Məhkəmə qərarları › İş №2(010)-2014/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2014/2024

04.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2014/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Həsən oğlu) qarşı “şəxsi mülkiyyətin boşaldılması və əlaqəli tələblərə dair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Türkiyə Respublikası vətəndaşı Cavabdeh etdikləri və törətdiyi hadisələrin cinayət tərkibli olduğunu və bu cinayətlərin təsdiqlənib xüsusi qərar çıxardılaraq işin Suraxanı Rayon Prokurorluğuna həvalə edilməsi üçün, mərhumə anası tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə bağışlanan və qardaşı Namiq Abdullayev ilə bacısı X9 notarial qaydada verdikləri razılıq ərizələrinə əsasən qardaşı Namiq Abdullayev ilə bacısı X11 daxil olmaqla heç kəsin iddiaçıya bağışlanan əmlakla haqqının olmadığının məhkəmə tərəfindən təsdiqlənməsi, qanuni olaraq iddiaçıya aid olan və müvəqqəti qonaq kimi 15-20 günlüyünə qalmaları üçün bacısına verdiyi Baki Şəhəri, Suraxani rayonu, Qaraçuxur Qəsəbəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, ev 78C ünvanındakı evin dərhal və sürətlə boşaldılması üçün Türkiyə Rəspublikası vətəndaşı Cavabdeh törətdiyi cinayətlərə görə məhkəmə iclaslarında iştirakı və məhkəmənin çıxaracağı qətnamə çıxana qədər haqqında “STOP” qərarı verilməsi üçün qətnamə qəbul edilməsi. İddia tələbinin dəlilləri İddiaçının bacısı X12 təxminən 2013-cü ildə Türkiyə Respublikası vətəndaşı Cavabdeh Həsən oğlu ilə ailə həyatı qurub və bu nikahdan 2 uşaqları doğulmuşdur. İddiaçının bacısı təxminən 11 ildir ki, Türkiyədə yaşayır. 2023-cü ilin iyul ayında bacısı, həyat yoldaşı və uşaqları Bakıya qonaq gəliblər. Faktiki iddiaçının yaşadığı evi balaca olduğundan və həm də ki, bacısıgilin rahatlıqları üçün qanuni olaraq iddiaçıya aid olan Baki şəhəri, ünvan 1 ünvanında yerləşən evinin açarını bacısına verərək həyat yoldaşı və uşaqları ilə rahat qalmalarını onlara demişdir. İddiaçı fikirləşmişdir ki, bacısı iki aya qədər müvəqqəti olaraq ailəsi ilə birlikdə evində qonaq kimi qalarlar. Lakin 2023-cü ilin oktyabr ayının 29-u iddiaçının qardaşı olan Abdullayev Namiqin evində bacısıgil, iddiaçı və ailəsi qonaq olan günü bacısının həyat yoldaşı Cavabdeh artıq Türkiyəyə qayıtmayacaqlarını və müvəqqəti qonaq kimi yaşamaları üçün açarını verdiyi və qanuni olaraq iddiaçıya aid olan evi iddiaçıya təhvil verməyəcəyini, hətta əgər iddiaçı davamında dirəşərsə ailəsinin və qardaşının canına ziyanliq vuracağını və əlavə olaraq maddi ziyanlar verəcəyini deyərək, onları canı və evi ilə təhdid etmişdir. Qardaşı və iddiaçı şəxsi mülkiyyətinə səbəblə iddiaçıdan güç tətbiq edərək, zəbt edərək almaq istədiyini soruşmuş və Cavabdeh cavabında özünə yalandan xəsarət yetirərək 102 çağrı mərkəzinə və ya polisə zəng edərək, onlardan şikayətçi olmaqla şantaj etmişdir. İddiaçı, həyat yoldaşı və qardaşı dəfələrnən cavabdehə bu fikirlərinin səhv olduğunu, hətta Türkiyədə vəziyyətləri yaxşı olmadığında, bacısına görə çox vaxt dəfələrlə pul göndərmiş və nankorluk etməməsi gərəktiyini desə də cavabdeh yənə də heç bir şeyin vücinə olmadığını, iddiaçıya aid olan evini özünə pay kimi götürdüyünü və səbəb olaraq da xx.xx.20201-ci il tarixində anasının iddiaçıya bağışladığı və Cavabdeh heç bir aidiyyəti olmayan və onun həyat yoldaşı, iddiaçının isə bacısı olan Kaç Vüsalənin anasının iddiaçıya evi bağışlayanda nahaq yerə razılıq verdiyini deyərək onu, ailəsini və qardaşını canı ilə və evi ilə təhdid və şantaj etməyə davam edərək qardaşının evindən çıxıb getmişdir. Hadisədən sonraki gün bacısı ilə telefonla danışanda bacısı əsəbləşməməyini, sakit olmasını və həll edəcəyini demişdir. Növbəti günlərdə bacısı ve uşaqlarına qonaq kimi müvəqqəti yaşamaları üçün verdiyi evə iddiaçı, həyat yoldaşı həm evini yoxlamaq, həm də evdən çıxmalarını ve evin açarını təhvil vermələrini demək üçün gətmişdir. Həmin evə çatıb evin həyətinə daxil olmaq istəyəndə görmüşdür ki, iddiaçıdan icazə almadan onun şəxsi mülkiyyətində olan evinin darvaza giriş açarını və bəzi otaq qapılarını dəyişdiyini, evə təzə mebellər qoyduğunu və sanki şəxsi mülkü kimi istifadə edərək zəpt ettiyini gördülər. Evin qapısını nə qədər döysə də açan olmamışdır. Növbəti günlərdə bacısının mobil tələfonuna zəng edərək səhv etdiklərini və bu hadisəyə son qoyaraq evindən çıxmalarını dəsə də görmüşdür ki, bacısı da qorxaraq həyat yoldaşının tərəfini saxlayır. Hər nə qədər bacısı iddiaçıya etiraf etməsə də başa düşmüşdür ki, bacısını da bir şeynən qorxudaraq təhdid edib. Axırıncı dəfə 07 fevral 2024cü il tarixində əvvəlki hadisələrə baxmayaraq böyük hadisə yaranib. Evdən qəti onları çıxarmaq üçün iddiaçı, həyat yoldaşı, qardaşı Namiq Abdullayev, dayısı X4 və dayısının həyat yoldaşı X6 evə getmişdir. Evə girəndə qapı açıq idi, iddiaçı içəri daxil olmuş, həyat yoldaşı, qardaşı, dayısı, dayısının həyat yoldaşı şahid olublar ki, evin giriş qapısının açarının dəyişildiyini və evin bəzi hissələrində icazəsiz dəyişikliklər olunduğunu və evə təzə mebellər alaraq mənimsəndiyini görüblər. İddiaçı içəri daxil olanda üstunə hücum çəkərək bir tərəfdən də iddiaçını və yanındakılari “HEPİNİZİ ÖLDÜRECEM SİZ GÖRÜRSÜNÜZ BENİM KİM OLDUĞUMU BİLMİYORSUNUZ, HEPİNİZİ MAHVEDECEM' deyib canımızlə təhdid və «BU EVİ BAŞİNİZA YİKACAM, YANDİRACAM SİZE KALMAYACAK BU EV» demişdir. İddiaçı çölə çixmır, evindən çıxın deyə irad bildirəndə iddiaçını əlləri ilə itərək çıxarmaq istədi. İddiaçı da mudafiə edərək müdaxilə edəndə qardaşı Namiq Abdullayevi boğazından tutub sıxmağa, nalayiq söyüşlər söyərək qardaşını onlarla gələn qohumlar ve ətrafda baxanların içində təhqir etməyə davam edərək qardaşı Namiq Abdullayevi pilləkənlərin başından itələdi. Yanındakı hal şahidlərindən dayısı da giriş qapısının agzinda olduğundan dayısını da giriş qapısının ağzında olan pilləkənlərdən itələmək istədi və iddiaçıçnı da güc ilə itələyərək çölə çıxartmışdır. Bu anlara aid video görüntülər öz telefonunda vardır. Qapının ağzında hamıya «siz indi görersiz» deyərək həyətə yanlarına gəlib qardaşı Namiq Abdullayevi və onları nalayiq ve pis sözlərlə hər kəsin içində təhqir edib, şərəf və ləyaqətinə nalayiq sözlər ünvanlayaraq, qardaşı Namiq Abdullayevin boğazından tutub sıxıb boğmaq istəyib, gücnən onları ayırdıqdan sonra içəri daxil olub və qapını örtüb. İddiaçı 102 çağrı mərkəzinə zəng etdi, səsini duyanda özü də 102 çağrı mərkəzinə zəng edərək güya oda onlardan şikayətçi olub. Sonra qapını açıb giriş qapısının agzındakı pilləkənin başına gəlib qolunu onlara görsədib içəridə harasa vurub sürtdüyünü, əlinin sol üst hissəsinin qan içində olduğunu görmüşdür. Hamısı ona baxanda o, isə "bakın, goruyormusunuz, kolum kan içinde ve bunu siz yaptınız diye polisə gösterecem, hepinizden şikayetci olub süründürecem hepinizi göreceksiniz» deyərək guya onun əlinin üstünü o, xəsarəti etmişdir adı ilə yenə də şantaj edib. Polis hadisə yerinə gəlib və hamısını Suraxanı RP-nin 32-ci Polis Bölməsinə aparıb. Hətta özü ifadə vərəndə ona kömək edən və onların heç tanımadığı X8 da görüb və şahid olub ki, nə bədənin də, nə kəlləsində və ya bədəninin hansısa üzvündə bir yaralanma və yaxud zədələnmə, travmaya oxşar heç nə olmadığını və lazım olarsa özünün də istəyərək lazımlı yerlərdə şahidliq edə biləcəyini iddiaçıya deyib və öz mobil nömrəsini iddiaçıya verib. X15 Kaç onlara yaxınlaşaraq səssizcə "siz durun polis beni ekspertizaya göndersin para verib o ekspertizaya neler neler yazdiracam göreceksiniz” və qardaşına da «barmağını sallayaraq seni bitirecem, seni mahvedecem, sen bittin, öldün artik, sen bir hiçsin, sen bir ölüsün» deyərək həm onları, həm də qardaşını, həm şantaj, həm də təhdid etməyə davam edib. Bölmədən çixanda da onlara əgər bir də o eve gedərsə yenə də özünə xəsarət yetirib, yalandan 102 çağrı mərkəzini yığacağını və onların etdiyini deməklə yenə də təhdid ve şantaj edir. Türkiyədəki tanışlardan da onlara çatan məlumatlara görə Cavabdeh adlı şəxsin orda da işsiz, avara yaşadığını deyiblər. Bu şəxs, öz barəsində hal-hazırda şantaj, təhdid, hədə qorxu gələrək şəxsi mülkiyyəti zəbt etmə, şəxsin və şəxsi mülkün toxunulmazlığı haqqında cinayət işi açılması üçün və lazımlı tədbirlər görülməsi və STOP qərarı verilməsi üçün Suraxanı Rayon Prokurorluğuna şikayət ərizəsi ve Suraxanı Rayon Məhkəməsinə evinin boşaldılması və şərəf və ləyaqətini alçaltdığı üçün mənəvi təzminat iddialarının qaldırıldığını və Dövlət Migrasiya Xidmətinə bildirdiyi ünvanda deyil də, iddiaçının öz evində yaşadığı haqqında Dövlət Migrasiya Xidmətinə şikayət və məlumatlandırma ərizəsi verdiyini bilir. Buna görə də Türkiyə Respublikası vətəndaşı Cavabdeh qohumlardan iddiaçıya çatan məlumatlara görə Azərbaycan Respublikasından qaçmağa hazırlaşır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, cavabdeh artıq 2 aydır ki, onun mülkiyyətində olan evi tərk etmişdir. Cavabdeh çıxarkən əşyalarını da götürmüşdür. O, artıq evinə sərbəst şəkildə girib-çıxa bilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Suraxanı rayon Pİ-nin 32-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, təhqiqat araşdırması aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. X1 və Türkiyə Cümhuriyyəti vətəndaşı Cavabdeh Hasan oğlunun barəsində AR.İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilmişdir. Qərardan narazı olduğu halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna, yuxarı prokurora və ya bilavasitə Suraxanı rayon məhkəməsinə şikayət etmək hüququ vardır. Suraxanı rayon Pİ-nin 32-ci Polis Bölməsinin təhqiqaçısı polis mayoru Məmməd Əliyevin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Türkiyə Cümhuriyyəti vətəndaşı Cavabdeh Hasan oğlunun DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə, İddiaçı və X2 ərizə ilə qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Vüsalə Kaç-ın yazılı razılıq ərizəsindən görünür ki, o, anası X3 (AZE ********) və özünə məxsus olan və orada payı olan, Azərbaycan Respublikasının ünvan 2 ünvanında qeydiyyatda alınmış daşınmaz əmlakı, mənzili, bacısı doğulduğu tarix xx/xx/1976-cı il, şəxsiyyət vəsiqəsi AZE09105666 oları İddiaçı bağışladığını, onun öz adırıa qeydiyyata salmasına icazə və razılığının olduğunu bildirir. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Hədiyyə verən Abdullayeva güləsər Mehrəli qızı ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 16 kv/m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən Hədiyyə alan İddiaçı mülkiyyətinə verir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 1-nin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. İşin faktiki halları İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 11ci döngə, 78C saylı evin mülkiyyətçisidir. Cavabdeh iddiaçının bacısının əridir. İddiaçı 2023-cü ilin iyul ayında bacısı və bacısının ərinə müvəqqəti olaraq mülkiyyətində olan mənzildə köçüb yaşamağa icazə vermişdir. Daha sonra iddiaçı cavabdehdən evi tərk etməsini istədikdə, cavabdeh buna etiraz etmişdir. Hazırda cavabdeh iddiaçının mülkiyyətində olan evdən əşyalarını götürərək oranı tərk etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 78C saylı evin mülkiyyətçisidir. Cavabdeh iddiaçının bacısının əridir. İddiaçı 2023-cü ilin iyul ayında bacısı və bacısının ərinə müvəqqəti olaraq mülkiyyətində olan mənzildə köçüb yaşamağa icazə vermişdir. Daha sonra iddiaçı cavabdehdən evi tərk etməsini istədikdə, cavabdeh buna etiraz etmişdir. Hazırda cavabdeh iddiaçının mülkiyyətində olan evdən əşyalarını götürərək oranı tərk etmişdir. İddiaçı hazırki iddia tələbi ilə cavabdehin etdikləri və törətdiyi hadisələrin cinayət tərkibli olduğunu və bu cinayətlərin təsdiqlənib xüsusi qərar çıxardılaraq işin Suraxanı Rayon Prokurorluğuna həvalə edilməsini, qardaşı Namiq Abdullayev ilə bacısı X11 daxil olmaqla heç kəsin iddiaçıya bağışlanan əmlakla haqqının olmadığının məhkəmə tərəfindən təsdiqlənməsini, 15-20 günlüyünə qalmaları üçün bacısına verdiyi Baki Şəhəri, Suraxani rayonu, Qaraçuxur Qəsəbəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 78C saylı evin dərhal və sürətlə boşaldılmasını, cavabdehin törətdiyi cinayətlərə görə məhkəmə iclaslarında iştirakı və məhkəmənin çıxaracağı qətnamə çıxana qədər haqqında “STOP” qərarı verilməsi barədə qətnamə qəbul edilməsini istəyir. Məhkəmə ilk olaraq vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013cü il tarixli Qərarından) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında deyilir: “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Məhkəmə müəyyən edir ki, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 78C saylı evin tərkib hissəsindən istifadə imkanını təmin edən məhdud əşya hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yəni bununla məhkəmə hesab edir ki, cavabdehin Mənzil Məcəlləsinin yuxarıda sadalanan normalarının dispozisiya şərtləri baxımından da iddiaçı ilə birlikdə mübahisəli yaşayış evindən istifadə etmək hüquqları yaranmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh mülkiyyətində olan mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin, hazırki mülki iş üzrə icraatın gedişində müəyyən olunmuşdur ki, cavabdeh artıq 2 aya yaxındır ki, iddiaçıya məxsus evi əşyalarını da götürməklə tərk etmişdir və iddiaçı artıq cavabdehin maneəsi olmadan həmin evdən istifadə edə bilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi “cavabdehin Baki Şəhəri, Suraxani rayonu, Qaraçuxur Qəsəbəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 78C saylı evi dərhal və sürətlə boşaltması” hissəsində təmin edilməməlidir. Belə ki, mənzildə yaşamayan və 2 aya yaxın müddətdə əşyalarını götürməklə oranı tərk etdiyini nümayiş etdirən şəxsə münasibətdə evin dərhal və sürətlə boşaldılmasını tələb etmək əsassızdır. İddia tələbinin “cavabdehin etdikləri və törətdiyi hadisələrin cinayət tərkibli olduğunu və bu cinayətlərin təsdiqlənib xüsusi qərar çıxardılaraq işin Suraxanı Rayon Prokurorluğuna həvalə edilməsi, cavabdehin törətdiyi cinayətlərə görə məhkəmə iclaslarında iştirakı və məhkəmənin çıxaracağı qətnamə çıxana qədər haqqında “STOP” qərarı verilməsi” hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, məhkəmə Suraxanı rayon Pİ-nin 32-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubuna əsasən müəyyən edir ki, təhqiqat araşdırması aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. X1 və Türkiyə Cümhuriyyəti vətəndaşı Cavabdeh Hasan oğlunun barəsində AR.İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilmişdir. İddiaçıya narazı olduğu halda həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna, yuxarı prokurora və ya bilavasitə Suraxanı Rayon məhkəməsinə şikayət etmək hüququ izah edilmişdir. İddia tələbinin “qardaşı Namiq Abdullayev ilə bacısı X11 daxil olmaqla heç kəsin iddiaçıya bağışlanan əmlakla haqqının olmadığının məhkəmə tərəfindən təsdiqlənməsi” hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, sözügedən tələblə Cavabdeh qarşı iddia qaldırılması əsassızdır, ona görə iddia tələbi bu hissədə də təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdeh (Həsən oğlu) qarşı “şəxsi mülkiyyətinin boşaldılması və əlaqəli tələblərə dair” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı “İddiaçı Cavabdeh (Həsən oğlu) qarşı “şəxsi mülkiyyətinin boşaldılması və əlaqəli tələblərə dair” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar