Məhkəmə qərarları › İş №2(010)-2108/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2108/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2108/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və xx.xx.2008-ci il təvəllüdlü qızı X3 ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. İddiaçı olaraq o, İddiaçı Cavabdeh oğlu X6 ilə rəsmi qaydada xx.xx.2006-cı il tarixdə Səadət Sarayında nikahı rəsmiləşdirməklə ailə qurmuş və mübahisəli mənzil olan ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüşdür. Elə həmin evdə birgə nikah dövründə 2 qız uşaqları doğulmuşdur. Həyat yoldaşı X6 ilə ünvan 2 ünvanda yerləşən mənzildə mehriban yaşamışdırlar. xx.xx.2007-ci il təvəllüdlü qızı X9 xx.xx.2018-ci il tarixdə, həyat yoldaşı X6 isə xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən mənzildə vəfat etmişdir. Həyat yoldaşı X4 40 mərasimindən 5 gün sonra Cavabdeh onu qızı ilə birlikdə evdən qovmuşdur. İddiaçı olaraq o, İddiaçı Cavabdeh həyat yoldaşı olan qaynanası X7 ilə həmişə münasibəti yaxşı olmuşdur və bu gündə qızı X8 həftə içi 2-3 gün məktəb məşğələləri ilə əlaqədar orada qalır. Cavabdeh onları evdən qovduqdan sonra o və qızı kirayədə yaşıyırlar. Qızının maddi və mənəvi cəhətdən təmin olunması üçün çox çətinlik çəkir. Qeyd edir ki, iddiaçı olaraq o, ünvan 2 ünvanda yerləşən mənzilə yaxın ərazidə yerləşən 279 saylı baxçada tərbiyəçi müəllimə peşəsində işləyir. Cavabdeh tərəfindən 15 il yaşadığı evə daxil olmağı və mənzildən istifadə hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən də, mənzildən çıxarıldığından o, məcbur qalaraq kirayə mənzil tutaraq hal-hazırda kirayədə qalır. Cavabdeh olan qaynatası ilə evdən qovulduğu günə qədər aralarında heç vaxt narazılıq olmamışdır və həyat yoldaşı ilə yaşadığı dövrdə qaynata və qaynanası ilə mehriban olmuşdur. Bütün bunları nəzərə alaraq məcbur olub məhkəməyə müraciət etməli olumuşdur.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehin mərhum oğlu ilə rəsmi nikahda olmuşdur. Yoldaşı vəfat etdikdən sonra evdən çıxarılmışdır və hazırda kirayədə yaşayır. Övladı həftədə bir neçə gün cavabdehə məxsus evdə qalır. Əlavə olaraq qeyd edir ki, idiaçının yoldaşına məxsus olan mirasdan imtina etməsi barədə ərizə adi formada yazılmış, lakin notarial qaydada təsdiqlənməmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Əlavə olaraq qeyd edir ki, nəvəsi oxuduğu məktəb onların evinə yaxın olduğu üçün həftədə 2-3 gün gəlib onlarda qalır və buna etirazı yoxdur. Lakin, bununla belə iddia tələbini qəbul etmir. Eyni zamanda qeyd edir ki, o iddiaçıya təqribən 43-44 min manat pul ödəniş etmiş və iddiaçı da həmin mənzilə dair iddasının olmayacağı barədə ərizə təqdim etmişdir.

İş materialları. 6.28 mart 2023-cü il tarixli arayışdan görünür ki, X6 ilə X5 11 noyabr 2006-cı il tarixdə nikaha daxil olmuşlar. Arvada Cəfərova soyadı verilmişdir.

7. AZ-İİ seriyalı, 061637 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir.

8. AZ-İİ seriyalı, 311278 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır.

9. AZ-İİ seriyalı, 305054 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə “dəqiqləşdirilməmiş sepsis” diaqnozu ilə vəfat etmişdir.

10. xx.xx.1989-cu il tarixli, 089652 nömrəli Orderin surətindən görünür ki, Bakı şəhəri Kirov rayonunda (indiki Suraxanı) yerləşən 91 saylı evin 8 nömrəli mənzili Cavabdeh aiddir.

11. ********** nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, ümumi sahəsi 63.74 kv.m olan və Bakı şəh, Suraxanı ray, Qaraçuxur qəs, C.Qurbanov küç, ev-91 ünvanında yerləşən 8 saylı mənzil Cavabdeh mülkiyyətindədir.

12. xx.xx.2022-ci il tarixli, 8İ-4492 reyestr nömrəli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X2 irs qalmış bütün daşınar və daşınmaz əmlakın ona çatası olan hissəsindən imtina etmişdir.

13. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəh, Suraxanı ray, Qaraçuxur qəs, C.Qurbanov küç, ev-91 ünvanında yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxmaqla Cavabdeh 35.000 manat kompensasiya almışdır və eyni zamanda gələckdə də hər hansı bir iddia və etirazının olmayacağını qeyd etmişdir.

İşin faktiki halları.

13. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdehin oğlu X6 2006-cı il tarixdə ilk dəfə nikaha daxil olmuş və Cavabdeh məxsus Bakı şəh, Suraxanı ray, Qaraçuxur qəs, C.Qurbanov küç, ev-91 ünvanında yerləşən 8 saylı mənzildə yaşamışdırlar. Həmin vaxtı sözügedən mənzilin mülkiyyət sənədləri olmamışdır. Daha sonra İddiaçı ilə cavabdehin oğlu X6 arasında olan nikah pozulmuşdur. 2015-ci il tarixdə isə yenidən nikaha daxil olmuşdurlar. Qeyd olunan mənzilə dair cavabdehin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının həyat yoldaşı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırda mərhum həyat yoldaşı ilə nikahda olduğu dövrdə cavabdehə məxsus mənzildə yaşamasını və eləcə də mərhum həyat yoldaşı ilə olan rəsmi ailə münasibətlərinə əsaslanaraq özünün və həmin nikahdan doğulmuş övladının cavabdehə məxsus olan mənzilə köçürülməsini tələb edir. Cavabdeh isə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olduğunu qeyd edir və etirazını onunla əsaslandırır ki, iddiaçı ilə aralarında olan razılığa əsasən ona 35.000 manat ödəniş etmiş və iddiaçıda bunun müqabilində mənzilə dair hər hansı bir iddiasının olmadığını və gələcəkdə də heç bir iddasının olmayacağını ərizə əsasında bildirmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.

20. Məhkəmə ilk öncə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan xx.xx.2013-cü il tarixli Qərarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdehin oğlu ilk dəfə 2006-cı il tarixdə nikaha daxil olmalarına baxmayaraq, vaxtilə yaşadıqları Bakı şəh, Suraxanı ray, Qaraçuxur qəs, C.Qurbanov küç, ev-91 ünvanında yerləşən 8 saylı mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilməklə mülkiyətinə verilmişdir. Başqa sözlə, cavabdehin mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixindən yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları rəhbər tutulmaqla həll edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatından göründüyü kimi, cavabdehin övladı X6 hazırki iş üzrə İddiaçı ilə ilk dəfə 2006-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Həmin dövrdə iddiaçının mübahisəli məzilə istifadə hüququ Mülki Məcəllənin 228-ci maddəsinə əsasən yarana bilərdi. Lakin, artıq qeyd edildiyi kimi, həmin dövrdə mənzilin mülkiyyət sənədləri olmamışdır. Deməli, həmin dövrdə iddiaçının mənzilə istifadə hüququnu yaradan qanuni əsas olmamışdır. Daha sonra, iddiaçı ilə cavabdehin mərhum oğlunun aralarında olan nikah pozulduqdan sonra xx.xx.2015-ci il tarixdə onlar yenidən rəsmi nikah münasibətlərinə daxil olmuşdurlar və cavabdehə məxsus mənzildə yaşamağa davam etmişdirlər. Məhkəmə hesab edir ki, bu müddətdən sonra da, iddiaçının mübahisəli mənzilə ailə qanunvericiliyinə əsaslanan istifadə hüququ yaranmamışdı. Belə ki, cavabdehin oğlu X6 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra cavabdehlə iddiaçı arasında olan ailə münasibətləri bitmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsidə qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Tərəflər arasında ailə münasibətləri yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh ilə onun keçmiş gəlini – hazırki iş üzrə İddiaçı arasında olan ailə münasibətlərinə xitam verildiyindən iddiaçının cavabdehin mülkiyyətində olan Bakı şəh, Suraxanı ray, Qaraçuxur qəs, C.Qurbanov küç, ev-91 ünvanında yerləşən 8 saylı mənzilə dair istifadə hüququnun tanınması və övladı ilə birlikdə həmin mənzilə köçürülməsi qanuni və əsaslı hesab edilə bilməz. Bununla yanaşı məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçının xx.xx.2022ci il tarixli ərizəsindən də görünür ki, İddiaçı Bakı şəh, Suraxanı ray, Qaraçuxur qəs, C.Qurbanov küç, ev-91 ünvanında yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxmaqla Cavabdeh 35.000 manat kompensasiya aldığını və eyni zamanda gələcəkdə də hər hansı bir iddia və etirazının olmayacağını qeyd etmişdir. Qeyd olunan halları rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cəfərova Fı̇ ruzə Rəşı̇ d qızının Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddiaçı Cəfərova Fı̇ ruzə Rəşı̇ d qızının Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar