Məhkəmə qərarları › İş №2(010)-2014/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2014/2022

31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2014/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu Ərizəçilər Ərizəçi və Maraqlı şəxs “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası”na dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi və Maraqlı şəxs “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası”na dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bununla bağlı məhkəmə qeyd edir ki, ərizə və ona əlavə olunmuş sənədlərdən ərizəçinin tələbində göstərdiyi məsələnin həlli ilə bağlı notariat orqana müraciət etməsi görünmür. Lakin, Mülki Prosessual Qanunvericiliyə görə Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Lakin əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Beləliklə, də ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçilərə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizəçilər Ərizəçi və Maraqlı şəxs “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası”na dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçilərə miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən ötrü müvafiq notariat orqanına müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar