Məhkəmə qərarları › İş №2(010)-2093/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2093/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2093/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/M «V» massivi, ev 26, 69 saylı mənzildən istifadə hüququna xitam verilməsi (və ya istifadə hüququnun itirilmiş hesab edilməsi) və iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/M «V» massivi, ev 26, 69 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/M “V” Massivində yerləşən 26 saylı evin 69 saylı mənzilini onun keçmiş mülkiyyətçisi Cavabdeh x xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda AN-İ № ******* sayla qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən almışdır.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX № ******* saylı Çıxarışa əsasən həmin mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh qeyd edilən mənzili iddiaçıya satdıqdan sonra oradan köçdü və qısa vaxt ərzində mənzildən qeydiyyatdan çıxacağını bildirsə də, lakin bu vaxta qədər qeydiyyatdan çıxmamışdır. Həmin ünvandan köçüb getdikdən sonra onun faktiki olduğu və ya yaşadığı yer barədə məlumatı olmadığından onunla heç bir əlaqəsi yoxdur, həmçinin bu məqsədlə onu axtarsa da tapa bilməmişdir. Cavabdeh ilk vaxtlarda qeydiyyatdan çıxacağını bildirsə də üzərinə götürdüyü öhdəliyi icra etməyərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi,Y/M “V” Massivi, ev 26, mənzil 69-dan qeydiyyatdan çıxmamışdır. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Belə ki, o, halhazıradək cavabdehin də əvəzinə mənzillə bağlı bəzi kommunal xərcləri ödəməkdə davam edir, eləcə də cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda olması səbəbindən iddiaçı həmin mənzilə dair cavabdehin icazəsi və ya razılığı olmadan sərəncam verə bilmir. Cavabdeh heç bir əsas olmadan mənzildən könüllü surətdə qeydiyyatdan çıxmaq istəmir. Hansı ki,x xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda AN-İ № ******* sayla qeydə alınmış alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən cavabdeh müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən sonra xx.xx.2016-cı il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh müqaviləyə əsasən qeydiyyatdan çıxmaqla bağlı üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınır. Bu baxımdan və eyni zamanda cavabdehin ümumiyyətlə onun mülkiyyətində olan evdən istifadə etməməsi baxımından belə hesab edir ki, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/M «V» massivi, ev 26, 69 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəməyə məlum olan ünvan üzrə məlumat verilmiş, lakin cavabdeh məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh qeydiyyatdadır. - xx.xx.2016-cı il tarixli AN-l seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/M «V» massivi, ev 26, 69 saylı mənzil satıcı Cavabdeh tərəfindən alıcı İddiaçı 65.000 (almış beş min) manata satılmışdır. Həmin Müqavilənin 13-cü bəndlərinə əsasən satıcı xx.xx.2016-cı il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX №0817238 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/M «V» massivi, ev 26, 69 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 526 nömrəsli reyestr kitabının 48506 nömrəli səhifəsində xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmış, sonuncu bu müqavilə ilə mənzilə olan hüquqlarını iddiaçıya ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/M «V» massivi, ev 26, 69 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış massivində yerləşən 26 saylı evin 69 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar