Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2057/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdə keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının "Araz-1" və "Aypara" İKB-də fəhlə işləmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədi nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənəddən görünür ki, Ərizəçi xüsusi icraat qaydasında hüquqi fakt kimi müəyyən etmək istədiyi faktlara dair müvafiq təsdiqedici sənədi (əmək kitabçasının surəti və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin arayışını) əldə etmiş və onu ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişdir. Həmin əmək kitabçasının surətində və arayışında onun işlədiyi iş yeri, vəzifəsi və işlədiyi illər göstərilmişdir. Bununla da, ərizəçi hüquqi fakt kimi müəyyən etmək istədiyi halları təsdiq edən sənədi başqa qaydada, yəni müvafiq təşkilatdan arayış formasında ala bilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərin müəyyən edildiyi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd etməyi lazım bilir ki, təqdim edilən əmək kitabçasının surəti və arayış əsasında əmək pensiyasının iş stajına uyğun hesablanmasından imtina olunduğu halda, Ərizəçi həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəçiyə izah olunmalıdır ki, onun inzibati məhkəmə icraatı qaydasında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı : Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə inzibati məhkəmə icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-2057/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2057/2021
12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver