Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1914/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MTK) qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh MTK-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 02 fevral 2016-cı il tarixli müqaviləyə əsasən icraçı Cavabdeh MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini pay kimi payçı İddiaçı verməyi, İddiaçı isə payın əvəzində 200.000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh MTK-nin direktoru Nümayəndə tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir.
3. İddiaçı tərəfindən Cavabdeh MTK-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin 5 gün müddətinə təhvil verilməsi, əks təqdirdə məhkəmədə iddia qaldıracağı barədə Cavabdeh MTK-nə xəbərdarlıq etmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1483 №-li ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 43-cü vərəqində Cavabdeh MTK-nın direktoru Nümayəndə ilə İddiaçı adlarından olan 02 fevral 2016-cı il tarixli müqavilədə “İcraçı” hissəsində “NümayəndəH” qrafasındakı imza – Nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
İşin faktiki halları
5. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh MTK-nın balansında olması işin mübahisəsiz hallarıdır. İlkin və qarşılıqlı iddia tələbi
6. İddiaçı Cavabdeh MTK-nə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və cavabdeh “Elita-R" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 8-ci hissəsinə əsasən, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4040/49-cu məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasının 2-ci blok 1-ci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh MTK (vəkili və nümayəndəsi Vəkil2 vasitəsilə) İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin verilinəsi barədə bağlanmış 02 fevral 2016cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1914/2023 nömrəli iş üzrə qəbul etdiyi 03 may 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.
Tərəflərin izahatları
9. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
10. Cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianı isə qəbul etməyərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
12. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı
Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
14. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 №-li Qərardadı
Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir.
17. Məhkəmə hər iki iddia ilə bağlı aşağıdakıları qeyd edir.
18. Qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.
19. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
20. Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: • əhəmiyyətsiz əqdlər; • mübahisə edilən əqdlər; • müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; • məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.
21. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur.
22. Hazırki iş üzrə iddia ərizələrindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ona verilməli olan qeyri-yaşayış sahəsini, Cavabdeh MTK isə həmin müqavilənin etibarsız hesab olunmasını tələb edir.
23. Mülki iş üzrə Cavabdeh MTK-nin vəkili Kooperativdə İddiaçı ilə bağlanmış belə bir müqavilənin olmadığını bildirərək, müqavilənin etibarsız sayılmasını tələb etmiş, həmçinin mübahisəli əraziyə baxış keçirilməsini xahiş etmiş və məhkəmə tərəfindən proses iştirakçıları ilə birlikdə yerli baxış keçirilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə gedilmişdir. Yerli baxış zamanı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin müəyyən edilməsi məqsədilə binanın komendatları Rövşən İbrahimli və İlqar adlı şəxslər 2-ci blokun yerləşdiyi ərazini göstərmişdir. Komendatların bildirdiyinə görə gözəllik salonu və “Makros” market istisna olmaqla 2-ci blok, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin hamısı boşdur. Binanın 1-ci mərtəbəsinə baxış keçirilən zaman həqiqətən də yalnız gözəllik salonu və marketin fəaliyyət göstərdiyi, digər qeyri-yaşayış sahələrinin isə boş olduğu müəyyən olunmuşdur. Komendat R.İbrahimli həmin qeyri-yaşayış sahəsini konkret olaraq göstərməyin mümkün olmadığını bildirərək, həmin ölçülərin haradan başladığını müəyyən etmək lazım olduğunu qeyd etmişdir. Həmçinin, baxış zamanı cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, hər bir obyektin konkret sxemi olmalıdır. Belə ki, hazırda bu binada fəaliyyət göstərən marketin belə sxemi vardır və sərhədlərini müəyyən etmək mümkündür. Çünki, iddiaçının iddia etdiyi həmin 100 kv.m sahə sağdan və ya soldan da hesablana bilər. Bunu isə yalnız sxem əsasında müəyyən etmək olar və ya ən azından iddiaçı özü gəlib mübahisə predmetini göstərə bilər. Eyni zamanda, sxem iddiaçıda olmalıdır, çünki digər obyektlərlə müqavilə bağlanılan zaman onlara sxem təqdim olunub. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 isə iddiaçıda yalnız müqavilə və arayış mövcud olduğunu, sxemin olmadığını qeyd etmişdir.
24. Məhkəmə tərəfindən işin araşdırılan hallarından və Cavabdeh MTK-nin vəkilinin vəsatətinə əsasən məhkəmə tərəfindən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 43-cü vərəqində Cavabdeh MTK-nın direktoru Nümayəndə ilə İddiaçı adlarından olan 02 fevral 2016-cı il tarixli müqavilədə “İcraçı” hissəsində “NümayəndəH” qrafasındakı imza – Nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
25. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə onun etibarlılıq şərtlərinə uyğun olmamış və hər iki tərəfin iradə ifadəsini əks etdirməmişdir. Lakin buna baxmayaraq, məhkəmə yalnız imzanın tərəfə aid olmaması faktı ilə kifayətlənməyərək, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirmişdir.
26. Belə ki, tərəfələr arasındakı müqavilənin 02 fevral 2016-cı il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 7 ildən artıq bir müddət ərzində həmin qeyri-yaşayış sahəsini təhvil almamış, ondan heç vaxt istifadə etməmiş və ona sahiblik etməmişdir. Hətta, keçirilmiş yerli baxış zamanı da müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçı tərəf ümumiyyətlə hansı qeyri-yaşayış sahəsinə dair müqavilə bağladığını bilmir və müqavilə üzrə tələb etdiyi qeyri-yaşayış sahəsini göstərə bilmir. İddiaçı tərəfdə yalnız müqavilə və arayış mövcuddur ki, həmin müqavilə üzrə də imza Cavabdeh MTK-nin direktoru Nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
27. Beləliklə, mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilənin müqavilədə göstərilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanması, müqavilə bağlanan zaman ona sahənin dəyərini ödəməsi barədə rəsmi maliyyə sənədi olan kassa mədaxil orderi qəbzinin verilməməsi, müqavilənin bağlanması ilə eyni zamanda ödənişin edilməsi və iddiaçıya maliyyə arayışının verilməsi, həmin pul məbləğinin həqiqətən də MTK-ya mədaxil olunması, müqavilənin bağlandığı vaxtdan təxminən 7 il keçməsinə baxmayaraq idiaçının bu müddət ərzində həmin qeyri-yaşayış sahəsini təhvil almaması, ondan heç vaxt istifadə və ona sahiblik etməməsi, idiaçının tələb etdiyi qeyri-yaşayış sahəsini tanımaması və konkret olaraq harada yerləşməsi barədə məlumatının, eləcə də plan-cizgi sxeminin olmaması həmin müqavilənin bağlanmasına ciddi şübhə yaratdığından, məhkəmə müqavilənin etibarsız hesab olunması barədə iddia tələbini əsaslı hesab edir.
28. Məhkəmə iddia müddətinin tətbiqi barədə tərəflərin bildirdiyi fikrə münasibətdə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən bildirir ki, Mülki Məcəllənin 354.1-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
29. Əhəmiyyətsiz əqdin bu xüsusiyyətinə görə, qanunverici yalnız onun nəticələrinin tətbiqi barədə iddianın qaldırılmasını nəzərdə tutmuşdur. Əhəmiyyətsiz əqdin etibarsız hesab olunması barədə iddialarda əqdin əhəmiyyətsiz olması iddianın faktiki əsasını təşkil edir, iddiaçının tələbi isə qarşı tərəfdən bu əsasla (əhəmiyyətsiz əqd əsasında) əldə olunmaşların geri qaytarılmasına yönəlir.
30. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddialara tətbiq olunan müddət iddia müddətidir və bu müddət yalnız əhəmiyyətsiz əqdin predmetini əvəz edilən əşyalar (mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalar) təşkil etdikdə keçərlidir. Yəni, əhəmiyyətsiz əqdin predmetini əvəz edilə bilməyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) təşkil etdikdə, bu tələblərə iddia müddəti tətbiq oluna bilməz, çünki bu əşyalar əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir.
Məhkəmə xərcləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı özünə aid edilməli, qarşılıqlı iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır.
34. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 126 manat məbləğində pul iddiaçıcavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə
35. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi barədə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 02 fevral 2016-cı il tarixli müqavilə etibarsız hesab edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İlkin iddia rədd edilsin. İlkin iddia tələbi rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi barədə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 02 fevral 2016-cı il tarixli müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh xeyrinə tutulsun. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul iddiaçı-cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.