Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2085/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna qarşı "işə bərpa və əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə orta əmək haqqının ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna qarşı "işə bərpa və əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə orta əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Tarix-Memarlıq Qoruğunun 30 dekabr 2020-ci il tarixli 65 saylı əmrinin qanunsuz və əsassız olduğu ücün ləğv edilməsi, onun X3 Tarix- Memarlıq Qoruğuna xəzinədar (kassir) vəzifəsinə bərpa edilməsi, əvvəlki vəzifə bərpa edilənədək məcburi işburaxmanın bütün müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2019-cu ilin iyul ayından Suraxanı rayonunda yerləşən “Atəşgəh Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda xəzinədar (kassir) vəzifəsində işləməyə başlamışdır. İşlədiyi müddət ərzində heç bir nöqsanı olmamış və müdiriyyət tərəfindən heç töhmət almamışdır. 21.12.2020-ci il tarixdə müdiriyyət tərəfindən ona könüllü ərizə yazıb işdən çıxması bildirilmişdir. Bunun səbəbini soruşduqda büdcədə pul olmadığını və işə görə ona maaş verə bilməyəcəklərini bildirdilər. O da rəhbərliyin dedikləri ilə razılaşmamışdır. Bundan bir neçə gün sonra müdiriyyət onunla yeni əmək müqaviləsi bağlamaqdan imtina etmişdir və 30.12.2020-ci il tarixdə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” yarımbəndinə əsasən müqavilə müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, rəhbərlik tərəfindən yeni müqavilənin bağlanmasından imtina etməkləri qanunsuz və əsassızdır. Onun işdən çıxarılması qanunvericiliyin tələblərinin pozulması ilə baş vermişdir. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirdi ki, onunla cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə 30.12.2020-ci ildə xitam verilmiş və iddiaçı elə həmin gün əmrlə tanış olmuşdur. İddiaçı iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə məhkəmədən xahiş etdi ki, yanvar ayının əvvəlində nənəsi rəhmətə getdiyi üçün iddia müddətinin ötürülməsi üzrlü hesab edilsin. Cavabdeh “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru X2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, onlarla İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin şərtlərinə uyğun olaraq sözügedən müqavilənin müddətinin bitməsi səbəbindən xitam verilmişdir. Qanunvericiliyin tələblərinə tərəflərindən tam əməl edilmişdir. Cavabdeh qeyd etdi ki, iddiaçının tələbinin dəlilləri əsassızdır. Cavabdeh izahatında göstərdi ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən iddia müddəti ötürülmüşdür. Cavabdeh qeyd etdi ki, bu barədə məhkəməyə ərizə də təqdim edilmişdir. İddiaçının iddia ərizəsi məhkəməyə 11.03.2021-ci il tarixdə daxil olmuşdur. İddiaçının əmək müqaviləsinə 30.12.2020-ci ildə xitam verilmiş və iddiaçı elə həmin gün əmrlə tanış olmuşdur. İddiaçı tərəfindən iddia müddətinin tələblərinə riayət edilmədiyi üçün iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 0061502 saylı 10.07.2018-ci il tarixli İddiaçı məxsus əmək kitabçasından görünür ki, 10.07.2019-cu ildə “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “kassir” vəzifəsinə təyin olunmuşdur və 30.12.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən müqavilə müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 296.1 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 367.1 Müddət mülki hüquq və vəzifələrin əməl gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.2 Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı 2019-cu ilin iyul ayından 30.12.2020-ci il tarixədək “Atəşgəh Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda xəzinədar (kassir) vəzifəsində işləmişdir. 30.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” yarımbəndinə əsasən müqavilə müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İddiaçı iddia edir ki, rəhbərlik tərəfindən yeni müqavilənin bağlanmasından imtina edilməsi qanunsuz və əsassızdır və ona görə də iddiası təmin edilməlidir. Cavabdeh isə iddianı qəbul etmir. Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin tələblərinə riayət edilmədiyi üçün iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı isə məhkəmədən xahiş edir ki, yanvar ayının əvvəlində nənəsi rəhmətə getdiyi üçün iddia müddətinin ötürülməsi üzrlü hesab edilsin. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə həmin gün, yəni 30.12.2020-ci ildə tanış olmuşdur. Bu faktı iddiaçı öz izahatında etiraf etmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçının tələbini əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə eyni zamanda nəzərə alır ki, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir, bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar aşkar edilmədiyindən, iddiaçının tələbini əsaslandırdığı faktları digər tərəfin etiraf etməsini məhkəmə qəbul edir və həmin faktları mübahisələndirmir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə aşağıdakıları diqqətə çatdırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 377.1, 381.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə qeyd edir ki, əmək münasibətlərinə xitam verilməsi barədə əmrin surəti iddiaçıya 30.12.2021-ci il tarixində rəsmi olaraq təqdim olunmuşdur. Yəni, hüquqlarının pozulması iddiaçıya həmin gün aşkar olmuşdur. İddiaçının ərizəsi məhkəməyə 11.03.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən mübahisə ilə bağlı məhkəməyə müraciət edə bilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair iddiaçının xahişinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin normaya görə iddiaçının yaxın qohumu siyahısına nənə də aiddir. Lakin iddiaçının nənəsinin yanvar ayının əvvəlində rəhmətə getməsini, iddiaçının rəhmətə gedən qohumu ilə qırılmaz mənəvi bağlarının olması səbəbindən ağır sarsıntı keçirməsini heç bir halla sübut etməməsini, eləcə də ölkədə mövcud olan pandemiya şəraiti ilə bağlı yas mərasimlərinin qadağan edilməsini nəzərə alaraq ərizənin 11.03.2021-ci il tarixində təqdim edilməsini məhkəmə üzrlü hal hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiası rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna qarşı "işə bərpa və əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə orta əmək haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2085/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2085/2021
15.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver