Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-211/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı “X8 Kompani S.A.” şirkətinin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı “X8 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X8 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415491.00 m B 4477223.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X8 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X8 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişə əsasən ARDNŞ “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququları mövcuddur. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X8 Kompam S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415491.00 m B 4477223.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygün proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh yaşadığı evin yerləşdiyi ərazi “X8 Kompani S.A.”şirkətinin istifadəsindədir. Cavabdeh tərəfindən yaşadığı ünvanda qanunsuz tikili inşa olunmuşdur, lakin cavabdeh tərəfindən həmin evə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdeh yaşadığı evdə əlavə tikinti işləri apardığından həmin tikinti sökülməlidir və torpaq sahəsi şirkətin istifadəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev həmin torpaq sahəsində çoxdan inşa olunmuş və həmin evdə o 2001-ci ildən yaşamışdır. O 2001-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır və həmin fərdi yaşayış evi illər öncə inşa edildiyindən qəzalı vəziyyətdə olmuşdur. O fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması ilə bağlı olaraq Suraxanı İcra Hakimiyyətinə və “X8 Kompani S.A.”şirkətinə müraciət etmişdir. Suraxanı İcra Hakimiyyətinin və şirkətin nümayəndələri tərəfindən həmin ünvana baxış keçirilmiş və uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla bağlı Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubda evin tam yararsız və qəzalı olması faktı öz əksini tapmışdır. O yalnız fərdi yaşayış evini söküb yeniləmiş, orada başqa tikinti işləri aparmamış və buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında mövcud olan “X8 Kompani S.A” Şirkəti tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir. İşə əlavə edilmiş 04 fevral 2020-ci il tarixli aktdan müəyyən olunur ki, 1 saylı neft və qazçıxarma sexin ərazisi olan Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi ünvanında Cavabdeh məxsus 15 kv.m ölçüdə olan sahədə qanunsuz olan köhnə otağın sökülüb yenisi ilə əvəzlənməsi aşkar olunmuş, bununla bağlı vətəndaş Cavabdeh tikilinin qeyri-qanuni olması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Suraxanı İcra Hakimiyyəti tərəfindən Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Seyfullayevə ünvanlanmış 30.05.2019-cu il tarixli F-17-151 saylı məktubun surətindən müəyyən olunur ki, qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin sökülərək yenidən tikilməsinə icazə verilməsi haqqında Cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə ünvanladığı ərizənin surəti baxılması və nəticəsi barədə vətəndaşa məlumat verilməsi üçün göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.06.2019-cu il tarixli F-1 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh yaşadığı ünvana baxış keçirilmiş və həqiqətən evin tam yararsız və qəzalı vəziyyətdə olması faktı öz əksini tapmışdır. Həmin ərazi “X8 Kompani S.A” Şirkətinin kontrakt sahəsində yerləşdiyindən aidiyyəti üzrə həmin şirkətə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13.10.2020-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Cavabdeh adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.03.2021-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən torpaq sahəsinə keçirilmiş baxışda Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X2 iştirakı təmin olunmuşdur. 39 T 415491.00 m B 4477223.00 m C koordinatlar üzrə yerləşən 300 kv.m torpaq sahəsi dörd tərəfdən mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsinin üzərində bir mərtəbəli fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən adıçəkilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415491.00 m B 4477223.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi “X8 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh də məhz həmin sahədə özünün əvvəl mövcud olduğu köhnə otağını sökərək yenisi ilə əvəzləmişdir. Bu əvəzləmə ərazi onların balansına veriləndən sonra edildiyinə görə qanunsuz hesab edilməli və sökülməlidir. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, mübahisəli ev həmin torpaq sahəsində çoxdan inşa olunmuş və həmin evdə o 2001-ci ildən yaşayır. O 2001-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır və həmin fərdi yaşayış evi illər öncə inşa edildiyindən qəzalı vəziyyətə düşmüşdür. O fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması ilə bağlı olaraq Suraxanı İcra Hakimiyyətinə və “X8 Kompani S.A.”şirkətinə müraciət etmişdir. Suraxanı İcra Hakimiyyətinin və şirkətin nümayəndələri tərəfindən həmin ünvana baxış keçirilmiş və uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması müəyyən olunmuş və həmin evi sökərək yenisi ilə əvəz etmişdir. O yalnız fərdi yaşayış evinin divarlarını yeniləmiş, orada başqa tikinti işləri aparmamışdır. Mübahisənin mahiyyəti cavabdehə məxsus fərdi yaşayış evinin bütünlüklə sökülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sadalanan normaların tələblərindən göründüyü kimi, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdehin istifadəsindəki olan torpaq sahəsində tikinti işləri uzun müddət öncə aparılmış və hazırda uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin qəzalı vəziyyəti aradan qaldırılmışdır. İddia tələbinin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin 15 kv.m sahədə özbaşına tikili (evə artırma) inşa etməsi halı işə əlavə edilən sənədlərlə və işin halları ilə təsdiq edilmir. Belə ki, “X8 Kompani S.A” Şirkəti tərəfindən təqdim olunmuş 04.02.2020-ci il tarixli aktdan müəyyən olunur ki, 1 saylı neft və qazçıxarma sexin ərazisi olan Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi ünvanında Cavabdeh məxsus 15 kv.m ölçüdə olan sahədə köhnə otağın sökülərək yenisi ilə əvəzlənməsi aşkar olunmuşdur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” qərarında da öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə 18.11.2021-ci il tarixli qərarında hesab etmişdir ki, məhkəmə hazırkı işdə müşahidə edir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. (müqayisə edin Bagdonavicius and Others, cited above, § 102). Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. (ziddinə Kaminskas v. Lithuania, no. 44817/18, § 64, 4 August 2020). Əlavə olaraq, hazırkı iş kimi işlərdə mütənasiblik dövlət orqanlarının torpaq sahəsini nə kimi istifadə edəcəkləri ilə ayrılmaz bağlıdır. Hazırkı işdə nə Azneft məhkəmədə qaldırdığı iddiada, nə də Hökümət arqumentlərində torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili lazım olduğunu iddia etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Belə ki, cavabdehin və onun ailə üzvlərinin yaşadıqları mübahisəli fərdi yaşayış evi uzun illər öncə tikilməsinə və istifadəyə qəbul edilməsinə baxmayaraq iddiaçı tərəf həmin evin qanunsuz tikinti kimi sökülməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, həmin torpaq sahəsi iddiaçı şirkətin istifadəsinə 2005-ci ildən verilmiş və həmin torpaq sahəsi istifadəyə verilən zaman orada yaşayış evləri mövcud olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsi yüklü şəkildə qəbul edilmişdir. Belə ki, hazırda qanunsuz tikinti kimi sökülməsi tələb olunan ev təqdim olunmuş fotoşəkillərdən müəyyən edildiyi kimi uzun müddət öncə inşa edilmiş, qəzalı vəziyyətdə olmuş və cavabdeh tərəf 2001-ci ildən həmin evdə yaşamışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər. Bundan əlavə Cavabdeh yaşaması üçün başqa yaşayış sahəsi mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X8 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-211/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-211/2021
29.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver