Məhkəmə qərarları › İş №2(010)-1919/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1919/2023

12.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1919/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili və vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küçəsi 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsi tam şəkildə İddiaçı təhvil verilməsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini dəqiqləşdirərək, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsini tam şəkildə ona təhvil verilməsinin, əmlakın dəyərinin onun tərəfindən tam ödənilməsi barədə maliyyə arayışının və Cavabdeh Mənzil Tikinti Kooperativindən pay almaqla payçılığa qəbul edilməsi barədə xx.xx.2013-cü il tarixli iclas protokolundan çıxarışın verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsinin cavabdeh tikinti kooperativinə pay haqqını tam ödəməklə almışdır. Alğı-satqı müqaviləsi xx.xx.2013-cü il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativi ilə imzalanmış müqavilə ilə rəsmiləşdirilmişdir. Müqavilə ilə tərəfindən kooperativin mühasibatlığına 268000 manat məbləğində pul ödənmişdir. Aralarında fərdi qaydada rəsmiləşdirilmiş Müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa edilən yüksək mərtəbəli binanın 3cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224 kv/m olan qeyri yaşayış sahəsini bir pay kimi verir. Həmin müqavilənin 8-ci maddəsinin məzmununa əsasən tikinti işləri başa çatdıqdan sonra, müqavilənin əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə qeyri-yaşayış sahəsini qəbul edir. Lakin, aradan keçən müddət ərzində əmlakı ona təhvil verilməmiş və aralarındakı öhdəliyə riayət edilmədiyindən ona maddi ziyan vurulmuşdur. Bununla yanaşı cavabdeh təşkilat pulun ödənilməsini müqavilədə təsdiqləsə də, maliyyə arayışının verilməsini və kooperativdən pay haqqı aldığıına dair iclas protokolundan çıxarışın təqdim edilməsini təmin etməmişdir. Bu isə əmlakın mülkiyyətə keçirilməsinin qeydə alınmasını təmin edən orqana verilməsində müvafiq maneə yaradır və sənədləri tamlıq təşkil etmir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, kifayət qədər sübutlar təqdim olunmuşdur. Bu səbəbdən də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış müraciətdən görünur ki, Cavabdeh MTK-ya xx.xx.2013-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsi üzrə yaranmış öhdəlik barədə məlumat verilmiş, borcun 5 iş günü ərzində qeyd olunan qeyri-yaşayış sahəsi təhvil verilmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin pretenziya poçt operatoruna xx.xx.2023-cü il tarixdə rəsmi qaydada verilmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, İddiaçı dəyəri 268800 manat olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü blok, İ-ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh MTKdan almışdır. İddiaçı müqavilə bağlanan gün xx.xx.2013-cü il tarixdə qeyri-yaşayış sahəsinin dəyərini 268800 manatını Cavabdeh MTK-ya ödəmişdir, bu müqavilənin 4.2-ci bəndi ilə təsdiq edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış **********5280000 nömrəli məktubdan görünür ki, Cavabdeh MTK-nin (VÖEN:**********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış 3-21-3-02/2-7691/2023 nömrəli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, qeyri-yaşayış sahəsinin təhvil verilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.... Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 109. Mənzil-tikinti kooperativləri 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3. Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.4. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar.... Maddə 110. Mənzil-tikinti kooperativlərinə üzvlük 110.1. Mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz.... 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyriyaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir. 110.6. Mənzil-tikinti kooperativinin üzvünün payının özgəninkiləşdirilməsi ilə əlaqədar əqdlər notariat qaydasında təsdiqlənməlidir. Maddə 112. Mənzil-tikinti kooperativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüququ 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, İddiaçı dəyəri 268000 manat olan Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh MTKdan almışdır. İddiaçı müqavilə bağlanan gün xx.xx.2013-cü il tarixdə qeyri-yaşayış sahəsinin 100% pay dəyərini – 268000 manatını Cavabdeh MTK-yə ödəmişdir, bu müqavilənin 4.2-ci bəndi ilə təsdiq edilir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə görə, cavabdeh müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsini pay kimi iddiaçıya verməli, iddiaçı isə ona razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MTK hazırkı vaxta kimi öhdəliyini yerinə yetirməmiş, müqavilədə göstərilən və İddiaçı 100% pay dəyəri tam ödədiyi Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün tələb olunan maliyyə arayışını və payçılığa qəbul edilmə barədə protokolundan çıxarışı İddiaçı verməmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı Cavabdeh MTK-ya şifahi və yazılı ərizə ilə müraciət etmişdir. Lakin, Cavabdeh MTK hazırkı vaxta kimi müqavilə öhdəliyini yerinə yetirməmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. Belə olan halda isə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küçəsi 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsi tam şəkildə İddiaçı təhvil verilməli, əmlakın dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı və Mənzil Tikinti Kooperativindən pay almaqla payçılığa qəbul edilməsi barədə xx.xx.2013-cü il tarixli iclas protokolundan çıxarış Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küçəsi 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsi tam şəkildə İddiaçı təhvil verilsin. Əmlakın dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı və Mənzil Tikinti Kooperativindən pay almaqla payçılığa qəbul edilməsi barədə xx.xx.2013-cü il tarixli iclas protokolundan çıxarış Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar