Məhkəmə qərarları › İş №2(010)-1967/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1967/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1967/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçılar İddiaçı, X5 və X9 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı, X10 və X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə onlara məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzildə qeydiyyatda olan Cavabdeh həmin evə dair istifadə hüququnun itirilmiş hesab edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona və digər iddiaçılara məxsusdur. Bu barədə onlara Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Onun oğlu X6 ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Birgə nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü Arslan adlı övladları doğulmuşdur. Nikah bağlandıqdan sonra cavabdeh formal olaraq xüsusi mülkiyyət hüququ üzrə onlara məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzildə qeydiyyata düşmüş, lakin bir gün də, olsun sözügedən evdə yaşamamışdır. Cavabdehin onun heç bir əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzildə olmayıb, cavabdeh həmin fərdi yaşayış evində formal olaraq qeydiyyatda qalmışdır. X6 ilə cavabdeh X11 arasında olan ailə münasibətinə 2019-cu ilin fevral ayından faktiki olaraq son qoyulmuşdur. Həmin dövrdən onlar birgə yaşamırlar, birgə təsərrüfat aparmırlar. X1 Xəyalə Rafiq qızına qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onlar hazırda cavabdehin əvəzinə artıq məbləğdə kommunal xidməti haqları ödəyirlər. Həmçinin xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan evdə cavabdehin qeydiyyatda olması mülkiyyətçi kimi hüquq və mənafelərinə toxunur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Digər iddiaçılar X10 və X16 ərizə ilə məhkəməyə müraciət edərək onların iştırakı olmadan mülki işə baxılmasını və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh həmin evə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 1/5 hissədə (açıq saxlanılır) X12, 2/5 hissədə İddiaçı, 1/5 hissədə X7, 1/5 hissədə X13 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X14 xx.xx.2014-cü ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X19 Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (xx xxxx 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Ülkər Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, MMnin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası bu Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Hazırkı mübahisə ilə bağlı mülkiyyətçi ilə iddiaçı arasında mənzildən istifadəyə dair notarial qaydada təsdiqlənmiş razılaşma təqdim olunmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə 1/5 hissədə (açıq saxlanılır) X12, 2/5 hissədə İddiaçı, 1/5 hissədə X7, 1/5 hissədə X13 məxsusdur. X14 xx.xx.2014-cü ildə ölmüşdür. İddiaçı oğlu X6 ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Nikah bağlandıqdan sonra cavabdeh formal olaraq xüsusi mülkiyyət hüququ üzrə onlara məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzilə qeydiyyata düşmüş, lakin sözügedən evdə yaşamamışdır. X6 ilə cavabdeh X11 arasında olan ailə münasibətinə 2019-cu ilin fevral ayından faktiki olaraq son qoyulmuşdur. Cavabdeh X3 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzildə qeydiyyatdadır, lakin faktiki olaraq həmin mənzildə yaşamır. Eyni zamanda Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzildə qeydiyyatda olması həmin fərdi yaşayış evindən istifadə hüquqlarının yaranması üçün əsas deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı, X10 və X16 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı fərdi yaşayış evinin mülkiyyətçisi olduqlarından, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsində cavabdehin iddiaçılara məxsus fərdi yaşayış evinə istifadə hüququ olmadığından hazırkı qətnamənin cavabdehin mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı, X5 və X9 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzilə istifadə hüququ olmadığına görə bu qətnamə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 24 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar