı olmamışdır.

18. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə iddianın etiraf olunan hissədə, yəni tam təmin edilməsi üçün əsasdır.

Məhkəmə xərcləri.

19. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü oğlu X3 ilə birlikdə ünvan 5 ünvanında yerləşən evə köçürülməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü oğlu X3 ilə birlikdə ünvan 5 ünvanında yerləşən evə köçürülsün. 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar