Məhkəmə qərarları › İş №2(010)-1907/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1907/2023

28.03.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1907/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 3-43-76\3-2\26-2023 saylı arayışını əsas götürərək 1 saylı Gəncə regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə dəyişilik edilərək, xx.xx.2003-cü il təvəllüdlü oğlu X1 ölümünün səbəbini hərbi xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu Vəzirxana kəndi ərazisində həlak olması kimi qeyd edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı ərizənin mahiyyəti - ərizəçinin oğlu xx.xx.2003-cü il təvəllüdlü X1 ölüm haqqında şəhadətnamədə ölüm səbəbinin dəyişdirilərək “hərbi xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu Vəzirxana kəndi ərazisində həlak olması kimi” qeyd edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 14-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Ərizəyə əlavə olunmuş Suraxanı Rayon Qeydiyyat şöbəsinin Ərizəçi müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə ilk öncə “Kəlbəcər Regional Məhkəmə və Tibbi Ekspertiza bölməsi” tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnaməyə düzəliş edildikdən sonra vətəndaşın ölüm haqqında akt qeydində düzəliş edilməsinin mümkün olduğu bildirmişdir. Məhkəmə hesab edir ki, ərizəçi hazırkı xahişlə müvafiq dövlət orqanının imtinasından Bakı İnzibati Məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırki işin mahiyyətindən və işin yuxarıda qeyd olunan hallarından məlum olur ki, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, sonuncuya “inzibati orqanın” imtinasından Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, müraciət etdiyi inzibati orqanın imtinasından Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar