Məhkəmə qərarları › İş №2(010)-1884/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1884/2021

15.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1884/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarma" tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən 10 b saylı evin 62 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirdi ki, o, X2 ilə 1998-ci ildə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuş və birgə nikahlarından iki övladı anadan olmuşdur. O, birgə nikah dövründə bir çox əmlaklar, o cümlədən xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 1 saylı evin bir hissəsini ("A" tikilisindən 1 otaq-28.8kv.m) və xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı evin, 62 saylı mənzilini almışdır. Lakin həmin mənzillər həyat yoldaşının xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bu yaxınlarda isə ailədə baş vermiş narazılıqlar üzündən ailəsi dağılmış, məhkəmə qətnaməsi ilə aralarında olan nikah ləğv edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10b, mənzili 62 onun mülkiyyətinə verilmişdir. Həmin evdə oğlu X3, oğlunun həyat yoldaşı və iki uşağı, eləcə də subay oğlu X4 ilə birlikdə yaşayır. Oğlu İbrahimin onlarla yaşamasına cavabdeh gəlini Cavabdeh mane olur, heç bir səbəb olmadan evdə dava-dalaş salır. O, həmin evin özünə məxsus olmasını cavabdehə dəfələrlə bildirərək, ondan mənzili tərk etməsini tələb etsə də, cavabdeh evdən çıxmamış, onların özlərinin yaşamağa yaşayış yeri olmalarına baxmayaraq onun mülkiyyətində olan evinə qanunsuz olaraq girib, evini zəbt etmiş, onun adına olan elektrik enerjisindən, mavi qazdan qanunsuz istifadə edərək onun mülkiyyət hüquqlarını pozmuşdur. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçının oğlu ilə 2011ci ildən rəsmi nikahdadır. Hazırda iki uşağı və həyat yoldaşı ilə birlikdə qaynanasının xüsusi mülkiyyətində olan mənzilində yaşayır. Sözügedən mənzilə 2016-cı ildən köçüb yaşamağa başlamışdır. Onun iki uşağı ilə birlikdə başqa yaşayış yeri yoxdur. Həmin mənzilə 2012-ci ildən pasport qeydiyyatına düşmüşdür. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev10b, mənzil 62 tam pay hüququ ilə iddiaçıya məxsusdur. “Asan 4” xidmətinin ******* saylı xx.xx.2020-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10b, mənzil 62-də pasport qeydiyyatındadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə hazırki mülki işlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında deyilir: Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı ev, mənzil 62 tam pay hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğlu ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur, yəni iddiaçının gəlinidir. Sözügedən mənzildə 2012-ci ildən pasport qeydiyyatındadır. 2016-ci ildən isə cavabdeh əri və uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus olan mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir, cavabdeh isə iddia tələbi ilə razılaşmır. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən məhdud əşya hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eləcə də məhkəmə diqqətə çatdırır ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, cavabdeh, yəni iddiaçının gəlini Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq müddəaları əsasında (15-17-ci fəsil) iddiaçı ilə birlikdə ona məxsus mənzildə yaşamaq və iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər sırasına daxil deyil, ona görə də o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Cavabdehin iddiaçının mülkiyyətində olan əmlakın tərkib hissəsindən istifadə imkanını təmin edən məhdud əşya hüququ mövcud olmadığından, onun sözügedən mənzildə rəsmi qeydiyyatda olması məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmədiyindən, eləcə də iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər sırasına daxil olmadığından məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10b, mənzil 62-dən çıxarılsın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar