Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2093/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı “fərdi yaşayış evinin inşası və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin inşası və təmiri üçün xərclənmiş (çəkilmiş) 15600 manat məbləğində pulun yarısının, yəni 7800 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh oğlu X7 ilə 13 oktyabr 2007-ci il tarixində rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Nikahları pozulmasa da, ayrı yaşayırlar. Nikah dövründə torpaq sahəsi almaq üçün 4000 manat pul toplamış, daha sonra əmisinin və əmisi oğlunun da maliyyə dəstəyi ilə Cavabdeh məxsus torpaq sahəsində 2014-cü ildə üç otaqlı fərdi yaşayış evi tikərək həmin mənzildə yaşamışlar. Cavabdeh daha sonra Türkiyə Cümhuriyyətinə köçərək orada ailə quraraq yaşamışdır. Cavabdeh daha sonra onların tikdikləri mənzili satmaq istəmişdir. Həmin mənzilə çəkilən xərclər 4000 manat topladığı pul məbləğini 2014-2015-ci illərdə işlədiyi bir illik əmək haqqı olan 3600 manat və valideynlərinin verdiyi 3000 manat məbləğində olan, cəmi 10.600 (on min altı yüz) manatdır. Əmisi və əmisinin oğlu ustadır və evin tikintisi üçün də ondan pul almamışdır. Həyat yoldaşı ilə birgə çəkilən xərc isə 5000 manat, toplamda isə 15.600 (on beş min altı yüz) manat olmuşdur. Belə ki, həmin mənzilə çəkilən xərcin yarısını həyat yoldaşı X7 digər çəkilən xərcin yarısını tələb etmək hüququna malik olduğunu bildirmişdir. Odur ki, həmin mənzilə çəkilən 15.600 manat pulun 7800 manatını cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadə verərək bildirmişdir ki, İddiaçı onun əmisi qızıdır. Belə ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün Aygünün qardaşı iki yük avtomobili daş gətirmiş və evin hörgüsünü onunla atası təmənnasız tikmişlər. Həmin evin tikintisinə çəkilən xərcin yarısını Aygünün valideynləri vermiş, yarısını isə Aygünün həyat yoldaşı vermişdir. Hazırda isə Aygünü iki uşaqla evdən qovmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi barədə qarşılıqlı iddia tələblərinə dair ilkin iddia rədd olunmuş, qarşılıqlı iddia təmin olunaraq İddiaçı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən özünə məxsus əşyalarla birlikdə çıxarılması və həmin mənzil boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli ev mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İddiaçı evin tikintisində onun da iştirak etdiyini, həmin evin birgə vəsait hesabına tikildiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1575/2021 saylı, xx.xx.2021-ci il tarixli xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma, mənzilin təhvil verilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(010)- 3464/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(010)-3464/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmiş və İddiaçı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququ müvəqqəti, yəni 01 (bir) il müddətinə saxlanılması və müddət bitdikdən sonra özünə məxsus əşyalarla birlikdə həmin yaşayış sahəsindən çıxarılması, yaşayış sahəsi boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 887529 nömrəli nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1238 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadin əldə etdikləri əmlak onlarin ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, mülki işin materiallarından və tərəfin izahatından mübahisəsiz qaydada görünür ki, İddiaçı ilə Cavabdeh oğlu X7 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikahda olmuş, həmin nikahdan iki övladı doğulmuşdur. Hazırda iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin əldə olunmasına çəkilmiş xərcin bölünməsini xahiş edir. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə sübutetmə yükü, yəni, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin qanunla müəyyən olunmuş qaydada onun tərəfindən əldə olunması və həmin vəsaitin məhz onun hesabına ödənilməsi barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olması və iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun müvəqqəti saxlanılması tələbi ilə bağlı olaraq artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı “fərdi yaşayış evinin inşası və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı “fərdi yaşayış evinin inşası və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2093/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2093/2022
08.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver