Məhkəmə qərarları › İş №2(010)-1950/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1950/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1950/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 18 saylı evin 18 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 18 saylı evin 18 saylı mənzilində yerləşən evi Cavabdeh3 almışdır. O, evi aldıqdan sonra cavabdehlər özlərinə məxsus əmlaklarını da götürüb evdən getmişlər. Evdən gedəndə söz vermişlər ki, aldıqları evə qeydiyyata düşəcəklər. Hal-hazırda isə cavabdehlərin onun evində qeydiyyatda qalmaları onun hüququnu pozur, bəzi məsələlərdə o, cavabdehlərin icazəsi omadan evinin üzərində istədiyi kimi sərəncam verə bilmir. Belə ki o, öz evinə yaxın qohumları olan hər hansı bir şəxsi qeydiyyata alınmasını istəsə də, cavabdehlərin icazəsi olmadan bu mümkün deyil. Bu baxımdan və eyni zamanda cavabdehlərin ümumiyyətlə onun evindən istifadə etməmələri baxımından onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə istifadə hüquqlarına xitam verilməlidir. Buna görə də məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 18 saylı evin 18 saylı mənzilində yerləşən evi İddiaçı satmışdır. O, başqa yerdə ev alıb qeydiyyata düşmək istəsə də, bu mümkün olmadığı üçün Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 18 saylı evin 18 saylı mənzilində yerləşən evdən qeydiyyatdan çıxa bilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 18 saylı evin 18 saylı mənzilində yerləşən evdən qeydiyyatdan çıxmağa etiraz etməyərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 18 saylı evin 18 saylı mənzilində yerləşən evdən qeydiyyatdan çıxmağa razıdır. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehlərin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında Asan 4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və X1 Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh3 Bakı şəhəri, ünvan 1 ünvanından yaşayış hüququ tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin maddənin 4-cü bəndinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcələsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (x xxxxxxx 2009-cu il tarixinədək qüvvədə olmuş və x xxxxxxx 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 18 saylı evin 18 saylı mənzilində qeydiyyatdadırlar. Lakin həmin fərdi yaşayış evi qanunsuz tikilidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 həmin fərdi yaşayış evində qeydiyyatda olması həmin fərdi yaşayış evindən istifadə hüququnun yaranması üçün əsas deyildir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 18 saylı evin 18 saylı mənzilində yaşamır və qeydiyyatları formal xarakter daşıyır. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı fərdi yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin onun mülkiyyətində olması ilə bağlı olaraq heç bir sübut təqdim olunmadığından və fərdi yaşayış evi qanunsuz tikinti olduğundan cavabdehlərin istifadə hüququna xitam verilə bilməz. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələri rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 18 saylı evin 18 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar