Məhkəmə qərarları › İş №2(010)-1969/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1969/2024

05.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1969/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Rzayeva Fəridə İslam qızı, İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xidməti işi ilə bağlı, ona sement satışı ilə əlaqədar, sözügedən torpaq sahəsinin ona satılmasında, məhz şifahi müqavilə tələbkarlığında bu gün aralarında yaranmış borc pulun - 12.000 manat məbləğin onun bu gün ona ödəyə bilməyəcəyi ciddi nəzərə alınmaqla, həmin məbləğ borc pulun ödənilməsinin təmin edilməsi müqabilində, məhz qarşılıqlı razılaşmaları və onun etirafedici məlum fikirlərinə ciddi diqqət yetirib, hətta 30 il müddətinə notariatda təsdiq edilməklə, verdiyi müvafiq etibarnaməsinin mahiyyəti və hüquqi əsaslarına ciddi önəm verilərək, məhz ədalətli məhkəmə araşdırması hüququ tələbkarlığında da hadisələrə prosessual hüquqi qiymət verilməsini müəyyənləşdirib bu gün 02 fevral 2023-cü il tarixli ədalətli, əsaslı və qanuni məhkəmə qərarı əsasında çoxsaylı mübahisələrə prosessual aydınlıq gətirildikdən sonra iddiaçı, həm də bu gün cavabdeh olan bu şəxsin – Cavabdeh adına prosessual tanınaraq, ona veriləcəyi şübhə doğurmayan 0.12 ha torpaq sahəsinin prosessual onun adına sənədləşdirilməsini təmin edəcək qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996- cı il tarixli Qanunu Maddə 3. Fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır: 1) İddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Buna baxmayaraq, iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 2) Məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün dövlət rüsumunun qanunla müəyyən edilmiş məbləğdə ödənilməsinə dair tələbə əməl edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən (xx.xx.2024-cü il tarixli, № **********) müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. 3) İddia ərizəsində tələbin konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan iddia tələbinin konkret olaraq nədən ibarət olmasını müəyyən etmək müçkün deyildir. Halbuki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə, iddia ərizəsində tələb konkret ifadə olunmalıdır. Göründüyü kimi iddia ərizəsi yuxarıda qeyd edilmiş pozuntularla məhkəməyə təqdim edilmişdir. Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır Məhkəmənin gəldiyi nəticə Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 70 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 70 (yetmiş) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar