Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2030/2022 01.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdehnə qarşı “antena ötürücü qurğunun çıxarılması və kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “antena ötürücü qurğunun çıxarılması və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən mülkiyyətində olan ünvan 1 ünvanında antena ötürücü qurğusunun çıxarılması və 16.06.2021-ci il tarixdən hər ay 500 manat icarə haqqının Cavabdehndən icra edilən günə kimi hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı özünə dəymiş maddi ziyanın əvəzi kimi cavabdehdən 16.06.2021-ci il tarixdən hesablanmaqla hər ay 500 manat icarə haqqı məbləğində pul tutulmasını tələb etmişdir. Bu isə o deməkdir ki, iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixədək olan 9 ay müddət üçün iddiaçının cavabdehdən tələb etdiyi pul məbləği 4500 manatdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Lakin hazırkı iddia ərizəsinə müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, iddia ərizəsinə iddiaçı tərəfindən 2 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumunun ödənildiyini təsdiq edən qəbzin surəti əlavə edilmişdir. Bununla belə, iddiaçı mediasiya prosesinə çəkdiyi xərc həddində məhkəməyə ödənilməli dövlət rüsumundan azad hesab edilə bilməz. İlk növbədə ona görə ki, ümumiyyətlə, bu mübahisə üzrə ilkin mediasiya sessiyasında iştirakın məcburiliyi qanunla müəyyən edilməmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, ilkin mediasiya sessiyasında iştirak etməyin məcburi olduğu münasibətlərin konkret dairəsi qanunla müəyyən edilmişdir və hazırkı iddia tələbinin əsasını təşkil edən münasibətlər buraya aid deyil. Buna baxmayaraq, iddiaçı tərəfindən mübahisənin məhkəməyəqədər həlli üçün mediatora müraciət edilmişdir. İddiaçı nəzərə almalıdır ki, onun istənilən mübahisə üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediatora müraciət etmək hüququ istisna edilməsə də mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin məhkəməyə ödəməli olduğu dövlət rüsumunun mediasiya xərcinə mütənasib hissəsindən azad edilməsi yalnız ilkin mediasiya sessiyasında iştirak etməyin məcburi olduğu hallar üçün müəyyən edilmişdir. Belə ki, "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, burada qanunvericiliyin məqsədi məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasına iştirak etməyə məcbur olmuş tərəfin mediasiyadan sonra məhkəməyə müraciət etməli olduğu halda ödəməli olduğu dövlət rüsumunun tərəfin çəkdiyi mediasiya xərcinə mütənasib hissəsini kompensasiya etməkdir. Bu baxımdan məhkəmədən əvvəl ilkin mediasiya sessiyasında iştirakın məcburi olmadığı halda mediatora müraciət edən tərəfin çəkdiyi mediasiya xərci könüllü xərcdir və bu xərcin məhkəməyə ödənilməli olan dövlət rüsumundan çıxılması istisna edilir. Üstəlik, o da nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən müvafiq mediasiya xərcinin çəkilməsini təsdiq edən sənədin (qəbzin) əsli də məhkəməyə təqdim edilməmişdir. Hər bir halda məhkəmə hesab edir ki, iddiaçının könüllü şəkildə müraciət etdiyi mediasiyaya görə çəkdiyi xərc onu məhkəməyə müraciət edərkən ödəməli olduğu dövlət rüsumundan azad etmir. Bu baxımdan iddia ərizəsi qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədən məhkəməyə verilmiş hesab edilməlidir. Məhkəmə onu da iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, iddiaçı növbəti dəfə məhkəməyə müraciət edərkən (əgər edəcəksə) dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin surətini yox, əslini məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ...150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd... 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: ...152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə... 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdehnə qarşı “antena ötürücü qurğunun çıxarılması və kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2030/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2030/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver