Məhkəmə qərarları › İş №2(010)-1931/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1931/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1931/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə” barədə ilkin və İlkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “istifadə hüququnun itirilmiş hesab olunması və əşyaların fərdi yaşayış evindən çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmyə müraciət edərək onların ünvan 1 ünvanda yerləşən analarının mülkiyyətində olan mənzilin 2014-cü ildən yaşadıqları otaqlarına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yerləşən analarının mülkiyyətində olan evin girişdən solda yerləşən ev əşyalarının yerləşdiyi otağa köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 61 kv metr olan 29 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab olunması, İddiaçı2 məxsus əşyaların ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61 kv.metr olan 29 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab olunması, İddiaçı2 məxsus əşyaların ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

5.İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, cavabdeh olan bacıları Cavabdeh3 məişət problemləri ilə bağlı tez-tez onlarla mübahisə yaratmış, onları evdən çıxaracağı ilə hədələmişdir. Anası və qardaşı isə onun verdiyi yalan məlumatlara inanıb onlara qarşı pis münasibət saxlayır, onlar da bu səbəbdən onların (iddiaçıların) evdə yaşamaqlarına razılıq vermir, evə qayıtmamaqları tələb edirlər. Onlar məişət mabahisələrinə son qoymaq üçün ayrıca köməkçi sahə inşa etmək istəsələr də, cavabdehlər buna imkan verməmişlər. Aldıqları inşaat materiallarından istifadə etməyə icazə verməmişlər. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Kəmalə növbəti mübahisəni yaradaraq onlardan polisə şikayət etmiş və evdən qovmuşdur. Halbuki, onların ümumi razılıqları əsasında mənzilin otaqlarını aralarında bölərək ayrı-ayrılıqda otaqlardan təcrid olunmuş şəkildə istifadə edirlər. Onlar (iddiaçılar) evin girişində sol tərəfində hal-hazırda əşyaları yerləşən otaqda yaşamışlar. Hal-hazırda məcbur olub başqa ünvanda yaşayırlar. X6 mənzil növbəsinə götürülmüş və ailə üzvləri sayı nəzərə alınmaqla 1997-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Sadıqcan küçəsi, 27 saylı evin 123 saylı mənzili order əsasında ailə üzvlərinin tərkibi göstərilməklə onun adına order verilmişdir. Ataları xəstə olduğuna görə ümumi razılıq əsasında mənzilin anaları Cavabdeh1 adına özəlləşdirilməsi barədə ərizələr təqdim edərək analarının adına özəlləşdirmişlər. Ataları 2004-cü ildə vəfat etmişdir. 1998ci ildə ailə üzvləri razılığı əsasında həmin mənzil satılmış və əldə olunan vəsait hesabına Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 21 saylı evin 15 saylı mənzili analarının adına alaraq, həmin mənzilə qeydiyyata alınmaqla orada yaşamağa başlamışlar. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 21 saylı evin 15 saylı mənzili ümumi razılıq əsasında 6 saylı notariat kontorunda sataraq, əldə edilən pul vəsaiti hesabına Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli zeytun sovxozu, Naximov 181 ünvanında anaların adına torpaq sahəsi alınaraq fərdi yaşayış evi tikilmiş, evi daşınmaz əmlakın dövlət reyestrində analarının adına qeydə aldıraraq evə qeydiyyata alınmaqla, orada yaşamağa başlamışlar. Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli zeytun sovxozu, Naximov 181 ünvandakı evi ümumi razılıq əsasında 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində xx.xx.2014-cü il tarixdə sataraq, əldə olunan vəsait hesabına hazırda mübahisəsi gedən Bakı şəhəri, Suraxanı rayonu, Q.Qarayev küçəsi 29 saylı evi ümumi razılıq əsasında analarının adına alaraq, ailəliklə həmin evə qeydiyyata alınmaqla orada yaşamağa başlamışlar. Hər ikisi və cavabdeh olan bacıları Kəmalə ailə qursa da, ailələri uğursuz alınmış və onlar mübahisəli evdə yaşamaqlarına davam etmişlər. Onların həmin evdən başqa daimi yaşayış yeri yoxdur. Hazırda məcbur olub müvəqqəti olaraq başqa ünvanda yaşayırlar. Onların mübahisəli evdən istifadə hüquqları cavabdeh olan bacıları Cavabdeh3 tərəfindən pozulmuşdur. Anaları da yaşlı olduğundan onun sözlərinə inanaraq həmin evdə yaşamaqlarına narazılıq edir. Qardaşları Gədəbəy rayonunun Qumlu kəndində yaşayır.

Qarşılıqlı İddia tələbinin əsaslandırıldığı hallar.

6. İlkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 61 kv.metr olan 29 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Belə ki, o bir neçə il öncə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında sözügedən daşınmaz əmlakı almışdır. Hazırkı mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 isə ona məxsus ünvanda pasport qeydiyyatları formal xarakter daşıyır. İddiaçılar İddiaçı1 və İddiaçı2 sözügedən əmlakı aldığı bir vaxtdan ümumiyyətlə orada yaşamamışlar. Belə ki, İddiaçı1 nikaha daxil olduqdan sonra ailəsi ilə birlikdə başqa ünvanda yaşamağa davam etmiş, hazırda Xankəndi şəhərindən məcburi köçkün olaraq Bakı şəhəri ərazisində məskunlaşmışdır. Digər ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 isə rəsmi nikaha daxil olmuşdur. Nikahı uğursuz olduqdan sonra, yəni boşandıqdan sonra əşyalarını qoyacağı bir yer olmadığından əşyalarını saxlanc olaraq ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 61 kv.metr olan 29 saylı fərdi yaşayış evində yerləşdirmişdir. Hətta onun fərdi yaşayış evində olmamağından istifadə edərək onun razılığını almadan özbaşına şəkildə əşyaları ona məxsus evdə yerləşdirmiş və evin bir otağını bağlayaraq onun istifadəsini qadağan etmişdir. Göründüyü kimi, iddiaçıların ona məxsus əmlak üzərində heç bir hüquqları olmadığı halda ona məxsus fərdi yaşayış evi üzərində qanunsuz hərəkətlər etmələri, əmlaka dair istifadə hüququnu həyata keçirən zaman məhdudiyyətlər yaratmaları azmış kimi, bu gün əsassız iddia tələbi ilə də məhkəməyə müraciət etmişlər. Onlar iddia ərizəsində guya ona məxsus fərdi yaşayış evində yaşadıqlarını, onların yaşamalarına imkan verilməməsini qeyd etmişlər. Bu fikir tam absurd olmaqla ədalət mühakiməsini yanıltmaqdan başqa bir şey deyildir. İddiaçılar ona məxsus əmlakda yaşamamış, mülkiyyətçi kimi isə onun əmlakından istifadə etməyinə maneə yaratmışlar. Halbuki, onun mülkiyyət hüququ qanunla qorunan konstitusion hüquqdur. Məhz belə olduğu təqdirdə qanunla müəyyən edilmiş mülkiyyət hüququ məhkəmə qaydasında bərpa edilməlidir. Bütün yuxarıda göstərilənləri əsas götürərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 61 kv.metr olan 29 saylı fərdi yaşayış evinə dair istifadə hüquqları itirilmiş hesab olunması və cavabdeh İddiaçı2 məxsus əşyaların ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 61 kv.metr olan 29 saylı fərdi yaşayış evindən çıxarılmasını qanunauyğun hesab edir.

Tərəflərin izahatları.

7.İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıların atası 1997-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Sadıqcan küçəsi, 27 saylı evin 123 saylı mənzili order əsasında ailə üzvlərinin tərkibini göstərilməklə əldə etmişdir. Ümumi razılıq əsasında iddiaçılar mənzili anaları Cavabdeh1 adına özəlləşdirilməsi barədə ərizələr təqdim edərək onun adına özəlləşdirmişlər. 1998-ci ildə ailə üzvlərinin razılığı əsasında həmin mənzil də satılmış və əldə olunan vəsait hesabına Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 21 saylı evin 15 saylı mənzili alınaraq, həmin mənzildə yaşamışlar. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 21 saylı evin 15 saylı saylı mənzili ümumi razılıq əsasında satılaraq, əldə edilən pul vəsaiti hesabına Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Naximov 181 ünvanında fərdi yaşayış evi tikilmiş, tərəflər həmin evə qeydiyyata alınaraq orada yaşamışlar. Daha sonra isə Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Naximov 181 ünvanında yerləşən evi ümumi razılıq əsasında xx.xx.2014-cü il tarixdə sataraq, əldə olunan vəsait hesabına hazırda mübahisəsi gedən Bakı şəhəri, Suraxanı rayonu, Q.Qarayev küçəsi 29 saylı ev alınmış və iddiaçılar həmin evə qeydiyyata alınmaqla orada yaşamağa başlamışlar. İddiaçılar və cavabdeh olan bacıları Cavabdeh3 ailə qursalar da, hər üçünün ailəsi uğursuz alınmış və onlar mübahisəli evdə yaşamaqlarına davam etmişlər. İddiaçı2 faktiki nikah münasibətlərinə daxil olmuş, lakin onun ailə münasibətləri qısa müddət davam etmiş və uğursuz olmuşdur. İddiaçı1 isə rəsmi olaraq nikaha daxil olmuş, 2017-ci il tarixdə rəsmi olaraq aralarındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra sözügedən mübahisəli mənzildə yaşamışdır. Onlar həmin mənzilin girişdən solda yerləşən otağında, 2024-cü ilin oktyabr ayına kimi yaşamışlar. Belə ki, iddiaçılar həyətdə sanuzel tikmək istələr də, lakin buna imkan verilməmiş, bir neçə dəfə məişət mübahisələri baş vermişdir. Sonuncu dəfə isə iddiaçı tərəfin yaşadığı otağın qapısı sındırılmışdır. Mübahisə Cavabdeh3 ilə aralarında baş vermişdir. Mübahisə baş verən ərəfədə mülkiyyətçi (Cavabdeh1) evdə olmamış belə ki, o həm sözügedən fərdi yaşayış evində, həm də Gədəbəy rayonunda yaşamışdır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçıların hər ikisi onun qızıdır. Onun qızı Təranə üçüncü sinifdən sonra Gədəbəydə təhsil alıb, sonra isə məcburi köçkün olan İlqar adlı şəxslə evlənmiş və na məxsus olan evdə yaşamamışdır. Təranə ərindən formal olaraq boşanmışdır. Digər qızı Lalə isə məktəbi bitirən kimi tanımadığı şəxsə qoşulub qaçmışdır. O, son olaraq Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Naximov 181 ünvanında yerləşən evdə yaşamış, sonradan isə özünə Hövsan qəsəbəsində sənədsiz ev almışdır. O, iddiaçların hər birinə mənzilə görə 10000 manat pul vəsaiti vermişdir. Onun oğlu Çingiz əlildir və o Gədəbəydə qalaraq ona qulluq edir. İddiaçılarla onun arasında mənzillə bağlı heç vaxt mübahisə olmamış və Lalə üç olar ki, özünə məxsus olan əşyaları saxlamaq üçün onun mənzilinə qoymağı təklif etmiş və o bununla bağlı olaraq etiraz etməmişdir. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin olunması və ilkin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir belə ki, ilkin iddia tələbi üzrə iddiaçıların qeydiyyatları olmuş və alqısatqı zamanı əmlak onların razılığı ilə satılmışdır. Ana övladlarının şəxsiyyət vəsiqələrinin etibarsız hesab edilməməsi məqsədilə, onları növbəti aldığı evlərə qeydiyyata almışdır. Təqdim edilmiş arayışlardan görünür ki, 257 saylı orta məktəbdə İddiaçı1 1979-1980-ci illərdə təhsil almışdır və həmin arayışın ikinci abzasında yazılmışdır ki, vətəndaşın iddia etdiyi kimi Vİİ sinfə qədər bu təhsil müəssisəsində oxuması haqda heç bir rəsmi sənəddə qeydiyyat tapılmamışdır. İddiaçı1 üçüncü sinifdən sonra Gədəbəy rayonunda təhsil almışdır. O, ailə həyatı qurduqdan sonra nikahı pozulmuş və 1998-ci ildə rəsmi nikaha daxil olmuşdur. İlkin iddia üzrə iddiaçılar sözügedən mübahisəli mənzildə 2024-cü ilin oktyabr ayına kimi yaşamamışdırlar. Onlar, ilk dəfə order ilə alınmış- Bakı şəhəri, Xəzər rayonu, Sadıqcan küçəsi, 27 saylı evin 123 saylı mənzilində yaşamışlar. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Şahid ifadəsi

10.Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh1 təxminən altı il olar ki, qonşu kimi tanıyır. Sözügedən mübahisəli fərdi yaşayış evində Cavabdeh3 və onun iki qızını görmüş, onlardan başqa heç kimi görməmişdir. Onun qızları azyaşlıdır. Cavabdeh1 isə orada bir dəfə görmüşdür. Bir dəfə onlara məxsus olan evin həyətində su borusunu təmir etmək məqsədilə olmuşdur.

11. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh1 ilə qonşudur, yuxarı məhəllədə yaşayır. Mübahisəli evə Cavabdeh3 və onun qızının gəldiyini görmüş, başqa şəxsin gəldiyini görməmişdir. Digər Şahid1 ilə yaxın dostdur, onların yaşadıqları evin qarşısında tez-tez birlikdə otururlar. Şahid1 özü elektrik işləyir, lakin cavabehə məxsus mənzildə nəyi təmir etməsi barədə onun məlumatı yoxdur. O, özü isə elektrik işləyir və ev təmiri ilə məşğuldur. O, sözügedən ünvanda yalnız Cavabdeh3 görmüş, onun bacılarını isə görməmişdir.

İş materialları.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan müəyyən olunur ki, İddiaçı1 ünvan 7 ünvanda qeydiyyatdadır.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan müəyyən olunur ki, İddiaçı2 ünvan 7 ünvanda qeydiyyatdadır.

14. xx.xx.2004-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Zığ yolu küçəsi, ev 21, 15 saylı mənzilini X9 45 787000 manata satmışdır.

15. 6 saylı notariat ofisində təsdiq edilmiş Cavabdeh3 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, anası Cavabdeh1 məxsus olan Zığ yolu 21, mənzil 15 də qeydiyyatdadır, həmin evin satılmasına razıdır.

16. 6 saylı notariat ofisində təsdiq edilmiş İddiaçı2 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, anası Cavabdeh1 məxsus olan Zığ yolu 21, mənzil 15 də qeydiyyatdadır, həmin evin satılmasına razıdır.

17. 6 saylı notariat ofisində təsdiq edilmiş X13 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, anası Cavabdeh1 məxsus olan Zığ yolu 21, mənzil 15 də qeydiyyatdadır, həmin evin satılmasına razıdır.

18. xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, satıcı - Cavabdeh1 və alıcı X3r. “Satıcı” ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 71.6 kv/m, yaşayış sahəsi 48.8 kv/m, yardımçı sahəsi 22.8 kv/m olan fərdi yaşayış evinin ona məxsus hissədən (tam hissə, 71.6 kv/m, 3 otaq)-X1 mülkiyyətinə verir.

19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına hüquqi qeydiyyatdan keçirilmişdir.

20. Gədəbəy rayon dövlət notariat kontorunda təsdiq edilmiş Cavabdeh2 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir.

21. 2 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontorunda təsdiq edilmiş İddiaçı2 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 71.6 kv/m, yaşayış sahəsi 48.8 kv/m, yardımçı sahəsi 22.8 kv/m olan fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir.

22. 2 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontorunda təsdiq edilmiş İddiaçı1 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 71.6 kv/m, yaşayış sahəsi 48.8 kv/m, yardımçı sahəsi 22.8 kv/m olan fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir.

23. 2 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontorunda təsdiq edilmiş X20 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 71.6 kv/m, yaşayış sahəsi 48.8 kv/m, yardımçı sahəsi 22.8 kv/m olan fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir.

24. xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, satıcı X12 qızı və alıcı Cavabdeh1dır. “Satıcı” ünvan 7 ünvanında yerləşən, istifadəsində olan 0.04236 ha torpaq üzərində yerləşən yaşayış sahəsi 210.46 kv/m, yardımçı sahəsi 105.6 kv/m olan fərdi yaşayış evinin Tağı-X8 məxsus N tikilisi-ni (tam hissə, 210.46 kv/m, 14 otaq) dan özünəməxsus N tikilisini-alıcı Cavabdeh1 mülkiyyətinə verir.

25. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Bakı ş.Suraxanı rayonu üzrə bölməsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Abşeron Rayon Vəkil Bürosunun müdiri Muğan Əliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Xocalı rayon sakinləri, X16 və bacısı X17, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, keçmiş “Qazolin” zavodunun ərazisində 2007-ci il tarixdən müvəqqəti olaraq məskunlaşmışlar. Məcburi köçkün kimi qeydiyyatlarının hansı ünvanda olduğu haqqında hər hansı məlumat yoxdur. İddiaçı1 məcburi köçkün olmadığı üçün onun hansı ünvanda və kiminlə yaşadığı barədə sektorda məlumat yoxdur.

26. “Azəriqaz” İB tərəfindən İddiaçı2 ünvanlanmış məktubdan müəyyən olunur ki, Bakı şəhəri üzrə ərizədə göstərilən şəxsin adına X4 Sistemində istehlakçı hesab kodu mövcud deyildir. Abonentin məişət qaz sayğacının nömrəsi və ya istehlakçı hesab kodu təqdim edildikdən sonra daha dəqiq məlumat verilə bilər.

27. “Azəriqaz” İB tərəfindən İddiaçı1 ünvanlanmış məktubdan müəyyən olunur ki, Bakı şəhəri üzrə ərizədə göstərilən şəxsin adına X4 Sistemində istehlakçı hesab kodu mövcud deyildir. Abonentin məişət qaz sayğacının nömrəsi və ya istehlakçı hesab kodu təqdim edildikdən sonra daha dəqiq məlumat verilə bilər.

28. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Ə.Abbasov adına 257 saylı tam orta məktəb tərəfindən verilmiş 317 nömrəli xx.xx.2025-ci il tarixli Arayışdan müəyyən olunur ki, İmanova (İmanıyeva) Təranə İsa qızı həqiqətən, 1979-1980-ci tədris ilində Bakı şəhəri Ə.Abbasov adına 257 №-li tam orta məktəbin rus bölməsi üzrə 3-cü sinfə qədər təhsil alması haqqında rəsmi sənədlərdə qeydiyyat mövcuddur. Vətəndaşın iddia etdiyi kimi Vİİ sinfə qədər bu təhsil müəssisəsində oxuması haqda heç bir rəsmi sənəddə qeydiyyat tapılmamışdır.

29. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Ə.Abbasov adına 257 saylı tam orta məktəb tərəfindən verilmiş 297 nömrəli xx.xx.2025-ci il tarixli Arayışdan müəyyən olunur ki, İddiaçı2 həqiqətən,1992-1993-cü tədris ilində Bakı şəhəri Ə.Abbasov adına 257 №-li tam orta məktəbin Azərbaycan bölməsi, xarici dil ingilis dili üzrə 9-cu sinfi bitirmiş və ona A seriyalı 040067 nömrəli orta təhsil haqqında şəhadətnamə verilmişdir.

30. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kolegiyası ünvan 15 ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, Komitənin elektron məlumat bazasına əsasən məktubda qeyd edilən vətəndaş-İddiaçı1 ünvan 7 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki olaraq məskunlaşmışdır.

31. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 34 saylı Vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış məktubdan müəyyən olunur ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Səhmdar Cəmiyyətin elektron bazasında İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində 28 iyul 2010-cu il tarixdə **********20009 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. Sorğuda adıçəkilən digər şəxsin abonent olaraq qeydiyyata alınmasına dair hər hansı bir məlumat aşkar edilməmişdir.

32. “Azəriqaz” İB tərəfindən xx.xx.2024-cü tarixdə Bakı şəhəri 34 saylı Vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış məktubdan müəyyən olunur ki, vətəndaş İddiaçı2 adında istehlakçı Birliyin istehlakçı bazasında qeydiyyata alınmamış və həmin şəxsin adına qaz sayğacı rəsmiləşdirilməmişdir. Eyni zamanda bildirilir ki, vətəndaş İmanova X14 X4 Sistemində **********00020 nömrəli abonent kodu ilə qeydiyyatdadır və Birlik ilə istehlakçı arasında “ Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-atqısına” dair xx.xx.2023-cü il tarixli, AK3-596066 nömrəli müqavilə bağlanmışdır.

33. xx.xx.2023-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı1 (kodu: **********00020) arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Q/Ç-Ə Mehbalıyev(Surneft NQÇİ lab. yanı) ev 11 mənzil 2 ünvanında “Azəriqaz” İstehsalat Birliyi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

34. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 və İddiaçı1 ilə olan nikah ləğv edilmiş bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 11 № ilə qeyd edilmişdir.

35. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İşin faktiki halları.

36.İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçılar mülkiyyətçi Cavabdeh1 qızlarıdır və mülkiyyətçi öz mülkiyyətində olan mənzilləri və fərdi yaşayış evini bir neçə dəfə satmış və sonuncu olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 alqı-satğı müqaviləsi nəticəsində özgəninkiləşdirilən həmin mənzillərin hamısında pasport qeydiyyatında olmuşlar və həmin evlərin alğı-satqısı zamanı mənzillərin satılmasına etiraz etməmələri barədə notarial qaydada ərizə təqdim etmişlər. İddiaçılar sonuncu dəfə əldə olunan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində halhazırda pasport qeydiyyatındadırlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 sözügedən mübahisəli mənzildə 2024-cü ilin oktyabr ayına kimi yaşadıqlarını və son olaraq bacıları X20 ilə aralarında mübahisə yarandığını və buna görə də fərdi yaşayış evində yaşaya bilmədiklərini və onların həmin fərdi yaşayış evinin bir otağına köçürülmələrini xahiş etmişlər.

Tətbiq edilən hüquq.

37. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

40. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüşdür).

Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

41. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarı.

Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

43. İşin hallarından göründüyü kimi, birinci iddia tələbi iddiaçıların mübahisəli fərdi yaşayış evinə köçürülmələri, ikinci iddia tələbi isə iddiaçıların mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların çıxarılması ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, hər iki mübahisənin mahiyyəti üzrə həll edilə bilməsi üçün ilk növbədə birinci iddia üzrə iddiaçıların mübahisəli mənzildən istifadə hüququnun olubolmaması məsələsinə münasibət bildirilməlidir. Çünki yalnız həmin istifadə hüququ müəyyən edildiyi təqdirdə bu hüququn itirilməsindən (birinci iddia), yaxud tanınması və bu əsasla mənzilə köçürülmədən (ikinci iddia) söhbət gedə bilər.

44. Məhkəmə, ilk növbədə birinci iddia üzrə İddiaçı1 mübahisəli mənzildən istifadə hüququnu araşdıraraq müəyyən etmişdir ki, İddiaçı1 atasına order əsasında verilmiş evdə yaşamış, 1979-1980-cı illərdə Bakı şəhəri Ə.Abbasov adına 257 saylı tam orta məktəbdə 3-cü sinfə qədər təhsil almışdır. İşin bu halını hər iki tərəf mübahisələndirmədən qəbul edir.

45. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvü kimi mənzildən istifadə hüququ əldə etmişdir.

46. Digər İddiaçı2 münasibətdə məhkəmə qeyd edir ki, bu iddiaçı 1992-1993-cü illərdə Bakı şəhəri Ə.Abbasov adına 257 saylı tam orta məktəbdə 9-ci sinfini bitirmişdir. Bu zaman o, icarədarın ailə üzvü kimi yuxarıda istinad edilmiş və artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir.

47. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, birinci iddia üzrə iddiaçıların hər ikisi Azərbaycan SSR Mənzil Məcəlləsinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir.

48. İstifadə hüququnun mövcudluğu ilə bağlı məsələni həll etdikdən sonra məhkəmə bu hüququn itirilib-itirilməməsi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Ona görə ki, tərəflər arasındakı əsas mübahisəli məsələ elə bununla bağlıdır.

49. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçılar mülkiyyətçi Cavabdeh1 qızlarıdır və mülkiyyətçi öz mülkiyyətində olan mənzilləri və fərdi yaşayış evini bir neçə dəfə satmış və sonuncu olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 alqı-satğı müqaviləsi nəticəsində özgəninkiləşdirilən həmin mənzillərin hamısında pasport qeydiyyatında olmuşlar və həmin evlərin alğı-satqısı zamanı mənzillərin satılmasına etiraz etməmələri barədə notarial qaydada ərizə təqdim etmişlər. İddiaçılar sonuncu dəfə əldə olunan və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda pasport qeydiyyatındadırlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 sözügedən mübahisəli mənzildə 2024-cü ilin oktyabr ayına kimi yaşadıqlarını və son olaraq bacıları X20 ilə aralarında mübahisə yarandığını və buna görə də fərdi yaşayış evində yaşaya bilmədiklərini və onların həmin fərdi yaşayış evinin bir otağına köçürülmələrini xahiş etmişlər.

50. Məhkəmə hesab edir ki, iş materialları əsasında iddiaçıların əvvəllər mülkiyyətçinin mülkiyyətində olmuş hansı mənzildən və hansı tarixdən dəqiq şəkildə çıxdığını müəyyən etmək mümkün deyil. Belə ki, cavabdeh qızı İddiaçı1 atasına order əsasında verilmiş evdə yaşadığını, 1979-1980-cı illərdə Bakı şəhəri Ə.Abbasov adına 257 saylı tam orta məktəbdə 3-cü sinfə qədər təhsil aldığını, daha sonra onun Gədəbəy rayonunda yaşadığını və orada orta məktəbi bitirdiyini və sonradan ailə qurduğunu qeyd etmişdir. Bundan əlavə cavabdeh tərəf İddiaçı1 (kodu: **********00020) ilə “Azəriqaz” İstehsalat Birliyi arasında Q/Ç-Ə Mehbalıyev (Surneft NQÇİ lab. yanı) ev 11 mənzil 2 ünvanında yerləşən mənzilə dair müqavilə bağlandığını qeyd etməklə bununla bağlı sübut təqdim etmişdir.

51. Məhkəmə isə hesab edir ki, iddiaçılar ailə quraraq mənzildən könüllü olaraq başqa yaşayış yerində yaşamaq üçün çıxmışlar və hazırda həmin mənzilə ehtiyacları yoxdur.

52. Bundan əlavə, iddiaçılar iddia edirlər ki, onlar mübahisəli mənzildən “çıxarıldıqları” vaxtdan mənzilə qayıtmağa çalışmış, lakin cavabdehlər buna mane olmuşlar. Buna baxmayaraq iddiaçılar mənzillərin satılmasına etiraz etməmələri barədə ərizə versələr də, satılan mənzillərə nə vaxt köçmələrini və orada yaşadıqlarını əsaslandıra bilməmişlər.

53. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci iddia üzrə iddiaçılar ailə quraraq yaşayış yerlərini dəyişdikləri üçün mübahisəli mənzildən daimi çıxmışlar və mübahisəli mənzilə yaşayış yeri kimi heç bir ehtiyacları yoxdur. Onların sadəcə olaraq mənzil üzərində miras pay əldə etmək barədə gözləntiləri vardır və bu səbəbdən istifadə hüquqlarını saxlamaq istəyirlər. Halbuki bu gözləntinin iddiaçıların mənzildən istifadə hüququna heç bir aidiyyəti yoxdur.

54. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçıların hər ikisinin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

55. Belə ki, məhkəmənin yuxarıda əsaslandırılmış mövqeyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququnu artıq qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsi əsasında əldə etmişlər. Belə olan halda onların istifadə hüquqları da müvafiq Məcəllələrə uyğun olaraq itirilmiş hesab edilməlidir.

56. İlk növbədə, qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən əldə edilmiş istifadə hüquqlarının itirilməsi məsələsinə münasibət bildirən məhkəmə qeyd edir ki, həmin Məcəllənin müvafiq normalarından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir.

57. Məhkəmə artıq yuxarıda iddiaçıların mübahisəli mənzili başqa yaşayış yerində yaşamaq üçün tərk etdikləri, uzun müddətdir həmin evdə daimi yaşadıqları, mübahisəli mənzillə yaşayış yeri kimi heç bir bağlarının qalmadığı nəticəsinə gəlmişdir. Belə olan halda həmin Məcəlləyə əsasən mənzildən istifadə hüququ əldə etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

58. Beləliklə, birinci iddia üzrə hər iki iddiaçı mənzildən istifadə hüququnu artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən əldə etmişdir və bu hüquqları məhkəmə qətnaməsi ilə itirilmiş hesab edilmədiyindən hazırda qüvvədədir. Belə olan halda mülkiyyətçi yaşayış sahəsi ilə bağlı bütün hüquqlara, eləcə də qanunla müəyyən edildiyindən artıq müddətə başqa yerə getmiş şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmuşdur.

59. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmamışdır. Belə ki, artıq məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməli olduğu nəticəsinə gəldiyindən, onların mənzilə köçürülmələri istisna edilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, birinci iddia üzrə iddiaçıların mübahisəli mənzil üzərində onsuz da istifadə hüquqları mövcud olmuş, bu hüququn mövcudluğunu qarşılıqlı iddia üzrə iddiaçı da inkar etməmiş, sadəcə olaraq bu hüququn itirilmiş hesab edilməsini xahiş etmişdir. Bu vəziyyətdə birinci iddia tələbinin mənzilə köçürülmə tələbi istənilən halda əsassız olmuşdur. 60.Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların mənzilə köçürülmə tələbi rədd olunmalı, qarşılıqlı iddia qismən təmin olunmalı və iddiaçıların həmin mənzilə mövcud olan istifadə hüquqları itirilmiş hesab olunmalıdır. 61.Qarşılıqlı iddia tələbinin İddiaçı2 məxsus əmlakların mübahisəli mənzildən çıxarılması məsələsində münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, bununla bağlı məhkəməyə hər hansı dəqiqləşmə təqdim olunmamışdır. Mübahisəli fərdi yaşayış evində yerləşdirilmiş əşyalarının hansının iddiaçıya, hansının isə cavabdehə məxsus olması qeyri-müəyyəndir və tərəflər arasında bununla bağlı olaraq mübahisə vardır. Buna münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır.

Məhkəmə xərcləri.

62. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən hər biri 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

63. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi dair iddia ərizəsi təmin olunmamalıdır.

64. İlkin iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçılara aid olmalıdır. 65.Qarşılıqlı iddia qismən təmin olunaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61 kv metr olan fərdi yaşayış evinə dair istifadə hüquqları itirilmiş hesab olunmalı və iddia tələbi qismən təmin olunduğundan iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada tutularaq Cavabdeh1 ödənilsin. 66.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi təmin olunmasın. İlkin iddia tələbi rədd olunduğundan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid olunsun. Qarşılıqlı iddia qismən təmin olunsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla: AZ1042, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqları itirilmiş hesab olunsun. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş - 50 (əlli) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar