Məhkəmə qərarları › İş №2(010)-2036/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2036/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2036/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 5 saylı Bakı asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2021-ci ildə 1215 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə təxminən iki il bundan əvvəl tanış olmuşdur. İşi ilə əlaqədar tədbirlərdə təsadüfən görüşüb, tanış olmuşdur. 04 aprel 2021-ci ildə ev şəraitində nişanlar olmuşdur. 19 aprel 2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində aralarında nikah bağlanmışdır. Nikahları 19 aprel 2021-ci il tarixdə, 1215 nömrə ilə qeydə alınmışdır. Bu barədə AZ-İİ № 431172 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Lakin qısa müddətdən sonra aralarında ciddi problemlər və ixtilaflar yaranmışdır. Onlar başa düşdülər ki, ailə qursalar münasibətləri baş tutmayacaq və gələcəkdə daha ciddi problemlər yaranacaq. Ona görə də nişanları pozuldu və ayrıldılar. Sənəd üzərində nikaha daxil olmalarına baxmayaraq, onları toyu olmamışdır, bunu təsdiqləyən şahidlər də vardır. Onlar heç vaxt birgə yaşamamışlar, aralarında ər- arvad münasibətləri olmamışıdır. Hazırda cavabdehlə faktiki ailəli olmadığı halda nikahda qalmağı onun və cavabdehin də hüquqlarını pozur. O cavabdehlə olan formal nikahlarının pozulmasını yox, nikahın etibarsız hesab edilməsini istəyir. Nikahlarının məhkəmə qaydasında pozulması onun və cavabdehin hüquqlarının həyata keçirilməsində ciddi problemlər yaradacaq, gələcəkdə ailə quracağı şəxsdə artıq evli olduğu təəssüratı yaradacaq, bu isə bir sıra anlaşılmamazlıqlara səbəb olacaqdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2021-ci ildə 1215 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış nikahın etibarsız sayılmasına etiraz etmir. Onların toyu olmamış, birgə təsərrüfat aparmamışlar. Ona görə də məhkəməyə iddianın qəbul edilməsi ilə bağlı ərizə təqdim edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onlar arasında sadəcə nikah bağlanmış və onlar arasında ər-arvad münasibəti faktiki olaraq olmamışdır. İddiaçı, sözügedən nikahın etibarsızlığını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsiinə istinad edərək irəli sürmüş və iddia tələbini bu əsaslarla müdafiə etmişdir. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiaçının istinad etdiyi qanunvericilik normalarının dispozisiya şərtlərinin hazırki iddiaya münasibətdə mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü və 26.1.7-ci maddələrinə görə isə, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa, yaxud saxta nikah bağlandığı halda – müvafiq olaraq, nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) və nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız hesab edilməsini tələb edə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda isə nikahın etibarsız sayılması bu institutun mahiyyətindən irəli gəlir, çünkü həm Azərbaycan Respublikası Konstitusiyasının 34.2-ci maddəsinə, həm İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin 16.2-ci maddəsinə, həm də Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə qeydiyyata alınan könüllü ittifaqıdır və heç kəs zorla evləndirilə bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh iddiaçı ilə əslində ailə qurmaq niyyəti olmamış və yalnız sonuncunun xahişi əsasında nikahlarını qeyd etdirmişlər. Bununla belə, onlar faktiki olaraq birlikdə yaşamamış, toy mərasimi keçirilməmiş və ümumiyyətlə ailə münasibətlərində olub birgə təsərrüfat aparmamışlar. Beləliklə, cavabdehin könüllü razılığı olmadan nikaha daxil olması, həmçinin iddiaçının nikaha daxil olması zamanı yanılması faktı məhkəmə iclasında müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanımlamaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Cavabdeh nikahın etibarsızlığı iddiasını yazılı ərizə verməklə qəbul etməsini də, onun iddiaçı ilə ailə qurmaq niyyəti olmadan nikaha daxil olmasının təsdiqi kimi qiymətləndirərək, nikahın etibarsız sayılması tələbini məhkəmə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində 1215 saylı akt ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli nikah etibarsız sayılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar