Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1905/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsə kimi tanınması”na dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən mərhum həyat yoldaşı X5 adına olan əmlakla bağlı onun adına vərəsəlik işinin açılması, vərəsə kimi tanınması vəzifəsinin Bakı şəhəri 17 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşin aidiyyəti üzrə göndərilməsi.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 1258/2023 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
3. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Həyat yoldaşım X10 ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə həyatı qurmuşuq. Birgə nikahdan biz övladımız - xx.xx.1999-cu il təvəllüdlü X13 anadan olmuşdur. Həyat yoldaşım X10 xx.xx.2013-cü il tarixdə ürək qan damar çatışmazlığından vəfat etmişdir. Hazırda qızım X13 mərhum həyat yoldaşım X8 məxsus olan əmlakların mənim adıma keçməsinə etiraz etmir. Mənim adıma vərəsəlik işinin açılması üçün Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmişdim. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədov müraciətimə cavab olaraq bildirmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələblərinə əsasən müddətin buraxılması izah edilmişdir. Belə ki, notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərar çıxarmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindəyəm”. Ərizəçinin xahişinin dəqiqləşdirilməsi.
4. Ərizəçi məhkəməyə xahişinin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən mərhum həyat yoldaşı X4 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum ərindən miras qalmış ev qayınana-qayınatasından qalma köhnə ev olmuş, lakin evin “kupça”sı mərhum yoldaşının adına olmuşdur. Yoldaşının üç bacısı, bir qardaşı olmuş, onların heç biri ailə qurmamış, övladları olmamışdır. Yoldaşı 2013-cü ildə rəhmətə gedəndən həmin evdə özü qalır. Lakin həmin vaxt bilməmişdir ki, mərhum ərindən miras qalmış evi öz adına keçirməli, bunun üçün notariusa getməlidir. Hazırda ona evdə yaşamaq üçün heç bir maneə yoxdur. Mərhum ərinin adına olan kommunal ödənişləri də ödəyir. Lakin onun mərhum ərindən Sitarə Fərhadlı adlı bir qızı var. Övladına görə istəyir ki, evi öz adına keçirsin. O hazırda ailəlidir. Lakin ev gələcəkdə onun hansısa ehtiyacı üçün lazım ola bilər. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında X14 bildirdi ki, Ərizəçi onun anasıdır. Atası X9 isə 2013-cü ildə rəhmətə getmişdir. O, atasından miras qalmış həmin evdə doğulub-böyümüşdür. Lakin 2021-ci ildə ailə qurandan başqa yerdə yaşayır. Anası isə həmin evdə qalmağa davam edir. O özü də bəzən gəlib anasının yanında qalır. Hazırda anasının evi öz adına keçirmək istəməsindən xəbərdardır və buna heç bir etirazı yoxdur. Odur ki, ərizənin təmin edilməsinə heç bir etiraz etmir (X11 iş üzrə maraqlı şəxs kimi cəlb edilməsə də, mərhumun ərizəçi ilə birgə nikahından doğulmuş vərəsəsi olduğundan izahatı dinlənilmişdir).
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
8. Bakı şəhər X7 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 Bakı şəhəri, Maştağa qəsəbəsi, Kooperativ küçəsində yerləşən 6 nömrəli evin mülkiyyətçisidir.
9. Bakı şəhəri Sabunçu rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş Vİ-JQ seriyalı, 462733 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 və X15 arasında xx.xx.1998ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 802 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra arvada Quliyeva soyadı verilmişdir.
10. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi Maştağa qəsəbə bölməsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 646167 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə ürək qan-damar çatışmazlığından Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 337 nömrə ilə qeyd edilmişdir.
11. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, vətəndaş Ərizəçi xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsidir.
İşin faktiki halları.
12. Ərizəçi və X9 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.1999-cu il təvəllüdlü X12 doğulmuşdur.
13. ünvan 2 ünvanında yerləşən ev X4 mülkiyyətində olmuşdur.
14. X9 xx.xx.2013-cü il tarixdə ölmüşdür.
15. Mərhumun arvadı Ərizəçi ərizə ilə Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək mərhum ərindən qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəmiş, notariusun xx.xx.2022-ci il tarixli qərarı ilə vərəsəliyin qəbuluna dair müddətin buraxılmasına görə şəhadətnamənin verilməsindən imtina edilmişdir.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 1133. Vərəsəlik anlayışı. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134. Vərəsələr. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Mirasın açılması. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı.
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”.
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi.
20. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ev Ərizəçi mərhum əri X6 məxsus olmuşdur. Ərizəçi əri X30 xx.xx.2013-cü il tarixdə ölümündən sonra da həmin ünvanda yerləşən evdə yaşamağa davam etmiş, bununla da ərindən miras qalmış evə sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla mirası qəbul etmişdir.
21. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin mərhum əri X1 miras qalmış əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir.
22. Nəzərə alınmalıdır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
23. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar əsasında məhkəmə, müvafiq miras əmlakın ərizəçi tərəfindən faktiki qəbul edildiyi nəticəsinə gəlir.
24. Son olaraq, məhkəmə Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına istinadla onu da qeyd edir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən evin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.
26. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən evin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva