Məhkəmə qərarları › İş №2(010)-2087/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2087/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2087/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə 08 iyun 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh öz əşyaları ilə birlikdə, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin boşaldılması, cavabdehlə aralarında olan razılığa əsasən 2020-ci ilin may ayından bu günədək ödənilməmiş pulla bağlı yaranmış itirilmiş faydanın - 2400 ( iki min dörd yüz) manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Seriya MA № ******* saylı qeydiyyat nömrəsi çıxarış verilmişdir. Cavabdeh 2020-ci ilin fevral ayında müraciət etmiş və kirayə ev lazım olduğunu bildirmişdir. Ona məxsus olan mənzil cavabdehə kirayəyə verilmiş və cavabdeh 2020-ci ilin fevral ayından iddiaçıya məxsus olan mənzildə yaşamağa başlamışdır. Mənzilində yaşadığı dövrdə 2 ( iki) ay ödənişlər edildi və hər ay bu barədə əlyazma ilə qəbzə imza atdı. Lakin bir müddət sonra cavabdeh kirayə haqqını natamam ödəməyə başladı və sonra isə ümumiyyətlə bu ödənişləri dayandırdı. Hər dəfə də müxtəlif bəhanələr gətirdi və tezliklə ödənişləri edəcəyini və yığılmış kirayə haqqını ödəyəcəyini bildirdi. Bunu isə öz xətti ilə əlyazmada təsdiqlədi. O da ona inanaraq bir müddət gözləmişdir. Lakin sonrakı ay cavabdeh bundan sonra ümumiyyətlə ödəniş etməyəcəyini bildirmiş və bu azmış kimi mənzildən də çıxmayacağını demişdir. O, da məcbur olaraq ərazi üzrə Suraxanı RPİ-nin 33 saylı PB-nə müraciət etmək məcburiyyətində qalmışdır. Şikayətin əsasında araşdırlma başladı və cavabdeh polis bölməsinə gələrək tez bir zamanda 2 ay ərzində mənzildən çıxacağını bildirmişdir. Nəticə etibarilə polis bölməsindən mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirildi. Bildirir ki, cavabdehin ona məxsus mənzili qanunsuz olaraq zəbt etməsi onun mülkiyyət hüququnu, həmin mülkiyyətdən sərbəst şəkildə istifadə etmək imkanlarını məhdudlaşdırır. Cavabdeh ona məxsus olan mənzildən çıxmır və özünü mənzilin sahibi kimi aparır. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququmun kobud pozuntusudur və bu səbəbdən də cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, cavabdeh özünə məxsus olan əşyaları ilə birlikdə iddiaçıya məxsus olan mənzildən çıxarılmalı, mənzildən boşaldılmalıdır. Eyni zamanda bildirir ki, cavabdehlə aralarında əldə edilmiş razılığa əsasən, hər ay üçün kirayə haqqı 200 ( iki yüz) manat miqdarında razılaşdırlmışdır. Lakin razılaşmaya əsasən, uyğun olaraq aylıq ödənilməli pul ona ödənilməmişdir və o gəlirlərindən məhrum olmuşdur. Belə ki, mənzil kirayəyə verilsə idi, iddiaçı mənzilini qeyri şəxsə kirayəyə verib gəlir əldə edərdi. Hal-hazırda itirilmiş faydanı 2020-ci ilin fevral ayı tarixdən bugünədək ( 2021-ci ilin mart ayınadək) 5600 ( beş min altı yüz) manat miqdarında o qiymətləndirir. Belə ki, 1 ( bir) il 02 ( iki) ay ərzində o, qazana biləcəyi hər ay üçün 200 (iki yüz) manat gəlirdən məhrum olmuşdur. Cavabdehlə aralarında rəsmi kirayə müqaviləsi bağlanmasa da, mənzilin kirayə verilməsinə dair cavabdehlə aralarında şifahi razılıq, bu razılığa əsasən kirayə ödənişlərin cavabdeh tərəfindən əlyazma qəbz (cavabdehin imzası ilə) və iltizamla təsdiqlənməsi, mənzilin cavabdehə kirayə verilməsinin sübutudur. Cavabdeh qohumu və ya yaxın tanışı deyil ki, mənzili ona təmənnasız versin. Eyni zamanda bildirir ki, cavabdeh 2020-ci ilin may ayından indiyədək heç bir ödəniş etməyib. Onun bugünədək olan borcu 2400 ( iki min dörd yüz) manat təşkil edir. (Qeyd edilən borcun 200 manatı 2020-ci ilin fevral və aprel ayı üçün olan qalıq məbləğdir). Odur ki, cavabdeh xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh öz əşyaları ilə birlikdə, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin boşaldılması, cavabdehlə aralarında olan razılığa əsasən 2020-ci ilin may ayından bu günədək ödənilməmiş pulla bağlı yaranmış itirilmiş faydanın - 2400 (iki min dörd yüz) manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, mənzildən çıxarılma və mənzili boşaldılma hissəsinə baxılmasını, əldən çıxmış faydanın tələb edilməsi hissəsinə isə hələ ki baxılmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh iddianı qismən qəbul edərək, mübahisəli ünvanda kirayəçi kimi yaşadığını, qeyd olunan mənzilin kirayə tutulması ilə əlaqədar əvvələ ödənişlər etdiyini, sonradan pandemiya dövrü olduğundan ödənişləri edə bilmədiyini, artıq bir ildən çox ödəniş etmədiyini, işsiz qaldığını, həmin evdən imkan olduğu kimi çıxacağını qeyd edərək, orada hələ ki, qaldığını özünün məcburi köçkün olduğu ilə əsaslandırmış, torpaqların qaytarıldığı halda mənzildən çıxacağını bildirmişdir. Yekun məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və maraqlı şəxslər gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin və maraqlı şəxsin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə yuxarıda göstərilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 28, mənzil 23 olan mənzil xüsusi mülkiyyət hüquq əsasında İddiaçı adına 26.07.2011-cü il tarixli ********** sayla qeydə alınmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 764 nömrəli reyestr kitabının 71429 nömrəli vərəqində qeydiyyata alınmışdır. Asan 4 tərəfindən verilmiş 09.03.2021-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı 07 oktyabr 2011-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi tərəfindən X2 verilmiş 05.10.2020-ci il tarixli məktuba əsasən, araşdırma zamanı göstərilən xüsusatların araşdırılmasının DİO-nın səlahiyyətində olmadığı, mülki mübahisə predmeti olaraq məhkəmə tərəfindən araşdırılmalı olduğu müəyyən edilmişdir. Suraxanı RPİ-nin 33-cü Polis X1 tərəfindən verilmiş 23.09.2020-ci il tarixli izahata əsasən, ünvan 5 ünvanına 2019-cu ilin noyabr ayında Vüsal adlı şəxsə 200 manata kirayə vermişdir. Lakin Vüsal qaldığı ünvanın kirayə pulunu mart ayından vermir və müxtəlif bəhanələr gətirərək pulu ödəmir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq pulu ödəmir və evdən çıxmır. Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə Cavabdeh tərəfindən verilmiş 29.09.2020ci il tarixli izahata əsasən, o, 2019-cu ilin noyabr ayından hər ay X2 200 manat vermişdir. Lakinaprel ayından işsizliklə əlaqədar olaraq, borcunu ödəyə bilmədiyini, ümumilikdə 1000 manat borcunun qaldığını, lakin həmin pulu ödəyəcəyini və evdən çıxacağını bildirmişdir. Mübahisənin predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 28, 23 saylı mənzil İddiaçı məxsus olması, Cavabdeh həmin evdə yaşaması və mənzildən bugünə qədər çıxmaması işin faktiki halları, tərəflərin izahatları, Suraxanı RPİnin 33-cü Polis Bölməsindən tələb edilmiş materialları və ona əlavə olunmuş cavabdehin izahatı ilə sübuta yetirilir. İddiaçı evə dair xüsusi mülkiyyət hüququ rəsmi olaraq qeydə alınmışdır. Tərəflərin hər ikisi də kirayə münasibətlərinin olduğuna istinad etsələr belə, tərəflərin aralarında lazımi formada, o cümlədən daşınmaz əmlakın kirayə müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş notarial qaydada təsdiq olunmuş formasına riayət edilmədiyindən kirayə müqaviləsi aralarında bağlanmış hesab edilmədiyindən, məhkəmə hesab edir ki, tərəflər kirayə münasibətlərinə daxil olmamış və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 28, 23 saylı mənzildə yaşaması üçün heç bir hüquqi əsası yaranmamışdır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli, 352 saylı Fərmanı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşaması mənzilin mülkiyyətçisi olan X5 mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçı İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Bundan əlavə cavabdehin mənzildən çıxmasını məcburi köçkün olduğu ilə əsaslandırılmasına gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki , “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Yuxarıda qeyd olunan Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar məzmunlu iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı (Akimova Azərbaycana qarşı) ilə də qaçqın, yaxud məcburi köçkün statusunun mülkiyyətçinin mülkiyyət hüququnu pozmasına əsas olmaması, bunun əksinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdeh iddiaçının mənzilində hazırki dövrə qədər hüquqi əsas olmadan yaşamış, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində yaşaması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh ailə üzvlər ilə birlikdə mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 28, 23 saylı mənzilindən çıxarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 28, 23 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar